Məhkəmə qərarları › İş №e-2-2(113)-4641/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4641/2021

01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4641/2021 01.11.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, İddiaçı2 MMC-nin nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı2 MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı pul vəsaitinin tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı2 MMC cavabdeh "xxxx" ASC-yə qarşı pul vəsaitinin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-dən İddiaçı2 MMC-nin xeyrinə 4610 manat sığorta ödənişi, gecikdirilmiş sığorta ödənişi məbləğinin gündəlik 0,1 faizi olmaqla hesablanmış 553 manat məbləğində dəbbə pulu, 30 manat məbləğində dövlət rüsumu, cəmi 5193 manat məbləğində pul vəsaitinin iddaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh A-Qroup Sığorta Şirkəti” ASC-nin nümayəndəsi T.Nəsirov ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ilkin mediasiya sessiyasının keçirildiyi tarixə həmin sessiya barədə bildiriş ünvanlarına daxil olmamış, onlar mediasiyada iştirakdan yazılı şəkildə imtina etməmişlərr. Mediator cavabdehin mediasiyaya münasibətini öyrənmədən formal olaraq “arayış” vermişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirirək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, mediasiya prosesinin tətbiqi barədə təklif 31.08.2021-ci il tarixdə poçt vasitəsilə cavabdeh "xxxx" ASC-yə göndərilmiş və cavabdeh tərəf həmin təklifi 07.09.2021-ci il tarixində almışdır. Digər tərəfdən iş materiallarından görünür ki, 01.09.2021-ci il tarixdə mediator tərəfindən cavabdehin ilkin mediasiya sessiyasında iştirak etməməsi barədə arayış verilmişdir. “Mediasiya haqqında” AR Qanununun: 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. 29.2-ci maddəsinə görə tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən bildiriş tərəflərə ilkin mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. 29.7-ci maddəsinə görə bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. 21.9-cu maddəsinə əsasən aşağıdakı tələblərin birinə əməl edilmədən məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır: 21.9.1. bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə; Göründüyü kimi, hazırkı halda mediator tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi barədə cavabdehə qanunda göstərilən qaydada məlumat verilmədən tərəfin ilkin mediasiya sessiyasında iştirak etməməsi barədə formal arayış verilmişdir. Nəticədə kommersiya mübahisələri üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflərin ilkin mediasiya sessiyasında iştirak etməli olması barədə MPM-də və “Mediasiya haqqında” AR Qanununda nəzərdə tutulmuş tələbin pozuntusuna yol verilmişdir. MPM-in 259.0.13-cü maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallara riayət edilmədikdə hakim ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi MPM-in 259.0.13-cü maddəsinin tələblərinə əsasən baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı2 MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı pul vəsaitinin tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan, tərəfə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar