Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4634/2022 03.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehndən “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, elektron qaimə, qaimə, hüquqi yardıma görə xərc) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdehndən “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış mühərrik və sürtkü yağlarının alqı-satqısı müqaviləsinə əsasən 3948 manat ödənilməmiş borc məbləği, 60 manat mediasiya xərci və 250 manat hüquqi yardım haqqı olmaqla, ümumilikdə, 4258 manat pul vəsaitinin cavabdehdən İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 24 iyul 2019-cu il tarixində mühərrik və sürtkü yağlarının alqı-satqısı müqaviləsi bağlanmış, həmin müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən 24 iyul 2019-cu il tarixdən 21 yanvar 2020-ci il tarixədək olan dövr ərzində ayrı-ayrı vaxtlarda, ümumilikdə, 23418 manat (əlavə dəyər vergisi daxil) dəyərində müxtəlif adda mühərrik yağları cavabdehə təhvil verilmiş və həmin mallara dair göndərilmiş elektron qaimə-fakturalar alıcı Cavabdeh MMC tərəfindən təsdiq edilmişdir. Cavabdeh adıçəkilən müqavilə üzrə malların dəyərinin 19470 manat hissəsini ödəmiş (bir qismini malların geri qaytarılması, bir qismini isə dəyərinin ödənilməsi yolu ilə), lakin alqı-satqı müqaviləsinə əsasən mal alıcıya təhvil verildikdən sonra 10 iş günü ərzində alıcı malın dəyərinin 100%-i həcmində ödəniş etməli olduğu halda, iddiaçı tərəfindən edilmiş şifahi müraciətlərə rəğmən, 3948 manat məbləğində ödənişi bugünədək həyata keçirməmişdir.
3. Eyni zamanda iddia ərizəsində göstərilmişdir ki, 01 iyul 2022-ci il tarixdə Cavabdeh MMC-nin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış elektron kabinetinə pretenziya məktubu göndərilərək sözügedən qalıq borcun 3 iş günü müddətində ödənilməsi xahiş edilmiş, lakin cavabdeh sözügedən məktuba da biganə qalmış, hər hansı bir tədbir görməmişdir.
4. İddia ərizəsində iddiaçının tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 443, 448-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 149, 150-ci və s. maddələri göstərilmişdir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclaslarında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahatlar vermiş və eyni zamanda bildirmişdir ki, xx.xx.2019 və xx.xx.2019-cu il tarixli elektron qaimələr məhz Cavabdeh MMC tərəfindən təsdiq edilmişdir. Həmçinin bildirmişdir ki, ********** nömrəli, xx.xx.2019-cu il tarixli qaimələrdə cavabdehin möhrünün olmamasının səbəbi bilavasitə Cavabdeh MMC və onun işçiləri ilə bağlıdır, şirkətin daxili problemləri isə müqavilə öhdəliklərindən yayınma əsası ola bilməz.
6. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi tərəfindən o da qeyd olunmuşdur ki, cavabdeh pretenziya məktubuna cavab verməmiş, ilkin mediasiya sessiyasında da iştirak etməmiş, malların əslində təhvil alınmaması ilə bağlı arqumentləri isə yalnız məhkəmənin 3-cü hazırlıq iclasında irəli sürmüşdür. Həmçinin hüquqi yardım haqqı ilə bağlı qeyd etmişdir ki, ödəniş tapşırığında 250 manat yox, 500 manat yazılmasının səbəbi vəkilin İddiaçı MMC ilə iki ayrı kommersiya mübahisəsi üzrə hüquqi yardım haqqında müqavilə imzalaması və ödənişlərinin bir həyata keçirilməsi olmuşdur. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, cavabdeh ilə aralarında başqa müqavilə münasibəti olmamışdır.
7. Məhkəmənin xx.xx.2022-ci il tarixli hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 bildirmişdir ki, xx.xx.2019-cu il tarixli qaimə cavabdehin möhürü ilə təsdiq olunduğu halda, xx.xx.2019-cu il tarixində ********** nömrəli iki fərqli qaimə tərtib olunmuş, qeyd edilən iki qaimədə malları təhvil verən və təhvil alan şəxslər fərqli olmuş, həmçinin eyni nömrəli, eyni tarixli hər iki qaimədə Cavabdeh MMC-nin möhürü olmamışdır.
8. Eyni zamanda cavabdehin nümayəndəsi ******* nömrəli, xx.xx.2019-cu il tarixli qaiməni qəbul etmiş, 7670 manat məbləğindəki malların cavabdehə təhvil verildiyini təsdiqləmiş, elektron qaimələrlə bağlı iddiaçının nümayəndəsi ilə razılaşmamış, elektron qaimə-fakturaların cavabdeh tərəfindən təsdiq olunduğu halda belə, onların əsas sənəd olmadığını qeyd etmişdir. Bundan başqa, Cavabdeh MMC-nin hal-hazırda xaotik vəziyyətdə olduğunu, mühasibatlıq nəzarətinin, demək olar ki, olmadığını, onlar tərəfindən həyata keçirilmiş 16500 manat ödənişlərin isə qabaqcadan ödəniş qaydasında, həm də artıqlaması ilə edildiyini, lakin xx.xx.2019-cu il tarixli qaimə üzrə malların Cavabdeh MMCyə təhvil verilmədiyini bildirmişdir. Məhkəmənin sualına cavab olaraq isə bildirmişdir ki, ödəniş edilsə də, xx.xx.2019-cu il tarixli qaimə üzrə malların təhvil verilməsini tələb etməmişlər.
9. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə cavabdeh tərəfə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
10. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
11. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmənin baxış iclasında iştirak etməmişdir və belə olan halda, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
12. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi:
13. İddia ərizəsinə əlavə edilmiş iddiaçı ilə cavabdeh arasında 24 iyul 2019-cu il il tarixdə bağlanmış (imzalanıb hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilməklə) 0008 nömrəli məhsulların alqı-satqı müqaviləsinin 1.1-ci bəndindən görünür ki, müqaviləyə əsasən Satıcı (İddiaçı MMC) Alıcıya (Cavabdeh MMC-yə) malları satır, Alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini Satıcıya ödəyir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən malın növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri Əlavə razılaşma ilə müəyyən olunur.
14. Adıçəkilən müqavilənin 2.1-ci bəndində göstərilmişdir ki, malın qiyməti və miqdarı müqavilənin ayrılmaz tərkibi hissəsi olan əlavə razılaşma ilə müəyyənləşdirilir.
15. Qeyd edilən müqavilənin 4.1-ci bəndindən görünür ki, satıcı müqaviləyə uyğun olaraq alıcı tərəfindən ilkin ödəniş həyata keçirilməsi nəzərdə tutulubsa, bu ödənişdən sonra 3 (üç) təqvim günü ərzində malı alıcıya təhvil verməyi öhdəsinə götürür. Həmçinin müqavilənin 4.2-ci bəndinə əsasən, satıcı malın təhvil verilməsi ilə birlikdə hesab-fakturanı və digər zəruri sənədləri alıcıya təqdim etməlidir.
16. Alqı-satqı müqaviləsinin əsasən 5.1-ci bəndinə əsasən, müqaviləyə əsasən alıcı sifariş olunan malın dəyərinin 0% həcmində ilkin ödənişi sifariş təsdiq edildikdən və satıcının təqdim etdiyi hesab-faturanı aldıqdan sonra 10 (on) iş günü ərzində nağd qaydada və ya köçürmə yolu ilə həyata keçirir. Eyni zamanda müqavilənin 5.1-ci maddəsinə görə, mal alıcıya tam təhvil verildikdən sonra alıcı 10 (on) iş günü ərzində malın dəyərinin 100% həcmində ödəniş etməlidir.
17. Müqavilənin 5.3-cü bəndinə əsasən, malın alıcıya təhvil verilməsi ilə bağlı öhdəlik satıcı tərəfindən lazımınca yerinə yetirilmədikdə, alıcı həmin öhdəlik lazımınca icra olunanadək ödənişin həyata keçirilməsini təxirə salmaq hüququna malikdir. Həmçinin müqavilənin 8.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və tərəflərin qarşılıqlı öhdəliklərinin tam şəkildə yerinə yetirilməsindən sonra öz qüvvəsini itirir.
18. İş materiallarında olan 24 iyul 2019-cu il tarixli, 008 saylı alqı-satqı müqaviləsinə 30 avqust 2019-cu il tarixli qiymətlərin razılaşdırılması haqqında (imzalanıb hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş) əlavədən aydın olur ki, tərəflər 4 adda məhsulun əlavə dəyər vergisi xaric qiymətləri barədə razılığa gəlmişlər.
19. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, ******* nömrəli qaimədən görünür ki, 7670 manat dəyərindəki (6500 manat malların cəmi qiyməti, 1170 manat əlavə dəyər vergisi olmaqla) məhsullar Cavabdeh MMC-yə təhvil verilmiş, hər iki tərəfin nümayəndəsinin imzaları və Cavabdeh MMC-nin möhürü ilə təsdiqlənmişdir.
20. İş materiallarında olan 24 iyul 2019-cu il tarixli, 008 saylı alqı-satqı müqaviləsinə 30 dekabr 2019-cu il tarixli qiymətlərin razılaşdırılması haqqında (imzalanıb hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş) əlavədən görünür ki, tərəflər 8 adda məhsulun əlavə dəyər vergisi daxil qiymətləri barədə razılığa gəlmişlər.
21. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, ********** nömrəli hər iki qaimədən görünür ki, 8 adda məhsul (bir məhsul cədvəlin 3 ayrı sətrində göstərilməklə) Cavabdeh MMC-yə təhvil verilmiş, hər iki tərəfin nümayəndəsinin imzaları ilə təsdiq edilmişdir.
22. Məhkəməyə təqdim edilən EAAZ seriyalı 189565 nömrəli xx.xx.2019-cu il tarixli elektron qaimədən görünür ki, 7670 manat dəyərində mal İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə satılmışdır.
23. İş materiallarında olan EBAE seriyalı 201935 nömrəli xx.xx.2019-cu il tarixli elektron qaimədən görünür ki, 16918,05 manat dəyərində mal İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə satılmışdır.
24. Elektron qaimələrdən görünür ki, elektron qaimədə qeyd olunan mallar, malların təhvil-təslimini təsdiq edən və tərəflərin nümayəndələri tərəfindən təsdiq olunmuş qaimələrdə qeyd olunan mallarla eynilik təşkil edir.
25. İş materiallarına əlavə edilmiş İnternet Vergi İdarəsinin “Elektron qaimə (eqaimə)” altsistemindən çıxarışdan görünür ki, xx.xx.2019-cu il EAAZ 189565 seriya və nömrəli və xx.xx.2019-cu il tarixli EBAE 201935 seriya və nömrəli elektron qaimələr Cavabdeh MMC tərəfindən təsdiqlənmişdir.
26. İş materiallarında olan İddiaçı MMC-nin bank hesabına Cavabdeh MMC tərəfindən 19 avqust 2019-cu il, 20 dekabr 2019-cu il və 21 yanvar 2020-ci il tarixlərində mədaxil edilmiş ödənişlərin alt sənədlərindən görünür ki, 19 avqust 2019-cu il tarixində 6500 manat, 20 dekabr 2019-cu il tarixində 5000 manat, 21 yanvar 2020-ci il tarixində 5000 manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin bank hesabına köçürülmüşdür.
27. Məhkəməyə təqdim edilən 29 iyun 2022-ci il tarixli, 153 nömrəli İddiaçı MMC ilə X3 arasında bağlanmış hüquqi yardımın göstərilməsi haqqında müqavilənin 2.1-ci bəndindən görünür ki, tərəflər hüquqi yardıma görə haqqı 250 manat olaraq razılaşdırmışlar.
28. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Bakı şəhəri 9 saylı vəkil bürosuna 500 manat məbləğində pul vəsaitinin ödənilməsi bərədə İddiaçı MMC tərəfindən banka tapşırıq verilmişdir.
29. İddia ərizəsinə əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 27 iyul 2022-ci il tarixli MŞB/5-02493 nömrəli arayışdan görünür ki, Cavabdeh MMC ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə 10 gün əvvəlcədən poçt vasitəsi ilə məlumatlandırılsa da, xx.xx.2022-ci il saat 16:00-17:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Həmçinin arayışda qeyd edilmişdir ki, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərci İddiaçı MMC tərəfindən ödənilmişdir.
30. İddia ərizəsindən görünür ki, 2 manat dövlət rüsumu ********* nömrəli qəbzlə İddiaçı MMC tərəfindən Bakı Kommersiya Məhkəməsinə ödənmişdir.
V. Məhkəmənin mövqeyi:
a) Alqı-satqı müqaviləsi üzrə pul məbləğinin tutulması tələbi ilə bağlı
31. Məhkəmə müəyyən edir ki (bax yuxarıda §13-14, 18-23, 25-26), tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilədə malların qiymətinin əlavə razılaşma ilə müəyyən olunması nəzərdə tutulmuş, buna müvafiq olaraq tərəflər arasında 2 əlavə razılaşma olmuş və sonuncularla müəyyən edilmiş 24 588 manat dəyərində mallar qaimə ilə Cavabdeh MMC-yə təhvil verilmiş, həmin məhsullara uyğun olaraq tərtib edilmiş elektron qaimələr cavabdeh tərəfindən təsdiq edilmiş, cavabdeh müqavilə üzrə 16500 manat ödəniş etmişdir.
32. İddiaçı malların ümumi dəyərindən 19470 manat hissəsinin ödənildiyini (malların bir qismi geri qaytarılmaqla, qalan hissəsi ödənilməklə), 3948 manatın ödənilmədiyini qeyd edərək həmin məbləği cavabehdən tələb etmişdir.
33. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
34. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
35. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.
36. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
37. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
38. Məhkəmə qeyd edir ki, İddiaçı MMC (satıcı) alqı-satqı müqaviləsi üzrə öhdəliyini icra edərək malları Cavabdeh MMC-yə (alıcı) təhvil versə də, Cavabdeh MMC müqavilə üzrə öhdəliyini, yəni təhvil aldığı malların razılaşdırılmış dəyərini ödəmək öhdəliyini icra etməmiş, bununla da vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməmişdir.
39. Məhkəmə elektron qaimənin əsas sənəd olmaması, edilən ödənişlərin qabaqcadan ödəniş qaydasında edilməsi, Cavabdeh MMC-də xaotik vəziyyətin hökm sürməsi, xx.xx.2019-cu il tarixli qaimə üzrə malın təhvil alınmaması ilə bağlı cavabdehin arqumentləri ilə razılaşmır.
40. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə görə (bax yuxarıda §17) malın alıcıya təhvil verilməsi ilə bağlı öhdəlik satıcı tərəfindən lazımınca yerinə yetirilmədikdə, alıcı həmin öhdəlik lazımınca icra olunanadək ödənişin həyata keçirilməsini təxirə salmaq hüququna malik olmuş, lakin alıcı qismində çıxış edən Cavabdeh MMC malları əslində təhvil almadığını bildirsə də, nəinki qeyd edilən hüquqdan istifadə etməmiş, malların qaimə üzrə təhvil tarixindən sonra da – 21 yanvar 2020-ci il tarixində də ödəniş həyata keçirmişdir. Bundan başqa, tərəflərin nümayəndələrinin imzası ilə təsdiq olunmuş qaimədə qeyd olunmuş mallar xx.xx.2019-cu il tarixli EBAE seriyalı 201935 nömrəli elektron qaimədə göstərilməklə həmin elektron qaimə cavabdehə göndərilmiş, elektron qaiməni cavabdeh özü təsdiq etmiş, malların təhvil verilməsi ilə bağlı iddiaçıya qarşı heç bir tələb irəli sürməmişdir.
41. Məhkəmə eyni tarixli, eyni nömrəli iki qaimənin mövcudluğu ilə bağlı qeyd edir ki, həmin qaimələrə işdə olan digər sübutlarla birlikdə qiymət verilməli, belə olan halda isə mübahisəli qaimə üzrə tərtib olunmuş elektron qaimə-fakturanın sistem tərəfindən yox, məhz cavabdeh tərəfindən təsdiqlənməsi, həmin mallar üzrə ayrı-ayrı vaxtlarda ödənişlərin həyata keçirilməsi nəzərə alınmalıdır.
42. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hüquqi şəxs təşkilati vahidlik, mülki dövriyyədə öz adından çıxış etmək, əmlak müstəqilliyi və s. ilə xarakterizə olunan qurumdur və onun öhdəlikləri üçün bu və ya digər şəxs deyil (məhdud məsuliyyətli cəmiyyətə münasibətdə), məhz hüquqi şəxs müstəqil olaraq məsuliyyət daşıyır. Hüquqi şəxsdə yaranmış idarəçilik problemləri, işçilərə nəzarət edilə bilməməsi və s. hal onun müqavilə üzrə götürdüyü öhdəlikləri vicdanla icra etməməsi üçün əsas ola bilməz.
43. Eyni zamanda məhkəmə qeyd edir ki, işçinin təqsiri nəticəsində işgötürənə zərər vurulması halı əmək qanunvericiliyi ilə tənzimlənməklə, hazırkı mübahisənin predmeti deyil.
44. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, cavabdehin arqumentləri əsassız olmaqla sadəcə mülahizələrdən ibarətdir, işin halları və mötəbər sübutlarla təsdiqlənmir. İddiaçı iddianın əsaslılığına dair zəruri və mötəbər sübutları məhkəməyə təqdim etmişdir.
45. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, satılmış malların dəyərini təşkil edən ödənilməmiş 3948 manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) Mediasiya xərcinin tutulması tələbi ilə bağlı
46. “Mediasiya haqqında” Qanunun “mediasiya xərcləri” adlanan 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2).
47. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
48. Məhkəmə müəyyən edir ki (bax yuxarıda §29), iddiaçı ilə cavabdeh arasında ilkin mediasiya sessiyası keçirilmiş, cavabdeh mediasiya sessiyasının keçirilməsi vaxtı və yeri barədə əvvəlcədən məlumatlandırılmış, lakin mediasiya sessiyasında iştirak etməmişdir. Həmçinin mediasiya xərci olan 60 manat iddiaçı tərəfindən ödənmişdir.
49. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 60 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
c) Hüquqi yardım haqqının tutulması tələbi ilə bağlı
50. Məhkəmə müəyyən edir ki (bax yuxarıda §27, 28), İddiaçı MMC ilə X3 arasında hüquqi yardımın göstərilməsi haqqında müqavilə imzalanmış, bu müqavilə üzrə 250 manat hüquqi yardım haqqı vəkil X2 ödənmişdir.
51. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
52. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə göstərilmişdir ki, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.
53. Həmin Məcəllənin 121.1-ci maddəsinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
54. Məhkəmə hesab edir ki, 250 manat hazırkı kommersiya mübahisəsi üzrə ağlabatandır.
55. Məhkəmə müəyyən edir ki (bax yuxarıda §30), İddiaçı MMC tərəfindən 2 manat dövlət rüsumu ödənmişdir.
56. Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
57. Belə olan haldan məhkəmə hesab edir ki, iddia tam təmin edildiyindən 2 manat dövlət rüsumun və 250 manat hüquqi yardım haqqı Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulmalıdır.
VI. Nəticə:
58. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 24 iyul 2019-cu il tarixli alqısatqısı müqaviləsi üzrə 3948 (üç min doqquz yüz qırx səkkiz) manat əsas borc Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 60 (altmış) manat, hüquqi yardım haqqının əvəzi olaraq 250 (iki yüz əlli) manat və dövlət rüsumunun əvəzi olaraq 2 (iki) manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim: Nərmin Əhmədova