Məhkəmə qərarları › İş №e-2-2(113)-4632/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4632/2025

28.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4632/2025 28.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı xxx.-nin Cavabdeh Məhdud Məsuliyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı X2 xxx.-nin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı xxx. Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 76681,19 ABŞ dollarının Mərkəzi Bankın məzənnəsi ilə 130358 manat əsas borc, 421 manat dövlət rüsumu, 4225 manat hüquqi yardım üçün ödənilmiş xidmət haqqının alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 xxx və Cavabdeh MMC arasında 01 iyun 2024-cü il tarixli, 005 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 2.2.-ci bəndində qeyd olunmuşdur ki, malların ödəmələri Azərbaycan gömrüyündən çıxdıqdan sonra 60 gün ərzində həyata keçirilməlidir. Məhsulların cavabdehə təhvil verilməsindən xeyli müddət keçsə də, 76681,19 ABŞ dolları borc hələ də cavabdeh tərəfindən iddiaçıya ödənilməmiş, bununla da, müqavilə öhdəlikləri cavabdeh tərəfindən pozulmuşdur. Cavabdeh hüquqi şəxsin əməkdaşları ilk vaxtlar borcun tezliklə ödəniləcəyini vəd etsə də, ödənilməmişdir. Odur ki, pozulmuş hüquqların bərpası üçün məhkəməyə müraciət edilmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 398.1, 399.1, 442, 567, 598.2-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı yenidən iddia ərizəsinə dəqiqləşdirmə etməlidir. Belə ki, iddia tələbinə əsasən iddiaçının hesabına hər ay bank hesabı vasitəsi ilə ödənişlər edilir, həmçinin iddiaçının Azərbaycan Respublikasında olan nümayəndələri nağd şəkildə ümumi borca görə "xxxx" şirkətindən pul götürmüşdür. Odur ki, iddiaçıya tərəflər arasında olan pul mübahisəsinə aydınlıq gətirmək üçün yenidən hesablama edib, məhkəməyə dəqiqləşdirmə ərizəsi vermələri xahiş edilir. Hal-hazırkı iddia tələbi ilə razı deyillər.

5. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə uyğun olaraq iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 71681,19 ABŞ dollarının Mərkəzi Bankın məzənnəsi ilə 121857 manat əsas borc, 421 manat dövlət rüsumu, 4225 manat hüquqi yardım üçün ödənilmiş xidmət haqqının alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunan ərizədə deyilir ki, məlumat üçün bildirir ki, iddiaçı şirkətin rəhbəri Mehmet Arpaçı və şirkətin nümayəndəsi Korhan Kacarın 56878 manat (33458 dollar) vəsaiti nağd şəkildə qəbul etmələri barədə sənəd təqdim etmişlər. Həmin sənəd iddiaçı şirkətdən gələn mallara görə yaranmış borca görə tərtib edilmişdi.

7. Cavabdeh MMC-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

8. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi.

9. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilən Korhan Kacar məhkəmə iclasında izahat verərək qeyd etdi ki, başqa bir Türkiyə şirkətinin nümayəndəsi olmuşdur. X2 xxx.-də işləməmişdir. Saç boyaları göndərilmişdi. Malların geri qaytarılma ehtimalı var idi. Gömruk xərci ödənilməli idi. X2 xxx.-nin nümayəndəsi telefonla dedi ki, malları geri göndərməyin, ödənişi edin, borcdan çıxılacaq. Ona verilən 33000 ABŞ dolları pul gömrük xərci kimi ödənilmişdir. Pul ya gömrüyə ödənilməli idi, ya da ki, mallar geri qayıtmalı idi.

10. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində X2 xxx. ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2024cü il tarixli, 005 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən alıcı material və yaxud xidmətləri müqavilənin tərkib hissələri sayılan əlavələrində göstərilmiş xarakteristikalara, miqdarlara və qiymətlərə uyğun qəbul edib, dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürür. Kuaför kanal ditribitörü olarak.; 2.1-ci bəndinə əsasən malların qiyməti müqavilənin əlavələrində göstəriləcək və tərəflər hər əlavəni qəbul etdiyi tarixdən dəyişdirməyəcəklər. Malın ödəmələri sonradan həyata keçirilir və Azərbaycan Gömrüyündən çıxandan sonra 60. gündür; 5.1-ci bəndinə əsasən müqavilə Azərbaycan Respublikasının və Türkiyə Respublikasının qanunvericiliyi ilə tənzimlənəcək və təfsir ediləcəkdir. Müqavilə ilə bağlı yaranan istənilən fikir ayrılığı Azərbaycan Respublikası məhkəmələri və Türkiyə Respublikası məhkəmələri tərəfindən tənzimlənəcək. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

11. X2 xxx. tərəfindən tərtib edilmiş cari hesab-fakturaya əsasən X2 xxx. tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 92681,19 manat olan mal satılmışdır.

12. X2 xxx. tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli elektron-fakturaya əsasən X2 xxx. tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 41673,12 ABŞ dolları olan mal(lar) satılmışdır.

13. X2 xxx. tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli elektron-fakturaya əsasən X2 xxx. tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 51008,07 ABŞ dolları olan mal(lar) satılmışdır.

14. Təmsilçi qismində "xxxx" MMC ilə sifarişçi qismində Cavabdeh MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən müqavilənin predmeti təmsilçi tərəfindən sifarişçinin tapşırığı ilə idxal, ixrac, tranzit və digər gömrük prosedurları altında onun adından və öz adından rəsmiləşdirilməsi tələb olunan malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı sadalanan xidmətlərin göstərilməsidir.

15. İş materiallarına gömrük bəyannamələri, satılmış məhsulların siyahısı, fotoşəkilləri əlavə edilmişdir. Gömrük bəyannamələrində X2 xxx. tərəfindən dolayı təmsilçi "xxxx" MMC vasitəsilə Cavabdeh MMC-yə göndərilmiş mal(lar), çəkisi, qiyməti öz əksini tapmışdır.

16. İş materiallarına əlavə edilmiş “pul qəbzi” sənəddən müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən 10080 ABŞ dolları ödəniş edilmişdir. Ödəməni alan qrafasında “Mehmet Erter” qeyd edilmiş və imzalanmışdır.

17. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən X2 xxx.-nin bank hesabına 6000 ABŞ dolları vəsait köçürülmüşdür.

18. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən X2 xxx.-nin bank hesabına 5000 ABŞ dolları vəsait köçürülmüşdür.

19. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən X2 xxx.-nin bank hesabına 5000 ABŞ dolları vəsait köçürülmüşdür.

20. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən X2 xxx.-nin bank hesabına 5000 ABŞ dolları vəsait köçürülmüşdür.

21. X2 xxx. tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 3 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi

24. Əvvəla qeyd olunmalıdır ki, tərəflərdən biri, iddiaçı xarici hüquqi şəxsdir. Tərəflər arasında bağlanan müqavilənin 5.1-ci bəndinə əsasən müqavilə Azərbaycan Respublikasının və Türkiyə Respublikasının qanunvericiliyi ilə tənzimlənəcək və təfsir ediləcəkdir. Müqavilə ilə bağlı yaranan istənilən fikir ayrılığı Azərbaycan Respublikası məhkəmələri və Türkiyə Respublikası məhkəmələri tərəfindən tənzimlənəcək.

25. İddiaçı seçim edərək, hazırkı məhkəməyə müraciət etmiş və iddia ərizəsində də Azərbaycan Respublikasının qanunvericiliyinə istinad etmişdir. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsinin bununla bağlı hər hansı etirazı olmamışdır. Ona görə də hazırkı mübahisəyə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq olunur.

26. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Belə ki, iddiaçı alqı-satqı müqaviləsinə əsasən malları alıcının mülkiyyətinə versə də, cavabdeh qəbul etdiyi malların əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya tam ödəməmiş, qalıq borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır.

27. İddia tələbini cavabdehdən 71681,19 ABŞ dollarının Mərkəzi Bankın məzənnəsi ilə 121857 manat məbləğində əsas borcun tutulması təşkil edir.

28. Məhkəmə qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, qəbul etdiyi malların əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli və Cavabdeh Məhdud Məsuliyətli Cəmiyyətindən 71681,19 ABŞ dollarının (yetmiş bir min altı yüz səksən bir dollar on doqquz sent) Mərkəzi Bankın məzənnəsi ilə hesablanan 121857 (yüz iyirmi bir min səkkiz yüz əlli yeddi) manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir.

29. Belə ki, müəyyən olunmuşdur ki, X2 xxx. tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 92681,19 ABŞ dolları olan mal(lar) təhvil verilmişdir. Həmin hal işdə olan, yuxarıda sadalan sübutlarla (müqavilə, gömrük bəyannamələri, elektron fakturalar, ödəniş sənədləri və s.) təsdiq olunur. Həmçinin malların təhvil verilməsini cavabdeh tərəf də mübahisələndirməmişdir (mübahisə yalnız qalıq məbləğlə bağlı olmuşdur). Təqdim edilmiş ödəniş tapşırıqlarına əsasən cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 21000 ABŞ dolları vəsait ödənilmişdir. Belə olan halda, cavabdeh tərəfindən ödənilməli olan məbləğ 92681,19-21000=71681,19 ABŞ dolları təşkil edəcəkdir.

30. Bundan əlavə, cavabdehin nümayəndəsi borcdan müəyyən məbləğin nağd şəkildə iddiaçı şirkətin nümayəndəsi olan Korhan Kacara ödənildiyini bildirsə də, şahid qismində dindirilən Korhan Kacar iddiaçı şirkətdə işləmədiyini, ona verilən pulun gömrük xərcləri üçün ödənildiyini bildirmişdir. Həmin xərclərin isə iddiaçının ödəmə öhdəliyinin olması müəyyən edilməmişdir. Ona görə də cavabdehin etirazı əsaslı sayıla bilməz.

31. İş materiallarına əlavə edilmiş və özündə 10080 ABŞ dolları ödənişi əks etdirən qəbzə münasibətdə məhkəmə hesab edir ki, həmin qəbzin hazırkı mübahisə ilə əlaqəsi təsdiq olunmur. Belə ki, ödəyici qismində Cavabdeh MMC qeyd edilsə də, “ödənişi alan” qrafasında qeyd edilmiş “Mehmet Erter” adlı şəxsin mübahisə ilə əlaqəsi müəyyən olunmur. Bu səbəbdən qəbz qeyd edilən məbləğin ödənildiyini təsdiq edən sübut kimi qiymətləndirilmir.

32. Eləcə də, iddiaçı 421 manat dövlət rüsumu və 4225 manat hüquqi yardım üçün ödənilmiş xidmət haqqının cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir.

33. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 411,86 manat (dörd yüz on bir manat səksən altı qəpik) və hüquqi yardım xərcinə görə ağlabatan məbləğ olaraq 1000 (min) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 71681,19 ABŞ dollarının (yetmiş bir min altı yüz səksən bir dollar on doqquz sent) Mərkəzi Bankın məzənnəsi ilə hesablanan 121857 (yüz iyirmi bir min səkkiz yüz əlli yeddi) manat əsas borc, 1000 (min) manat hüquqi yardım xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 411,86 manat (dörd yüz on bir manat səksən altı qəpik) X2 xxx.nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar