Məhkəmə qərarları › İş №e-2-2(113)-466/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-466/2021

07.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-466/2021 07.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "X2" MMC-nin cavabdeh "Cavabdeh" MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "X2" MMC cavabdeh "Cavabdeh" MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 20 311.60 (iyirmi min üç yüz on bir manat altmış qəpik) manat məbləğindən pul vəsaitinin iddiaçı ödənilməsi və digər işlərin icrasının ləngiməsi, habelə hazırda mümkünsüz hala gətirilməsi ilə cavabdeh tərəfindən iddiaçının işgüzar nüfuzuna vurulmuş zərərə görə 10.000 (on min) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 03 dekabr 2019-cu il tarixdə 01-12/2019 saylı Nəqliyyat-Ekspedisiya müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış Müqavilənin predmeti ondan ibarətdir ki, Ekspeditor (iddiaçı) cavabdehin sifarişinə əsasən, malın daşınması xidmətini yerinə yetirməyi və ya onların yerinə yetirilməsini təşkil etməyi, Sifarişçi (cavabdeh) isə həmin əməliyyatlar müqabilində Ekspeditora xidmət haqqını ödəməyi öhdəsinə götürür. Xidmət üzrə hər bir əməliyyata dair xüsusi şərtlər və qiymətlər Müqaviləyə edilən əlavələrdə öz əksini tapır. Həmin müqavilənin 4-cü bəndinin 4.1-ci hissəsinə uyğun olaraq hesab-faktura təqdim olunduqdan sonra 5 təqvim günü ərzində ödəniş İddiaçı“nin hesablaşma hesabına və ya nağd qaydada ödənilməlidir. Müqavilə üzrə xidmətlər tam şəkildə həyata keçdikdən sonra iddiaçı cavabdehə 25 saylı 11 fevral 2020-ci il tarixli və 146 saylı 21 fevral 2020-ci il tarixli Hesab Fakturalar göndərmişdir. Hazırki müqavilə üzrə xidmət haqqı mərkəzi bankın bugünə olan məzənnəsinə əsasən 9 860.00 (doqquz min səkkiz yüz altmış manat) manat ödənilməmişdir. Qeyd etmək istəyirik ki, müqavilənin 4.2-ci maddəsinə əsasən “Xidmət haqqının ödənilməsi bu Müqavilədə nəzərdə tutulan qaydada həyata keçirilmədikdə və yaxud gecikdirildikdə, Tərəf gecikdirilmiş hər gün üçün xidmət haqqının ümumi məbləğinin 0.5%-i məbləğində peniya ödəyəcəkdi. Gecikdirilmiş günlərin sayını nəzərə alaraq Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə bugünə 10 451.60 (on min dörd yüz əlli bir manat altmış qəpik) manat təşkil edir. Bunulada tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı öz üzərinə düşən öhdəliyi tam, vaxtında və lazımi şəkildə icra etmiş, lakin cavabdeh isə həmin müqavilə üzrə öhdəliklərini tam şəkildə icra etməmiş və etməməkdə davam edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirik ki, Cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə öhdəliklərini tam icra etməməsi nəticəsində iddiaçının Konstitusion hüquqları pozulur, işgüzar mənafeyinə ziyan vurulur. Buna görə də iddiaçının pozulmuş hüquqları məhkəmə qaydasında bərpa edilməli, müqavilə üzrə icra edilməyən ödəliyinin məcburi qaydada icra edilməsi barədə cavabdehin üzərinə öndəlik qoyulmalı və cavabdeh tərəfindən İddiaçınə vurulan zərər tam şəkildə ödənilməlidir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən EBAG 693909 nömrəli 21.02.2020-ci il tarixli qaimə üzrə 6860 manat xidmət haqqı üzrə borc və 5000 manat dəbbə pulu olmaqla ümumilikdə 11860 manat pulun tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında 03 dekabr 2019-cu il tarixdə 01-12/2019 saylı bağlanmış Nəqliyyat-Ekspedisiya müqaviləsidən görünür ki, Ekspeditor, Sifarişçinin sifarişinə əsasən malın daşınması xidməti yerinə yetirməyi və ya onların yerinə yetirilməsini təşkil etməyi, Sifarişçi isə həmin əməliyyatlar müqabilində Ekspeditora xidmət haqqını ödəməyi öhdəsinə götürür. Xidmət üzrə hər bir əməliyyat dair xüsusi şərtlər və qiymətlər Müqaviləyə edilən əlavələrdə öz əksini tapacaqdır. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən Ekspeditor, Sifarişçinin sifarişinə əsasən Yüklərin gömrük rəsmiləşdirilməsi işlərini aparır. Sifarişçi isə həmin əməliyyatlar müqabilində Ekspeditora xitmət haqqını ödəməyi öhdəsinə götürür. Xidmət üzrə hər bir əməliyyat dair xüsusi şərtlər və qiymətlər Müqaviləyə edilən əlavələrdə öz əksini tapacaqdır. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən, Sifarişçi Expreditor tərəfindən təqdim olunmuş elektron hesab-fakturaya əsasən ödənişi həyata keçməlidir. Sifarişçi ödənişi 5 (beş) təqvim günü ərzində Ekspeditorun hesablaşma hesabına köçürmə yolu ilə həyata keçirir. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən Malları Ekspeditor tərəfindən ilkin təhvil aldığı zaman Təhvil Təslim AKT-ı imzalandığı halda Expeditorun təşəbbüsünə əsasən yalnız yüklər təyinat yerinə çatdınldıqdan sonra Sifarişçi ilə təhvil təslim aktı imzalaya bilər. Həmin Müqavilənin 4.3-cü bəndinə əsasən Xidmət haqqının ödənilməsi bu Müqavilədə nəzərdə tutulan qaydada həyata keçirilmədikdə və yaxud gecikdirildikdə, Tərəf gecikdirilmiş hər gün üçün xidmət haqqının ümumi məbləğinin 0.5 %-i məbləğində peniya ödəyəcəkdir. Həmin Müqavilənin 4.4-cü bəndinə əsasən bu Müqavilə əsasında göstərilən xidmət haqqı xarici valyuta ilə müəyyən edlir və Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş günü üçün müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla ödənilir. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC tərəfindən “X2” MMC-yə göndərilmiş EBAG 693909 nömrəli 21.02.2020-ci il tarixli elektron qaimədən görünür ki, Cavabdeh MMC-nin göstərdiyi xidmətə üzrə Cavabdeh MMC tərəfindən 9860 manat ödəniş edilməlidir. İş materiallarına əlavə edilmiş 11.02.2020-ci il tarixli 25 saylı Hesab Fakturadan görünür ki, “X2” MMC tərəfindən Cavabdeh MMC-yə göstərilmiş xidmətlərin haqqı olaraq 5500 ABŞ dolları tələb edilmişdir. İş materiallarına əlavə edilmiş 21.02.2020-ci il tarixli 146 saylı Hesab Fakturadan görünür ki, “X2” MMC tərəfindən Cavabdeh MMC-yə göstərilmiş xidmətlərin haqqı göstərilmiş xidmətlərin haqqı olaraq 300 ABŞ dolları tələb edilmişdir. İş materiallarına əlavə edilmiş 06.01.2021-ci il tarixli 259981 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən “X2” MMC-yə 3000 manat ödəniş edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 03 dekabr 2019-cu il tarixdə 01-12/2019 saylı Nəqliyyat-Ekspedisiya müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış Müqavilənin predmeti ondan ibarətdir ki, Ekspeditor (iddiaçı) cavabdehin sifarişinə əsasən, malın daşınması xidmətini yerinə yetirməyi və ya onların yerinə yetirilməsini təşkil etməyi, Sifarişçi (cavabdeh) isə həmin əməliyyatlar müqabilində Ekspeditora xidmət haqqını ödəməyi öhdəsinə götürür. Xidmət üzrə hər bir əməliyyata dair xüsusi şərtlər və qiymətlər Müqaviləyə edilən əlavələrdə öz əksini tapır. Həmin müqavilənin 4-cü bəndinin 4.1-ci hissəsinə uyğun olaraq hesab-faktura təqdim olunduqdan sonra 5 təqvim günü ərzində ödəniş İddiaçı“nin hesablaşma hesabına və ya nağd qaydada ödənilməlidir. Cavabdeh tərəfindən öhdəliklər tam yerinə yetirilmədiyindən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi 03 dekabr 2019-cu il tarixdə 01-12/2019 saylı Nəqliyyat-Ekspedisiya müqaviləsi üzrə Cavabdeh MMC-dən əsas borcun iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış müqavilə üzrə sifarişçiyə göstərilmiş xidmətlər üzrə ödənilməmiş 9860 manat xidmət haqının 3000 manatı cavabdeh tərəfindən iddiaçının hesabına ödənilmişdir. Məhkəmə iddia tələbinin 5000 manat dəbbə pulunun ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir ki: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq, tələb olunan 5000 manat dəbbə pulunun 100 manat həddinədək azaldılmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia tələbində iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsmunu tələb etmədiyindən, ödənilmiş rüsum iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən EBAG 693909 nömrəli 21.02.2020-ci il tarixli qaimə üzrə 6860 manat xidmət haqqı və 100 manat dəbbə pulu tutularaq “X2” MMC -nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən 6860 (altı min səkkiz yüz altmış) manat xidmət haqqı və 100 (yüz) manat dəbbə pulu tutularaq iddiaçı “X2” MMC-nin xeyrinə ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu “X2” MMCnin özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar