Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4636/2025 11.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “xxxxx ve X1”nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxxx ve Organizasyon Anonim Şirkəti”nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya işinə məhkəmənin açıq baxış iclasında baxıldı. İşin halları:
1. İddiaçı “xxxxx ve X1” Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə üzrə 4812 (dörd min səkkiz yüz on iki) ABŞ dolları məbləğində əsas borc, 128 (yüz iyirmi səkkiz) ABŞ dolları cərimə olmaqla, cəmi 4940 (dörd min doqquz yüz qırx) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyənləşdirdiyi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manat ilə) və 105 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında D/AZ-№ D/AZ15 saylı, 10 iyun 2022-ci il tarixli müqavilə bağlanmışdır. 83D/AZ156 saylı spesifikasiyada göstərilən mallar cavabdehə göndərilmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən cavabdeh 01 oktyabr 2023-cü il tarixədək 4812 ABŞ dolları qalıq borcunu ödəməliydi. Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh 4812 ABŞ dolları borcunu bugünədək ödəməmişdir. Cavabdehə pretenziya və iddia ərizəsi vergi elektron vasitəsilə vergi ödəyicinə göndərilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir. Cavabdehdən 10 gün ərzində borcunu ödəməyi xahiş olunmuş, əks halda, məhkəməyə müraciət olunacağı bildirilmişdir. Son dəfə cavabdeh xx.xx.2025-ci il tarixdə 1000 ABŞ dollar ödəmişdir. Tərəflər arasında yaranmış borcla bağlı üzləşdirmə aktı imzalanmış, həmin aktda cavabdehin sifariş verdiyi malları təhvil aldığı və onun iddiaçıya 4812 ABŞ dolları borcunun olduğu bir daha öz təsdiqini tapır.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.2.1, 448.1, 462.1, 600.4-cü maddələrinə istinad olunmuşdur.
4. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcələləsinin 53cü maddəsinin tələblərinə uyğun formada “iddia tələbinin azaldılması barədə” ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 2812 ABŞ dolları məbləğində əsas borc, 128 ABŞ dolları cərimə olmaqla, cəmi 2940 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyənləşdirdiyi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manat ilə) və 104 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh məhkəmə dövründə borcundan əlavə olaraq xx.xx.2025-ci il tarixdə 2000 ABŞ dolları ödəmişdir. Hal-hazırda cavabdehin şirkətə əsas borcdan 2812 ABŞ dolları qalıq borcu vardır.
6. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.
7. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
8. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
9. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində “xxxxx ve X1” ilə alıcı qismində Cavabdeh arasında xx.xx.2023cü il tarixli, D/AZ15 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən alıcı bu müqaviləyə uyğun olaraq Antalya şəhərində sərgidə nümayiş olunan mallardan öz istəyi və zövqüylə seçərək əvvəlcədən sifariş edir. Satıcı isə həmin malların hazırlanması və göndərilməsini təmin edir, alıcı bu müqavilə ilə razılaşdırılmış qaydada malların dəyərini satıcıya tam olaraq ödəməyi öhdəsinə götürür; 2.1-ci bəndinə əsasən alıcı sifariş etdiyi malların dəyərinin müqavilə ilə müəyyən edilmiş qaydada ödənilməsini həyata keçirir. İlkin ödəniş-avans olaraq spesifikasiyada gösətrilən malların ümumi məbləği 30%-dək həcmində müqavilə bağlandığı an alıcı tərəfindən satıcıya ödənilir. Yerdə qalan ödənişlər xx.xx.2023-cü il tarixdən hər həftə hissə-hissə olmaqla, xx.xx.2023-cü il tarixinədək tam ödənilməlidir. Ümumilikdə malların göndərildiyi tarixdən 45 gün ərzində malların dəyərini alıcı tam ödəməlidir. Göstərilən qaydada ödənişlər alıcı tərəfindən gecikdirilərsə, növbəti partiya malların göndərilməsi dayandırıla bilər; 4.1-ci bəndinə əsasən əgər alıcı müqavilədə qeyd edilmiş ödənişləri tam həyata keçirməzsə, ötürülmüş hər gün üçün borc məbləğinin 2%-i həcmində cərimə ödəyir. Müqavilə tərəflərin imzası və “xxxxx ve X1”nin möhürü ilə təsdiq edilmişdir.
10. “xxxxx ve X1” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 83156 nömrəli spesifikasiyadan müəyyən olunur ki, “xxxxx ve X1” tərəfindən Cavabdeh spesifikasiyada adıçəkilən və ümumi dəyəri 33890 ABŞ dolları olan mal təhvil verilmişdir.
11. “xxxxx ve X1” ilə Cavabdeh arasında tərtib olunmuş xx.xx.2025-ci il tarixli, D/AZ21/04 nömrəli üzləşdirmə aktından müəyyən olunur ki, tərəflər xx.xx.2023-cü il tarixli, D/AZ15 saylı müqaviləyə əsasən 2475 ABŞ dolları avans ödənişi və 83156 saylı spesifikasiyada göstərilən 17165 ABŞ dolları məbləğində mallar faktiki olaraq lazımi qaydada qablaşdırılmış, sənədləşdirilmiş və istehsal defekti olmayan keyfiyyət göstəriciləri standartlarına uyğun şəkildə alıcıya vaxtında təhvil verilərək onun tərəfindən qəbul edilmişdir. Hal-hazırda alıcı Cavabdeh “xxxxx ve X1”nə qalıq borcu 4812 ABŞ dolları təşkil edir.
12. “xxxxx ve X1” tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, borcun 10 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi
15. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etdiyi halda cavabdeh üzərinə götürdüyü öhdəliklərini pozmuş, iddiaçıya borcu yaranmışdır. Həmin hal təqdim edilən müqavilə, müqavilə əsasında tərtib edilmiş spesifikasiya, tərəflər arasında tərtib olunmuş üzləşmə aktı ilə öz təsdiqini tapır.
16. Qeyd edilməlidir ki, iddiaçı əvvəlcə 4940 ABŞ dolları məbləğində borcun iddiaçıdan tutulmasını xahiş etmiş, daha sonra iddia tələbinin azaldılması barədə ərizə ilə müraciət edərək cavabdeh tərəfindən 2000 ABŞ dolları ödəniş edildiyini bildirmiş və cavabdehdən əsas borc olaraq 2812 ABŞ dolları məbləğində məbləğində pulun tutulmasını xahiş etmişdir.
17. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliyini, yəni qəbul ediyi əşyanın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya tam şəkildə ödəmək öhdəliyini lazımınca icra etmədiyini, belə olan halda iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi qeyd edilən hissədə tam təmin edilməli və Cavabdeh 2812 (iki min səkkiz yüz on iki) ABŞ dolları pul vəsaiti manatın ödəniş gününə məzənnə nisbəti ilə (iddiaçı manatın ödəniş gününə məzənnə nisbəti ilə tutulmasını xahiş etmişdir) “xxxxx ve X1”nin xeyrinə tutulmalıdır. Belə ki, tərəflər arasında tərtib olunmuş xx.xx.2025-ci il tarixli, D/AZ21/04 nömrəli üzləşdirmə aktında qeyd edilən tarixə alıcı Cavabdeh “xxxxx ve X1”nə qalıq borcunun 4812 ABŞ dolları təşkil etdiyi qeyd edilmiş, daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 2000 ABŞ dolları ödəniş edildiyini bildirmiş və imüvafiq olaraq iddianın həcmini azaltmışdır. Belə olan halda, cavabdeh tərəfindən ödənilməli olan qalıq borc 4812-2000=2812 ABŞ dolları təşkil edəcəkdir.
18. İddia tələbinin digər hissəsini xx.xx.2023-cü il tarixli müqavilə üzrə 128 ABŞ dolları cərimə borcunun tutulması təşkil edir.
19. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən müqavilə şərtlərinə uyğun dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, D/AZ15 nömrəli alqı-satqı müqaviləsinin 4.1-ci bəndinə əsasən əgər alıcı müqavilədə qeyd edilmiş ödənişləri tam həyata keçirməzsə, ötürülmüş hər gün üçün borc məbləğinin 2%-i həcmində cərimə ödəyir.
20. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab etmişdir ki, cərimə məbləği azaldılaraq 50 (əlli) ABŞ dolları məbləğində müəyyən edilməli, qalan hissədə isə təmin edilməməlidir.
21. Eləcə də iddiaçı ödənilmiş 104 manat dövlət rüsumunun cavabdehdən tutulmasının xahiş etmişdir.
22. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 68 manat (altmış səkkiz) məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2812 (iki min səkkiz yüz on iki) ABŞ dolları pul vəsaiti, 50 (əlli) ABŞ dolları cərimə olmaqla, cəmi 2862 (iki min səkkiz yüz altmış iki) ABŞ dolları məbləğində pul manatın ödəniş gününə məzənnə nisbəti ilə və ödənilmiş dövlət rüsumuna görə 68 manat (altmış səkkiz) məbləğində pul "xxxxx ve Organizasyon Anonim Şirkəti”nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova