Məhkəmə qərarları › İş №e-2-2(113)-4647/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4647/2025

19.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4647/2025 19.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, prosessual maraq, əşya üçün qabaqcadan ödənilmiş məbləğin qaytarılması) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 20 may 2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə qabaqcadan ödənilmiş 1722,8 manat, gecikdirilmiş günlər üçün bank uçot dərəcəsi ilə hesablanmış 93,42 manat məbləğində pulun və ödənilmiş 37,62 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında 20 may 2024-cü il tarixdə 063/3/24 nömrəli alqısatqı müqaviləsi imzalanmışdır. Sözügedən müqaviləyə uyğun olaraq 13 iyun 2024-ci il tarixli 0000-007678 nömrəli satınalma sifarişi əsasında malların qiymətləri, ödəniş, çatdırılma və digər şərtlər qarşılıqlı razılıq əsasında müəyyən edilmişdir. Sifarişə əsasən, alıcı avans şəklində 1722,80 manat (ƏDV daxil) məbləği satıcıya ödəməyi, satıcı isə öz növbəsində 20 ədəd “Grey Goose” (0,7 lt) məhsulunu avans ödənişi həyata keçdiyi andan etibarən 5 təqvim günü ərzində alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. Alıcı yekun məbləği əvvəlcədən tam şəkildə 20 avqust 2024-cü ildə ödəsə də, satıcı öz öhdəliyini yerinə yetirməmiş və bu günədək malları alıcıya təhvil verməmişdir. Belə ki, müqavilənin 20 avqust 2024-cü il tarixli satınalma sifarişinə əsasən razılaşdırılmış mallar avans ödəniş həyata keçirildiyi tarixdən 5 gün ərzində iddiaçının nümayəndəsinə təhvil verilir. İddiaçı tərəfindən satınalma sifarişinə uyğun olaraq ödəniş həyata keçirildiyi halda, artıq 8 aydan çox müddət keçməsinə baxmayaraq, cavabdeh tərəfindən əlavədə nəzərdə tutulan mallar alıcıya təhvil verilməmişdir. 2.2. İddiaçı tərəfindən cavabdehə bununla bağlı e-poçt vasitəsilə bildirişlər göndərilməsinə, dəfələrlə şifahi danışıqlar aparılmasına baxmayaraq, cavabdeh müxtəlif bəhanələrlə müqavilə üzrə öz öhdəliyini icra etməmişdir. Əlavə olaraq, iddiaçı tərəfindən cavabdehə elektron məhkəmə və elektron vergi kabineti platforması (onlayn kargüzarlıq) üzərindən pretenziya məktubu göndərilmiş və öhdəliyinin 5 iş günü ərzində icra olunması xahiş olunmuşdur, lakin cavabdeh müraciəti cavabsız saxlamış və öhdəliyini icra etməkdə maraqlı olmamışdır. Qeyd olunanlardan aydın olduğu kimi, hazırda müqavilə üzrə cavabdehin 1722,80 manat (ƏDV daxil) məbləğində öhdəliyi yaranmışdır. Cavabdeh öz müqavilə öhdəliklərini vicdanla icra etməmiş, iddiaçının hüquqlarını kobud şəkildə pozmuşdur. İddiaçının cavabdehə müqavilə üzrə avans qaydada ödədiyi 1722,80 manat və gecikdirilən 273 günə uyğun Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsinə əsasən hesablanan 93,42 manat vəsaiti tələb etmək hüququ yaranmışdır. Həmçinin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq hazırkı iddianın məhkəmədə baxılması üçün 37,62 manat dövlət rüsumu ödənilmişdir.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 427.3, 448.2, 449.1, 599.4-cü və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndələri X5 və X3 məhkəmə iclaslarında iştirak edərək, iddianın məzmununa uyğun izahat (izah) verdilər və eyni zamanda göstərdilər ki, 20 avqust 2024cü il tarixdə avans ödənişi icra edilsə də, mallar təhvil verilməmişdir. Ödəniş tapşırığında 12 may 2022-ci il tarixli müqaviləyə istinad isə texniki səhv olmuşdur.

6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndələri göstərdi ki, 93,42 manat məbləğində pul Mülki Məcəllənin 449-cu maddəsinə əsasən tələb edilir.

7. Məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri cavabdehin “Elektron məhkəmə” informasiya sistemində və X1 Sistemində, qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilmiş, cavabdehin hüquqi ünvanına göndərilmişdir. Lakin məhkəmə iclaslarında cavabdeh iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi ilə bağlı

9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

11. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli 063/3/24 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, cavabdeh müqavilənin ayrılmaz hissəsi hesab edilən əlavəsində göstərilən iddiaçı tərəfindən sifariş edilmiş mallar ilə sonuncunu təmin etməyi, iddiaçı isə həmin malları qəbul edib onların əlavə üzrə müəyyən edilmiş dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə xx.xx.2024-cü il tarixli 01 nömrəli əlavə olan qiymət razılaşdırma protokoluna əsasən “X4 Brut” (0,75 lt) adlı malın qiyməti razılaşdırılmış, malların dəyərinin əvvəlcədən avans şəklində 100% olmaqla satıcı tərəfindən təqdim edilmiş hesab-faktura əsasında satıcının müqavilədə göstərilən bank hesabına köçürmə yolu ilə ödənilməsi, çatdırılmanın avans ödənişinin həyata keçirildiyi tarixdən etibarən 7 gün ərzində həyata keçirilməsi şərtləşdirilmişdir. xx.xx.2024-cü il tarixli 0000-007678 nömrəli satınalma sifarişinə əsasən ƏDV daxil olmaqla 1722,8 manat dəyərində məhsulun avans qaydasında ödənilməsi, 5 gün müddətində çatdırılması sifariş edilmiş, xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli hesab-fakturaya istinad edilməklə iddiaçı tərəfindən cavabdehin bank hesabına 1460 manat əsas məbləğ, ƏDV subhesabına 262,8 manat ƏDV məbləği köçürülmüşdür.

12. İddiaçı xx.xx.2024-cü il tarixli 063/3/24 nömrəli alqı-satqı müqaviləsi üzrə əşya üçün qabaqcadan ödənilmiş məbləğin – 1722,8 manatın qaytarılmasını tələb edir.

13. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.

14. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

15. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

16. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

17. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına, özünün və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə iddiaçı tərəfindən təqdim edilmiş bütün sübutlarla real vaxt rejimində tanış olmaq imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

18. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.

19. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

20. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

21. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.

22. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

23. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə alqı-satqı müqaviləsi olub, iddiaçının qabaqcadan ödənilmiş məbləğin qaytarılmasını tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 599.3-cü maddəsi təşkil edir.

24. Belə ki, Mülki Məcəllənin 599.3-cü maddəsinə görə, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.

25. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn, əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququnu realizə edir. Bu mənada göstərilməlidir ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin cavabdeh xx.xx.2024-cü il tarixli 063/3/24 nömrəli alqı-satqı müqaviləsi üzrə öhdəliyini icra etdiyini – razılaşdırılan malları verdiyini sübut edə bilməmişdir.

26. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

27. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

28. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

29. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

30. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə dəyəri ödənilmiş əşyanın verilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (satıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

31. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia borcun tələb edilməsi hissəsində təmin olunmalı, xx.xx.2024-cü il tarixli 063/3/24 nömrəli alqı-satqı müqaviləsi üzrə 1722,8 borc Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Alqı-satqı müqaviləsi üzrə Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən maliyyə sanksiyasının tutulması tələbi ilə bağlı

32. İddiaçı eyni zamanda Mülki Məcəllənin 449.1-ci maddəsinə əsaslanmaqla 93,42 manat məbləğində pulu tələb edir.

33. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər (cari redaksiya).

34. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Bu baxımdan, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Qərar).

35. Göründüyü kimi, iddiaçı ödənişin gecikdirildiyi müddət üçün bank uçot dərəcəsinə əsasən faiz hesablamışdır. Lakin həmin maddəyə əsasən iddianın təmin edilməsi üçün iddiaçı sübut etməlidir ki, cavabdeh pul vəsaitini özündə saxlamaqla ondan faydalanmışdır. Bu halı təsdiq edən sübutlar isə təqdim edilməmişdir.

36. Belə olan halda, məhkəmə iddiaçının Mülki Məcəllənin 449-cu maddəsinə əsasən 93,42 manat məbləğində pulun tutulması tələbini əsassız hesab edir.

c) Məhkəmə xərcləri ilə bağlı

37. İddiaçı 37,62 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

38. Məhkəmə mədaxil qəbzinə əsasən müəyyən edir ki, iddiaçı tərəfindən ********** nömrəli mədaxil qəbzi əsasında 37,22 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsinə görə dövlət büdcəsinə ödənilmişdir.

39. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

40. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

41. Beləliklə, yuxarıda göstərilənləri və iddianın qismən təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 36 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

42. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdehndən 1722,8 manat pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 36 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar