Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4633/2023 13.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: ekspeditor xidməti, dəbbə pulu, əldən çıxmış fayda, mediasiya xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi/vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi/vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” barədə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC-nin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən xx.xx.2022-ci il tarixli **********0 saylı Ekspeditor xidmətlərinə dair müqaviləyə əsasən göstərdiyi xidmətlərin müqabili xx.xx.2023-cü il tarixli SİNV0592 saylı invoys üzrə 40800 manat, xx.xx.2023-cü il tarixli SİNV0598 saylı invoys üzrə 680 manat, xx.xx.2023-cü il tarixli SİNV0650 saylı invoys üzrə 8500 manat olmaqla cəmi 49980 manat xidmət haqqı, 4998 manat cərimə və 2499 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə 54477 manat pulun, ödənilmiş 410 manat mediasiya xərcinin və vəkilə ödənilmiş 120 manat haqqın İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli **********0 saylı Ekspeditor xidmətlərinə dair müqavilə bağlanmışdır. Ekspeditor xidmətlərinə dair müqavilənin 1.1-ci bəndinə əsasən, Ekspeditor Sifarişçinin yükünün yük maşını, dəmir yolu, dəniz, hava və/ və ya nəqliyyatın hər hansı digər növü ilə daşınması üçün ekspeditor xidmətlərini Sifarişçinin dəyəri və xərcləri hesabına təşkil edir və Sifarişçi həmin müqavilənin 3-cü bölməsinə uyğun olaraq ekspeditor xidmətlərinin dəyərini ödəməlidir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən ekspeditor xidmətlərinin qiyməti və ödəniş şərtləri bu müqaviləyə edilən müvafiq Əlavələr ilə müəyyənləşdirilir. Xidmət sifarişi və əlavələr bu müqavilənin tərkib hissəsidir. Cavabdeh MMC ekspeditor xidmətləri müqaviləsinin 2.3.6-cı bəndinə əsasən müvafiq əlavəyə uyğun olaraq İddiaçı MMC-nin ekspeditor xidmətləri üçün vaxtında ödəniş etməlidir. Müqvilənin 2.1.6-cı bəndinə əsasən yükün bütövlüyünə, çatdırılma müddətinə və/və ya Ekspeditor tərəfindən öhdəliklərin hazırkı müqavilə üzrə lazımi qaydada yerinə yetirilməsinə mənfi təsir edə biləcək bütün hallar, o cümlədən bu halların aradan qaldırılması üçün görülən tədbirlər barədə sifarişçiyə dərhal yazılı məlumat verməlidir. Müqavilənin 2.3.7-ci bəndinə asasən xidmət sifarişində sifarişçi tərəfindən verilən yalnış məlumata görə Ekspeditorun çəkdiyi hər hansı əlavə xərcləri və digər xərcləri ödəmək. Sifarişçi öz təqsiri səbəbindən yaranan hər hansı əlavə xərclərə görə məsuliyyət daşıyır və onları hazırkı müqavilədə nəzərdə tutulduğu kimi öhdəliklərə əlavə olaraq ödəmələdir. Müqavilənin 2.3.9-cu bəndinə əsasən sifarişçiyə ölkə hüdudlarında/hüdudlarından kənarda yüklərin yükləmə/yükboşaldılması üçün 48 saat azad vaxt verilir. Sifarişçi yüklərin yükləmə/yükboşaldılması zamanı sözü gedən vaxtdan əlavə sifarişçinin səhvi səbəbindən hər gecikdirilmiş gün üçün hər nəqliyyat vasitəsinə görə 100 ABŞ dolları/ EUR həcmində əlavə ödəniş edir (müvafiq olaraq yükün Türkiyə Respublikası və ya Avropa ölkələrindən daşınmasından asılı olaraq). İddiaçı MMC ilə Cavabdeh MMCarasında bağanmış xx.xx.2022-ci il tarixli **********0 saylı Ekspeditor xidmətlərinə dair müqaviləyə əsasən göstərdiyi xidmətlərin müqabili xx.xx.2023-cü il tarixli SİNV0592 saylı invoys üzrə 40800 manat, xx.xx.2023-cü il tarixli SİNV0598 saylı invoys üzrə 680 manat, xx.xx.2023-cü il tarixli SİNV0650 saylı invoys üzrə 8500 manat olmaqla ümumilikdə 49980 manat təşkil etmişdir. Cavabdeh MMC ekspeditor xidmətlərinə dair müqavilənin 2.3.6-cı bəndinin tələblərini pozaraq, həmin müqavilənin 3-cü bölməsinə əsasən 49980 manat vəsaiti İddiaçı MMC-nə ödəməmişdir. Müqavilənin 4.1-ci bəndinə uyğun olaraq gecikmiş ödəniş olan halda, İddiaçı MMC-nin müvafiq əlavəyə hər gecikdirilən gün üçün xidmətlərin ümumi dəyərinin 0.1 %-i dəyərində Cavabdeh MMC-dən cərimə ödənişi tələb etmək hüququ vardır. Lakin bu ödəniş müvafiq əlavəyə əsasən xidmətlərin ümumi dəyərinin 10 %-ni keçməməlidir. Ekspeditor xidmətlərinə dair müqavilə üzrə hesablanmış cərimə 4998 manat təşkil edir. Cavabdeh MMC üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirməməklə İddiaçı MMC-nə zərər vurmuşdur. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından mərhum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər(əldən çıxmış fayda) başa düşülür. Hal hazırda Mərkəzin bankın uçot dərəcəsinə uyğun olaraq ekspeditor xidmətlərinə dair müqavilə üzrə hesablanmış əldən çıxmış fayda 2499 manat təşkil edir. Ekspeditor xidmətlərinə dair müqavilənin 7.1 bəndinə əsasən hazırkı müqavilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tənzimlənir və şərh olunur. Tərəflər razılığa gəlirlər ki, hazırkı müqavilədən irəli gələn və ya müqavilənin icrası ilə əlaqədar yaranan və tərəflər arasında müzakirə yolu ilə həll edilə bilməyən bütün mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməklə Azərbaycan Respublikasının müvafiq məhkəmə orqanları tərəfindən həll olunur. Hazırki mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iddiaçı tərəf iştirak etmiş, lakin cavabdeh iştirak etməmişdir. Bu barədə xx.xx.2023-cü il tarixli arayış verilmişdir. Mediasiya xərcləri olaraq İddiaçı MMC tərəfindən 410 manat haqq ödənilmişdir. Hazırda iddianın məbləğinə mütənasib dövlət rüsumunun məbləği 276.34 manat məbləğindədir. Lakin İddiaçı MMC tərəfindən 410 manat mediasiya xərci ödənildiyindən “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanununa əsasən İddiaçı MMC hazırda bu dövlət rüsumunu ödəməkdən azaddır.
3. Cavabdehin nümayəndəsinin/vəkili məhkəməyə təqdim etdiyi etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının məhkəməyə təqdim etdiyi demək olar ki, bütün sənədlər birtərəflidir. Belə ki, İddiaçı (“Ekspeditor” və ya “İddiaçı”) ilə Cavabdeh (“Sifarişçi” və ya “Cavabdeh”) arasında bağlanmış 24 noyabr 2022-ci il tarixli, **********0 nömrəli Ekspeditor Xidmətlərinə dair Müqavilənin (“Ekspeditor Müqaviələsi” və ya “Müqavilə”): 2.1.4-cü bəndinə əsasən icra olunan işlər üzrə qaimə-fakturanın əslini və təhvil-təsli aktını (“Göstərilmiş Xidmətlər haqqında Akt”) təqdim etmək Ekspeditorun vəzifələrinə aiddir; 3.3-cü bəndinə əsasən ödəniş şərtləri: Göstərilmiş Xidmətlər haqqında Akt hər iki tərəfin imzaladığı və ödəniş üçün elektron qaimə-fakturanın alındığı gündən 10 tam iş günü ərzində həyata keçirilir. İddiaçı isə təqdim edilmiş iddia ərizəsinə yalnız satınalma sifarişlərini, birtərəfli sənədlər hesab olunan daxili invoysları və elektron qaimələri əlavə etmişdir, qoşma sənədlərdə hər hansı təhvil-təslim aktı mövcud deyil. Ekspeditor Müqaviləsinin: 2-ci bəndinə əsasən, Ekspeditorun vəzifələri: 2.1.1 Sifarişçinin yükünün daşınmasını Xidmət Sifarişinə və müvafiq Əlavəyə uyğun olaraq təşkil etmək; 2.1.8 Ekspeditor yüklərin daşınması zamanı yükün itirilməsinin, zədələnməsinin və məhvinin qarşısını almaq məqsədilə zəruri olan ehtiyat tədbirlərini görməli, təqdim etdiyi nəqliyyat vasitələrinin və xüsusi avadanlığın saz və yükün təhlükəsiz nəqli emalı baxımından müvafiq tələblərə cavab verməsini. 2.1.10 Yükün qəbul edildiyi andan onun təhvil verilmə anına kimi onu lazımi qaydada və səylə daşımaq. 4.6 Ekspeditor Yükü təhvil aldığı vaxtdan təhvil verdiyi vaxta qədər olan müddət ərzində Yükün bütövlükdə və ya müəyyən hissəsinin məhv olunmasına və Yükə ziyan vurulmasına və ya çatdırılma müddətində gecikmələrə görə tam maddi məsuliyyət daşıyır və belə halda zədələnmiş Yükün tam dəyərini, daşıma haqqını və Sifarişçinin üzləşdiyi digər itkiləri Sifarişçiyə Sifarişçidən bu barədə bildiriş aldıqdan 3 iş günü ərzində ödəməlidir. Əvvəla qeyd edilməlidir ki, Ekspeditor Müqavilənin 2.1.1-ci bəndini pozmuşdur. Belə ki, 4687 nömrəli, 9 dekabr 2022-ci il tarixli Satınalma Sifarişinə əsasən, malların çatdırılma müddəti 7-9 gün qeyd edilmişdir. Yəni ki, mallar ən geci 18 dekabr 2022-ci il tarixində artıq Sifarişçiyə təhvil verilməli idi. Lakin 5 yanvar 2023-cü il tarixli, İddiaçının logistika meneceri Ceyhun Əzimov tərəfindən göndərilmiş emaildən görünür ki, daşınması həyata keçirilən nəqliyyat vasitələri yalnız yanvar ayında Sifarişçiyə təhvil verilmişdir. Bundan əlavə 20 dekabr 2022-ci il tarixli və 5 yanvar 2023-cü il tarixli İddiaçının logistika meneceri Ceyhun Əzimov tərəfindən göndərilmiş emaillərdən görünür ki, İddiaçının sürücüləri yükləmə ünvanına yalnız 22 dekabr 2022-ci il tarixində çatmışlar. Halbuki 18 dekabr 2022-ci il tarixdə yük artıq Sifarişçiyə təhvil verilməli idi. Daha sonra Ekspeditor Müqavilənin 2.1.10-cu bəndini də pozmuşdur. Ceyhun Əzimovun Cavabdeh şirkətin satınalma mütəxəssisinə 28 dekabr 2022-ci il tarixdə göndərdiyi email: “Salam Orxan bəy , Dünün axşam sizə və Sinan bəyə məlumat verildiyi kimi maşınlardan birində texniki nasazlıq aşkarlandı. Sürücünün vermiş olduğu məlumata görə problem debriaj balatada göstərir. Sinan bəyə məlumat verilib, İveco servisin əməkdaşlarına yönləndirilib iş. Yeni bir məlumat olar olmaz sizinlə paylaşılacaqdır” Bu emailə nəqliyyat vasitələrini satın aldınğı “Özünlü” şirkətinin nümayəndəsi Sinan Gülenin 28 dekabr 2022-ci il tarixli cavabı: “Jeyhun Bey, Öncelikle konu Özünlü ile alakalı değil, şasi araçta debriyaj balata hasarlanmış. Ben Sadece destek olmak için yol yardımı aradım dün akşam ve araç bilgilerini paylaştık. Bugün sabah tekrar İveco ile görüştüm, aracın servise gelmesi gerektiğini söylerler. Uygun bir kurtarıcı araçla götürülmesi gerekir.” “Özünlü” şirkətinin nümayəndəsi Sinan Gülenin 28 dekabr 2022-ci il tarixli digər emaili: “... Arıza kullanıcı kaynaklı demişler, bu durumda ücretli tamir olur. Kendiniz arayıp görüşebilirsiniz” Göründüyü kimi, qüsurun istifadə nəticəsində yarandığı qeyd edilmişdir. Daha sonra nəqliyyat vasitəsi rəsmi servisə aparılmış və müayinə nəticəsində qüsur aktı tərtib edilmiş və aktın nəticə hissəsində qeyd edilmişdir ki, avtomobilin hər hansı texniki qüsuru yoxdur (“Yapılan incelemelerde araçtan kaynaklanan herhangi bir teknik kusur bulunmamıştır”). Eyni zamanda aktın təsviri hissəsində aşağıdakılar qeyd edilmişdir: “Yapılan inceleme sonucunda, debriyaj balatasının birmiş olduğu ve parçalandı, baskı yüzeyin ve volan yüzeyinin yanmış olduğu ısıdan dolayı çatlamaların olduğu tespit edilmişdir.” Göründüyü kimi, nəqliyyat vasitəsi servisə gətirildikdə artıq yararsız vəziyyətdə idi və bu yararsızlıq qüsur aktından və email yazışmalardan da aydın olduğu kimi, istifadə nəticəsində yaranmışdır. Beləliklə, Eskpeditor eyni anda iki şərti pozmuşdur: (i) öhdəliyi qüsurla icra etmişdir; (ii) öhdəliyi vaxtında icra etməmişdir. Yuxarıda göstərilən normanın məzmunundan da göründüyü kimi, qüsurlarla icra edilmiş iş öhdəliyin icra edilməməsinə bərabər tutulur və belə işlərə görə hər hansı xidmət haqqı tutula bilməz. (iv) İddiaçının tələb etdiyi 8500 manat pul məbləği onun özünün səriştəsizliyi nəticəsində çəkdiyi xərclərlə bağlıdır. Həmin məbləğ də tutulmamalıdır, çünki: Birincisi, həmin xərclər iddiaçı tərəfindən ümumiyyətlə təsdiq edilməmişdir, bu, email yazışmalarından da görünür. İkincisi, qeyd edildiyi kimi, həmin əlavə xərclər İddiaçının qüsurlu iş görməsi nəticəsində yaranmışdır. Üçüncüsü isə, həmin xərclərlə bağlı təqdim edilən sənədlər yalnız birtərəfli invoys və elektron qaimədir. Elektron qaimənin verilməsi borcun mövcud olmasını sübut etmir. İddiaçının 2499 manat əldən çıxmış faydanın tutulması ilə bağlı tələbi də əsassızdır. İlk olaraq, iddia ərizəsində əldən çıxmış fayda (ziyan) ilə bağlı qarşı tərəfin hər hansı açıqlaması yoxdur, sadəcə olaraq Azərbaycan Republikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsi göstərilmiş, eyni zamanda əldən çıxmış faydanı sübut edən təsdiqedici sənədlər təqdim edilməmişdir. Halbuki, əldən çıxmış faydanın mövcudluğu və onun təxmini həcmi əsaslandırılmış hesablamalarla, sübutlarla təsdiq olunmalıdır
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddianın məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.
5. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi (iddiaçı şirkətin Loqistika və satınalma üzrə menecer) X1 izahat verərək bildirdi ki, Oktyabr ayında Orxan adlı əməkdaşdan iddiaçı şirkətə sorğu gəldi. Sifarişlər adətən e-mail, vatsap və ya telefon vasitəsilə verilir. Sorğu gəldikdən sonra qiymət təklifini göndərərək qiymət təklifinə nələrin daxil olduğunu qeyd ediblər. İddiaçı şirkət nəqliyyat şirkəti olsa da hazırki işlə bağlı onlardan sadəcə sürücü istənilmişdir, həmin maşınları sürüb Bakıya gətirilməsi üçün. Yəni maşınların daşıma xidmətini göstərməyiblər, sadəcə sürücü xidmətləri ilə bağlı qiymət təklifini və xərclərə nələrin daxil olduğunu da e-mail vasitəsilə rəsmi şəkildə göndəriblər, qarşı tərəf də bunu təsdiq edib. Təklifdə qeyd ediblər ki, bu proses zamanı bütün xərclər satıcı şirkətə aiddir. İddiaçı sadəcə sürücünü göndərir, sürücü gedib açarları və sənədləri təhvil alaraq maşını sürür Bakıya. 21 dekabrda sürücülər İstanbulda olmalı idilər, lakin 21-nə uçuş olmadığı üçün biletləri alıb 22 dekabr tarixində sürücüləri İstanbula göndəriblər. Lakin İstanbulda olanda sürücülərdən tələb ediblər ki, onlar maşınları götürüb polisə aparsınlar, maşınların üzərinə tranzit nömrə qoysunlar, tranzit sığorta etsinlər, gedib gömrüyə gömrük rəsimləşdirilməsini etsinlər. Lakin təklifdə qeyd edildiyi kimi, iddiaçı şirkət bunlara məsul deyil idi. Bütün bunları etməsi üçün hər sürücüyə vəkalət verilməli idi. Bunların hamısını satıcı şirkət etməli idi. Problem yaranan kimi, cavabdeh şirkətdən Orxan bəylə danışıb və bildirib ki, bəlkə sürücülərə bilet alsın, sürücülər qayıtsınlar Bakıya, demuraj yazılmasın cavabdeh şirkətə. Lakin Orxan bəy öz rəhbərliyi ilə danışdıqdan sonra bildirdi ki, lazım deyil, rəhbərlik deyib ki, sürücülər otelə gedib gözləsinlər, onların xərcləri qarşılanacaqdır. Üç gündən sonra Orxan bəy yenə əlaqə saxlayıb sürücülərin orada gözləyib-gözləmədiyini soruşdu, o da cavabında gözlədiklərini bildirib. Daha sonra 28 dekabr onlara bildirdilər ki, sürücülər getsin ünvana maşınları təhvil alsın. Sürücülər gedib 10 maşını təhvil alıb. Maşını təhvil aldıqda sürücü maşını xoda salarkən əgər sistem problemin olmadığını bildirirsə, sürücü yoluna davam edir. Lakin gömrüyə gedərkən 10 maşından birində problem yaranmışdır. Bununla bağlı dərhal həm türk, həm yerli şirkətə bu barədə məlumat veriblər. Cavabdeh tərəf xahiş etdi ki, maşını servisə aparaq. Servis mərkəzində bildirdilər ki, maşında zədə var. Biz bunun sənədləşdirilməsini və alıcı şirkətə göndərilməsini istədik. Maşının təmir etdilər və bunun üçün 1800 dollar dəyərində məbləğ yaranmışdır. Cavabdeh şirkətdən Orxan bəy əlaqə saxlayıb xahiş edir ki, bu məbləğin ödəməsində yardımçı olaq onlara və biz bu ödənişi etdik. Yanvarın 2-si 10 maşın Bakıda olur və yanvarın 5-i qarşı tərəfə demurajlarla bağlı məlumat verilir. 10 gundən sonra Orxan bəy deyir ki, şirkət servis xidmətini qarşılamır. Səbəbini soruşanda sürücünün maşını düzgün sürmədiyini bildirmişdir. Lakin servisin tərtib etdiyi aktında bu xətanın sürücünün təqsiri üzündən baş verməsi qeyd edilməmişdir. Bundan başqa əməkdaşlığın davam etdirilməsi üçün iddiaçı şirkət hətda demuraj (sürücülərin Türkiyyədə əlavə günlər qalması) qiymətində 50% endirim də etməyə hazır idi, lakin qarşı tərəf uzun müddət pulu ödəmədiyi üçün məhkəməyə müraciət etməli olublar və 50% endirimi də tətbiq etməyərək müqaviləyə uyğun olaraq sürücülərin hər gününə görə 100 ABŞ dolları məbləğində tələb edirlər.
6. Məhkəmə iclasında iştrak edən iddiaçının nümayəndəsi Nümayəndə2 etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunmasını xahiş etdi.
7. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 (cavadeh şirkətin Təchizat şöbəsinin rəhbəri) bildirdi ki, bütün maşınlar cavabdeh şirkətə çatdırılıb, beləliklə 40800 manat və 680 manat dəyərində xidmət iddiaçı tərəfindən cavabdehə göstərilib. Tam doğrudur. 8500 manat məbləği gözləmə xərci olaraq yaranmışdır. O, bu işə qoşulduqdan sonra İddiaçı şirkətinin adını xatırlamadığı əməkdaşı ilə danışıb və bildirib ki, bu məbləğin odənilməsi üçün cərimə kimi təqdim edilir. Lakin cavabdeh şirkət kimi dövlət vəsaitini xərcləyir. Demuraj standart bir prosesdir, amma demoraj zamanı hansısa bir sənədlər təqdim olunur. Adətən bunlar sürücünün şəxsiyyət vəsiqəsi, qaldığı otel barədə məlumat və sair sənədlər verilməlidir. Lakin qarşı tərəf bu demurajın yaranmasına əsas olan sənədləri təqdim edə bilmədi, cavabdeh şirkət də sənədlər olmadan bu pulu ödəyə bilmədi.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli **********0 saylı ekspeditor xidmətlərinə dair müqaviləyə əsasən:
10. Müqavilənin 1.1-ci bəndinə əsasən ekspeditor sifarişçinin yükünün yük maşını, dəmir yolu, dəniz, hava və/və ya nəqliyyatın hər hansı digər növü ilə daşınması üçün ekspeditor xidmətlərini sifarişçinin hesabına təşkil edir və sifarişçi hazırkı müqavilənin 3cü bölməsinə uyğun olaraq ekspeditor xidmətlərinin dəyərini ödəyir.
11. Müqavilənin 1.2-ci bəndinə əsasən daşıma şərtləri, marşurut, yük nomenklaturası, həcmi, dərəcələri, xidmətlərin siyahısı, ödəniş şərtləri və digər xüsusi şərtlər tərəflərlə arasında razılaşdırılır və hazırkı müqavilənin əlvəsi kimi rəsmiləşdirilən xidmət sifarişində göstərilir.
12. Müqavilənin 2.1-ci bəndinə əsasən ekspeditorun vəzifələri:
13. 2.1.1 sifarişçinin yükükün daşınmasını xidmət sifarişinə və müvafiq əlavəyə uyğun olaraq təşkil etmək;
14. 2.1.3 yükün çatdırılma tarixi barəsində 3 iş günü əvvəl sifarişçiyə bildiriş vermək;
15. 2.1.4 icra ounan işlər üzrə elektron qaimə-fakturanın əslini və təhvil-təslim aktını təqdim etmək;
16. 2.1.6 yükün bütövlüyünə, çatıdırlma müddətinə və/və ya ekspeditor tərəfindən öhdəliklərin hazırkı müqavilə üzrə lazımı qaydada yerinə yetirilməməsinə mənfi təsir edən və ya təsir edə biləcək bütün halar, o cümldən bu halların aradan qaldırılması üçü görülən tədbirlər barədə sifarişçiyə dərhal yazılı məlumat vermək;
17. 2.1.10 yükün qəbul edildiyi andan onun təhvil verilmə anına kimi onu lazımi qaydada və səylə daşımaq.
18. Müqavilənin 2.2-ci bəndinə əsasən ekspeditorun hüquqları:
19. 2.2.1 yükün xüsusiyyətləri barədə sifarişçidən tam və düzgün məlumat almaq.
20. Müqaviləsinin 2.3-cü bəndinə əsasən sifarişçinin öhdəlikləri:
21. 2.3.1. Ekspeditoru Xidmət Sifarişində göstərilən yükün xüsusiyyəti, ölçüsü, çəkisi, qablaşdırılması, paketlərin sayı, mənşə və təyinat yerləri, yükün daşınmaya hazır tarixi, Xidmət Sifarişində göstərilən bəyan edilmiş yük dəyəri ilə bağlı tam məlumat ilə təmin etmək.
22. 2.3.3. gömrük prosedurlarına və digər formallıqlara riayət etmək məqsədilə hesab-fakturalar, lisenziyalar, müqavilələr, gömrük bəyannamələri, keyfiyyət və kəmiyyət sertifikatları daxil olmaqla, lakin bunlarla məhdudlaşmayan bütün zəruri sənədləri Ekspeditora təqdim etmək,
23. 2.3.4. yükün ixrac/idxal edilməsi prosessində zərurət yarandıqda Azərbaycan Respublikasını və digər ölkələrin qanunvericiliklərinə uyğun olaraq yükün daşınması/tranziti üçün tələb olunan lisenziya, bəyannamələri təqdim etmək və rəsmi icazələr alınması məqsədilə Brokerə tapşırıq vermək.
24. 2.3.5. daşınması üçün tələb olunan və Ekspeditora təqdim edilən sənədlərin və məlumatların düzgünlüyünü, eləcə də yükün Ekspeditora təqdim edilən sənədlər və informasiya ilə uyğunluğunu təmin etmək.
25. 2.3.6 hazırkı müqavilənin 3-cü maddəsinə və müvafiq əlavəyə əsasən ekspeditora xidmət haqqını vaxtında ödəmək;
26. 2.3.7 xidmət sifarişində sifarişçi tərəfindən verilən yalnış məlumata görə Ekspeditorun çəkdiyi hər hansı əlavə xərcləri və digər xərcləri ödəmək. Sifarişçi öz təqsiri səbəbindən yaranan hər hansı əlavə xərclərə görə məsuliyyət daşıyır və onları hazırkı müqavilədə nəzərdə tutulduğu kimi öhdəliklərə əlavə olaraq ödəmələdir;
27. 2.3.9 sifarişçiyə ölkə hüdudlarında/hüdudlarından kənarda yüklərin yükləmə/yükboşaldılması üçün 48 saat azad vaxt verilir. Sifarişçi yüklərin yükləmə/yükboşaldılması zamanı sözügedən vaxtdan əlavə sifarişçinin səhvi səbəbindən hər gecikdirilmiş gün üçün hər nəqliyyat vasitəsinə görə 100 ABŞ dolları/100 EUR həcmində əlavə ödəniş edir (müvafiq olaraq yükün Türkiyə Respublikası və ya Avropa ölkələrindən daşınmasından asılı olaraq).
28. Müqavilənin 2.4-cü bəndinə əsasən sifarişçi aşağıda sadalanan hüquqlara malikdir:
29. 2.4.1 yanma, itmə, məhsulları zərər dəyməsi kimi əsas növ risklərə qarşı yükləri sığortalamaq;
30. 2.4.3 ekspeditordan bu müqavilədən irəli gələn öhdəliklərinin yerinə yetirilməsini tələb etmək.
31. Müqavilənin 3.1-ci bəndinə əsasən xidmətlərin və ödəniş şərtlərinin dəyəri hazırkı müqavilənin müvafiq əlavəsinə əsasən göstərilməli və nəzərdə tutulmalıdır.
32. Müqavilənin 3.2-ci bəndinə əsasən hər iki tərəfin imzaladığı göstərilmiş xidmətlər haqqında aktda xidmətlərin təhvil verildiyi/alındığı tarix qeyd edilməli və bu tarix ekspeditor tərəfindən müvafiq xidmət sifarişi üzrə xidmətlərin tam olaraq başa çatdırıldığını müəyyən etməlidir.
33. Müqavilənin 3.3-cü bəndinə əsasən ödəniş şərtləri: göstərilmiş xidmətlər haqqında aktın hər iki tərəfin imzaladığı və ödəniş üçün elektron qaimə-fakturanın alındığı tarixdən etibarən 10 iş günü ərzində.
34. Müqavilənin 4.1-ci bəndinə əsasən ödəniş gecikdiyi halda, ekspeditor müvafiq əlavəyə uyğun olaraq xidmətlərin ümumi dəyərinin 0.1 %-i həcmində, gecikmiş ödənişin hər təqvim günü üçün, lakin müvafiq əlavəyə əsasən xidmətlərin ümumi dəyərinin 10%dən çox olmayaraq sifarişçiyə cərimə tətbiq etmək hüququna malikdir.
35. Müqavilənin 4.6-cı bəndinə əsasən ekspeditor yükü təhvil aldığı vaxtdan təhvil verdiyi vaxta qədər olan müddət ərzində Yükün bütövlükdə və ya müəyyən hissəsinin məhv olunmasına və Yükə ziyan vurulmasına və ya çatdırılma müddətində gecikmələrə görə tam maddi məsuliyyət daşıyır və belə halda zədələnmiş Yükün tam dəyərini, daşıma haqqını və Sifarişçinin üzləşdiyi digər itkiləri Sifarişçiyə Sifarişçidən bu barədə bildiriş aldıqdan 3 iş günü ərzində ödəməlidir.
36. 09.12.2022-ci il tarixli 4687 saylı satınalma sifarişinə əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 24000 ABŞ dolları dəyərində, xx.xx.2022-ci il tarixli 4658 saylı satınalma sifrişinə əsasən 360 ABŞ dolları dəyərində və xx.xx.2023-cü il tarixli 4683 saylı satınalma sifrişinə əsasən isə 400 ABŞ dolları dəyərində sifariş verilmişdir.
37. xx.xx.2022-cü il tarixli SİNV0583 saylı invoys üzrə Cavabdeh MMC-nin İddiaçı MMC-yə 357 manat, xx.xx.2022-cü il tarixli SİNV0584 saylı invoys üzrə 255 manat, xx.xx.2023-cü il tarixli SİNV0592 saylı invoys üzrə 40800 manat, xx.xx.2023-cü il tarixli SİNV0598 saylı invoys üzrə 680 manat və xx.xx.2023-cü il tarixli SİNV0650 saylı invoys üzrə 8500 manat məbləğində borcu olduğu qeyd olunmuşdur.
38. xx.xx.2023-cü il tarixli EBCM seriyalı 521043 saylı elektron qaiməyə əsasən 40800 manat dəyərində, xx.xx.2023-cü il tarixli EBCM seriyalı 693496 saylı elektron qaiməyə əsasən 680 manat dəyərində və xx.xx.2023-cü il tarixli EBDA seriyalı 666713 saylı elektron qaiməyə əsasən elektron qaiməyə əsasən isə 8500 manat dəyərində İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xidmət göstərilmişdir.
39. İş materiallarnda olan tərəflər arasında aparılan Whatsapp yazışmasından görsənir ki, “bəzi işlərin həll edilməsi üçün sifarişçiyə vaxt lazım olması və bu səbəbdən sürücülərin 19-20 dekabr deyil, 21 dekabrda olması” istənilib.
40. Orxan adlı şəxs tərəfindən Ceyhun adlı şəxsə ünvanlanmış Whatsapp yazışmasından görsənir ki, “sürücülərin orada gözləməsi və ya bilet alıb geri qayıtmaları barədə şirkətə bildirilib və nəticədə sürücülərin orada qalması qərarın alınması” bildirilib.
41. jazimov@sarrlogistics.com email poçt ünvanından mailto:orxan.tagiyev@starmining.azElektron ünvan 2 elektron poçt ünvanında ünvanlanmış xx.xx.2023-cü il tarixli hesablamada düzəliş edilməsi adlı mesajda «maşınların açarlarının Meyvəli terminalında əməkdaşlarınıza təhvil verildi. Asrtaların daşınması üçün Türkiyədə yaranan əlavə xərcləri diqqətinizə çatdırıraq: Sürücülər 22 dekabr tarixində yükləmə adresində oldular. Əlavə hər gün üçün qidalanma və otel xərci 50 USD olacaqdır. 7 sürücü çıxış tarixi-27 Dek. 7X5 günX50 USD=1750 USD. 3 sürücü çıxış tarixi 30 Dek.3X8 günX50 USD=1200 USD, servis xərci 1800 USD.» qeyd olunmuşdur.
42. a.ravendi@sarrlogistics.com email poçt ünvanından mailto:orxan.tagiyev@starmining.azElektron ünvan 2 elektron poçt ünvanında ünvanlanmış xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli mesajlarda qeyd edilmiş təmir xərclərinin tərəflərindən qarşılanacağı. Sürücülərin əlavə gözləmə müddəti müqavilə üzrə göstərildiyi kimi gündəlik 100 ABŞ dolları hesablanaraq invoice ediləcəyi, sürücülərin 22 dekabr tarixində yükləmə adresində olduqlarını nəzərə alınanda, 1 gün azad vaxtın olduğunu, 27 dekabr tarixinə qədər digər günlər üçün cərimələr 1- sürücü X 100 USD=5000 USD şəklində hesablanacağı, sürücülərin 27 dekabr tarixində günün 2-ci yarısında yola çıxdıqları üçün, həmin gün üçündə cərimə hesablandığı qeyd olunmuşdur.
43. 07.08.2023-cü il tarixli OD 1 saylı ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən Libra vəkil bürosunun hesabına 120 manat məbləğində ödəniş edilmişdir.
44. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
46. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər;
47. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
48. 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.
49. 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir.
50. 852.2-ci maddəsinə əsasən daşıyıcılar ilə münasibətlərdə ekspeditor yük göndərənin hüquq və vəzifələrinə malikdir.
51. 852.3-cü maddəsinə əsasən ekspeditor yük göndərənin göstərişlərinə əməl etməlidir. O, daşıyıcıları öz məsuliyyəti ilə seçir. Əgər ekspeditor daşımanı tamamilə və ya qismən özü həyata keçirirsə, daşıyıcının hüquq və vəzifələrinə malik olur. Əgər bir neçə yük göndərənin əşyalarının aralıq və son təyinat yerləri eynidirsə, ekspeditor bu əşyaları qruplaşdıraraq yığma nəqliyyat təşkil edə bilər. Bütün hallarda o, yük göndərənin mənafelərini qorumalı və göstərişlərinə əməl etməlidir. O, qarşıya çıxan bütün çətinliklər barəsində yük göndərənə məlumat verməlidir.
52. 852.4-cü maddəsinə əsasən ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. Ekspeditorun muzdu xüsusən aşağıdakılardan ibarət ola bilər:
53. 852.4.1-ci maddəsinə əsasən daşıyıcıların muzdlarının məbləğindən faiz dərəcəsi (komisyon muzdu);
54. 852.4.2-ci maddəsinə əsasən və (və ya) daşımanın dəyəri və ekspeditorun muzdu da daxil olmaqla, əvvəldən axıradək bütün daşıma xərcləri üçün muzd.
55. İşdən göründüyü kimi İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli **********0 saylı Ekspeditor xidmətlərinə dair müqavilə bağlanmış, həmin müqavilənin 1.1-ci bəndinə əsasən, Ekspeditor Sifarişçinin yükünün yük maşını, dəmir yolu, dəniz, hava və/ və ya nəqliyyatın hər hansı digər növü ilə daşınması üçün ekspeditor xidmətlərini Sifarişçinin dəyəri və xərcləri hesabına təşkil edir və Sifarişçi həmin müqavilənin 3-cü bölməsinə uyğun olaraq ekspeditor xidmətlərinin dəyərini ödəməlidir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən ekspeditor xidmətlərinin qiyməti və ödəniş şərtləri bu müqaviləyə edilən müvafiq Əlavələr ilə müəyyənləşdirilir.
56. Məhkəmə ilkin olaraq iddia tələbinin mübahisəsiz halını təşkil edən xx.xx.2023cü il tarixli SİNV0592 saylı invoys üzrə 40800 manat, xx.xx.2023-cü il tarixli SİNV0598 saylı invoys üzrə 680 manat məbləğində borc tələbinə dair aşağıdakıları qeyd edir.
57. Cavabdeh şirkətin vəkili məhkəməyə etiraz ərizəsində iddiaçı tərəfin öz öhdəliklərini lazımı qaydada icra etmədiyini və təhvil-təslim aktının olmamasına istinad edərək iddianı qəbul etməsə də, işin hallarından göründüyü kimi iddiaçı tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirilmiş, o cümlədən cavabdeh şirkətin təchizat şöbəsinin rəhbəri X2 tərəfindən də SİNV0592 saylı invoys üzrə 40800 manat, xx.xx.2023-cü il tarixli SİNV0598 saylı invoys üzrə 680 manat məbləğində borc məbləğlərinin mövcudluğunu, həmin xidmətlərin onlara göstərildiyini xx.xx.2023-cü il tarixli məhkəmə iclasında qəbul edilmişdir. Buna görə də məhkəmə iddia tələbini bu hissədə işin mübahisəsiz halı kimi qiymələndirərək təmin edilməsini qanuni və əsaslı hesab edir.
58. Tərəflər arasında digər mübahisəli məqam isə xx.xx.2023-cü il tarixli SİNV0650 saylı invoys üzrə 8500 manat məbləğində yaranmış borcla bağlı olmuşdur.
59. Məhkəmə iddia tələbini bu hissədə qismən əsaslı hesab edir.
60. Belə ki, xx.xx.2022-ci il tarixli **********0 saylı Ekspeditor xidmətlərinə dair müqavilənin 2.3.9-cü bəndinə əsasən sifarişçiyə ölkə hüdudlarında/hüdudlarından kənarda yüklərin yükləmə/yükboşaldılması üçün 48 saat azad vaxt verilir. Sifarişçi yüklərin yükləmə/yükboşaldılması zamanı sözü gedən vaxtdan əlavə sifarişçinin səhvi səbəbindən hər gecikdirilmiş gün üçün hər nəqliyyat vasitəsinə görə 100 ABŞ dolları həcmində əlavə ödəniş edir.
61. İşdən göründüyü kimi cavabdeh tərəf onlar tərəfindən hər hansı gecikmə hallarına yol verilmədiyini, iddiaçının yubanması nəticəsində sifarişlərin gec çatdırıldığı dəlini irəli sürmüş, lakin buna dair hər hansı təsdqiedici sübut təqdim edilməmişdir.
62. İddiaçı tərəf isə gecikmənin onların səhvi ucbatından deyil, cavabdehə məxsus nəqliyyat vasitələrində yaranmış rəsmiləşdirilmə (cavabdeh və Satıcı-xarici şirkət arasında olan), bir maşında mövcüd olan texniki nasazlıq ilə bağlı olduğu və buna dair cavabdeh tərəfin əvvəlcədən məlumatlandırıldığı, maşınların yola düşməsinə maneə olan problemlərin Sifarişçi-cavabdeh tərəfindən həll olunmasına qədər sürücülərin Türkiyyədə qalıb gözləməsinə cavabdeh şirkətin özünün xahiş etməsini bildirmiş və buna dair aralarında olan yazışmalar sübut qismində də məhkəməyə təqdim edilmişdir.
63. Buna görə də məhkəmə iddia tələbini bu hissədə (8500 manat) qismən əsaslı hesab edir və tələbə dair gəlmiş olduğu qənaitə dair aşağıdakı qeyd etməyi zəruri hesab edir.
64. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 2.3.9-cu bəndindən də göründüyü kimi sifarişçiyə yük boşaldılması üçün 48 saat azad vaxt verildiyi, iddiaçının işilərinin daşıma məntqəsində olduqları vaxtdan (xx.xx.2022) həmin 48 saat müddəti keçdikdən sonra təyinat məntəqəsinə 23 dekabr tarixdə gəlməli olduqları halda, ilkin olaraq göndərilmiş 10 sürücüdən 7 sürücü 27 dekabr tarixdə yola çıxmışlar. Buna görə də müqavilədə nəzərdə tutulmuş 48 saatlıq azad vaxt cavabdeh tərəfindən ötürülmüş, iddiaçının 7 sürücüsü 4 gün (21 dekabr – 27 dekabr=6 gün- 48 saat=4 gün) vaxt itkisinə məruz qalmışdır (7 sürücü x 4 gün x 100 ABŞ dolları) gün=2800 ABŞ dolları). Digər 3 sürücü isə 30 dekabr tarixdə yola çıxmış və bununla da 5 gün (21 dekabr-30 dekabr = 7 gün – 48 saat = 5 gün) vaxt itkisinə məruz qalmışlar. (3 sürücü x 5 gün x 100 ABŞ dolları =1500 ABŞ dolları). Bununla da iddiaçı tərəfindən əlavə 4300 ABŞ dolları məbləğində xərc çəkilmişdir. (2800 ABŞ dolları+1500 ABŞ dolları=4300 ABŞ dolları). Həmin 4300 ABŞ dolları (ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) məbləğində xərc də müqavilənin 2.3.9-cü maddəsinə əsasən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
65. Bununla yanaşı, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli **********0 saylı Ekspeditor xidmətlərinə dair müqavilənin müqavilənin 4.1-ci bəndinə əsasən hesablanmış 4998 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
66. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
67. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
68. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
69. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən müqavilə üzrə tutulacaq dəbbə pulu 2289 manat məbləğində müəyyən edilməlidir.
70. Bundan əlavə 2499 manat məbləğində əldən çıxmış fayda tələbi ilə bağlı məhkəmə hesab edir ki, tələb həmin hissədə əsassız olduğundan təmin edilməməlidir.
71. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
72. Həmin Məcəllənin 443.4-cü maddəsinə görə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Məhkəmə ilk növbədə qeyd edir ki, əldən çıxmış fayda formasında maddi zərərin tutulması tələbinə dair işlərə baxılarkən məhkəmə tərəfindən cavabdehin hüquqazidd əməlləri nəticəsində iddiaçının hüquqlarının pozulması, əldən çıxmış faydanın mövcudluğu faktı və məbləği, eləcə də cavabdehin hüquqazidd əməlləri ilə əldən çıxmış faydanın yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Bu zaman iddiaçı onun əldən çıxmış faydanı əldə etməsi üçün zəruri olan bütün hərəkətləri etdiyini, lakin cavabdehin hüquqazidd əməllərinin həmin faydanı əldə etməyə mane olduğunu sübuta yetirməlidir.
73. Göstərilən müddəaların məzmunundan da göründüyü kimi əldən çıxmış fayda dedikdə zərərin əvəzinin ödənilməsini tələb edən şəxsin hüquqları pozulmadığı halda adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Əldən çıxmış faydanın tutulması barədə iddialara baxılarkən iddiaçı tərəfindən həmin faydanı əldə etmək üçün görülmüş tədbirlər və bu məqsədlə aparılmış hazırlıq işləri nəzərə alınmalıdır.
74. İş materiallarından isə görünür ki, hazırkı işdə iddiaçı hüquqları pozulmadığı təqdirdə adi mülki dövriyyə şəraitində gəlir əldə edə biləcəyini, bunun üçün tədbirlər görməsini və bu məqsədlə hazırlıq işləri aparmasını sübuta yetirə bilməmişdir.
75. Azərbaycan Respublikası MPM-nin:
76. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
77. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir
78. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
79. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
80. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
81. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardımla bağlı ödənilmiş pul vəsaitinin əvəzi qismində 120 manat, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 410 manat məbləğində pul vəsaitləri cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
82. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2022-ci il tarixli **********0 saylı Ekspeditor xidmətləri müqaviləsinə dair xx.xx.2023-cü il tarixli SİNV0592 saylı invoys üzrə - 40.800 manat, xx.xx.2023-cü il tarixli SİNV0598 saylı invoys üzrə - 680 manat, xx.xx.2023-cü il tarixli SİNV0650 saylı invoys üzrə - 4.300 manat borc məbləği, 2289 manat məbləğində dəbbə pulu olmaqla cəmi 48069 (qırx səkkiz min altmış doqquz) manat və ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 410 (dörd yüz on) manat və vəkil xərcinin əvəzi olaraq 120 (yüz iyirmi) manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova