Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4626/2023 06.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı X1 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı MMM-in Cavabdeh MMC-yə qarşı "borcun ödənilməsi" tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən "xxxx" LTD X3 xeyrinə 2.760 manat pul, həmçinin mediasiya xidmətinə görə ödənilmiş 70 manat və hüquqi xidmətin göstərilməsinə görə ödənilmiş 120 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMM ilə Cavabdeh MMC arasında 21 fevral 2023-cü il tarixli, 2023-03 saylı alğı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, satıcı müqavilədə razılaşdırılmış şərtlərlə kərpici alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib qarşılığında müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən 16 mart 2023-cü il tarixində müəssisə tərəfindən cəmiyyətə bir ədədi 0,46 manat olmaqla eni 29 sm, uzunluğu 19 sm, hündürlüyü 19 sm (29*19*19) olan 6.072 ədəd kərpic verilmiş, lakin Cəmiyyət aldığı kərpicin dəyərinin ödənilməsini təmin etməmişdir. Bunun nəticəsində Cəmiyyətin Müəssisəyə 2.760 manat həcmində borcu yaranmışdır. Bоrcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət оlunmasına, məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, qeyd edilən vəsaitin qaytarılması üçün hеç bir təşəbbüs göstərilməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı X1 nümayəndəsi və vəkili Nümayəndə2 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. - Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (satıcı) ilə Cavabdeh (alıcı) arasında xx.xx.2023-cü il tarixli, 2023-23 saylı alqısatqı müqaviləsi və xx.xx.2023-cü il tarixli qiymət razılaşdırılması haqqında protokol imzalanmışdır.
11. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı müqavilədə razılaşdırılmış şərtlərlə kərpici alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib bunun qarşılığında müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür.
12. Müqavilə və qiymət razılaşdırılması haqqında protokol hər iki tərəfin imza və möhürü ilə təsdiq olunmuşdur.
13. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir
14. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun aldığı malların dəyərini ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır.
15. Qeyd edilməlidir ki, alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı X1 üzərinə düşür.
16. İş materiallarından görünür ki, EBDB 943332 saylı xx.xx.2023-cü il tarixli dəyəri 2.760 manat olan elektron qaimə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdehnə göndərilmişdir.
17. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli 004126 nömrəli təhvil vermə (sadə yazılı qaimə) sənədindən görünür ki, eni 13 sm, hündürlüyü 10 sm olan 3036 ədəd kərpic cavabdehə təhvil verilmişdir.
18. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli 004128 nömrəli təhvil vermə (sadə yazılı qaimə) sənədindən görünür ki, eni 13 sm, hündürlüyü 10 sm olan 3036 ədəd kərpic cavabdehə təhvil verilmişdir.
19. Göndərilmiş elektron qaimənin məzmununa nəzər yetirildiyində görünür ki, 6.000 ədəd kərpicin dəyəri ilə, 2 sadə yazılı qaimənin cəmi isə 6.072 ədəd kərpicin verilməsi ilə bağlıdır.
20. İddiaçı tərəf məhkəmə iclasında qeyd edilən halı, kərpicin daşınması zamanı qırılma ehtimalı olması səbəbindən artıq verilməsi ilə izah etmiş və ancaq 6.000 ədədin pulunu tələb etdiklərini bildirmişdir.
21. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə 2.760 manat dəyərində mal verilmiş, lakin dəyəri cavabdeh tərəfindən ödənilməmişdir.
22. Məhkəmə qeyd edir ki, məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri cavabdeh şirkətin nümayəndəsinin elektron kabinetinə yerləşdirilsə də məhkəmə iclaslarında iştirak etməmiş və iddiaya da, münasibət (etiraz) bildirməmişdir.
23. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia 2760 manat məbləğində pulun tələb edilməsi hissəsində əsaslıdır və təmin olunmalıdır.
24. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ödəniş sənədindən görünür ki, 70 manat məbləğində pul İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı 9 saylı Mediasiya Təşkilatına ödənmişdir.
25. Ona görə də, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 70 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənməlidir.
26. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ödəniş sənədindən görünür ki, hüquqi yardımın göstərilməsinə görə İddiaçı Məhdud Məsuliyyətli tərəfindən “Faiq Nağıyev və partnyorları” Vəkil Bürosuna 120 manat məbləğində pul ödənmişdir.
27. Ona görə də, hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 120 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənməlidir.
28. Yekun olaraq, məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
29. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. 21 fevral 2023-cü il tarixli, 2023-03 saylı alqı-satqı müqaviləsinə əsasən əsas borc üzrə 2760 (iki min yeddi yüz altmış) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 70 (yetmiş) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 120 (bir yüz iyirmi) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov