Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4660/2024 17.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: sığorta haqqı ödənişi, dəbbə pulu) X9 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi iştirakı, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı MMC iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən əmlaka dəymiş zərərə görə 980 manat məbləğində sığorta ödənişinin, 60 manat dəbbə pulunun, vəkilin göstərdiyi hüquqi yardıma görə 140 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin mülkiyyətində olan “HYUNDAİ GRANDEUR” minik markalı (qeydiyyat nişanı-77AJ994; Buraxılış ili-2022, BAN:KMHF341DBPA507282; Rəngi-ağ mirvari) nəqliyyat vasitəsi “Avtomobil nəqliyyatı vasitələrinin tam sığortası” haqqında xx.xx.2023-cü il tarixli şəhadətnaməyə əsasən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində sığortalanmışdır. xx.xx.2023-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində həmin nəqliyyat vasitəsinə 3885 manat məbləğində zərər dəymişdir (Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-62/2024 saylı xx.xx.2024-cü il tarixli hökmündə göstərilmişdir). Həmin sənədlər sığorta şirkətinə xx.xx.2024-cü il tarixində iddiaçı tərəfindən təqdim edilmişdir. xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı MMC-yə 3885 manat əvəzinə 2905 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığorta hadisəsi üzrə ödənişin tam edilməməsi nəticəsində İddiaçı MMC-nin hüquqları pozulmuşdur. İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətin xx.xx.2024-cü il tarixli məktubla (pretenziya qaydasında) müraciət edilərək, mübahisənin məhkəməyədək həll edilməsi təklif edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək əlavə olaraq bildirmişdir ki, cavabdehə ilkin müraciət edilərkən məhkəmə istintaqı dövründə, həmçinin məhkəmə hökmündə dəymiş ziyan olaraq hesablanmış 3885 manatı ödənilməsi tələb etmişlər. İş materiallarında iki qüsur aktı vardır. İkisi də cavabdeh tərəfindən müəyyən edilmiş qiymətləndirici tərəfindən verilmişdir. Lakin buna baxmayaraq cavabdeh tərəfindən ikinci qüsur aktı üzrə ödəniş ediləcəyi bildirilmişdir. Hadisə baş verdiyi zaman iddiaçı Dövlət Sığorta Kommersiya Şirkətinə yaxınlaşmışdır.Onlar iddiaçını avto servisə yönləndirmişdir. Sürücü avto servisə yaxınlaşmış, qüsur aktı tərtib olunmuşdur. Həmin qüsur aktı hüquq mühafizə orqanlarına tqıdim edilmişdir.İstintaq dövründə də iddiaçıya dəymiş zərər müəyyən olunmuşdur. Həmçinin məhkəmə hökmündə də həmin məbləğ müəyyən edilmişdir. Bundan sonra iddiaçının heç bir qüsur aktından məlumatı olmamışdır. Onlar məbləğin ödəmilməsi barədə tərəfə müraciət etdikdə məlum olmuşdur ki, 2-ci qüsur aktı vardır. Hansıki sürücüyə təqdim edilmiş qüsur aktından əlavə bir dənə də qüsur aktı var. Bir qüsur aktı tərtib edilərək onların sürücüsünə, digər qüsur aktı isə sığorta şirkətinə göndərilmişdir İddiaçıya məlumat üçün bildirmişlər ki, orada əmsallar fərqli olur. Belə ki, sürücü üçün bir əmsal olur, Sığora şirkəti üçün başqa əmsal olur. Dəymiş zərərlə bağlı cavabdeh bidirmişdir ki, iddiaçı vəsaiti onlara köçürsünlər, yerdə qalan məbləği isə məhkəmədə mübahisələndirərək alına bilər. İddiaçı həmçinin iş materiallarına “X6 Mərkəzi” MMC tərəfindən dəymiş zərərin məbləğinin 4040 manat müəyyən edildiyi rəyi də əlavə etmişdir. Sonda o, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinə münasibətdə təqdim edilmiş etiraza uyğun izahat verərək, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı qeyd olunan hadisə ilə bağlı sığorta ödənişinin verilməsi üçün şirkətə müraciət etmişdir. Aparılan apaşdırma nəticəsində “Hyundai Granduer” markalı, 77AJ994 dövlət nömrə nişanlı avtomobilə 3105 manat məbləğində zərər dəydiyi müəyyən edilmişdir. İddiaçının Şirkətə ünvanladığı xx.xx.2024cü il tarixli, BLC575/24 saylı məktubunda qeyd olunan zərər məbləği ilə razılaşdığını bildirmiş və sığorta ödənişi bank hesabına köçürülməsini xahiş etmişdir. Müəyyən edilmiş zərərə məbləğindən sığorta müqaviləsinə nəzərdə tutulan azadolma məbləği çıxıldıqdan sonra 2905 manat məbləğində sığorta ödənişi iddiaçının təqdim etdiyi bank hesabına köçürülmüşdür. İddiaçı ilə Şirkət arasında bağlanmış sığorta müqavilələri üzrə baş vermiş sığorta hadisələrinin tənzimləməsi zamanı bir qayda olaraq zərər məbləği iddiaçıya təqdim edilmiş, iddiaçı Şirkətə həmin məbləğlə razılığını bildirən məktub ünvanladıqdan sonra müvafiq ödənişlər iddiaçının hesabına köçürülmüşdür. Yəni iddiaçı və Şirkət arasında sığorta hadisələrinin tənzimlənməsi prosesində işgüzar adət formalaşmışdır. İddiaçı Şirkət tərəfindən təqdim edilmiş zərər məbləği ilə razı olmasına dair xx.xx.2024-cü il tarixli, BLC575/24 saylı məktub ilə Şirkətə müraciət etmiş, həmin ərizədə zərər məbləğinin həmin məbləğdə olduğunu qəbul etmiş, bu səbəbdən müvafiq ödəniş tapşırığlna əsasən 2905 manat məbləğində sığorta ödənişi ona ödənilmişdir. İddiaçı sığorta hadisəsi nəticəsində avtomaşına dəymiz ziyan məbləğinin daha çox olduğunu iddia etsə də, ziyan məbləği qiymətləndirici tərəfindən müəyyən edilərkən ziyan məbləği ilə razılaşdığını ifadə etmiş və sığorta ödənişini almışdır. İddiaçı tərəf məbləğlə razılaşmış, həmin məbləğin köçürülməsinə razılıq verdikdən sonra yenidən sığorta ödənişinin edilməsi ilə bağlı hüququnu itirmişdir. Dəymiş zərərin məbləğini sığorta şirkəti özü də müəyyən edə bilər bundan əlavə müqavilə üzrə xidmət göstərilən servisə də göndərə bilər. Qüsur aktlarında göstərilən məbləğin fərqli olması, müxtəlif satış mərkəzlərində müxtəlif qiymətlərin təklif edilməsi ilə bağlı olmuşdur Hesab edir ki, iddiaçı müəyyən edilmiş ziyan məbləği ilə bağlı razılaşdığını bildirdiyindən və sığorta ödənişi aldığından, o həmin ziyan məbləğini yenidən mübahisələndirmək hüququnu itirmişdir. Sonda o, iddianın rədd edilməsini xahiş etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: “Avtomobil nəqliyyatı vasitələrinin tam sığortası” haqqında xx.xx.2023-cü il tarixli şəhadətnamədən görünür ki, sığorta predmeti “Hyundai Granduer” minik markalı, buraxılış ili 2022-ci il, rəngi - ağ mirvari, 77AJ994 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi qeyd olunmuş, sığorta məbləği 51500 manat, sığorta haqqı 2250,55 manat müəyyən edilmişdir. Seriya nömrəsi BB108160 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai Granduer” minik markalı, 77AJ994 dövlət nömrə nişanlı avtomobilin sahibi İddiaçı MMC qeyd olunmuşdur. İddiaçı MMC Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə 27 mart 2024-cü il tarixində məktubla müraciət edərək, İddiaçı MMC-nin mülkiyyətində olan “Hyundai Granduer” minik markalı, buraxılış ili 2022-ci il, ağ mirvari rəngdə olan, 77AJ994 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş 3885 manat zərər məbləğinin şirkətin bank hesabına köçürülməsinin təmin olunmasını xahiş etmişdir. İddiaçı MMC Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə 02 aprel 2024-cü il tarixində məktubla müraciət edərək, İddiaçı MMC-nin mülkiyyətində olan “Hyundai Granduer” minik markalı, buraxılış ili 2022-ci il, ağ mirvari rəngdə olan, 77AJ994 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş 3105 manat məbləğində sığorta ödənişinin bank hesabına köçürülməsinin təmin olunmasını xahiş etmişdir. X12 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli Qüsur aktından görünür ki, “Hyundai Granduer” minik markalı, 77AJ994 dövlət nömrə nişanlı avtomobilin bərpa xərci ümumilikdə 3885 manat məbləğində müəyyən edilmişdir. X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli Qüsur aktından görünür ki, “Hyundai Granduer” minik markalı, 77AJ994 dövlət nömrə nişanlı avtomobilin bərpa xərci ümumilikdə 3105 manat məbləğində müəyyən edilmişdir. “X6 Mərkəzi” MMC tərəfindən verilmiş 05 iyun 2024-cü il tarixli YDQMN099- 029/2024 saylı rəydən görünür ki, “Hyundai Granduer” markalı, 77AJ994 dövlət nömrə nişanlı avtomobilin bərpa xərci 4040 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-62/2024 saylı xx.xx.2024-cü il tarixli hökmündə qeyd olunmuşdur ki, X4 özgənin avtomobilini talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmək məqsədilə xx.xx.2023-cü il tarixdə saat 03 radələrində işlədiyi ünvan 1 ünvanında yerləşən binanın qarajında yerləşən avtomobil yuma məntəqəsinə X1 tərəfindən yuyulma məqsədi ilə verilmiş İddiaçı MMC-yə məxsus “Hyundai Grandeur” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobili Məhərrəm Abdullayev tərəfindən verilmiş avtomobilə məxsus açarla mühərrikini işə salmaqla avtomobili qanunsuz olaraq ələ keçirib qaçırmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. 925.2-ci maddəsinə əsasən sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Sığortaçı zərərin qiymətləndirilməsinə dair məlumatları (zərər dəymiş əmlakın hər bir hissəsinin təmir və ya bərpasına tələb olunan konkret xərclərin məbləği) sığortalıya, sığorta olunana və faydalanan şəxsə kağız daşıyıcıda, habelə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə təqdim etməlidir 925.4-cü maddəsinə əsasən sığorta hadisəsinin araşdırılması və zərərin qiymətləndirilməsi üçün təyin olunan müstəqil ekspertlər və sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxslər bununla bağlı sığortaçının malik olduğu bütün hüquqlardan istifadə edə bilərlər. 925-1.1-ci maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə və bu Məcəllənin 925.2-ci maddəsinə uyğun olaraq sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbləri nəzərə alınmaqla müstəqil ekspert fəaliyyətini həyata keçirən şəxs tərəfindən aparılır. 925-1.2-ci maddəsinə əsasən müstəqil ekspert sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin təklif etdiyi üç müstəqil ekspertin sırasından seçilərək 3 (üç) iş günü ərzində sığortaçı tərəfindən təyin edilir. 925-1.3-cü maddəsinə əsasən sığortaçı bu Məcəllənin 925-1.2-ci maddəsində müəyyən edilmiş müddət ərzində müstəqil eksperti təyin etmədikdə sığortalı, sığorta olunan və ya faydalanan şəxs zərərin qiymətləndirilməsi üçün özünün seçdiyi müstəqil ekspertə müraciət etmək hüququna malikdir. 925-1.4-cü maddəsinə əsasən müvafiq hallarda sığortalı, sığorta olunan və ya faydalanan şəxs bu Məcəllənin 925-1.2-ci maddəsinə uyğun olaraq zərərin müstəqil ekspert tərəfindən qiymətləndirilməsinin nəticələrini qəbul etmədikdə həmin maddədə nəzərdə tutulmuş qaydada zərərin təkrar qiymətləndirilməsini tələb edə bilər. 927.2-ci maddəsinə əsasən zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında bu Məcəllənin 927.4-cü maddəsi nəzərə alınmaqla, aşağıdakı formalardan hər hansı birində həyata keçirilir (ödənilir): 927.2.1. zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi; 927.2.2. sığorta hadisəsi nəticəsində dəyən zərərin aradan qaldırılması üçün sığortalıya (sığorta olunana və ya faydalanan şəxsə) göstərilən xidmətlərin və ya satılan əşyaların dəyərinin xidmət göstərənə və ya satıcıya ödənilməsi; 927.2.3. sığorta predmeti olan, yaxud zərərçəkmiş üçüncü şəxsə məxsus əmlakın təmiri və ya bərpası; 927.2.4. sığorta müqaviləsində nəzərdə tutularsa, həmin müqavilədə müəyyən edilən şərtlər əsasında sığorta predmeti olan əmlakın dəyişdirilməsi. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun: 10.2-ci maddəsinə əsasən icbari sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz. 16.2. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1-ci maddəsinə uyğun olaraq bu Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan müstəqil ekspert tərəfindən aparılır. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 10.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxsləri və müstəqil ekspertləri yalnız bu Qanunun 95.3-cü maddəsində nəzərdə tutulmuş reyestrə daxil edilmiş olduqları halda sığorta əməliyyatları üzrə xidmət göstərmək üçün cəlb oluna bilərlər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sığortalı İddiaçı MMC-nin mülkiyyətində olan “Hyundai Granduer” minik markalı, buraxılış ili 2022-ci il olan, 77AJ994 dövlət qeydiyyat nişanlı avtomobili cavabdehdə sığorta etdirməsi, həmin nəqliyyat vasitəsinə xx.xx.2023-cü il tarixində baş vermiş yol-nəqliyyat hadsəsi nəticəsində zərər dəyməsi, dəymiş zərərlə bağlı iki qüsur aktının tərtib edilməsi, sığortaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığortalıya 2905 manat məbləğində sığorta ödənişinin edilməsi işin mübahisələndirilməyən hallarıdır. İddiaçı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-62/2024 saylı xx.xx.2024cü il tarixli hökmünə istinad etməklə, məhkəmə istintaqı dövründə, həmçinin məhkəmə araşdırması zamanı iddiaçıya dəymiş zərərin məbləğinin 3885 manat olduğunu, cavabdeh tərəfindən iddiaçıya 3885 manat məbləğindən 2905 manatın ödənildiyini, yerdə qalan 980 manat məbləğində sığorta ödənişinin ona ödənilməsini tələb etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi əsassızdır. Belə ki, sığortalıya məxsus avtomobilə dəymiş zərərin məbləğinin məhkəmə hökmündə qeyd edilməsi hazırki iş üzrə preyudisial əhəmiyyət daşımır. Çünki MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir, həmin iş üzrə dəymiş zərərin məbləği ilə bağlı preyudisial deyildir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, icbari sığorta qanunvericiliyinə əsasən sığorta hadisəsi baş verdikdə dəymiş zərərin miqdarı sığortaçının özü və ya sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edilir. İddiaçı sığorta hadisəsi nəticəsində avtomaşınına dəymiş ziyan məbləği ilə bağlı ikinci qüsur aktı ilə razı olmadığını iddia etsə də, 02 aprel 2024-cü il tarixli məktubla sığortaçı tərəfindən ikinci qüsur aktı ilə müəyyən edilmiş ziyan məbləğinin ödənilməsinə razılığını ifadə etmiş və sığorta ödənişini almışdır. İddiaçı sığortaçı tərəfindən müəyyən edilmiş ziyan məbləği ilə bağlı razılığını bildirdiyindən və sığorta ödənişi aldığından o, həmin ziyan məbləğini yenidən mübahisələndirmək hüququnu itirmişdir. İcbari sığorta qanunvericiliyinə əsasən sığortaçının sığortalı qarşısında öhdəliyi qanunla müəyyən edilmiş həddə yaranır. Yəni sığortaçı sığortalıya sığorta ödənişini qanunla müəyyən edilmiş prosedur həyata keçirildikdən sonra ödəyir. Həmin prosedur sığorta hadisəsinin müəyyən edilməsi, ziyanın hesablanması və sığorta ödənişinin ödənilməsindən ibarətdir. Qanun sığortalıya hər mərhələ üzrə sığortaçının hərəkətlərini mübahisələndirmək hüququnu vermişdir. İddiaçı yol-nəqliyyat hadisəsi zamanı avtomaşınına 3885 manat ziyan vurulmasını hesab etmişdirsə, bu halda sığortaçı tərəfindən müəyyən edilən ziyan məbləği ilə razı olmamaq və onu mübahisələndirmək hüququ var idi. Lakin iddiaçı bu hüququndan istifadə etməmiş və ikinci qüsur aktı ilə müəyyən edilmiş ziyan məbləği ilə razılaşaraq sığorta ödənişini almışdır. Beləliklə, məhkəmə mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsassız sayır və onun rədd edilməsi qənaətinə gəlir. Məhkəmə MPM-in 119-cu maddəsinə əsasən hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu və hüquqi xidmətə görə ödəniş iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı MMC-nin cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-4660/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4660/2024
17.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver