Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4626/2024 21.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31,999.98 manat əsas borcun və 104,051.57 manat faiz borcunun və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 426,10 manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli xx/xx/2023 nömrəli satınalma müqaviləsi bağlanmışdır. Müqavilə üzrə cavabdehin ödənilməmiş borcu vardır. Müqaviləyə uyğun olaraq aşağıdakı elektronqaimə faktura əsasında qeyd edilən dəyərdə mal alıcı tərəfindən satıcıya təqdim edilmişdir: 1) xx.xx.2023-cü il tarixli EBDK seriyalı 104462 nömrəli elektron qaimə-faktura əsasında ƏDV-li 17439.37 manat dəyərində mal; 2) xx.xx.2023-cü il tarixli EBDK seriyalı 238106 nömrəli elektron qaimə-faktura əsasında ƏDV-li 15329.71 manat dəyərində mal. Hər 2 elektron qaimə-fakturanın alıcıya göndərilməsindən 5 iş günündən artıq müddət keçsə də, indiyədək hər 2 elektron qaimə-faktura üzrə tam ödəniş edilməmiş, yəni 31,999,98 manat ödənilməmiş borc yaranmışdır. Həmçinin qeyd edilməlidir ki, Müqaviləyə 1 nömrəli Əlavəyə əsasən cavabdeh müqavilənin icra müddəti ərzində öhdəliyini icra etmədiyinə və ödənişi gecikdirdiyinə (öhdəliyini pozduğuna) görə iddiaçının əsas borc məbləğinə gecikdirilmiş hər gün üçün 1 faiz hesablamaq hüququ vardır. Belə ki, xx.xx.2023-cü il tarixli elektron qaiməfaktura üzrə təqdim edilmiş mala görə ödənişin icra müddəti xx.xx.2024-cü il tarixdə bitmiş və həmin tarix öhdəliyin cavabdeh tərəfindən pozuntusunun başlandığı tarix hesab edilir. xx.xx.2023-cü il tarixli elektron qaimə-faktura üzrə isə təqdim edilmiş mala görə ödənişin icra müddəti xx.xx.2024-cü il tarixdə bitmiş və həmin tarix öhdəliyin cavabdeh tərəfindən pozuntusunun başlandığı tarix hesab edilir. xx.xx.2023-cü il tarixli elektron qaimə-faktura üzrə təqdim edilmiş mala görə xx.xx.2024-cü il tarixə kimi gecikdirilmiş faiz məbləği 54536,61 manat, xx.xx.2023-cü il tarixli elektron qaimə-faktura üzrə təqdim edilmiş mala görə xx.xx.2024-cü il tarixə kimi gecikdirilmiş faiz məbləği isə 49.514,96 manat təşkil edir. Beləliklə, ödənişin gecikdirilməsinə görə cəmi 31,999.98 manat əsas borca görə cəmi 104,051.57 manat faiz borcu müəyyən edilmişdir.
II. Tərəflərin mövqeləri:
3. Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməklərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
5. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, tərəflər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər(yeni redaksiya). (borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir. əvvəlki redaksiya).
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli xx/xx/2023 nömrəli satınalma müqaviləsi və müqaviləyə 1 nömrəli əlavə imzalanmışdır.
10. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı malı müqavilənin bir hissəsi olan əlavələr və qaimə-fakturaya müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə, qiymətdə və müvafiq şərtlərlə alıcı tərəfindən verilən sifarişlərə uyğun olaraq və razılaşdırılmış müddətdən gec olmayaraq alıcıya təhvil verməyi öz öhdəsinə götürür.
11. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən hər bir təchiz olunacaq malın qiyməti qaimə-fakturalar ilə təsdiqlənir.
12. Müqavilənin 5.1-ci bəndinə əsasən bu müqavilə qüvvəyə mindikdən sonra satıcı alıcının tələbatını və bu müqavilə ilə müəyyən edilmiş qaydaları nəzərə almaqla satdığı malı qaimə-faktura əsasında alıcıya öz anbarlarında təhvil verir.
13. Müqavilə və müqaviləyə əlavə hər iki hüquqi şəxsin imzaları və möhürləri ilə təsdiq olunmuşdur.
14. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.
15. Qeyd edilməlidir ki, alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı MMC-nin üzərinə düşür.
16. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 547652 nömrəli təhvil-təslim aktından görünür ki, ümumi dəyəri 17.439,37 manat olan profil 50/100, profil 40/80, profil 100/100, profil 80/80, armatur 14, armatur 12 adlı mallar iddiaçı tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Qeyd edilmiş təhvil-təslim aktında göstərilən məhsullara dair iddiaçı tərəfindən cavabdehə EBDK 104462 saylı xx.xx.2023-cü il tarixli dəyəri 17.439,37 manat olan elektron qaimə göndərilmişdir.
17. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 547653 nömrəli təhvil-təslim aktından görünür ki, ümumi dəyəri 15.329,71 manat olan profil 50/100, profil 40/80, profil 100/100 adlı mallar iddiaçı tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Qeyd edilmiş təhvil-təslim aktında göstərilən məhsullara dair iddiaçı tərəfindən cavabdehə EBDK 238106 saylı xx.xx.2023-cü il tarixli dəyəri 15.329,71 manat olan elektron qaimə göndərilmişdir.
18. Sadə riyazi hesablama ilə elektron qaimələr və aktlardakı məbləğlərin cəmi 32.769,08 manat təşkil edir.
19. Göründüyü kimi, Cavabdeh MMC təhvil-qəbul aktlarını imza və möhürü ilə təsdiq etməklə və elektron qaimələrə irad bildirməməklə qeyd edilmiş dəyərdə malların verildiyini qəbul etmişdir.
20. Məhkəmənin ilk hazırlıq iclasında iştirak edən iddiaçı tərəfin nümayəndəsi məhkəməyə izahatında cavabdehdən əsas borc üzrə ödənilməmiş 31.999,98 manat məbləğində borcunun qaldığını bildirmişdir.
21. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaya münasibət (etiraz) bildirməmiş, tələb olunan borc məbləğinin ödənilməsinə dair hər hansı sənədi məhkəməyə təqdim etməmişdir.
22. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqaviləyə əsasən 31.999,98 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
23. Məhkəmə, iddianın 104,051.57 manat faiz borcunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
24. İlk növbədə Məhkəmə bu xüsusda qeyd edir ki, iddia ərizəsinin əsaslandırıcı və xahiş etdi hissəsinə nəzər yetirildikdə, aydın olur ki, iddiaçı tərəf məhz gecikdirilmiş vaxt üçün faiz borcunun tutulmasını xahiş edir.
25. Mülki Məcəllədə isə, borclunun icranın gecikdirməsi ilə bağlı faiz borcunun tutulmasının qanuni əsasını 445.7-ci maddə təşkil edir.
26. Ona görə də, cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi ilə bağlı Mülki Məcəllənin qeyd edilən maddəsinə istinad edilməklə faiz borcu hesablanmalıdır.
27. İş materiallarından görünür ki, iddiaçı tərəfindən borcun ödənilməsinin tələb edilməsi ilə bağlı pretenziya məktubu cavabdehə xx.xx.2024-cü il tarixində, iddia ərizəsi isə məhkəməyə təxmini 06 gün sonra yəni, xx.xx.2024-cü il tarixində verilmişdir.
28. Belə olan halda, məhkəmə hesab edir ki, əsas borca illik 5 faiz hesablanmaqla 26,30 (31.999,98x5/100=1.599,999 (1 il üçün), 1.599,999/365=4,3835 (1 gün üçün), 4,3835x06=26,30 (06 gün üçün) manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
29. Bundan başqa, məhkəmə dövlət rüsumunun əvəzi olaraq 426,1 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
30. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, **********64 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 426,1 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.
31. Lakin, məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 186,08 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
32. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
33. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 31.999 (otuz bir min doqquz yüz doxsan doqquz) manat, 98 (doxsan səkkiz) qəpik məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Əsas borca illik 5 faiz hesablanmaqla 26 (iyirmi altı) manat, 30 (otuz) qəpik məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 186 (bir yüz səksən altı) manat, 08 (səkkiz) qəpik məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov