Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4669/2022 07.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh QSC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 25665,61 manat əsas borcun və mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 254 saylı inşaat materiallarının alqı-satqısı müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqaviləyə 1 saylı Əlavə olan Spesifikasiya aktında adları qeyd olunan malları “Satıcı” satmağı, “Alıcı” isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Müqaviləyə uyğun olaraq cavabdehin sifarişi ilə müəyyən olunan mallar vaxtında və tam şəkildə ona təhvil verilmişdir. Alqı satqı münasibətlərinin yekununda müştərinin qalıq debitor borcunun müəyyənləşdirilməsi məqsədilə cavabdehin və iddiaçının səlahiyyətli nümayəndələrinin iştirakı ilə “üzləşdirmə aktı” tərtib edilmişdir. xx.xx.2022-ci il tarixli “üzləşdirmə aktı”na əsasən, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il – xx.xx.2022-ci il dövrü üzrə müştərinin 21.750,51 manat əsas, 3.915,10 manat ƏDV məbləği olmaqla ümumilikdə 25.665,61 manat qalıq debitor borcunun olduğu müəyən edilmiş və tərəflərin imzası, möhürü ilə təsdiq edilmişdir. Müqavilənin 8.1-ci maddəsinə uyğun olaraq məsələni həll etmək məqsədilə dəfələrlə tərəflərindən borcun ödənilməsi ilə bağlı cavabdehə şifahi və yazılı xəbərdarlıqlar edilmişdir. Eyni zamanda AR Mülki prosessual qanunvericiliyinə uyğun olaraq xx.xx.2022-ci il tarixdə pretenziya məktubu elektron qaydada cavabdehin müvafiq icra hakimiyyəti orqanında yaradılmış elektron kabinetinə yerləşdirilmişdir. Mübahisənin məhkəmədən kənar həlli məqsədilə “Mediasiya haqqında” AR Qanunun tələblərinə uyğun olaraq cavabdehə mediasiya sessiyasının tətbiq edilməsi ilə əlaqədar təklif göndərilmiş, lakin xx.xx.2022-ci il tarixdə təyin edilmiş iclasda da tərəflər arasında razılığın əldə edilməsi mümkün olmamışdır. Beləliklə iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tamamilə icra olunsa da, cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini bu günə kimi yerinə yetirməmişdir. Belə ki, cavabdeh müəssisədən aldığı malların dəyərini tam ödəməmiş və nəticədə cavabdehə 25665,61 manat məbləğində icra olunmamış borc öhdəliyi qalmışdır. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Ə.Bağırlı iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 19 avqust 2019-cu il tarixli 254 nömrəli alqısatqı müqaviləsinə əsasən bu müqavilədə müəyyən edilmiş şərtlər əsasında müqavilənin ayrılmaz tərkib hissəsi sayılan spesifikasiyada adları göstərilən malları satıcıya satmağı, alıcı isə onu qəbul edib dəyərini ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən malların miqdarının ölçü vahidi, malların çeşidi, müqavilənin ayrılmaz hissəsi sayılan spesifikasiyada göstərilir. Müqavilənin 4.1-ci bəndinə əsasən malların təhvil-təslimi alıcının sifarişindən 2 gün ərzində satıcının anbarında həyata keçirilir. Müqavilənin 4.2-ci bəndinə əsasən satıcının anbarında malların alıcıya təhvil verdiyi gün satıcının öz öhdəliklərini icra etdiyi gün hesab olunur. Həmin tarix malların təhviltəslimi barədə aktla və yaxud malların qəbulu haqqında sənədlə təsdiqlənir. Müqavilənin 5.1-ci bəndinə əsasən ödəmə bank köçürməsi yolu ilə və yaxud nağd hesablaşma (ödəniş) yolu ilə malların alıcıya təhvil verildiyi gündən 30 gün ərzində alıcı tərəfindən həyata keçirilir. Sözügedən müqaviləyə 01 saylı əlavə qiymət cədvəlində müqavilə üzrə satılacaq malların adları, rəngi, çəkisi, qiyməti barədə razılığa gəlinmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli nömrəli xx.xx.2019-cu il – xx.xx.2022-ci il dövrü üzrə üzləşdirmə aktından görünür ki, xx.xx.2022-ci il tarixinə qarşılıqlı yoxlamaya əsasən xx.xx.2022-ci il tarixinə cavabdehin iddiaçıya əsas məbləğdən 21750,51 manat borcu var, ƏDV məbləğdən isə 3915,10 manat borcu var. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 19 avqust 2019-cu il tarixli 254 nömrəli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ümumilikdə 25665,61 manat əsas borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 25665,61 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 25665,61 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan da göründüyü kimi “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2022-ci il tarixli MŞB/11-00644 nömrəli arayışa əsasən, cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 200 manat mediasiya xərci cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh QSC-dən 25665,61 (iyirmi beş min altı yüz altmış beş manat altmış bir qəpik) manat məbləğində pul və ödənilmiş 200 (iki yüz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-4669/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4669/2022
07.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver