Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4661/2024 11.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı, göndərmə müqaviləsi, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı "pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı QSC kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən 3264 manat əsas borc, 587,52 manat ƏDV borcu olmaqla, ümumilikdə 3851,52 manat məbləğində borc, ödənişin gecikdirilməsinə görə hesablanmış cərimə məbləği 163,68 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 61 manat məbləğində pulun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixində, 22/087 nömrəli alqı-satqımüqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, satıcı, yəni iddiaçı bu müqavilədə qeyd olunan malları DDP Bakı, Azərbaycan şərtilə Alıcının, yəni Cavabdehin ünvanına çatdırır, Alıcı isə Müqavilə əsasında Malların dəyərini ödəyir. Müqavilə üzrə öhdəliklər iddiaçı tərəfindən icra olunmuş, çatdırılması nəzərdə tutulmuş mallar Cavabdeh MMC-yə təhvil verilmişdir. Malların çatdırılması müvafiq təhvil-təslim aktları ilə rəsmiləşdirilmiş, bu çatdırılma ilə bağlı invoyslar və elektron qaimə-fakturalar təqdim olunmuşdur. Müqavilənin 3.2-ci maddəsinə əsasən cavabdeh müvafiq ödəniş üçün öhdəlik daşıyır. Buna baxmayaraq, çatdırılmış malların dəyəri olan 3264 manat əsas borc, 587,52 manat ƏDV borcu olmaqla, ümumilikdə 3851,52 manat məbləğində borc bugünədək İddiaçı QSC-yə ödənilməmişdir. Bundan əlavə, cavabdeh tərəfindən öhdəliklərin vaxtında icra olunmamasına görə 163,68 manat dəbbə pulu hesablanmışdır. Belə ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Elektron qaimə-fakturaların Alıcıya təqdim edildiyi tarixlər üçün, yəni xx.xx.2023-cü il tarixi üçün bank uçot dərəcəsi illik 8.5% müəyyən olunmuşdur. Borcun qaytarılmalı olduğu tarixdən indiki vaxta qədər uçot faiz dərəcəsi ilə hesablanmış məbləğ (6 ay üçün 4.25% olmaqla) ümumilikdə 163,68 manat təşkil edir. Cavabdeh xx.xx.2024-cü il tarixində iddia tələbinə münasibətdə etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, aralarında iddia tələbinə dair mübahisə vardır. Cavabdeh iddiaçı tərəfə 1264+18% ƏDV məbləğ ödəmişdir. Əlavə edilmiş sənədlərdə bank çıxarışı bunu təsdiq edir. İddia olunan məbləğdə qarşı tərəfə borcu yoxdur. Təqdim edilən sənədlər iddia tələbi ilə mübahisə doğurur. işinin araşdırması üçün şifahi icraat qaydasında işə baxılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-4661/2024 saylı qərardadı ilə iddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı "pul” tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verilmiş ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alnmışdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, iddiaçı tərəfindən təchiz edilmiş malların əvəzi olaraq müəyyən edilmiş ödəniş 2000 manat əsas borc, 360 manat ƏDV borcu olmaqla, ümumilikdə 2360 manat məbləğində borc, ödənişin gecikdirilməsinə görə hesablanmış cərimə məbləği 163,68 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 61 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 427, 441, 442.1, 448.2-ci maddələrinə istinad olunmuşdur. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: İddiaçı QSC (Satıcı) və Cavabdeh MMC (“Alıcı”) arasında imzalanmış 19 sentyabr 2022-ci il tarixli 22/087 nömrəli malların alqı-satğısı haqqında müqavilədən görünür ki, icraçı malları təchiz edir və xidmətlər göstərir, Sifarişçi isə həmin malları və xidmətləri alır. Hər hansı bir təchiz ediləcək malların və xidmətlərin təsviri, miqdarı, təchizat müddəti və şərtləri, həmçinin qiymətləri və ödəniş şərtləri Satınalma Sifarişində və ya Xidmət Sifarişində göstəriləcəkdir (bundan sonra «SS» və «XS» adlandırılacaqdır), SS və XS vahid nömrəyə malik olmaqla bu Müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edəcək. Müqavilənin 4-cü bəndinə əsasən hər bir SS/XS-i üzrə ödəniş SS/XS-nin ümumi məbləğini təşkil edir. Başqa qayda tərəflərlə SS/XS-də razılaşdırılmayıbsa, Sifarişçi, təchiz edilmiş malların və göstərilmiş xidmətlərin dəyərini İcraçı tərəfindən təqdim edilmiş hesab-faktura və tərəflərlə imzalanan təhvil-təslim aktı əsasında 30 (otuz) təqvim günü ərzində İcraçının bank hesabına ödəyir. Hesab fakturanın ödənilməsi zamanı əgər ödəniş ölkə xaricindən olunacaqsa, yaranan bank xərcləri Müştəri tərəfindən ödənilməlidir. Müqavilənin 8-ci bəndinə əsasən Zəmanət müddəti ərzində təchiz olunmuş mallarda və ya göstərilmiş xidmətlərdə qüsurlar aşkar edildikdə, yaxud malların və ya xidmətlərin keyfiyyəti müqavilənin texniki şərtlərilə uyğun gəlmədikdə Sifarişçinin qüsuru aşkar etdiyi tarixdən 3 (üç) iş günü ərzində İcraçıya etiraz göndərmək hüququ vardır. Etiraz yazılı şəkildə təqdim edilməlidir. İcraçının öz təmsilçisi vasitəsilə etirazın əsaslılığını yerindəcə yoxlamaq hüququ vardır. Əgər etiraz əsaslı olarsa və zəmanət müddətində verilmişdirsə, İcraçı mallardakı və ya xidmətlərdəki qüsuru aradan qaldırmalı və yaxud malların qüsurlu qismini dəyişdirməlidir. Dəyişdirilən malların təchizi və xidmətlərdə qüsurun aradan qaldırılması bu müqavilənin şərtlərinə uyğun olaraq yerinə yetirilir . İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə 3264 manat məbləğində malların dəyərinin ödənilməsi üçün 19 dekabr 2023-cü il tarixli İN23-05405 saylı hesab-faktura və MT2312 seriyalı, 00187009 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə təqdim edilmişdir. “A” formalı 203OPX********** nömrəli 28 iyun 2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı QSC-yə 1264 manat ödəniş edilmişdr. xx.xx.2024-cü il tarixli GP240627006 nömrəli ödəniş tapşığından görünür ki, İddiaçı QSC tərəfindən 61 manat dövlət rüsumu ödənmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə görə mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə görə mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqavilələrə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müyyən olunmuş müddətdə tam ödəməmişdir. Bu fakt e-qaimələrlə də öz təsdiqini tapır, çünki mübahisə yaranan dövr və ondan əvvəlki müddət ərzində tərəflərin qarşılıqlı münasibətlərində bu cür işgüzar adət, praktika və ya öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu formalaşmışdır ki, əvvəllərdə iddiaçı tərəfindən satılan mallarla bağlı verilmiş e-qaimələr əsasında cavabdeh tərəfindən müxtəlif ödənişlər edilmişdir. Həmçinin iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində müqavilə üzrə borclu olduğu məbləğdən 1264 manat ödəniş edilmiş, yerdə qalan məbləğin ödənilməsi ilə bağlı və borcun olmamasını təsdiqedən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, tərəflər arasındakı işgüzar münasibətləri cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malın cavabdehə təhvil verildiyini, cavabdehin öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı malların dəyərini tam, 2360 manat pulu ödəmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır, buna görə də 2360 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əsas məbləğin gecikdirilməsinə ödənilməsinə görə illik beş faiz hesablanmaqla 163,68 manat məbləğində vəsaitin ödənilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə, borcun ödənilməsini gecikdirdiyinə görə iddiaçının əsas borca hesablanmış illik beş faiz ödənilməsini tələb etmək hüququ vardır, lakin həmin məbləğ azaldılaraq əsas borca nisbətdə hesablanmaqla 118 manat hissədə təmin olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyi üçün ödənilmiş 61 manat dövlət rüsumunun 60 manatının əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 22/087 saylı, xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasənə əsasən 2360 manat əsas borc, 118 manat cərimə məbləği, ümumilikdə 2478 (iki min dörd yüz yetmiş səkkiz) manat, habelə ödənilmiş dövlət rüsumunun 60 (altmış) manatının əvəzi tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-4661/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4661/2024
11.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver