Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4668/2024 20.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "General Supply” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı "General Supply” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "General Supply” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "General Supply” Qapalı Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 dekabr 2020-ci il tarixli GS-406/20 saylı alqı-satqı müqaviləsinə əsasən ƏDV daxil 12.980 manat və 129 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 30 dekabr 2020-ci il tarixində İddiaçı QSC və “X3” MMC arasında “GS – 406/20” nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin tələblərinə uyğun olaraq müxtəlif çeşidli mallar müqavilənin 3.2-ci maddəsinin tələblərinə uyğun olaraq İddiaçı QSC tərəfindən satılmış və tam qaydalara uyğun şəkildə təhvil-təslim aktları əsasında Cavabdeh MMC-yə təhvil verilmişdir. Lakin, yuxarıda sadalananlara baxmayaraq, alıcı uzun müddət keçməsinə baxmayaraq, dəfələrlə İddiaçı QSC tərəfindən edilmiş şifahi və yazılı xəbərdarlıqları nəzərə almayaraq bugünədək ödəniş öhdəliyini həyata keçirməmişdir. Alıcının müqavilə öhdəliklərindən irəli gələrək xx.xx.2023cü il tarixli, № 4748 saylı hesab faktura üzrə ƏDV daxil 12.980 manat məbləğində borcu vardır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı "General Supply” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı QSC ilə Cavabdeh arasında 30 dekabr 2020-ci il tarixli, “GS – 406/20” nömrəli alqı-satqı müqaviləsi bağlanılmışdır.
11. Müqavilənin 2.1-ci bəndinə əsasən satıcı alıcıya sifariş olunmuş malları satır, alıcı iə həmin malı qəbul edir və müqavilənin ayrılmaz tərkib hissələri olan Əlavə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir.
12. Müqavilə hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq olunmuşdur.
13. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.
14. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı münasibətləri üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan "General Supply” Qapalı Səhmdar Cəmiyyətinin üzərinə düşür.
15. İşdən görünür ki, iddiaçı tərəfindən cavabdehə EBDO seriyalı, 848311 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 12.980 manat olan elektron qaimə və dəyəri 12.980 manat olan, xx.xx.2023-cü il tarixli, 4748 nömrəli hesab-faktura göndərilmişdir.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir.
17. Məhkəmə iclaslarında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək tərəflər arasında formalaşmış işgüzar münasibətlərin elektron qaimə üzərindən həyata keçirildiyini, cavabdeh tərəfindən əvvələr göndərilmiş elektron qaimələr üzrə ödənişlər edildiyini, lakin xx.xx.2023-cü il tarixli qaimə üzrə hər hansı bir ödəniş edilmədiyini bildirərək iddianın təmin olunmasını xahiş etmişdir.
18. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə olunmuş elektron qaimələr və ödəniş sənədlərindən görünür ki, əvvəllər də, tərəflər arasında mal mübadiləsi olmuş və verilmiş mallara görə iddiaçı tərəfindən cavabdehə elektron qaimələr göndərilmiş, cavabdeh də, göndərilmiş olan elektron qaimələr üzrə müvafiq ödənişləri etmişdir.
19. Bu isə o nəticəyə gəlmək üçün əsas verir ki, tərəflər arasında formalaşmış işgüzar münasibətlər məhz elektron qaimələr üzərindən həyata keçirilmişdir.
20. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaya münasibət (etiraz) bildirməmiş, borcun ödənilməsinə dair hər hansı sənədi məhkəməyə təqdim etməmişdir.
21. Belə olan halda, Məhkəmə hesab edir ki, EBDO 848311 saylı, xx.xx.2023-cü il tarixli elektron qaimədə qeyd edilmiş dəyəri 12.980 manat olan mallar iddiaçı tərəfindən cavabdehə verilmiş, cavabdeh isə ona verilmiş malların dəyərini ödəməmişdir.
22. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, 12.980 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənməlidir.
23. Bundan başqa, məhkəmə hesab edir ki, dövlət rüsumunun əvəzi olaraq 129 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
24. Belə ki, işdən görünür ki, dövlət rüsumunun əvəzi olaraq xx.xx.2024-cü il tarixdə, ********** nömrəli qəzblə iddiaçı tərəfindən 129 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.
25. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
26. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 12.980 (on iki min doqquz yüz səksən) manat məbləğində pul Cavabdehndən tutularaq "General Supply” Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 129 (bir yüz iyirmi doqquz) manat məbləğində pul Cavabdehndən tutularaq "General Supply” Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov