Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4635/2025 12.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (alqı satqı müqaviləsi üzrə əsas borc, dövlət rüsumu və vəkil xərci) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Səfərli Arzu Mahir qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi təmin edilməklə, 9.148,78 manat məbləğində borcun, ödənilmiş dövlət rüsumunun əvəzi olan 111,50 manat pulun və hüquqi yardıma görə vəkil bürosuna ödənilmiş 500 manat pulun Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC Cavabdeh MMC arasında 25 may 2024-cü il tarixində SD-478 saylı satınalma müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən 9.148,78 manat dəyərində müqavilə üzrə mal Cavabdeh MMC-yə təhvil verilmişdir. Lakin qeyd olunan satınalma müqaviləsinin tələbləri Cavabdeh MMC tərəfindən pozulmuş, tərəflərindən borcun ödənilməsi ilə bağlı edilmiş müraciət və pretenziyalar cavabsız qalmış, təhvil verilmiş malların dəyəri ödənilməmiş və bununla da öhdəliklər lazımınca icra edilməmişdir. Tərəflər arasında bağlanmış 25 may 2024-cü il tarixli SD-478 saylı satınalma müqaviləsinin 5.1-ci bəndinə görə Müqaviləyə əsasən “Alıcı” hesabfakturada göstərilmiş və sifariş olunmuş Malların dəyərinin “Satıcı” tərəfindən “Alıcıya” hesab-faktura təqdim edildikdən sonra 3 iş günü ərzində dəyərinin 100% məbləğini “Satıcının” hesablaşma hesabına və ƏDV “Satıcının” ƏDV depozit hesabına qabaqcadan ödənilməsi şərti ilə həyata keçirilməsinə razılıq verirlər. Hazırda Cavabdeh MMC-nin əlavə dəyər vergisi də daxil olmaqla ümumilikdə 9.148,78 manat məbləğində borcu qalmışdır. Cavabdeh MMC-nin bu qanunsuz əməlləri nəticəsində iddiaçıya mülki dövriyyə iştirakçısı olaraq ziyan vurulduğundan, o, pozulmuş hüquqlarının bərpası məqsədi ilə hazırda məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İşin faktiki hallarından və qanunvericiliyin qeyd edilən müddəalarından göründüyü kimi iddiaçı "xxxx" MMC şərtləri tam şəkildə yerinə yetirsə də Cavabdeh MMC üzərinə düşən öhdəliyi lazımınca və layiqli şəkildə icra etməmişdir. Bu səbəbdən də Cavabdeh MMC-dən iddiaçı SD Construction” MMC-nin xeyrinə 25 may 2024-cü il tarixində SD-478 saylı satınalma müqaviləsinə əsasən yaranmış 9.148,78 manat məbləğində borc tutulmalıdır.
II. Tərəflərin mövqeləri:
4. İş üzrə məhkəmə iclası xx.xx.2025-ci il tarixə saat 10:30-a təyin edilmiş, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmışlar. İddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək cavabdeh tərəfindən hər hansı ödəniş olunmadığını bildirmiş, bu səbəbdən məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
5. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, AR MPM-in 185-ci maddəsinə əsasən məhkəmə iclasının tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.
6. xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, müqavilənin adı satınalma müqaviləsi yazılsa da tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, müqavilənin predmeti dəmir məmulatlarının satılması olmuşdur.
7. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, borcu qəbul edir, mallar Dərnəgüldən nağd formada alınmış, vəsait Vüqar adlı şəxsə verilmişdir. X1çmışdır. Avqust ayında ödəniş ediləcəkdir.
III. Məhkəmə baxışının hədləri:
8 .Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9 "xxxx" MMC ilə Cavabdeh MMc arasında bağlanan 25 may 2024-cü il tarixli SD- 478 nömrəli alqı-satqı müqaviləsinin: 1.1-ci bəndinə əsasən satıcı alıcının sifarişləri əsasında müqaviləyə əlavələrdə (qiymət razılaşma protokolları və (və ya) elektron qaimə faktura) qeyd olunan adlara uyğun inşaat materillarını, metal profillərin, armatur, polad təbəqələr və s. (bundan sonra mallar) alıcının mülkiyyətinə verir, alıcı isə həmin malları qəbul edir və müqavilə ilə razılaşdırılmş qaydada malların dəyərini satıcıya ödəyir. 1.2-ci bəndinə əsasən malların növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrlə (qiymət razılaşma protokollarında və (və ya) elektron qaimə faktura) müəyyən olunur. 2.1-ci bəndinə əsasən malların qiyməti və miqdarı müqaviləyə əlavələrlə (qiymət razılaşma protokolları) və ya elektron qaimə faktura ilə müəyyənləşdirilir. 3.1-ci bəndinə əsasən satıcının aşağıdakı hüquqları vardır: 3.1.1. müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini alıcıdan tələb etmək; 3.4-cü bəndinə əsasən alıcının aşağıdakı vəzifələri vardır: 3.4.1. malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəmək; 4.5-ci bəndinə əsasən mallar aşağıda göstərilən şərtlərə riayət olunduğu halda, satıcı tərəfindən təhvil verilmiş və alıcı tərəfindən qəbul edilmiş sayılır: 4.5.1. miqdar üzrə-göndərilmə sənədlərində (elektron qaimə fakturada) göstərilən miqdarına uyğun olaraq. Malların təyinat yerinə boşaldılma zamanı mallarda qüsurlar aşkar olunduğu halda, qüsuru olan mallar qəbul edilməyəcəkdir. 5.1-ci bəndinə əsasən alıcı hesab-fakturada göstərilmiş və sifariş olunmuş malların dəyərinin satıcı tərəfindən alıcıya hesab-faktura təqdim edildikdən sonra 3 iş günü ərzində dəyərinin 100% məbləğini satıcının hesablaşma hesabına və ƏDV-ni satıcının ƏDV depozit hesabına qabaqcadan ödənilməsi şərti ilə həyata keçirilməsinə razılıq verirlər.
10. 25 may 2024-cü il tarixli SD-478 nömrəli müqaviləyə 1 saylı əlavə qiymət razılaşma protokoluna əsasən cavabdeh alıcıya 9148,78 manat dəyərində (ƏDV 1395,58 manat daxil) şveller satışı həyata keçirilmiş və protokol hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
11. "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə göndərilən MT2405 seriyalı, 11095219 nömrəli elektron qaiməyə əsasən yekun məbləğ (ƏDV daxil) 9148,776 manat təşkil etmiş və qaimə Dadaşov Səttar və Piriyev F adlı şəxslərin imzası ilə təhvil alınmışdır.
12. 27.05.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 111,50 manat dövlət rüsumu ödənilmişdir.
13. 27.05.2025-ci il tarixli MVPCP1j3 saylı ödəniş tapşırığına əsasən "xxxx" MMC tərəfindən LCG Vəkil bürosunun hesabına 7367/25 saylı hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən 500 manat məbləğində ödəniş edilmişdir.
14. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçının cavabdeh qarşısında müqavilə üzrə təhvil verilmiş malların ödənişinin ödənilməsi ilə bağlı tələbi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi İddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir, 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 569.1-ci maddəsinə əsasən, satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 575.1-ci maddəsinə əsasən əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 599.3-cü maddəsinə əsasəb qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.
16. AR MPM-in 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
17. Məhkəmə ilkin olaraq qeyd edir ki, qüvvədə olan müki qanunvericilik öhdəliyin icrası ilə bağlı iki prinsip müəyyən etmişdir: lazımı şəkildə icra edilməsi prinsipi və real icra prinsipi. Mülki Məcəllənin 425.1-ci maddəsində öhdəliyin lazımı şəkildə icra edilməsi prinsipi müəyyən edilərək göstərilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yəni, lazımı şəkildə öhdəliyin icrası prinsipi müəyyən edir ki, öhdəlik lazımı subyektlər tərəfindən, lazımı yerdə, lazımı vaxtda, lazımı predmet ilə və lazımı şəkildə icra olunmalıdır.
18. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 25 may 2024-cü il tarixli SD-478 nömrəli alqı-satqı müqaviləsi əsasında iddiaçı üzərinə düşən öhdəliyi lazımı qaydada icra edərək müqavilə üzrə malları cavabdehə təhvil vermiş, cavabdeh isə müqavilə üzrə öhdəliklərini lazımı qaydada icra etməmiş və təhvil verilmiş malların dəyərini ödəməmişdir. Müqaviləyə 1 saylı əlavəyə (qiymət razılaşma protokoluna) əsasən satılmış malların dəyəri 9148.78 manat razılaşdırılmış, protokol hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir. İddiaçı tərəfindən cavabdehə MT2405 seriyalı, 11095219 nömrəli elektron qaimə göndərilərək satılmış malların dəyərinin ödənilməsi tələb olunmuşdur. Cavabdeh isə təhvil verilmiş mallar üzrə ödənişləri etməmiş, nəticədə 9148,776 manat ödənilməmiş borcu qalmışdır. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X2 borc məbləğini etiraf etmişdir. İddiaçı hazırda sözügedən müqavilə üzrə ödənilməmiş 9148.78 manat məbləğin cavabdehdən tutulması tələbi ilə çıxış edir.
19. "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
20. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdeh tərəfindən öz öhdəliklərinin lazımı qaydada icra edilməyərək təhvil aldığı mallar üzrə ödənişlərin edilmədiyini, belə olan halda isə iddiaçının tərəflər arasında bağlanmış müqavilənin icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 9148,78 manat borc məbləği iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır.
21. İddiaçı tələbində eyni zamanda ödənilmiş 111,50 manat məbləğində dövlət rüsumunun və 500 manat məbləğində hüquqi yardıma görə xərcin cavabdehdən tutulmasını xahiş edir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
23. İş materiallarına əlavə edilmiş qəbzlər iddiaçı tərəfindən dövlət rüsumunun və hüquqi yardıma görə xərcin ödənildiyini təsdiqləyir. Məhkəmə hüquqi yardıma görə ödənilmiş 500 manat pul məbləğinin cavabdehdən tutulması hissəsində tələbi əsaslı hesab edir, həmçinin iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş 111,50 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə:
24. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 9148.78 manat (doqquz min yüz qırx səkkiz manat yetmiş səkkiz qəpik) əsas borc, hüquqi xidmətə görə ödənilmiş 500 manat xidmət haqqı və məhkəməyə ödənilmiş 111.50 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlham Əhmədov