Məhkəmə qərarları › İş №e-2-2(113)-4667/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4667/2023

13.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4667/2023 13.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, cərimə pulu və mediasiya xərci ) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndələrinin iştirakı olmadan, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29.731 manat əsas borc və ödənilmiş 210 manat mediasiya xərcinin tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 30 sentyabr 2019-ci il tarixdə yataq, qonaq, uşaq, yumşaq və digər mebellərin satışı ilə əlaqədar №-0011 saylı Nisyə alqı-satqı Müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən sifarişçi Cavabdeh istənilən üsulla sifariş edilmiş mebelləri müqavilə şərtləri ilə son istehlakçılara satmaq məqsədi ilə sifarişçinin mülkiyyətinə verməyi, sifarişçi isə bu müqavilə ilə razılaşdırılmış şərtlərlə qiymətləri ona ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh "xxxx" MMC-dən götürdüyü malların dəyərini tam ödəməmiş və nəticədə "xxxx" MMC-yə 29.731 manat məbləğində borcu əmələ gəlmişdir. Bununla əlaqədar Cavabdeh ilə 16 may 2023-ci il tarixdə üzləşmə aktı tərtib edilmişdir. Cavabdeh 29731 manat məbləğində borcu olduğunu öz imzası ilə təsdiq etmişdir. Hal-hazırda Cavabdeh "xxxx" MMC-yə 29731 manat məbləğində borcu vardır. Cavabdeh borcunun ödənilməsi ilə əlaqədar dəfələrlə xəbərdarlıq edilmişdir. O, hər dəfə borcunu ödəyəcəyini bildirsə də, müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən əsassız olaraq boyun qaçırır. Onun bəhanələri məsuliyyətdən boyun qaçırma məqsədi daşıyan formal xarakterli subyektiv mülahizələrindən ibarətdir. Cavabdeh borcunun ödənilməsi ilə əlaqədar 05 iyun 2023-ci il tarixində iddia və bildirişi məktubu göndərilmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.1994-cü il tarixdə kommersiya qurumu kimi qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi 6 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli Çıxarışa əsasən Nümayəndə Təvəkkül oğlu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisidir. Hal-hazırda "xxxx" MMC ********** saylı VÖEN əsasən fəaliyyət göstərir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “WOODPECKER” ticarət nişanı ilə mebel məhsullarının istehsalı və satışı ilə məşğul olur.

3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh 29.100 manat əsas borc və ödənilmiş 210 manat mediasiya xərcinin tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC-dən götürdüyü malların dəyərini tam ödəməmiş və nəticədə "xxxx" MMC-yə 29100 manat məbləğində borcu əmələ gəlmişdir. Bununla əlaqədar Cavabdeh ilə 16 may 2023-ci il tarixdə üzləşmə aktı tərtib edilmişdir. Cavabdeh 29100 manat məbləğində borcu olduğunu öz imzası ilə təsdiq etmişdir. Hal-hazırda Cavabdeh "xxxx" MMC-yə 29100 manat məbləğində borcu vardır. Cavabdeh borcunun ödənilməsi ilə əlaqədar dəfələrlə xəbərdarlıq edilmişdir. O, hər dəfə borcunu ödəyəcəyini bildirsə də, müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən əsassız olaraq boyun qaçırır.

II. Tərəflərin mövqeləri:

5. İddiaçı xx.xx.2023-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixə təyin olunan məhkəmə baxışı icalsının nümayəndələrinin iştirakı olmadan baxılaraq, qətnamə çıxarılmasını xahiş etmişdir. Cavadeh Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.

6. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı ilə X1 (VÖEN:**********, FİN:xxxxxxx) arasında bağlanmış xx.xx.2019-cu il taixli 0011 saylı alqı-satqı müqaviləsinə əsasən:

9. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı istəniən üsulla sifariş edilmiş yataq, qonaq, uşaq, yumşaq və digər mebelləri müqavilə şərtləri ilə son istehlakçılara satmaq məqsədi ilə alıcının mülkiyyətinə verməyi, alıcı isə bu müqavilə ilə razılaşdırılmış şərtlərlə qiymətləri ona ödəməyi öz öhdəsinə götürür.

10. Müqavilənin 2.1-ci bəndinə əsasən satıcı hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymət razılaşma prokolunda göstərilən malları alıcıya satır.

11. Müqavilənin 3.1-ci bəndinə əsasən satıcının təqdim etdiyi qaimə-fakturaya əsasən malların dəyərini satıcının bank hesabına köçürmə yolu ilə ödəyir.

12. Müqavilənin 4.1-ci bəndinə əsasən mallar alıcıya onun tələbnaməsinə uyğun hazırlanmış və tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış qaiməfaktura əsasında təhvil verilir.

13. Müqavilənin 5.1-ci bəndinə əsasən alıcı malların dəyərini qiymət razılaşma protokoluna uyğun olaraq, təqdim olunmuş hesab-fakturaya əsasən satıcıya ödəməlidir.

14. Müqavilənin 5.2-ci bəndinə əsasən müqaviləyə əsasən malın dəyəri satıcının təqdim etdiyi qaimə-fakturanı aldıqdan sonra 1 iş günü ərzində nağd və ya bank hesabına köçürmə yolu ilə həyata keçirilir.

15. xx.xx.2023-cü il tarixli, 0011 nömrəli xx.xx.2019-cu il tarixli müqavilə üzrə olan üzləşmə aktına əsasən Cavabdeh (VÖEN:**********, FİN:xxxxxxx) "xxxx" MMC-yə yataq, qonaq, uşaq, yumşaq və digər mebellərə görə 29.731 manat borcu olmasını imzası ilə təsdiqləmişdir.

16. İşdə olan xx.xx.2023-cü il tarixli, 6272 saylı Müştəri Sifarişi adlı sənəddən görünür ki, Cavabdeh borcunun 29100 manat olmasını əl yazısı və imzası ilə təsdiq etmişdir.

17. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

19. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

20. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

21. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.

22. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

23. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

24. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər

25. Tərəflər arasında xx.xx.2019-cu il tarixli 0011 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən 1.1-ci bəndinə əsasən satıcı istənilən üsulla sifariş edilmiş yataq, qonaq, uşaq, yumşaq və digər mebelləri müqavilə şərtləri ilə istehlakçılara satmaq məqsədi ilə alıcının mülkiyyətinə verməyi, alıcı isə bu müqavilə ilə razılaşdırılmış şərtlərlə qiymətləri ona ödəməyi öz öhdəsinə götürmüşdür.

26. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – sifariş cədvəli və üzləşmə aktı ilə təsdiqini tapdığı üçün iddia tələbinin 29.100 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.

27. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 29100 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 29100 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

28. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 210 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir.

29. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

30. Digər tərəfdən MPM-in:

31. 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

32. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

33. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.

34. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir.

35. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

36. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 210 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 0011 saylı alqı-satqı müqaviləsi üzrə 29100 (iyirmi doqquz min yüz) manat borc, mediasiya xərcinin əvəzi olaraq 210 (iki yüz on) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar