Məhkəmə qərarları › İş №e-2-2(113)-4625/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4625/2025

04.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4625/2025 04.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: pul tələbi) X3 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən müqavilə üzrə əsas öhdəliyin icra edilməməsinə görə 9660 manat,həmin borca hesablanmış ƏDV-yə görə 1738.8 manat, əsas borca hesablanmış faizə görə 450 manat, öhdəliyin vaxtında icra edilməməsinə görə dəymiş maddi ziyana görə 1000 manat, hüquqi yardım üçün vəkilə ödənilən xidmət haqqına görə 1500 manat, cəmi 14348.8 manat və ödənilmiş dövlət rüsumuna görə 133 manat məbləğində pulun alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 18 aprel 2023-cü il tarixdə İcraçı qismində "xxxx" MMC ilə (iddiaçı) Sifarişçi qismində Cavabdeh MMC (cavabdeh) arasında xidmətlərin göstərilməsi haqqında№ AZ-İND-2023/066 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən İcraçı olaraq "xxxx" MMC Sifarişçi Cavabdeh MMC üçün müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qiymətlərlətələb olunan keyfiyyət standartlarına dair inspeksiya xidmətləri icra etməyi, Sifarişçi isə ona göstərilmiş xidmət müqabilində bu müqavilədə nəzərdə tutulmuş ödənişləri İcraçının bank hesabına ödəməyi öz öhdəsinə götürmüşlər. İcra ediləcək xidmətlərin qiymətləri müqaviləyə əlavə olunmuş 1 və 2 saylı əlavələrlə müəyyən olunmuşdur (görülən işlər və göstərilən xidmətlərin siyahısına və qiymətlərinə dair müqaviləyə əlavələr iddia ərizəsinə əlavə olunur). Müqavilənin 4-cü bəndinə əsasən Sifarişçi faktiki icra edilmiş xidmət haqqını 30 gün ərzində köçürmə yolu ilə İcraçının bank hesabına köçürməlidir. Lakin cavabdeh könüllü şəkildə öhdəliklərini tam icra etmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışıq. İşin faktiki halları ilə bağlı qeyd edirik ki, cavabdehlə aramızda müqavilə bağlandıqdan sonra tərəfimizdən həmin müqavilədə nəzərdə tutulmuş işlərin icrasına başlanılmış və görülən işlər müvafiq olaraq Sifarişçiyə təhvil verilmiş və Sifarişçi tərəfindən heç bir narazılıq və iddiası olmadan işlər qəbul edilmişdir(təhvil-təslim aktları əlavə olunur). Belə ki, müqaviləyə uyğun olaraq müəyyən edilmiş işlərin və xidmətlərin dəyəri ƏDV daxil olmaqla 11398.8 manat (9660 əsas, 1738.8 ƏDV) təşkiledir. Belə ki, hazırki borc aşağıdakı qaimə üzrə qalmışdır(qaimə iddia ərizəsinə əlavə olunur): ******* saylı, 12 sentyabr 2024-cü tarixli qaimə-faktura üzrə 9660 AZN əsas, 1738.8 AZN ƏDV,cəmi 11398.8 AZN Sifarişçi tərəfindən işlər qəbul edilsə də, göstərilən xidmətlərin dəyəri bizə ödənilməmişdir. Dəfələrlə xəbərdar edilməsinə baxmayaraq cavabdeh təşkilatın rəhbərliyi həmin pulu bizə qaytarmamışdır. Bu səbəbdən tərəfimizdən onlayn kargüzarlıq vasitəsilə xx.xx.2025-ciil tarixdə borcun qaytarılması və mübahisənin məhkəməyədək həll edilməsindən ötrü pretenziya məktubu ilə (əlavə olunur) cavabdeh təşkilata müraciət olunmuş,cavab məktubunda borcun ödəniləcəyi göstərilsə də, ödəniş təmin edilməmişdir.

3. Cavabdeh iddia ərizəsinə etiraz edərək,ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsinn xahiş etdi.

4. Etiraz onunla əsaslandırılmışdır ki, bizim həqiqətəndə iddiaçı şirkətə iddia tələbi həcmində borcumuz olub. Lakin, diqqətinizə çatdırmaq istəyirik ki, həmin borc xx.xx.2025-ci il tarixində cavabdehə tərəfimizdən ödənmişdir. Əsas borcun ödənməsinə dair bank çıxarışını və ədv borcun ödənməsinə dair sənədi sizə qoşmada təqdim edirik.

5. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək,Cavabdeh MMC-dən müqavilə üzrə əsas öhdəliyin icra edilməməsi üzrə (9660 manat) hesablanmış faizə görə 450 manat (9660 manat x illik 7 faiz /360 gün = 1.87 AZN x 240 gün), hüquqi yardım üçün vəkilə ödənilən xidmət haqqına görə 1500 manat, cəmi 1950 manat və ödənilmiş dövlət rüsumuna görə 133 manat məbləğində pulun alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin mövqeləri:

6. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.

7. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

8. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

9. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

10. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

11. İddiaçı MMC (“sifarişçi”) ilə Cavabdeh MMC (“icraçı”) arasında xx.xx.2023-cü il tarixli 45 saylı müqavilə imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən, Podratçı bu Müqaviləyə müvafiq olaraq Sifarişçi tərəfindən ediləcək ödənişlərin müqabilində bu Müqaviləyə əlavə olunmuş əlavələrdə və podartçmın təqdim etdiyi təklifdə daha ətraflı təsvir olunmuş Xidmətləri Sifarişçi üçün icra edəcək.Podratçı Sifarişçiyə Xidmətləri Sifarişçi tərəfindən tələb olunan keyfiyyət standartlara, münasib tənzimləyici və yerli dövlət standartlara və/və ya icra spesifikasiyasında göstərilmiş standartlara uyğun olaraq göstərəcək. - 4.1-ci bəndinə əsasən, Müqavilə dəyəri qiymət razılaşdırma protokolu və sifariş əmrləri əsasında formalaşır. İşlərin icrası müqabilində Sifarişçi Podratçıya ƏDV istisna olmaqla Sifariş əmrlərində öz əksini tapan qiymətlər əsasında muzd (“Muzd”) ödəyəcək.Bu Müqaviləyə asasən ödənişlər Azərbaycan manatı ilə həyata keçiriləcək.Bu Müqaviləyə əsasən ödənişlər 30 (otuz) iş günü ərzində düzgün hazırlanmış hesab-fakturalann (o cümlədən, hər hansı ƏDV hesab-fakturalann) və məzmundan asılı olaraq, lazımi qaydada imzalanmış icra olunan işin ödənilməsinə dair hesabatlar və ya Qəbul Aktı təqdim edildikdən sonra həyata keçiriləcək. - 7.1-ci bəndinə əsasən Bu Müqavilə 18 Aprel, 2023-cü il tarixində imzalanır və imzalandığı tarixdən etibarən 3 (üç) il müddətinə davam edəcəkdir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

12. İddiaçı MMC (“sifarişçi”) ilə Cavabdeh MMC (“icraçı”) arasında xx.xx.2023-cü il tarixli 45 saylı müqaviləyə 01 saylı əlavə imzalamışlar.

13. İddiaçı MMC (“sifarişçi”) ilə Cavabdeh MMC (“icraçı”) arasında xx.xx.2023-cü il tarixli 45 saylı müqaviləyə 02 saylı əlavə imzalamışlar.

14. İddiaçı tərəfindən cavabdehə MT2409 seriyalı 10876191 nömrəli xx.xx.2024-cü il tarixli 11398.8 manat məbləğinndə elektron qaimə göndərilmişdir.

15. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-cii l tarixli ödəniş tapşırığına əsasən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən 1500 manat “Femida” vəkill bürosunun hesabına köçürülmüşdür.

16. İddiaçı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən cavabdeh tərəfindən iddiaçının hesabına xx.xx.2025-ci il tarixində 11398.8 manat köçürülmüşdür.

17. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, cavabdeh tərəfindən iddiaçının hesabına 9660 manat köçürülmüşdür.

18. Köçürmənin aparılması haqqında bildirişə əsasən Cavabdeh MMC-nin hesabından İddiaçı MMC-nin ƏDV sub-uçot hesabına 1738.8 manat köçürülmüşdür.

V. Tətbiq edilən hüquq:

19. AR Mülki Məcəlləsinin: - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 445.7-ci maddəsinə görə bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

20. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”

22. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X1rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

Vİ.Məhkəmənin mövqeyi:

23. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.

24. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iş materiallarına əlavə edilən sübutlar, və tərəflərin izahatları ilə müəyyən olunur ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli 45 saylı müqaviləyə əsasən öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqaviləyə əsasən n İcraçı olaraq "xxxx" MMC Sifarişçi Cavabdeh MMC üçün müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qiymətlərlə tələb olunan keyfiyyət standartlarına dair inspeksiya xidmətləri göstərilmişdir.Cavabdeh tərəfindən hazırki işin məhkəmə icraatı dövründə əsas borc tam ödənilmiş,həmin hissədə mübahisə qalmamışdır.

25. Bundan başqa iddiaçı öz iddia tələbində müqavilə dəyərinin ödənilməsinin gecikməsinə görə illik 5%-lə hesablanmış 450 manatın da cavabdehdən tutulmasını tələb etmişdir.

26. Məhkəmə cavabdeh tərəfindən borcun ödənilməsinin gecikdirildiyi müddəti, 9660 manat əsas borc məbləğini nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli və illik 5% ilə hesablanmış 450 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

27. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, hazırkı iş üzrə 133 manat məbləğində dövlət rüsum iddiaçı tərəfindən ödənilmişdir.

28. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 133 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

29. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 300 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir.

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən illik 5% hesablanmış 450 (dörd yüz) manat və 300 (üç yüz) manat vəkil xərci və ödənilmiş 133 (yüz otuz üç) manat dövlət rüsumu İddiaçı MMCnin xeyrinə tutulsun. İddia tələbi digər hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar