Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4641/2025 18.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə borc” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı, malları göndərmə müqaviləsi, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə borc” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı iddia və iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 16577,41 əsas borc, 1871.50 manat cərimə məbləği olmaqla, cəmi 18448,91 manatın və 151.76 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında MPT-23-016 saylı, 15 noyabr 2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. MPT-23- 016 saylı, 15 noyabr 2023-cü il tarixli alqı-satqı müqaviləsi əsasında mallar Cavabdeh MMC tərəfindən alınmışdır. Göstərilən müqavilə üzrə Cavabdeh MMC-nin İddiaçı MMC-yə 18715, 34 (on səkkiz min yeddi yüz on beş manat otuz dörd qəpik) borcu vardır. Müqavilə öhdəliklərinin icra edilməsi ilə bağlı cavabdehə 15 may 2025-ci il tarixli pretenziya məktubu göndərilmiş, lakin borc məbləğinin ödənilməsinə dair heç bir tədbir görülməmişdir. Qeyd etməliyik ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanan MPT-23-016 saylı, 15 noyabr 2023-cü il tarixli müqavilənin 3.4-cü bəndinə əsasən “Alıcı aldığı malların dəyərini müqavilənin 4.3-cü bəndində müəyyən olunmuş müddətdə və qaydada ödəmədikdə gecikdirilmiş hər gün üçün gecikdirilmiş malların ümumi dəyərinin 0.5% həcmində, lakin gecikdirilmiş malların ümumi dəyərinin 10%-dən artıq olmamaq şərti ilə cərimə ödəyəcəkdir. Ərizəyə əlavə etdiyimiz 27 may 2025-ci il tarixli maliyyə arayışına əsasən, alıcının əsas borcu 18715.34 (on səkkiz min yeddi yüz on beş manat otuz dörd qəpik) manat təşkil edir. Həmçinin müqavilənin 3.4-cü bəndinə əsasən Cavabdeh MMC 1871.50 ( min səkkiz yüz yetmiş bir manat əlli qəpik) məbləğində cərimə məbləğini İddiaçı MMC-yə ödəməlidir. Daha sonra, iddiaçı iddia tələbinin azaldılması barədə ərizəsində qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixində cavabdeh ƏDV məbləği üzrə, ümumilikdə 2.522,76 manat ödəniş etmişdir. Bu məbləğin 384,83 manatı yanlışlıqla artıq ödənildiyi müəyyən edilmiş və cavabdehə geri qaytarılmışdır. Nəticədə, cavabdeh tərəfindən faktiki ödənilmiş ƏDV məbləği 2.137,93 manat təşkil edir. Ümumi borcdan 2.137,93 manat çıxılmaqla, yerdə qalan 16577.41 manat borc üzrə icraatın davam etdirilməsi xahiş olunur. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 425.1, 425.2, 427, 442, 445.7, 448.1, 448.2, 598.1, 598.2-ci maddələrinə istinad olunmuşdur. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron qaydada iddiaya etiraz (izahat) ərizəsi daxil olmuşdur. İzahatda qeyd etmişdir ki, alqı-satqı müqaviləsinin 4.3. bəndinə əsasən, malların alıcıya təhvil verilməsi təhvil-təslim aktı ilə rəsmiləşdirilməli və yalnız bundan sonra ödəniş öhdəliyi yaranmalıdır. Lakin məhkəməyə təqdim edilmiş sənədlər arasında müvafiq təhviltəslim aktları, yəni malların faktiki təhvil verilməsini təsdiq edən hər hansı sənəd yoxdur. İddiaçının məhkəməyə təqdim etdiyi "üzləşmə aktı"nda iddia ərizəsində qeyd olunmuş əsas borcu (18,715.34 AZN) müəyyən etmək mümkün deyil, yəni üzləşmə aktı üzrə qalıq borc ilə iddia tələbində qeyd edilmiş əsas borc məbləğləri üst-üstə düşmür. Bununla yanaşı, təqdim edilmiş ƏDV sub-uçot hesabından çıxarışda iddia ərizəsindəki əsas borca uyğun olmayan saldo, yəni 1,448.04 qeyd edilmişdir ki, bu da iddia tələbi üzrə əsas borcun (18,715.34 AZN) 18%-nə uyğun gələn məbləğ deyil. Belə ki, iddi tələbində qeyd olunmuş əsas borcun məbləğinə uyğun ƏDV-nin məbləği 3,368.76 manat məbləğində ola bilər ki, bu da iddiaçıya aid ƏDV sub-uçot hesabında müəyyən edilmir. Digər tərəfdən, iddiaçının təqdim etdiyi Bank Respublika hesabından çıxarışda qalıq məbləğlərin cəmi 19,164.73 manat təşkil edir ki, bu isə, yenə də, iddia üzrə əsas borc məbləği ilə uyğunluq təşkil etmir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş cəmi 65 ədəd elektron qaimə-faktura üzrə cəmi məbləğ 58,856.55 manat təşkil edir ki, həmin məbləğ iddia tələbi üzrə əsas borca uyğun deyil. Hesab edirik ki, iddiaçı tərəfindən təqdim olunmuş elektron qaimə-fakturalar iddia tələbini sübuta yetirmir, çünki, iddia məbləğinin həmin elektron qaimə-fakturalardan məhz hansılarına istinad etdiyini iddiaçı öz ərizəsində qeyd etməmişdir. Həmçinin, onu da vurğulamaq lazımdır ki, cavabdehə göndərilmiş elektron qaimə-fakturaların heç də hamısı həqiqi deyil, alqı-satqı münasibətləri üzrə malların cavabdehə təqdim edildiyini, yaxud cavabdehin həmin malları qəbul etdiyini sübuta yetirmir. İddia ərizəsində müəyyən edilmiş əsas borcun necə yarandığı və hansı qaydada hesablandığı, nə iddia ərizəsində və nə də təqdim edilmiş sənədlərə əsasən, müəyyən oluna bilmir. Belə olduğu halda, iddiaçı "xxxx" MMC tərəfindən cavabdehdən tələb olunan borc məbləğinin sübuta yetirilmədiyi, beləliklə, iddia tələbinin əsaslı olmadığı müəyyən olunur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi əsas borc və faiz məbləğini prinsip etibarilə qəbul etmədiklərini, tərəflər arasında razılaşdırılmış barışıq sazişində razılaşdırılan məbləğin iddia ərizəsində tələb olunan məbləğdən az olduğunu, iddiaçı tərəfin özünün də ərizədə göstərdikləri məbləğin dəymiş ziyandan çox olduğunu qəbul etdiyini, borcun 13000-15000 manat intervalında olduğunu, əvvəlcədən müəyyən məbləğin ödənilməsinin şərtləşdirildiyini, lakin cavabdeh tərəf razılaşdırılmış məbləği ödəyə bilmədiyindən tərəflər arasında olan barışığın şərtlərinin pozulduğunu, barışığa gəlməkdən son anda imtina edildiyini, iddia tələbində qeyd edilən əsas borcun faktiki real vəziyyəti əks etdirmədiyini qeyd etmiş, məhkəmənin sualına cavab olaraq borcun daha az olmasını təsdiq edən rəsmi sənədləri məhkəməyə təqdim edə bilmədiyini, əksər eqaimələr üzrə malların geri qaytarılaraq cavabdehin anbarından iddiaçının anbarına aparıldığını, lakin bu rəsmi olaraq təsdiqlənmədiyindən hazırda bununla bağlı heç bir sübutun olmadığını bildirmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən iddiaçının nümayəndəsi malların çatdırılmasının mübahisəli hal olmadığını, qarşı tərəfin ödənişlər etməsinin malların təhvil verildiyini sübut etdiyini, üzləşmə aktında göstərilən məbləğin xx.xx.2024-cü il tarixinə aid olan borc məbləği olduğunu, ondan sonra tərəfə mallar verilmədiyini, ümumi qaimələrdən ödəniş qaimələrdəki məbləği çıxdıqda iddia tələbindəki məbləğin ortaya çıxdığını bildirmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə xx.xx.2025-ci il tarixdə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: “Satıcı” olaraq İddiaçı MMC ilə “Alıcı” olaraq Cavabdeh MMC arasında bağlanmış MPT-23-016 saylı, 15 noyabr 2023-cü il tarixli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı müqavilə ilə müəyyən edilmiş şərtlər çərçivəsində malları alıcıya satır, alıcı isə həmin malları qəbul edib onların dəyərini satıcıya ödəyir. 2.4-cü bəndə əsasən satıcı alıcıya çatdırılmış mallar ilə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: Qaimə-Faktura; - Keyfiyyət sertifikatı (tələb olunduğu halda); - Hesab-faktura; - Müvafiq təhvil-təslim aktı (tələb olunan halda); Vergi Hesab-Fakturası (tələb olunan halda. 2.5-ci bəndə əsasən Mallar Alıcıya çatdırıldıqda, Satıcı və Alıcının nümayəndələri Malların təhvilini sübut edən müvafiq təhvil-təslim aktını imzalayır. Bu sənəd Alıcıya təhvil verilən Malların çatdırılma tarixini, miqdarını, xüsusiyyətlərini, dəyərini və digər təfərrüatlarını əks etdirir və Malların çatdırılmasını sübut edən əlavə sənəd kimi qəbul edilir. 3.4-cü bəndə əsasən Alıcı aldığı malların dəyərini Müqavilənin 4.3-cü bəndi ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmədikdə gecikdirilmiş hər gün üçün gecikdirilmiş Malların ümumi dəyərinin 0,5% həcmində, lakin gecikdirilmiş Malların ümumi dəyərinin 10%-dən artıq olmamaq şərti ilə cərimə ödəyəcəkdir. Bu cərimədən əlavə, Alıcı aldığı malların dəyərinin vaxtında və lazımi qaydada ödənilməməsi nəticəsində Satıcıya vurduğu bütün maddi və qeyri-maddi zərəri də tam həcmdə ödəməlidir". 4.3-cü bəndə əsasən bu müqavilə üzrə satılan malların dəyəri, mallar müqavilənin 2.5-ci bəndinə müvafiq olaraq çatdırıldıqdan və müvafiq təhviltəslim aktı imzalandıqdan sonra ödənilir. Hazırkı Müqavilə üzrə bütün ödənişlər Alıcıya müvafiq sənədlərin təqdim edildiyi halda 30 iş günü ərzində Satıcının bank hesabına Azərbaycan manatı ilə ödəniləcəkdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, fəaliyyət dövründə müştəri ilə 60 716.04 manat dövriyyə yaranmışdır. Mövcud dövriyyəyə qarşılıq "Maple Trading” MMC tərəfindən sadəcə 42 000.70 manat ödəniş olunmuşdur. Sonuncu qaimə xx.xx.2024-cü il tarixində göndərilmişdir. Son qalıq borc 18 715.34 manat təşkil edir. İddiaçı tərəfindən cavabdehə təqdim olunan mallara görə ödəniş edilməsi üçün cəmi 65 ədəd elektron qaimə-fakturalar göndərilmişdir ki, həmin elekron qaimələr üzrə cəmi məbləğ 58,856.55 manat təşkil edir. Göndərilən qaimələrin siyahısından görünür ki, iddiaçı tərəfindən cavabdehə göndərilmiş 65 ədəd elektron qaimə-fakturalar “sistem tərəfindən təsdiqləndi” statusundadır. xx.xx.2024-xx.xx.2024 dövrü əhatə edən üzləşmə aktından görünür ki, tərəflər arasında dövriyyə 58508,94 manat olmuş, sonuncu saldo üzrə borc 20803,43 manat təşkil etmiş, akt Cavabdeh MMC tərəfindən İbrahimova Nərmin adlı şəxsin imzası, hüquqi şəxsin möhürü ilə təsdiq olunmuşdur. xx.xx.2024-xx.xx.2024 dövrü əhatə edən hesab üzrə çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü ilədək, xx.xx.2025-xx.xx.2025-ci il tarixlərdə cavabdehdən tərəfindən iddiaçıya 36554,64 manat məbləğində ödəniş edilmişdir. Qarşılıqlı hesablaşma məbləği üzrə qrafikdən görünür ki, iddiaçı tərəfindən cavabdehə elektron qaimələr üzrə cəmi 60716,04 manat dəyərində mallar təqdim edilmiş, cavabdeh də həmin malların dəyərinin 42000,7 manatını ödəmiş, 18715,34 manatı qalmışdır. xx.xx.2025-ci il tarixli, **********916832 nömrəli “köçürmənin aparılması haqqında bildiriş”dən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına ƏDV borcu üzrə cəmi 2522,76 manat məbləğində ödəniş edilmiş, həmin məbləğin 384,83 manatı səhvən artıq ödənildiyi üçün xx.xx.2025-ci il tarixli, **********100230 nömrəli “köçürmənin aparılması haqqında bildiriş”lə geri qaytarılmışdır. xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzə əsasən iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 152 manat məbləğində pul dövlət bücəsinə ödənmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə əsasən mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə əsasən mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərrə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı müqaviləyə uyğun olaraq 58508,94 manat dəyərində malları cavabdeh təhvil verərək satmış, cavabdeh isə həmin malların dəyərindən 36554,64 manat ödəniş etmiş, qalan 16577,41 manatı iddiaçıya ödəməmişdir. Bu fakt elektron qaimələr, üzləşmə aktı, bank hesabından çıxarış və s. ilə öz təsdiqini tapmışdır. Buna görə də, iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır və onun tələbi haqlıdır. Cavabdeh etirazının əsası kimi alqı-satqı müqaviləsinin 4.3-cü bəndinə istinad edərək malların alıcıya təhvil verilməsinin təhvil-təslim aktı ilə rəsmiləşdirilməli və yalnız bundan sonra ödəniş öhdəliyinin yaranmalı olduğunu bildirmişdir. Halbuki iddiaçının təhvil verdiyi malların dəyərinin bir hissəsinin cavabdeh tərəfindən ödənilməsi, mübahisə yaranan dövr və ondan əvvəlki müddət ərzində tərəflərin qarşılıqlı münasibətlərində bu cür, yəni təhvil-təslim aktı olmadan elektron qaimələr əsasında malların təhvil verilməsi kimi işgüzar adət, praktika və öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu formalaşdığını təsdiq edir. Eyni zamanda tərəflər arasında üzləşmə aktının imzalanması da, malların iddiaçı tərəfindən cavabdehə verildiyini və cavabdehin borcu olduğunu təsdiq edir. Bundan əlavə, cavabdeh etirazında qalıq borcun iddia ərizəsində tələb olunan məbləğdən daha az olduğunu, iddiaçı tərəfindən təqdim olunan malların bir qisminin cavabdehin anbarından çıxarılaraq iddiaçıya göndərildiyini bildirsə də, bunu sübut edə biləcək hər hansı sənədi məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, məhkəmə iddiaçı tərəfindən cavabdehə göndərilmiş 65 ədəd elektron qaimə-fakturaların “sistem tərəfindən təsdiqləndi” statusunda olması ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən elektron qaimələrə hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir. Qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etməyərək təhvil aldığı malların dəyərini tam, qalıq 16577,41 manat pulu ödəmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır, buna görə də 16577,41 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin iddiaçı cavabdehdən 1871.50 manat cərimə məbləğinin tutulmasını da tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanmış MPT-23-016 saylı, 15 noyabr 2023-cü il tarixli alqı-satqı müqaviləsinin 3.4-cü bəndində ödənişin gecikdirildiyi təqdirdə gecikmə faizinin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 800 manat müəyyən olunmalıdır. Bundan başqa, iddia qismən təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 152 manat dövlət rüsumunun 142,13 manatının əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 16577,41 manat əsas borc, 800 manat cərimə məbləği, olmaqla, ümumilikdə 17377 (on yeddi min üç yüz yetmiş yeddi) manat 41 (qırx bir) qəpik pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 142 (yüz qırx iki) manat 13 (on üç) qəpiyin əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-4641/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4641/2025
18.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver