Məhkəmə qərarları › İş №e-2-2(113)-4662/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4662/2025

14.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4662/2025 14.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya işinə məhkəmənin açıq baxış iclasında baxıldı. İşin halları:

1. İddiaçı (İddiaçı MMC) Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2024-cü il tarixli, AMS070324SA1232S saylı müqaviləyə əsasən əsas borc 1666,49 manat (min altı yüz altmış altı manat qırx doqquz qəpik), pul vəsaitinin qanunsuz saxlanmaqla pul öhdəliyinin icra edilməməsinə görə (gecikdirdiyi hər gün üçün ümumi məbləğin 0.2%-i hesablanmaqla) 1398,6 manat (min üç yüz doxsan səkkiz manat altmış qəpik) cərimə, özgəsinin pul vəsaitini qanunsuz saxlamağa və onu qaytarmaqdan boyun qaçırmağa görə 140 (yüz qırx manat) manat gecikmə faizi, hüquqi xidmət göstərilməsinə görə vəkilə ödənilmiş 500 (beş yüz manat) manat xidmət haqqı və 54 (əlli dörd manat) manat dövlət rüsumu olmaqla, ümumilikdə 3759,09 manat (üç min yeddi yüz əlli doqquz manat doqquz qəpik) məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X1” MMC (reyestrdə edilmiş müvafiq dəyişikliklərdən sonra İddiaçı MMC) və fiziki şəxs Cavabdeh2 arasında sürtkü yağları və filterlərin satışı ilə bağlı xx.xx.2024-cü il tarixli, AMS070324SA1232S saylı müqavilə bağlanmışdır. Müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymət razılaşdırılması protokoluna əsasən alıcı Cavabdeh2 mallar təqdim edilmişdir. Təhvil verilmiş mallara dair bir qisim ödəniş edilsə də, hazırda 1412,28 manat əsas borc və 254,21 manat ƏDV daxil (ümumilikdə 1666,49 manat) borcu qalmışdır. AMS070324SA1232S saylı müqaviləyə əsasən borclu fiziki şəxs Cavabdeh2 ümumilikdə müqavilə üzrə ödəməli olduğu 1666,49 manat (əsas borc və ədv daxil) pul vəsaitini ödəməmişdir. Tərəflər arasında bağlanmış sürtkü yağları və filterlərin satışı ilə bağlı xx.xx.2024-cü il tarixli, AMS070324SA1232S saylı müqavilənin 7.3-cü bəndinə əsasən “ödəniş hər gecikdirilmiş gün üçün ümumi məbləğin 0,2% həcmində cərimə ödəməyi alıcı öhdəsinə götürür”. Müqavilənin qüvvəyə mindiyi xx.xx.2024-cü il tarixdən iddia ərizəsinin məhkəməyə təqdim edildiyi günədək (xx.xx.2025-ci il) artıq cavabdeh 14 ay (420 gün) olacaq ki, müqavilə üzrə öhdəliyini icra etmir. Bu səbəbdən cavabdeh həm əsas borc (yəni, 1666,49 manat), həm də borcun ödənilməsinin gecikdirilməsinə görə ümumi məbləğin 0.2% həcmində (bir gün üçün 1666x0,2:100=3,33), yəni 420 gün üçün ümumilikdə (420x3,33=1398,6 manat) məbləğində cərimə ödəməlidir. Hazırda müqavilənin sonuncu icra edilməli olan tarixindən pul vəsaitinin qanunsuz saxlanılması üçün cavabdehdən müvafiq faiz tutulmalıdır. İddia verildiyi günə görə bank uçot faiz dərəcəsi 7,25% təşkil edir. Odur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırdığına görə cavabdeh iddianın verildiyi günədək 14 ay (420 gün) müddət hesablanmaqla (1 il üçün 7,25%, 14 ay üçün isə 8,4% hesablanmaqla) əsas borcun 8,4%-i məbləğində gecikmə faizi ödəməlidir. (1666,49x8,4:100=140 manat). Pretenziyada da qeyd edildiyi kimi, borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyinə görə hüquqi xidmət göstərilməsinə görə vəkilə ödənilmiş 500 manat xidmət haqqı Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, müqavilə üzrə borclu Cavabdeh2 əsas borc 1666,49 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə gecikdirilmiş hər gün üçün ümumi məbləğin 0,2% həcmində hesablanmaqla 1398,6 manat cərimə, özgəsinin pul vəsaitini qanunsuz saxlamağa və onu qaytarmaqdan boyun qaçırmağa görə isə 140 manat gecikmə faizi, hüquqi xidmət göstərilməsinə görə vəkilə ödənilmiş 500 manat xidmət haqqı və 54 manat dövlət rüsumu olmaqla, ümumilikdə (1666,49+1398,6+140+500+54=3759,09 manat) 3759,09 manat məbləğində pul vəsaitini “X1” MMC-nin xeyrinə ödəməlidir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 445.1, 448.1, 448.2, 449.1-ci maddələrinə istinad edilmişdir.

4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.

5. Cavabdeh2 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli, O000885530 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı hazırkı müqavilənin şərtlərinə uyğun olaraq, sürtkü yağları və filterləri alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul etməyi və malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürür; 2.1-ci bəndinə əsasən malların qiyməti müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymət razılaşdırılması protokolunda göstərilir; 3.1-ci bəndinə satıcı müqavilədə imzalandığı tarixdən alıcı tərəfindən öncədən sifarişi qəbul edir və sifarişlərə uyğun olaraq razılaşdırılmış çeşiddə, miqdarda və müddətdə malı alıcının nümayəndəsi təhvil verir; 7.1-ci bəndinə əsasən hazırkı müqavilə üzrə ödənişlər qiymət razılaşdırılması protokoluna əsasən həyata keçirilir; 7.2-ci bəndinə əsasən ödəniş şərtləri qiymət razılaşdırılması protokolunda göstərilmədiyi halda mallar təhvil verildikdən sonra 5 təqvim günü ərzində həyata keçirilir; 7.3-cü bəndinə əsasən ödəniş hər gecikdirilmiş gün üçün ümumi məbləğin 0,2% həcmində cərimə ödəməyi alıcı öz öhdəsinə götürür. Müqavilə tərəflərin imzası və “X1” MMC-nin möhürü ilə təsdiq edilmişdir.

8. xx.xx.2024-cü il tarixli, 4317 nömrəli qiymət razılaşdırılması protokolunun məzmunundan müəyyən olunur ki, “X1” MMC tərəfindən Cavabdeh2 protokolda adıçəkilən və ümumi dəyəri 980,79 manat olan malın təhvil verilməsi barədə razılıq əldə edilmişdir. Protokol tərəflərin imzası və “X1” MMC-nin möhürü ilə təsdiq edilmişdir.

9. xx.xx.2024-cü il tarixli, 4911 nömrəli qiymət razılaşdırılması protokolunun məzmunundan müəyyən olunur ki, “X1” MMC tərəfindən Cavabdeh2 protokolda adıçəkilən və ümumi dəyəri 685,7 manat olan malın təhvil verilməsi barədə razılıq əldə edilmişdir. Protokol tərəflərin imzası və “X1” MMC-nin möhürü ilə təsdiq edilmişdir.

10. “X1” MMC ilə Cavabdeh2 arasında imzalanmış xx.xx.2024-cü il tarixli, 4317 nömrəli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, “X1” MMC tərəfindən Cavabdeh2 aktda adıçəkilən və ümumi dəyəri 980,79 manat olan mal təhvil verilmişdir. Akt tərəflərin imzası və “X1” MMC-nin möhürü ilə təsdiq edilmişdir.

11. “X1” MMC ilə Cavabdeh2 arasında imzalanmış xx.xx.2024-cü il tarixli, 4911 nömrəli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, “X1” MMC tərəfindən Cavabdeh2 aktda adıçəkilən və ümumi dəyəri 685,7 manat olan mal təhvil verilmişdir. Akt tərəflərin imzası və “X1” MMC-nin möhürü ilə təsdiq edilmişdir.

12. xx.xx.2024-cü il tarixli, MT2403 seriyalı, 00282435 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, “X1 Group” MMC tərəfindən Cavabdeh2 yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 980,79 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2024-cü il tarixli, AMS0703245A1232S nömrəli müqavilə qeyd edilmişdir.

13. xx.xx.2024-cü il tarixli, MT2406 seriyalı, 11075163 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, “X1 Group” MMC tərəfindən Cavabdeh2 yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 685,7 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2024-cü il tarixli, AMS0703245A1232S nömrəli müqavilə qeyd edilmişdir. Qaimə tərəflərin imzası ilə təsdiq edilmişdir.

14. İddiaçı MMC tərəfindən Cavabdeh2 göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan müəyyən olunur ki, müqavilə üzrə 1666,49 manat borcun 5 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 598.3-ci maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmənin mövqeyi

17. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, iddiaçı alqı-satqı müqaviləsinə əsasən malları alıcının mülkiyyətinə versə də, cavabdeh qəbul etdiyi malların əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəməmişdir. Həmin hal işdə olan sübutlarla (müqavilə, elektron qaimələr, qiymət razılaşdırma protokolları, təhvil-təslim aktları) ilə öz təsdiqini tapır.

18. İddia tələbinin bir hissəsini 1666,49 manat məbləğində əsas borcun tutulması təşkil edir.

19. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, cavabdehin qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, belə olan halda isə iddiaçının həmin məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi qeyd edilən hissədə tam təmin edilməli, Cavabdeh2 xx.xx.2024-cü il tarixli, AMS070324SA1232S saylı müqaviləyə əsasən 1666,49 manat (min altı yüz altmış altı manat qırx doqquz qəpik) borc tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş 2 təhviltəslim aktından müəyyən olunur ki, "xxxx" MMC tərəfindən Cavabdeh2 ümumi dəyəri 1669,49 manat (980,79+685,7=1669,49) olan mal təhvil verilmişdir. Həm təhvil-təslim aktları, həm də təhvil-təslim aktları əsasında göndərilmiş elektron qaimələr Cavabdeh2 tərəfindən imzalanmışdır.

20. İddia tələbinin digər hissəsini cavabdehdən 1398,6 manat cərimə məbləğinin tutulması təşkil edir.

21. Məhkəmə hesab edir ki, borc məbləği iddiaçıya müqavilə ilə razılaşdırılmış vaxtda ödənilmədiyindən və cavabdeh tərəfindən öhdəliklərin icrası gecikdirildiyindən və müqavilədə nəzərdə tutulduğundan iddiaçının cavabdehdən cərimə tələb etmək hüququ vardır.

22. Məhkəmə tərəflərin əsaslı mənafelərini, cərimə məbləğinin əsas borc məbləğinə olan nisbətini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 100 (yüz) manat müəyyən edilməli, cərimə borcunun tutulması ilə bağlı iddia tələbi qalan hissədə təmin edilməməlidir.

23. İddia tələbinin digər hissəsini cavabdehdən MM-nin 449-cu maddəsinə əsasən 140 manat gecikmə faizinin tutulması təşkil edir.

24. Hesab olunur ki, MM-nin 598.3-ci maddəsinə əsasən cavabdeh alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanın dəyərini vaxtında ödəmədiyindən, iddiaçı əşyanın dəyərinin ödənilməsini və eyni zamanda MM-nin 449-cu maddəsinə uyğun faizlərin ödənilməsini tələb etmək hüququna malikdir.

25. Məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə qismən təmin edilməli, Cavabdeh2 xx.xx.2024-cü il tarixli, AMS070324SA1232S saylı müqaviləyə əsasən 119,1 manat (yüz on doqquz manat on qəpik) faiz məbləği tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə təmin olunmamalıdır.

25. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 7.2-ci bəndinə əsasən ödəniş şərtləri qiymət razılaşdırılması protokolunda göstərilmədiyi halda mallar təhvil verildikdən sonra 5 təqvim günü ərzində həyata keçirilir. Ödəniş şərtləri qiymət razılaşdırılması protokollarında göstərilməmişdir. Ona görə də mallar təhvil verildikdən sonra 5 təqvim günü ərzində ödəniş həyata keçirilməliydi. Ümumi dəyəri 980,79 manat təşkil edən xx.xx.2024-cü il tarixli, MT2403 seriyalı, 00282435 nömrəli elektron qaimə üzrə mallar xx.xx.2024-cü il tarixdə təhvil verilmişdir. Həmin qaimə üzrə gecikmənin başlanma tarixi xx.xx.2024-cü ildən hesablanmalıdır. İddiaçı gecikmə faizlərini xx.xx.2025-ci il tarixədək hesablamışdır. Ona görə də xx.xx.2024-cü ildən xx.xx.2025-ci il tarixədək gecikmə günlərinin sayı 413 gün edir. Beləliklə, həmin qaimə üzrə 413 gün gecikmə müddəti üçün faiz məbləği hesablanmalı, cavabdehdən həmin qaimə üzrə bank uçot dərəcəsi 7% götürülməklə, 77,68 manat (980,79x7:100:365x413=77,68) tutulmalıdır.

27. Ümumi dəyəri 685,7 manat təşkil edən xx.xx.2024-cü il tarixli, MT2406 seriyalı, 11075163 nömrəli elektron qaimə üzrə mallar xx.xx.2024-cü il tarixdə təhvil verilmişdir. Həmin qaimə üzrə gecikmənin başlanma tarixi xx.xx.2024-cü ildən hesablanmalıdır. xx.xx.2024-cü ildən xx.xx.2025-ci il tarixədək gecikmə günlərinin sayı 315 gün edir. Ona görə də həmin qaimə üzrə 315 gün gecikmə müddəti üçün faiz məbləği hesablanmalı, cavabdehdən həmin qaimə üzrə bank uçot dərəcəsi 7% götürülməklə, 41,42 manat (685,7x7:100:365x315=41,42) tutulmalıdır. Beləliklə, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan ümumi faiz məbləği 119,1 manat (77,68+41,42=119,1) edəcək.

28. Eləcə də, iddiaçı hüquqi xidmət göstərilməsinə görə vəkilə ödənilmiş 500 (beş yüz manat) manat xidmət haqqı və 54 (əlli dörd manat) manat dövlət rüsumunun cavabdehdən tutulmasının xahiş etmişdir.

29. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 30,62 manat (otuz manat altmış iki qəpik) dövlət rüsumu və 500 (beş yüz) manat hüquqi yardım xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 xx.xx.2024-cü il tarixli, AMS070324SA1232S saylı müqaviləyə əsasən 1666,49 manat (min altı yüz altmış altı manat qırx doqquz qəpik) borc, 100 (yüz) manat cərimə, 119,1 manat (yüz on doqquz manat on qəpik) faiz məbləği, 500 (beş yüz) manat hüquqi yardım xərci və ödənilmiş dövlət rüsumununa görə 30,62 manat (otuz manat altmış iki qəpik) olmaqla, ümumilikdə 2416,21 manat (iki min dörd yüz on altı manat iyirmi bir) məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar