Məhkəmə qərarları › İş №e-2-2(113)-4659/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4659/2025

19.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4659/2025 19.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı, mal göndərmə müqaviləsi, illik 5%) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC -dən əsas borca görə 14123,86 manat, pul vəsaitinin ödənilməsini gecikdirdiyinə görə 321,17 manat, cəmi 14445,03 manat məbləğində pul vəsaitinin və 134 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli 453 saylı müqaviləyə əsasən satıcı malları alıcıya satmağı, bunun müqabilində isə alıcı alınan malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən müqavilə üzrə öhdəliklər tam icra olunsa da, lakin Cavabdeh MMC tərəfindən öhdəliklər hələ də icra olunmamışdır. Yəni müqavilə üzrə Cavabdeh MMC-yə verilmiş malların dəyəri ödənilməmişdir. Belə ki, hal-hazırda müqavilə üzrə satılmış malların dəyəri olaraq 14123,86 manat məbləğində pul vəsaiti Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ödənilməmişdir. Bununla bağlı olaraq cavabdehə müqavilə üzrə öhdəliyin icra edilməməsinə dairxx.xx.2025-ci il tarixdə pretenziya göndərilmiş və 14123,86 manat məbləğində pul vəsaiti ödənilmədikdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin pretenziyada göstərilən müddətin keçməsinə baxmayaraq həmin məbləğ hələ də ödənilməmişdir. Odur ki, müqavilənin 10.3-cü bəndi rəhbər tutularaq həmin müqavilə üzrə ödənilməmiş pul vəsaitinin tələb edilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.Cavabdeh müqavilə üzrə ödənilməmiş 14123,86 manat pul vəsaitinin ödənilməsini gecikdirdiyinə görə həmin məbləğdən faizlər ödəməlidir. Bu halda cavabdeh tərəfindən pul öhdəliyin icra edilməməsinə görə 5% miqdarında faiz hesablanıb borc məbləğinə əlavə edilməlidir. Həmin məbləğ son ödəniş tarixi olan xx.xx.2024-cü il tarixindən hesablanmaqla 166 gün üçün 321,17 manat təşkil edəcəkdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə üzrə əsas borc olaraq 14123,86 manat, pul vəsaitinin ödənilməsini gecikdirdiyinə görə321,17 manat, cəmi 14445,03 manat məbləğində pul vəsaitinin və 134 manat ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməlidir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 442, 443.1, 445-ci -ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinə qeyd olunanları müdafiə edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, əsas borca görə tələb olunan illik 5% məbləğ son qaimə cavabdehə təqdim edilən gündən 30 təqvim günü keçdikdən sonrakı 166 günə nisbətdə hesablanmışdır. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında bağlanmış xx.xx.2024-cü il tarixli 453 saylı müqaviləyə əsasən satıcı malları alıcıya satmağı, bunun müqabilində isə alıcı alınan malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2-ci bəndinə əsasən malların sifarişi qəbul edildikdən sonra, malların təchizi 3 (üç) iş günü ərzində həyata keçirilir. Satıcı hər hansı bir səbəbdən müvafiq sifariş üzrə malları və ya onun bir hissəsini təchiz edilməsini mümkün olmaması haqda sifariş qəbul olunduqdan sonra 24 saat ərzində Alıcıya məlumat verir. Müqavilənin 2.3-cü bəndinə əsasən malların təhvil verilməsi elektron qaimə-faktura əsasında həyata keçirilir. Hazırki elektron qaiməfaktura qəbul edildiyi andan 5 gün ərzində ləğv edilmədiyi, düzəliş tələb edilmədiyi halda, malların müvafiq qaydada təhvil verildiyini/alındığını və o cümlədən də malların lazımi qaydada, həcmdə, çəkidə, qablaşdırılmada, ünvanda və ümumilikdə bütün göstəricilər üzrə razılaşdırılmış qaydada alındığını təsdiq edir. Müqavilənin 3.2-ci bəndindən görünür ki, sifariş üzrə malların dəyəri bir qayda olaraq qaimə-faktura təqdim edildikdən sonra 30 (otuz) təqvim günü ərzində ödənilməlidir. xx.xx.2024-cü il tarixli, MT2410 seriyalı, 11718228 nömrəli elektron-qaiməyə əsasən 178,50 manat, xx.xx.2024-cü il tarixli, MT2411 seriyalı, 10065996 nömrəli elektronqaiməyə əsasən 1528,50 manat, xx.xx.2024-cü il tarixli, MT2411 seriyalı, 11224905 nömrəli elektron-qaiməyə əsasən 1953 manat, xx.xx.2024-cü il tarixli, MT2411 seriyalı, 12689737 nömrəli elektron-qaiməyə əsasən 279 manat, xx.xx.2024-cü il tarixli, MT2411 seriyalı, 12770949 nömrəli elektron-qaiməyə əsasən 1953 manat, xx.xx.2024-cü il tarixli, MT2412 seriyalı, 10507891 nömrəli elektron-qaiməyə əsasən 2883 manat, xx.xx.2024-cü il tarixli, MT2412 seriyalı, 10944414 nömrəli elektron-qaiməyə əsasən 1852,50 manat,xx.xx.2024-cü il tarixli, MT2412 seriyalı, 11028569 nömrəli elektron-qaiməyə əsasən 682,50 manat,xx.xx.2024-cü il tarixli, MT2412 seriyalı, 11537287 nömrəli elektronqaiməyə əsasən 1795,50 manat, xx.xx.2024-cü il tarixli, MT2412 seriyalı, 11556993 nömrəli elektron-qaiməyə əsasən 567 manat, xx.xx.2025-ci il tarixli, MT2501 seriyalı, 10025899 nömrəli elektron-qaiməyə əsasən 2646 manat, xx.xx.2024-cü il tarixli, MT2410 seriyalı, 11718183 nömrəli elektron-qaiməyə əsasən 54,9 manat, xx.xx.2024-cü il tarixli, MT2412 seriyalı, 10507878 nömrəli elektron-qaiməyə əsasən 275,66 manat, xx.xx.2024cü il tarixli, MT2412 seriyalı, 10944396 nömrəli elektron-qaiməyə əsasən 269,31 manat, xx.xx.2024-cü il tarixli, MT2412 seriyalı, 11028548 nömrəli elektron-qaiməyə əsasən 140,18 manat,xx.xx.2024-cü il tarixli, MT2412 seriyalı, 11537222 nömrəli elektron-qaiməyə əsasən 350,15 manat, xx.xx.2025-ci il tarixli, MT2501 seriyalı, 10026626 nömrəli elektronqaiməyə əsasən 430,07 manat məbləğdə mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMCyə ödənilməsi üçün təqdim edilmişdir. "xxxx" ASC-nın Bakı filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli hesabdan çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən MT2411 seriyalı, 10065996 nömrəli və MT2410 seriyalı, 11718183 nömrəli e-qaimələr üzrə 1762 manat ödəniş edilmişdir. "xxxx" ASC-nın Bakı filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli hesabdan çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən MT2411 seriyalı, 11224905 nömrəli eqaimə üzrə 1953 manat ödəniş edilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh MMC-yə 17838,87 manat (ƏDV daxil) dəyərində mal satılmış, həmin məbləğdən 3715 manat (ƏDV daxil) ödənilmiş, İddiaçı MMC-yə 14123,87 manat (ƏDV daxil) borc qalmışdır. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2025-ci il tarixli pretenziya məktubu ilə müraciət edərək xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən ödənilməli olan 14123,86 manat məbləğində pul vəsaitini bu məktubu əldə etdiyiniz tarixdən 5 (beş) təqvim günü müddətində ödənilməyi xahiş etmiş, əks halda pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəyini bildirmişdir. xx.xx.2025 -ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən 135 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə görə mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə görə mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı üzrə malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək təhvil verilmiş malların dəyərindən 14123,86 manatı müəyyən olunmuş müddətdə tam ödəməmişdir. Bu fakt iş materiallarına əlavə edilmiş sübutlarla (elektron qaimə, hesabdan çıxarış), həmçinin cavabdeh tərəfindən borclu olduğu məbləğdən qismən, 3715 manat ödənişlərin edilməsi ilə öz təsdiqini tapmış, yəni cavabdeh iddiaçı tərəfindən malların ona təhvil verilməsi ilə razılaşmış, qalan məbləğin ödənilməsi və ya borcun olmamasını təsdiqedən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, həmçinin iddia tələbinə etiraz edilməmişdir. Eyni zamanda müqavilə şərtinə əsasən malların təhvil verilməsi elektron qaimə-faktura əsasında həyata keçirilir, elektron qaimə-faktura qəbul edildiyi andan 5 gün ərzində ləğv edilmədiyi, düzəliş tələb edilmədiyi halda, malların müvafiq qaydada təhvil verildiyini, razılaşdırılmış qaydada alındığını təsdiq edir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır və onun bu tələbi haqlıdır. Məhkəmə qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etməyərək təhvil aldığı malların dəyərini tam ödəmədiyini, belə olan halda isə iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır, buna görə də 14123,86 manat əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı öz iddia tələbində müqavilə dəyərinin ödənilməsinin gecikməsinə görə 14123,86 manat əsas borca illik 5% ilə hesablanmış 321,17 manatın da cavabdehdən tutulmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə, borcun ödənilməsini 6 aydan artıq gecikdirdiyinə görə iddiaçının əsas borca hesablanmış illik beş faiz (14123,86 x 5% / 365gün x 166gün=321,17) ödənilməsini tələb etmək hüququ vardır və buna görə də iddia həmin hissədə də təmin olunmalıdır. Bundan başqa məhkəmə iddianın təmin olunduğunu nəzərə alaraq hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 134 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 14123,86 manat əsas, pul vəsaitinin ödənilməsini gecikdirdiyinə görə 321,17 manat, ümumilikdə 14445 (on dörd min dörd yüz qırx beş) manat 03 (üç) qəpik və ödənilmiş 134 (yüz otuz dörd) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar