Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4657/2024 19.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh "xxxx" MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (alqı-satqı müqaviləsi üzrə əsas borc, dəbbə pulu) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Daşdəmirova Ləman Şahlar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh "xxxx" MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC cavabdeh "xxxx" MMC-yə qarşı kiçik iqtisadi mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6747 manat məbləğində əsas borcun və 674 manat məbləğində cərimə borcunun cavabdeh "xxxx" MMC-dən tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanan STP-SD- 202300743 nömrəli, xx.xx.2023 tarixli alqı-satqı müqaviləsinə əsasən, Satıcı İddiaçı MMC müxtəlif kabel məhsullarını alıcı "xxxx" MMC-yə satmağı, "xxxx" MMC isə təhvil alınmış malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Təqdim edilmiş e-qaimələrdən və təhvil aktlarından göründüyü kimi Satıcı ümumi dəyəri ƏDV daxil 129 495,95 təşkil edən malları alıcıya təhvil vermişdir. E-qaimədən göründüyü kimi alıcı "xxxx" MMC ƏDV daxil 9 749,37 AZN məbləğində malları Satıcı İddiaçı MMC-yə geri qaytarmışdır. Nəticədə alıcı ƏDV daxil 119 746,58 manat məbləğində məhsulları qəbul etmişdir. "xxxx" MMC öz növbəsində təhvil alınmış mallara görə bank hesabından ümumi 95 762,3 manat və ƏDV hesabından 17 237,22 manat olmaqla, ƏDV daxil 112 999,52 manat məbləğində ödənişləri etmişdir. 6747 manat məbləğində borcun ödənilməsindən 300 gündən çox bir müddətdir ki əsassız olaraq imtina edilir. Həmçinin, borcun 300 gün gecikdirilməsinə görə Borclu Müqavilənin 3.5 və 3.6 maddələrinə əsasən Tələbkara əsas borcun məbləğinin 10% məbləğində cəriməni, yəni 674 manat cəriməni də ödəməlidir. 3.Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-4657/2024 nömrəli Qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. 4.xx.xx.2024-cü il tarixdə cavabdeh “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə iddia ərizəsinə etiraz ərizəsi təqdim etmişdir.
5. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsi əsassızdır, belə ki, iddia ərizəsində sübut olaraq təqdim edilmiş məlumatlar arasında uyğunsuzluqlar mövcuddur. Tərəflər arasında bağlanılmış xx.xx.2023-cü il tarixli müqavilənin qoşmasından aydın olur ki, tərəflər 115234, 41 manat (ƏDV daxil) dəyərində malın alqı-satqısı barədə razılığla gəlmişdirlər. İddiaçının sübut qismində təqdim etdiyi EBDH seriyalı 752419 nömrəli, EBDİ seriyalı 711164 nömrəli, EBDP seriyalı 779680 nömrəli, EBDH seriyalı 654409 nömrəli eqaimlərdə isə ümumilikdə 123192.9 manat məbləğində mal təqdim edildiyi göstərilmişdir. İddiaçının Bakı Kommeriya Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində isə 129495,95 manat məbləğində malın cavabdehə təqdim edildiyi qeyd edilmişdir. E-qaimə məlumatlarına əsasən təqdim edilmiş malın qiymətinin 123192.9 manat olduğu halda təqdim edilmiş malın 129495.95 manat olduğunu iddia edən müəssisə bu barədə heç bir sübut təqdm etməmiş və arada olan fərqi iddia tələbi kimi cavabdehdən tutulmasını xahiş etmişdir. Tərəflər arasında bağlanan müqavilənin 2.3-cü bəndinə əsasən, Malların və Xidmətlərin Sifarişçiyə təhvil verilməsi Tərəflərin səlahiyyətli nümayəndələrinin imzaladığı, Tərəflərin hər birinfə 1 (bir) nüsxə saxlanılmaqla Satıcı tərəfindən 2 (iki) nüsxə tərtib edilən Təhvil-Təslim Aktı ilə rəsmiləşdirilir. İddiaçı tərəfindən hazırki dövrə qədər belə bir “Təhvil- Təslim Aktı” Məhkəməyə sübut qismində təqdim edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021 -ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş elektron qaime-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydalarının 2.5.3-cü yarımbəndinə əsasən elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhviltəslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” sətrində qeyd olunur. Hazırda sübut qismində təqdim edilən elektron qaimə-fakturanın əsas bölməsində hər hansı təhvil-təslim aktı və ya digər təsdiqedici sənəd qeyd edilməmiş sadəcə olaraq “K-1162 xx.xx.2023” və “STP-SD-202300743 xx.xx.2023 Qoşma 2/K-1183 xx.xx.2023 sözləri əks etdirilmişdir. Malların təhvil verilməsi təhvil-təslim aktı ilə həyata keçirilməli olan halda buna əməl edilməmiş, sübut qismində elektron qaimə- faktura göstərilmiş, lakin bu elektron qaiməfakturada olan məlumatları belə heçə sayılaraq 129495.95 manat dəyərində malın təqdim edilməsi iddia edilmişdir.
Tərəflərin mövqeləri: 6.Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
7. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 etiraz ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
Məhkəmə baxışının hədləri: 9.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
II. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
10. Satıcı İddiaçı MMC və "xxxx" MMC arasında bağlanan STP-SD-202300743 nömrəli 26 may 2023-cü il tarixli Malların və xidmətlərin alqı-satqısı müqaviləsinin: 1.1-ci bəndinə əsasən, Satıcı tam təfsilatı, ölçü vahidi, həcmi, qiyməti, təhvil verilmə qaydası və təhvil verilmə müddəti hər yeni sifarişdən qabaq Tərəflərin iştirakı ilə yazılı şəkildə tərtib ediləcək müqavilənin ayrılmaz tərkib hissəsi olan Qoşmalar ilə müəyyən olunan mallar və xidmətlər ilə Sifarişçini təchiz etməyi, Sifarişçi isə malları və Xidmətləri qəbul edib onların razılaşdırılmış dəyərini Satıcıya ödəməyi öhdəsinə götürür. 2.1-ci bəndinə əsasən, Satıcı malları və xidmətləri qoşmada razılaşdırılmış müddətdə Sifarişçiyə təhvil verməlidir. Xammalın gecikməsi və ya Sifarişçinin ödəmə ilə əlaqədar öhdəliklərini icra etməməsi nəticəsində Qoşmada razılaşdırılan təhvil müddəti müvafiq olaraq uzadıla bilər. 2.3-cü bəndinə əsasən, Malların və xidmətlərin Sifarişçiyə təhvil verilməsi Tərəflərin səlahiyyətli nümayəndələrinin imzaladığı, tərəflərin hər birində 1 nüsxə saxlanılmaqla Satıcı tərəfindən iki nüsxədə tərtib edilən Təhvil-təslim aktı ilə rəsmiləşdirilir. Təhvil-təslim aktı imzalanmasa Satıcı malların və xidmətlərin təhvilini müvafiq müddətə saxlaya bilər. 3.1-ci bəndinə əsasən, mallar və xidmətlərin qiymətləri müvafiq qoşmalarda təsbit edilir. 3.2-ci bəndinə əsasən, Qoşmada başqa qayda nəzərdə tutulmayıbsa Sifarişçi mallar və xidmətlərin dəyərini tam olaraq qabaqcadan ödəməlidir. 3.5-ci bəndinə əsasən, hər hansı tərəf bu müqavilə üzrə öhdəliklərini müəyyən olunmuş müddətlərdə həyata keçirmədikdə hər gecikdirilmiş günə görə icrası gecikdirilən öhdəliyinin dəyərinin 0.1 faizi həcmində digər tərəfə cərimə ödəməlidir. Cərimənin ödənilməsi Tərəfləri müqavilə üzrə digər öhdəliklərinin icrasından azad etmir.
11. STP-SD-202300743 nömrəli 26 may 2023-cü il tarixli Müqaviləyə 1/K-1162 nömrəli xx.xx.2023-cü il tarixli Qoşmadan görünür ki, adı, növü və ölçüsü qeyd olunan malların ümumi dəyəri 115234.1 manat təşkil edir.
12. xx.xx.2023-cü il tarixli 51390/23 nömrəli, xx.xx.2023-cü il tarixli 51451/23 nömrəli, xx.xx.2023-cü il tarixli 51453/23 nömrəli və xx.xx.2023-cü il tarixli 51547/23 nömrəli nəzarət buraxılış sənədlərindən görünür ki, siyahısı sənəddə qeyd edilən mallar "xxxx" MMC-nin nümayəndələri tərəfindən imzalanmaqla qəbul edilmişdir.
13. İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə ünvanlanan EBDH seriyalı 752419 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə yekun məbləğ 103659.58 manat, EBDİ seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə yekun məbləğ 16496.40 manat, EBDH seriyalı 654409 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə yekun məbləğ 9339.97 manat təşkil etmişdir.
14. "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə ünvanlanan EBDP seriyalı 779680 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimədən görünür ki, yekun məbləği 9749.37 manat təşkil edən malın qəbul edilməsindən imtina edilmişdir. 15."xxxx" MMC (ödəyici ) tərəfindən İddiaçı MMC-nin (vəsaiti alan) hesabına xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı əsasında 30000 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı əsasında 25000 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı əsasında 14871.33 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı əsasında 25891 manat, xx.xx.2024-cü il tarixli bildiriş əsasında isə 17237.22 manat olmaqla, ümumilikdə 112999.55 manat ödəniş həyata keçirilmişdir.
16. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdehin İddiaçı qarşısında satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış “Alqısatqı” müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi İddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir, 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
18. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanan SD-202300743 nömrəli 26 may 2023-cü il tarixli “malların və xidmətlərin alqısatqısı müqaviəsi” əsasında iddiaçı üzərinə düşən öhdəliyi lazımı qaydada icra edərək cavabdehə ümumi dəyəri 129495.95 manat təşkil edən malları təqdim etmiş, cavabdeh EBDP seriyalı 779680 nömrəli elektron qaimə əsasında 9749,37 manat məbləğində malı iddiaçıya geri qaytarmışdır. İş materiallarından görünür ki, cavabdeh tərəfindən sözügedən müqavilə üzrə ƏDV daxil 112999.55 manat ödəniş həyata keçirilmişdir. Hazırda iddiaçı müqavilə üzrə 6747 manat ödənilməmiş borcun qaldığını iddia edir, cavabdeh isə müqavilə üzrə öhdəliklərinin tam icra olunduğunu bildirir. 19.Məhkəmə cavabdehin etiraz ərizəsinə münasibətdə qeyd edir ki, təqdim edilmiş sübutlara (elektron qaimələr və ödəniş tapşırıqları) əsasən iddiaçı tərəfindən təhvil verilmiş malın ümumi dəyəri 119746.58 manat (103659.58+16496.40+93xx.xx-9749.37) təşkil etmiş, cavabdeh tərəfindən 112999.55 manat ödəniş olunmuşdur. Məhkəmə qeyd edir ki, cavabdeh etirazında müqavilə üzrə qalıq borcunun olmadığını bildirsə də, bunu təsdiq edən sübutları təqdim etməmişdir. Belə olan halda iddiaçıya ödənilməli olan qalıq borcun məbləği 6747.03 manat təşkil edir. Əlavə olaraq etirazın “təhvil-təslim aktının mövcud olmaması və nəzərdə tutulmuş formada tərtib edilməməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən təqdim olunan elektron qaimələrin cavabdeh tərəfindən qəbul edilməsi və həmin qaimələr əsasında 112999.55 manat ödənişin həyata keçirilməsi cavabdeh tərəfindən malların qəbul edilməsi faktını təsdiqləyir.
20. Məhkəmə sadalanan qanunvericilik normalarını, müqavilənin icrası zamanı tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikanı, o cümlədən cavabdeh tərəfindən 112999 manat ödəniş edildiyini, lakin cavabdehin müqavilə üzrə öhdəliklərini tam etmədiyini, belə olan halda isə iddiaçının tərəflər arasında bağlanmış müqavilənin icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməli, cavabdehdən 6747 manat əsas borc məbləği tutularaq İddiaçıya ödənilməlidir.
21. "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali MəhkəməsininKommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2022-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
22. Bundan əlavə iddiaçı tələbində cavabdehdən 674 manat məbləğində cərimə borcunun ödənilməsini də irəli sürür.
23. Məhkəmə bununla bağlı qeyd edir ki, AR Mülki Məcəlləsi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, MM-in 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır.
24. Məhkəmə hazırkı iş üzrə borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, İddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini vurğulayaraq bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq Cavabdehdən İddiaçının xeyrinə 337.35 manat məbləğində dəbbə pulu tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir..
25. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 6747 manat məbləğində əsas borc və 337.35 manat məbləğində dəbbə pulu cavabdeh "xxxx" MMC-dən tutularaq, İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
III. Nəticə:
26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 6747 manat əsas borc və 337.35 manat dəbbə pulu olmaqla, cəmi 7084.35 (yeddi min səksən dörd manat otuz beş qəpik) manat pul məbləği tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlham Əhmədov