Məhkəmə qərarları › İş №e-2-2(113)-4672/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-4672/2025

25.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4672/2025 25.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ: İddiaçı (İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilməmiş 4009 (dörd min doqquz) manat məbləğində pul vəsaiti, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 60,09 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında qarşılıqlı razılaşma əsasında bağlanmış alqı-satqı barədə xx.xx.2024-cü il tarixli, 454/2024 saylı müqaviləyə əsasən İddiaçı MMC cavabdehə ümumi dəyəri 4009 (dörd min doqquz) manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə müqaviləyə əsasən həmin məhsulları qəbul etmiş və malların dəyərini pul şəklində ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq, Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və İddiaçı MMC-yə olan borcunun 4009 (dörd min doqquz) manat hissəsini bu günədək ödəməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmiş, eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - Satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 454/2024 nömrəli məhsulların nisyə alqı-satqısı barədə müqavilənin məzmunundan müəyyən olunur ki, satıcı alıcıya nisyə olaraq ümumi dəyəri 4009 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satır. Həmin müqavilənin 2-ci bəndinə əsasən alıcı satıcıdan ümumi dəyəri 4009 manat məbləğində olan müxtəlif çeşidli məhsulları nisyə olaraq qəbul edir; 3-cü bəndinə əsasən alıcı satıcıya 4009 manat məbləğində olan borcunu 3 ay ərzində pul şəklində ödəməyi öhdəsinə götürür; 5-ci bəndinə əsasən alıcı satıcının hesabına ödəməli olduğu vəsaiti nağd və ya köçürülmə formasında yalnız satıcının səlahiyyətli nümayəndəsindən qəbz almaqla ödəyir. Bu qaydanın pozulması nəticəsində yaranmış mübahisəyə görə məsuliyyəti alıcı tərəf daşıyır. Müqavilə tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir. - İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2025-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin məzmunundan müəyyən olunur ki, kreditor tərəfindən borcluya verilmiş müxtəlif çeşidli məhsullar əsasında borclunun kreditora 4009 manat məbləğində borcunun yarandığı müəyyən olunmuşdur. Borclu kreditora 4009 manat borcunun olduğunu tam etiraf edir və bu müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən borclu borc məbləğini müqavilə bağlandıqdan sonra 4009 manat olmaqla, xx.xx.2025-ci il tarixinədək tam olaraq kreditora ödəməyi öhdəsinə götürür; 2.2-ci bəndinə əsasən ödəniş gecikdirildiyi təqdirdə hər gecikdirilən gün üçün ümumi məbləğin 0,5%-i həcmində dəbbə pulu hesablanacaq. Müqavilə tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir. - Cavabdeh tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizənin məzmunundan müəyyən olunur ki, Cavabdeh tərəfindən İddiaçı MMC ilə bağlanmış müqavilə üzrə 4009 manat borcun olduğu etiraf edilmiş, xx.xx.2025-ci il tarixinə qədər borcun tam şəkildə ödəniləcəyi qeyd edilmişdir. - İddiaçı MMC tərəfindən cavabdehə göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubunun məzmunundan müəyyən olunur ki, Cavabdeh borcun 5 iş günü ərzində ödənilməsi xahiş olunmuş, əks halda qanunvericiliyə uyğun tədbirlər görüləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən məhsulların nisyə alqı-satqısı barədə müqavilənə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 454/2024 nömrəli məhsulların nisyə alqı-satqısı barədə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etdiyi halda, cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini pozmuşdur. İddia tələbini cavabdehdən 4009 manat borcun tutulması təşkil edir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, cavabdehin qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, belə olan halda isə iddiaçının həmin məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, Cavabdeh 4009 (dörd min doqquz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Həmin borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin məzmunundan müəyyən olunur ki, kreditor tərəfindən borcluya verilmiş müxtəlif çeşidli məhsullar əsasında borclunun kreditora 4009 manat məbləğində borcunun yarandığı müəyyən olunmuşdur. Cavabdeh İddiaçı MMC-yə ünvanladığı ərizə ilə qeyd edilən borcun mövcudluğunu təsdiq etmiş və xx.xx.2025-ci il tarixinə qədər ödəyəcəyinə dair vəd vermişdir. Lakin iş materiallarından göründüyü kimi, mövcud borc üzrə heç bir ödəniş edilməmişdir. Eləcə də, iddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 60,09 manatın cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 60,09 manat (altmış manat doqquz qəpik) cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. NƏTİCƏ HİSSƏSİ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4009 (dörd min doqquz) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 60,09 manat (altmış manat doqquz qəpik) olmaqla, cəmi 4069,09 manat (dörd min altmış doqquz manat doqquz qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar