Məhkəmə qərarları › İş №e-2-2(113)-4659/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4659/2021

21.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4659/2021 21.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdehnə ("xxxx" MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 8200 (səkkiz min iki yüz) manat məbləğində borcun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Əsasən fəaliyyəti təsərrüfatın əkinçilik növü ilə məşğul olmaqdan ibarətdir. Bu səbəbdən də iddiaçı cavabdeh "xxxx" MMC-nin Saatlı filialı ilə müqavilə bağlayaraq özünə məxsus 40,0 ha torpaq sahəsində pambıq məhsulu istehsal edib, cavabdehə təvil verməyə razılaşdı. Cavabdehlə aralarındakı bu razılaşma 20 aprel 2016cı il tarixli, ********* saylı müqavilə ilə rəsmiləşdirildi. Həmin müqavilənin şərtlərinə görə iddiaçı hər hektardan 20 sentner olmaqla, 80 ton xam pambıq məhsulunu cavabdehə təhvil verməyi öhdəsinə götürmüşdür. Cavabdeh isə iddiaçıya 19558,20 manat məbləğində avans vermişdir. İddiaçı cavabdehdən aldığı avansdan artıq miqdarda xam pambıq istehsal edib vaxtında təhvil versə də, cavabdeh ona artıq təhvil verdiyi məhsulun dəyərini bu günədək ödəməmişdir. Belə ki, iddiaçı cavabdehə 27.673 ton xam pambıq istehsal edərək təhvil vermişdir. Həmin pambığın isə 17 tonu “elit” növ toxumluq xam pambıq olmuşdur. Cavabdehlə aralarındakı razılaşmaya və bu sahədə qəbul olunmuş ümumi qaydalara görə “elit” növ toxumluq pambığın dəyəri digər növ xam pambığın dəyərindən fərqlənir. Cavabdeh iddiaçının ona təhvil verdiyi 17 ton toxumluq xam pambığın hər tonuna görə 200 manat hesabı ilə 3400 manat və həmin miqdarda xam “elit” pambıqdan alınan cəmi 10.200 kq toxumluq çiyidin isə hər kq-a görə 0,40 manat olmaqla, 4800 manat, ümumilikdə isə 8200 manat təşkil edən borcunu bu günədək iddiaçıya ödəməmişdir. Aralarında olan müqavilə öhdəliklərinin yerinə yetirilməsi və borc tələbləri ilə bağlı cavabdeh iddiaçıya qarşı tələb irəli sürmüş və bununla bağlı aralarında məhkəmə çəkişmələri olsa da, iddiaçı tərəfindən cavabdehə qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət olunmamışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçının hazırki iddia tələbi qanunsuz və əsassızdır. Həmçinin iddia müddəti ötürülmüşdür. Ona görə də iddia tələbinin rədd edilməsini xahiş edir. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki: - İddiaçı ilə Cavabdeh arasında 20 aprel 2016-cı il tarixli 16 *** **** nömrəli alqı-satqı müqavilə bağlanmışdır. Müqavilənin predmeti 2016-cı il mövsümü üzrə xam-pambığın istehsalı və alqı-satqısı sahəsində tərəflərin öhdəlikləri üzrə hüquq və vəzifələrinin tənzimlənməsindən ibarətdir. - Pambıq qəbulu qəbzlərinin surətlərindən görünür ki, “pambıq istehsalçısı” İddiaçı tərəfindən “pambıq qəbul edən müəssisə” Cavabdeh MMC-yə elit növ pambıq verilmişdir. - Kürdəmir Rayon Məhkəməsinin 16.07.2019-cu il tarixli 2(041)-614/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı qarşı pul tələbi ilə müraciət etmiş və iddia qismən təmin edilərək, İddiaçı 5630,80 manat məbləğində əsas borc, 50 manat məbləğində cərimə və 20 manat dövlət rüsumu, cəmi 5700,80 məbləğində pulun alınaraq Cavabdeh hesabına ödənilməsi qət edilmişdir. - İddiaçı tərəfindən Cavabdehnə ünvanlanmış pretenziya məktubundan görünür ki, cavabdehdən 8200 manat məbləğində borcun 10 (on) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə “MKT İK" MMC arasında bağlanmış 20.04.2016-ci il tarixli müqaviləyə əsasən İddiaçı 40,0 ha sahədə pambıq əkməyi və hər hektardan 20 sentner məhsul əldə etməklə 80 ton xam pambıq məhsulu istehsal edib, “MKT İstehsalat Kommersiya" MMC-yə satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar İddiaçı “MKT İstehsalat Kommersiya" MMCdən 19558,20 manat məbləğində avans vəsait götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən İddiaçı götürdüyü avansın dəyərini xam pambıq təhvil verməklə ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam pambığın qalan dəyərini isə müqavilədə göstərilən müddətdə almalı idi. Kürdəmir Rayon Məhkəməsinin 16.07.2019-cu il tarixli 2(041)-614/2019 saylı qətnaməsindən də göründüyü kimi, İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə tam əməl etməmiş və cəmi 13807,40 manat məbləğində 27673 kq xam pambıq təhvil vermişdir. Bu, tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur. Bununla da İddiaçı müqavilə şərtlərin pozmuş və avans götürdüyü vəsait üzrə “MKT İstehsalat Kommersiya" MMC-yə borcu yaranmışdır. İddiaçı yaranmış ümumi borcundan “MKT İstehsalat Kommersiya" MMC-yə 120 manat dəyərində vəsait qaytarmış, 5630,80 manat məbləğində borcu qalmışdır. Sözügedən qətnamə ilə Cavabdeh İddiaçı qarşı pul tələbi ilə bağlı iddiası qismən təmin edilərək, İddiaçı 5630,80 manat məbləğində əsas borc, 50 manat məbləğində cərimə və 20 manat dövlət rüsumu, cəmi 5700,80 məbləğində pulun alınaraq Cavabdeh hesabına ödənilməsi qət edilmişdir. Hazırda İddiaçı cavabdeh "xxxx" MMC-dən 8200 (səkkiz min iki yüz) manat məbləğində borcun tutulması ilə bağlı müraciət etmiş və qeyd edilən məbləğdə olan borcun olmasını “MKT İstehsalat Kommersiya" MMC-yə vermiş olduğu 27673 ton xam pambıqdan 17 tonunun elit növ toxumluq xam pambıq olması və qeyd edilən növ pambığın dəyərinin digər növ xam pambıqlardan fərqlənməsi ilə əsaslandırmışdır. Lakin hazırki mübahisə ilə bağlı iddiaçı tərəfindən məhkəməyə cavabdehin ona borcunun olmasını təsdiqləyəcək hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericilikdə məhkəmənin çəkişmə prinsipinin təmin edilməsi üzrə fəaliyyəti bir sıra normalarla tənzimlənir. Bunların sırasında sübutetmə vəzifəsini, sübutların təqdim edilməsi və tələb olunmasını xüsusilə qeyd etmək olar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88ci maddələri). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallarla mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Digər tərəfdən “MKT İstehsalat Kommersiya" MMC-nin nümayəndəsi hazırki işə məhkəmədə baxılarkən iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Məhkəmədə hazırkı iş üzrə mülki qanunvericilikdə nəzərdə tutulan müddətin axımının dayandırılması və kəsilməsi halları müəyyən edilməmişdir. Beləliklə, iddiaçı müqavilə tələbləri üzrə qanunla müəyyən edilmiş 3 illik iddia müddətini (20.09.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir) buraxmışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar