Məhkəmə qərarları › İş №e-2-2(113)-467/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-467/2021

17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-467/2021 17.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 , cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı “xxxx” X3 Məsuliyyətli Cəmiyyətinin cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən 3031.00 (üç min otuz bir manat) AZN məbləğindən pul vəsaitinin tutulub İddiaçınə ödənilməsi barədə və digər işlərin icrasının ləngiməsi və hazırda mümkünsüz hala gətirilməsi ilə cavabdeh tərəfindən iddiaçının işgüzar nüfuzuna vurulmuş zərərə görə 10.000 (on min manat) AZN məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə “xxxx” Acıq Səhmdar Cəmiyyəti arasında xx xxxxxxx 2019-cu il tarixdə 04- 10/2019/01 saylı Nəqliyyat-Ekspedisiya müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış müqavilənin predmeti ondan ibarətdir ki, ekspeditor (iddiaçı) cavabdehin sifarişinə əsasən, malın daşınması xidmətini yerinə yetirməyi və ya onların yerinə yetirilməsini təşkil etməyi, sifarişçi (cavabdeh) isə həmin əməliyyatlar müqabilində ekspeditora xidmət haqqını ödəməyi öhdəsinə götürür. Xidmət üzrə hər bir əməliyyata dair xüsusi şərtlər və qiymətlər müqaviləyə edilən əlavələrdə öz əksini tapır. Həmin müqavilənin 4-cü bəndinin 4.1-ci hissəsinə uyğun olaraq hesab-faktura təqdim olunduqdan sonra 5 təqvim günü ərzində ödəniş İddiaçı hesabına və ya nağd qaydada ödənilməlidir. Həmin Müqavilənin 4.4-cu bəndinə əsasən, yük 48 (qırx səkkiz) saat ərzində boşaldılmalıdır. Əks təqdirdə hər gecikdirilmiş gün üçün sifarişçi boş dayanma üçün 100 (yüz) avro ödəməlidir. Müqavilə üzrə xidmətlər tam şəkildə həyata keçirildikdən sonra iddiaçı cavabdehə 127 saylı xx xxxxxx 2020-ci il tarixli və 776 saylı xx xxxxxxx 2019-cu il tarixli hesab faktura göndərmişdir. Sözügedən hesab fakturalar bu günədək ödənilməmişdir. Müqavilənin 4.2-ci maddəsinə əsasən xidmət haqqının ödənilməsi müqavilədə nəzərdə tutulan qaydada həyata keçirilmədikdə və yaxud gecikdirildikdə tərəf gecikdirilmiş hər gün üçün xidmət haqqının ümumi məbləğinin 0.5%-i məbləğində peniya ödəyəcəkdi. Gecikdirilmiş günlərin sayını nəzərə alaraq “xxxx” Açıq Səhmdar Cəmiyyəti "X4" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcu bu günə 3 031.87 (üç min otuz bir manat 87 qəpik) AZN təşkil edir. Bununla da tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı öz üzərinə düşən öhdəliyi tam, vaxtında və lazımi şəkildə icra etmiş, lakin cavabdeh isə həmin müqavilə üzrə öhdəliklərini tam şəkildə icra etməmiş və etməməkdə davam edir.“xxxx” Acıq Səhmdar Cəmiyyətinin iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə öhdəliklərini tam icra etməməsi nəticəsində iddiaçının konstitusion hüquqları pozulur, işgüzar mənafeyinə ziyan vurulur. Buna görə də iddiaçının pozulmuş hüquqları məhkəmə qaydasında bərpa edilməli, müqavilə üzrə icra edilməyən ödəliyinin məcburi qaydada icra edilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulmalı və cavabdeh tərəfindən İddiaçınə vurulan zərər tam şəkildə ödənilməlidir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosessində iştirak etmiş cavabdehin nümayəndəsi Vəkil iddia tələbini qəbul etmədiyini bildirmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ekspeditor İddiaçı ilə sifarişçi “xxxx” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2019-cu il tarixil, xx-xx/2019 nömrəli nəqliyyatekspedisiya müqaviləsinə əsasən, ekspeditor sifarişçinin sifarişinə əsasən malın daşınması xidməti yerinə yetirməyi və ya onların yerinə yetirilməsini təşkil etməyi, sifarişçi isə həmin əməliyyatlar müqabilində ekspeditora xidmət haqqını ödəməyi öhdələrinə götürmüşlər. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 988 nömrəli hesab-fakturadan görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən "X4" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına 1610 (bir min altı yüz on) ABŞ dolları köçürülmüşdür. İş materiallarında olan xx xxxxxxx 2019 tarixli xx/xx/2019 saylı müqaviləyə 1 saylı əlavədən görünür ki, “Türkiyədən 88,30 kg DEV VİNC SANAYİ yükününün Bakıya daşınması” xidməti ilə bağlı yaranmış xidmət haqqı 188 USD təşkil edir. İş materiallarında olan xx xxxxxxx 2019 tarixli xx/xx/2019 saylı müqaviləyə 2 saylı əlavədən görünür ki, ** DM ***/74 AAD 516, Veka Kimya yükün İstanbul, Türkiyə - Qazax, Azərbaycan 1 full TİR daşınması əlavə nəqliyyat xərci” xidmətinin göstərilməsi ilə bağlı yaranmış xidmət haqqı 600 USD təşkil edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 022053 nömrəli elektron qaimədən görünür ki, 776,045,079 saylı fakturalara əsasən beynəlxalq daşıma üzrə “xxxx” ASC-nin "X4” MMC-yə 41391.60 manat borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 724406 nömrəli elektron qaimədən görünür ki, 127 saylı fakturaya əsasən beynəlxalq daşıma üzrə “xxxx” ASC-nin "X4” MMC-yə 1020 manat borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 32 nömrəli ödəniş tapşırığından görünür ki, “xxxx” ASC tərəfindən "X4” MMC-nin hesabına xx.xx.2019 tarixli xx/xx/2019 saylı müqaviləyə 988,079,045 fakturala əsasən tır və yük daşınması üçün 43.809 manat ödəniş edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “X4” Məhdud Məsuliyətli Cəmiyyəti ilə “xxxx” ASC arasında xx.xx.2020-ci il tarixli, xx/xx/2019 saylı nəqliyyat-ekspedisiya müqaviləsi bağlanmışdır. İddiaçı göstərilən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam və lazımi qaydada yerinə yetirməyərək, öhdəlikləri pozmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tədqiqatı dövründə iddiaçı tərəfindən yuxarıda göstərilən müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri tam və ya lazımınca icra etməməsi barədə cavabdeh tərəfindən hər hansı bir dəlil və ya sübut məhkəməyə təqdim olunmamışdır. Bununla da, qeyd olunmuş müqavilənin tərəfi olan iddiaçı tərəfindən üzərinə götürdüyü öhdəliklərin tam icra olunması təkzib olunmazdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh “xxxx” ASC xx.xx.2020-ci il tarixli, xx/xx/2019 saylı yükdaşıma müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə iddiaçıya borcunun yarandığını nəzərə alaraq, iddiaçı müqavilə üzrə yaranmış və ödənilməmiş borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. İş materiallarına əlavə edilmiş xx.xx.20xx xxxxxxx 022053 saylı qaiməsən görünür ki, 319, 60 manat, xx.xx.20xx xxxxxxx 714406 saylı elektron qaimədən görünür ki , 1020 manat məbləğində xidmətin göstərilməsi ilə bağlı “X4” Məhdud Məsuliyətli Cəmiyyətindən “xxxx” ASC-yə elektron qaimə göndərilmiş , qaimə təsdiqlənmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə uyğun olaraq, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, həmin Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “xxxx” Acıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmışdır. İddiaçı göstərilən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam və lazımi qaydada yerinə yetirməyərək, öhdəlikləri pozmuşdur. Nəticədə cavabdehin 1339,6 manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.. AR Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə (cərimə) pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, tutulması tələb olunan dəbbə (cərimə) pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə (cərimə) pulu 132 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə iddia tələbinin işgüzar nüfuza dəymiş ziyanın əvəzi olaraq 10000 manat tələbinə dair hissəsinə münasibətdə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 23.4-cü maddəsinə görə, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 23.6-cı maddəsinə əsasən bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2002-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqe ondan ibarətdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Göründüyü kimi, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, hüququ pozulmasa idi, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər də zərərin anlayışına daxildir. Məhkəmə araşdırması zamanı tərəflər məhkəmə çəkişməsi zamanı iddia etdikləri hər bir hala dair müvafiq sübutları məhkəməyə təqdim etməyə borcludurlar. Odur ki, iddiaçı tərəf iddia tələbinin işgüzar nüfuza vurulmuş zərərin ödənilməsi hissəsinə dair sübutları məhkəməyə təqdim etmədiyindən məhkəmə həmin hissədə də iddianı əsassız sayır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və “xxxx” Açıq Səhmdar Cəmiyyətindən 1339,60 manat əsas borc, 132 manat cərimə məbləği, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsati tutularaq ümumilikdə 1501,60 (min beş yüz bir manat altmış qəpik) manat İddiaçı hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “xxxx” Açıq Səhmdar Cəmiyyətindən 1339,60 manat əsas borc,132 manat cərimə məbləği, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsati tutularaq ümumilikdə 1501,60 (min beş yüz biri manat altmış qəpik) manat İddiaçı hesabına ödənilsin. İddia qalan hissədə rədd edilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar