Məhkəmə qərarları › İş №e-2-2(113)-4637/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4637/2025

10.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4637/2025 10.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, MZ Exclusive MMC ilə "xxxx" MMC arasındakı xx.xx.2023-cü il tarixli, N-GM538 nömrəli müqavilə üzrə 18.635,73 manat borcun "xxxx"xxxx"MZ Exclusive MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-cü il tarixində rəsmi dövlət qeydiyyatına alınmış, həmin andan etibarən də hüquqi şəxs olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Bu günə kimiatdığımız hər bir addımda qanunvericiliyin tələblərini izləmiş və onlara riayət etməyə çalışmışıq. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: "xxxx" MMC ilə ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixində N- GM538 nömrəli alqı-satqı müqaviləsi (“Müqavilə”) bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən Alıcı "xxxx" MMC, Satıcı "xxxx" MMC-dən aldığı malları lazımi qaydada qəbul etməyi və onların dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür..

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iddiaya etiraz edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 7. - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

8. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı (Satıcı) ilə Cavabdeh (Alıcı) arasında xx.xx.2023-cü il tarixli N-GM538 nömrəli malların alqı-satqı müqaviləsi bağlanmışdır.

10. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı hazırki müqavilənin şərtlərinə uyğun olaraq alıcıya satdığı malları vermək öhdəliyini, alıcı isə həmin malalrı qəbul etmə öhdəliyini öz üzərinə götürür.

11. Müqavilənin 1.4-cü bəndinə əsasən satıcı tərəfindən alıcıya verilən güzəşt və imtiyazlar (satış həcminə görə endirim, marketinq xidmətlərinə görə endirim və ya ödəmə, həvəsləndirmələr, kampaniyalar və sairə) ayrıca razılaşdırılır və bu razılaşdırma hazırki müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir.

12. Müqavilənin 4.4-cü bəndinə əsasən ödənişlər təqdim edilmiş rəsmi elektron qaimə faktura əsasında bank hesabına köçürmə yolu ilə aparılır.

13. Müqaviləyə xx.xx.2023-cü il tarixli 1 saylı Əlavəyə əsasən satıcı alıcının müxtəlif təyinatlı cədvəllərdə göstərilən kommersiya yerləri və kommersiya şərtləri üzrə endirim və ödənişləri etməyi öhdəsinə götürmüşdür.

14. Müqavilə və Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

15. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.

16. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan "xxxx" MMC-nin üzərinə düşür.

17. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə hazırkı tələb edilən məbləğdən də, artıq məbləğ təşkil edən malların verilməsinə dair elektron qaimələr göndərilmişdir.

18. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi cavabdeh tərəfindən ödənişlər həyata keçirildikdən sonra 18.590 manat borcunun qaldığını bildirərək, cavabdehdən tutulmasını xahiş edir.

19. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, elektron qaimələr üzrə geri qaytarmaların olduğunu, tələb edilən borcla razı olmadığını bildirərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmiş, lakin etirazının sübut edə biləcək dəlilləri məhkəməyə təqdim etməmişdir.

20. Məhkəmə hesab edir ki, qeyd olunan elektron qaimələrlə bağlı hər hansı bir etiraz verilmədiyi və qaimələr əsasında cavabdeh tərəfindən ödənişlər edildiyi nəzərə alındığında elektron qaimələrdə qeyd edilmiş dəyərdə olan mallar iddiaçı tərəfindən cavabdehə verilmişdir.

21. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir.

22. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə dəyəri 18.590 manat olan mallar verilmiş və alıcının da, qeyd edilmiş malların dəyərini ödəmək vəzifəsi yaranmışdır.

23. Ona görə də, Məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində qismən təmin olunmalı, 18.590 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

24. Məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 145,77 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

25. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

26. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli müqavilə üzrə 18.590 (on səkkiz min beş yüz doxsan) manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 145 (bir yüz qırx beş) qəpik 77 (yetmiş yeddi) qəpik məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar