Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4655/2023 06.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “müqavilədən irəli gələn borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, mediasiya və vəkil xərci ) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçı və cavabdehin iştirakı olmadan, İddiaçı Cavabdehnə qarşı “müqavilədən irəli gələn borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi və tələbin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2406,66 manat məbləğində əsas, 433,2 manat ƏDV olmaqla ümumilikdə 2839.86 manat borc, 80 manat isə mediasiya, poçt və digər xərclərin, o cümlədən hüquqi xidmətə görə iddiaçının məruz qaldığı 350 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (“Satıcı") və "xxxx" MMC (“Alıcı”) arasında 12 sentyabr 2022-ci il tarixli 32/2022 №-li Alqı-satqı Müqaviləsi (bundan sonra “Müqavilə”) bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı özünə məxsus təbii üzüm şərablarını və mineral suları (bundan sonra “Mallar”) bu Müqavilə ilə müəyyən edilmiş şərtlər çərçivəsində “Alıcı”nın mülkiyyətinə verməyi, “Alıcı” isə dəyərini ödəyərək “Mallar”ı qəbul etməyi və Azərbaycan Respublikasının ərazisində sahib olduğu və idarə etdiyi satış nöqtələrində satışını öhdələrinə götürmüşlər”. Həmin müqaviləyə əsasən İddiaçı MMC tərəfindən "xxxx" MMC-nə EBCD seriyalı 735291 №-li xx.xx.2022-ci il tarixli Elektron Qaimə əsasında ümumi dəyəri ƏDV daxil 2839.86 manat dəyərində mallar verilmişdir. Yuxarıda qeyd olunan qaimə üzrə 2 406,66 manat məbləğində əsas, 433,2 manat ƏDV olmaqla ümumilikdə 2839.86 manat Cavabdeh tərəfindən bu günədək ödənilməmişdir. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq onlar tərəfindən borcun ödənilməsi istiqamətində hər-hansı addım atılmamışdır. Cavabdehə 03 iyul 2023-cü il tarixdə “X2” barədə təklif göndərilmiş, prosessual qaydalara əməl edilərək 20 iyul 2023-cü il tarixdə Mediasiya Təşkilatına müraciət edilmişdir. 27 iyul 2023-cü il tarixdə X3 iştirakla bağlı bildiriş alınmış və 01 avqust 2023-cü il tarixdə iclasda iştirak təmin olunmuş lakin, Cavabdeh tərəfindən X3 iştirak edən olmamışdır. Bununla bağlı mediator tərəfindən X3 iştirak edilməməsi barədə MŞB/9/2023-01429 nömrəli Arayış təqdim edilmişdir. 60 manat ilkin mediasiya sessiyasının keçirilməsi, 20 manat poçt və digər xərclər, ümumilikdə 80 manat məbləğində ödəniş olmuşdur. Bu xərclər də cavabdehdən tutulmalıdır. Dövlət rüsumu haqqında Qanun üzrə və elektron məhkəmə sistemindəki hesablama üzrə təxminən 50 manat təşkil edir. Hazırki vəziyyətdə tam olaraq ödənilən mediasiya xərci iş üzrə məhkəmə rüsumundan artıq olduğu üçün iddiaçı əlavə dövlət rüsumu ödənilməsindən azaddır.
II. Tərəflərin mövqeləri:
3. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbini müdafiə etdiyini, əlavə sübutlarının olmadığını bildirərək, onun iştirakı olmadan məhkəmə iclasını keçirərək iddianın tam təmin olunmasını xahiş etmiş. Cavabdeh MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.
4. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 32/2022 saylı alqı-satqı müqaviləsinə əsasən:
7. 1.Müqavilənin predmeti
8. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı özünə məxsus olan təbii üzüm şərablarını və mineral sularını alıcıya bu müqavilə ilə müəyyən edilmiş şərtlər çərçivəsində Azərbaycan Respublikasının ərazisində sahib olduğu və idarə etdiyi satış nöqtələrində satmaq üçün, alıcı tərəfindən maların dəyəri tam ödənildikdən sonra, mülkiyyətinə verməyi, alıcı isə həmin malların dəyərini ödəyərək malları qəbul etməyi və onları, istehlakçılara və ya satış üçün üçüncü şəxslərə satıcının qiymət cədvəli ilə müəyyən olunmuş qiymətlərdən aşağı qiymətə olmamaq şərtilə, satmağı öhdəsinə götürür.
9. Müqavilənin 1.2-ci bəndinə əsasən malların çeşidi, miqdarı, çatdırılma müddəti alıcının sifarişi əsasında tərəfər arasında razılaşdırılır və bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan qiymət razılaşma protoklu ilə rəsmiləşdirilir.
10. 2.Tərəflərin hüquq və öhdəlikləri
11. Müqavilənin 2.1-ci bəndinə əsasən satıcının öhdəlikləri:
12. 2.1.1. Alıcı tərəfindən sifariş edilmiş və dəyəri ödənilmiş malları alıcının mülkiyyətinə vermək;
13. 2.1.5. Mallarla birlikdə təqsdiqedici sənədləri təqdim etmək;
14. Müqavilənin 2.2-ci bəndinə əsasən satıcının hüquqları;
15. 2.2.1. Alıcıdan malların müqavilə ilə müəyyən edilmiş müddət və qaydada qəbul edilməsini tələb etmək;
16. 2.2.3. Alıcıdan sifariş verilən malların dəyərinin müəyyən edilmiş müddətdə və qaydada ödənilməsini tələb etmək.
17. Müqavilənin 2.3-cü bəndinə əsasən alıcının öhdəlikləri:
18. 2.3.1. Sifariş edilmiş malların dəyərini tam həcmdə ödəmək;
19. 2.3.2. Sifariş edilmiş malları müəyyən olunmuş qaydada və müddətdə qəbul etmək;
20. Müqavilənin 2.4-cü bəndinə əsasən alıcının hüquqları:
21. 2.4.1.Satıcıdan sifariş edilmiş və dəyəri ödənilmiş malların onun mülkiyyətinə verilməsini tələb etmək;
22. 2.4.2.Satıcının təqsiri nəticəsində ona dəymiş ziyanın ödənilməsini tələb etmək;
23. 3.Malların təhvil-təslim qaydaları
24. Müqavilənin 3.1-ci bəndinə əsasən sifariş verilən malların dəyəri alıcı tərəfindən tam ödənildikdən sonra malar satıcı tərəfinən alıcıya satıcının anbarında təhvil verir. Birdəfəlik sifariş edilən malların dəyəri 200 manat və daha çox olduqda, malların alıcı tərəfindən müəyyən edilmiş əraziyə, Bakı şəhər ərazisindən kənara çıxmamaq şərti ilə, çatıdırlması satıcı tərəfindən həyata keçirilir.
25. Müqavilənin 3.2-ci bəndinə əsasən mallar tərəflər arasında imzalanmış qaiməfaktura əsasında təhvil verilir.
26. 5.Qiymət və ödəmə şərtləri
27. Müqavilənin 5.2-ci bəndinə əsasən malların bu müqaviləyə hər dəfə əlavə edilən qaimə və hesab-fakturada göstərilən dəyəri, qabaqcadan nağd və ya köçürmə yolu ilə alıcı tərəfindən ödənilir.
28. xx.xx.2022-ci il tarixli, EBCD seriyalı, 735291 saylı elektron qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 2839,86 manat dəyərindən mal satılmışdır. Həmin elektron-qaimə hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
29. 06.09.2023-cü il tarixli, BD023 saylı ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən “Kəngərli və Partnyorları” vəkil bürosuna 350 manat məbləğində pul ödənilmişdir.
30. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
32. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
33. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
34. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.
35. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
36. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
37. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
38. Tərəflər arasında xx.xx.2022-ci il tarixli 32/2022 saylı müqavilə bağlanmış və həmin müqavilənin Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı özünə məxsus olan təbii üzüm şərablarını və mineral sularını alıcıya bu müqavilə ilə müəyyən edilmiş şərtlər çərçivəsində Azərbaycan Respublikasının ərazisində sahib olduğu və idarə etdiyi satış nöqtələrində satmaq üçün, alıcı tərəfindən maların dəyəri tam ödənildikdən sonra, mülkiyyətinə verməyi, alıcı isə həmin malların dəyərini ödəyərək malları qəbul etməyi və onları, istehlakçılara və ya satış üçün üçüncü şəxslərə satıcının qiymət cədvəli ilə müəyyən olunmuş qiymətlərdən aşağı qiymətə olmamaq şərtilə, satmağı öhdəsinə götürmüdür.
39. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – iki tərəfli imza və möhürlə təsdiq olunmuş elektron qaimə ilə təsdiqini tapdığı üçün iddia tələbinin 2839,86 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.
40. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 60 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir.
41. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
42. Digər tərəfdən MPM-in:
43. 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada X3 iştirak tələb olunur.
44. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
45. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.
46. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir.
47. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
48. Məhkəmə qeyd edir ki, iddiaçı 80 manat mediasiya, poçt və digər xərclərin əvəzinin cavabdehdən tutulmasını xahiş etsə də, iş materiallarına 80 manata deyil, yalnız 60 manat məbləğində mediasiya xərcinin ödənilməsini təsdiq edən sübutu əlavə etmişdir.
49. Odur ki, 60 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
50. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
51. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 300 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir.
V. Nəticə:
52. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC -dən 32/2022 nömrəli xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə - 2406,66 manat əsas borc, 433,2 manat ƏDV olmaqla cəmi 2839.86 (iki min səkkiz yüz otuz doqquz manat 86 qəpik) manat borc məbləği, ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 60 manat, vəkil xərcinin əvəzi olaraq 300 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova