Məhkəmə qərarları › İş №e-2-2(113)-4674/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4674/2023

31.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4674/2023 31.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (bundan sonra Cavabdeh QSC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC-dən 12139,39 manat (on iki min yüz otuz doqquz manat otuz doqquz qəpik) məbləğində əsas borc, 8410 (səkkiz min dörd yüz on) manat dəbbə pulu, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 576 (beş yüz yetmiş altı) manat, eləcə də mediasiya xərci kimi 210 (iki yüz on) manat, hüquqi yardım üçün ödənilmiş 200 (iki yüz) manat məbləğində pul cavabdehdən tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Cavabdeh QSC ilə FT23112021AV02 nömrəli, 23 noyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən iddiaçı - satıcı, cavabdeh isə alıcı qismində çıxış edir. Müqavilənin 1.1-ci maddəsinə əsasən satıcı sürtkü yağları və filterləri alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul etməyi və malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndinə əsasən satıcı öncədən alıcı tərəfindən verilən sifarişləri qəbul edir və sifarişlərə uyğun olaraq razılaşdırılmış çeşiddə, miqdarda və müddətdə malı alıcının nümayəndəsinə təhvil verməyi, 4.2-ci bəndə əsasən isə alıcı malın dəyərini müqavilədə nəzərdə tutulan qaydada və müddətdə ödəməyi öhdəsinə götürür. Müqavilə üzrə tərəflərin razılğına əsasən malların qiyməti müqavilənin ayrılmaz tərkib hissəsi olan “X3” ilə müəyyənləşdirilir. Belə ki, alıcının müxtəlif vaxtlarda verdiyi sifarişlərə uyğun olaraq tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 825 nömrəli, xx.xx.2022-ci il tarixli, 831 nömrəli, xx.xx.2022-ci il tarixli, 936 nömrəli, xx.xx.2022-ci il tarixli, 1034 nömrəli, xx.xx.2022-ci il tarixli, 1554 nömrəli “X3”na əsasən razılaşdırılmış mallar müvafiq olaraq eyni tarixli, nömrəli təhvil-təslim aktları ilə birlikdə alıcıya təhvil verilmiş, alıcı isə təhvil almışdır. Odur ki, iddiaçı MMC tərəfindən ödənişlə bağlı müvafiq olaraq xx.xx.2022-ci il tarixdə EBCA seriyalı, 315524 nömrəli, xx.xx.2022-ci il tarixdə EBCA seriyalı, 382317 nömrəli, xx.xx.2022-ci il tarixdə EBCB seriyalı, 237437 nömrəli, xx.xx.2022-ci il tarixdə EBCC seriyalı, 639354 nömrəli, xx.xx.2022-ci il tarixdə EBCJ seriyalı, 038651 nömrəli elektron qaimələr Dövlət Vergi Xidmətinin sisteminə vurulmuşdur. Müqavilənin 7.2-ci bəndinə əsasən ödəniş şərtləri “X2”nda göstərilmədiyi halda mallar təhvil verildikdən sonra 5 (beş) təqvim günü ərzində həyata keçirilir. Malların ödənişi ilə əlaqədar “X1” ayrıca şərt nəzərdə tutulmadığından alıcı elektron qaimə və təhvil-təslim aktının təqdim edilməsindən sonra 5 (beş) təqvim günü ərzində öhdəliyini icra etməli olsa da, malların ümumi dəyərini bir ildən artıq müddətdir ki, ödəməyərək faktiki olaraq öhdəliyini icra etməmiş və iddiaçıya ziyan vurmuşdur. Yekun olaraq cavabdehin təhvil verilmiş mallar üzrə 12139,39 manat (ƏDV daxil) ödənilməmiş borc məbləği yaranmışdır. Müqavilənin 10.2-ci bəndinin tələbinə uyğun olaraq yaranmış mübahisəni qarşılıqlı razılıq yolu ilə həll etmək məqsədi ilə iddiaçı tərəfindən Cavabdeh QSC-yə ünvanlanmış 12139,39 manat əsas borc, 7223 manat məbləğində dəbbə pulu və 494,92 manat məbləğində gecikdirmə faizi olmaqla, ümumilikdə 19857,31 manat dəyərində borcun ödənilməsinə dair göndərilmiş xx.xx.2023cü il tarixli pretenziya məktubunda həmin məktubun onlara çatması anından 3 (üç) gün ərzində yaranmış borcun ödənilməsi xahiş olunsa da, qarşı tərəf borcun ödənilməsi ilə bağlı hər hansı hərəkət etməmişdir. Müqavilə üzrə razılaşmaya əsasən iddiaçı ilə cavabdeh arasında yaranmış mübahisənin danışıqlar yolu ilə həll edilməsi üçün edilən bütün cəhdlərin heç bir nəticəsi olmadığından qanuni maraqların müdafiəsi baxımından mübahisənin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada həll edilməsi məqsədi ilə iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixində Cavabdeh QSC-yə mediasiya prosesinin tətbiqi barədə təklif ünvanlanmışdır. Lakin tərəf həmin təklifə də münasibət bildirmədiyindən iddiaçı tərəfindən mediasiyaya müraciət edilmiş və qarşı tərəf təyin edilmiş mediasiya sessiyasında iştirak etmədiyindən Bakı 2 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixində Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim olunmuşdur. Öhdəliyin icra edilməməsi ilə bağlı qeyd edir ki, iddiaçı öz öhdəliyini icra etdiyi halda öhdəliyin qarşılıqlı icrası vaxtı çatmış və Cavabdeh QSC isə müqavilədə nəzərdə tutulmuş öhdəliyini tam və vaxtında icra etməmişdir. Həmçinin Cavabdeh MMC öhdəliyinin icrası vaxtını gecikdirməklə ona ziyan vurmuşdur. Ona görə də iddaçı pul öhdəliyinin gecikdirilməsi ilə Mülki Məcəlləyə uyğun olaraq illik 5% miqdarında gecikdirmə faizini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 576 manat pul hesablanmışdır. Bununla yanaşı, alqı-satqı müqaviləsinin 7.3-cü bəndinə əsasən ödəniş hər gecikdirilmiş gün üçün ümumi məbləğin 0,2% həcmində cərimə ödəməyi alıcı öz öhdəsinə götürür. Ona görə də iddaçı cavadehdən 8410 manat dəbbə pulunun ödənilməsini tələb edir. İddiaçı tərəfindən mediasiya prosesi ilə bağlı 210 manat ödəniş edilmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.7, 464.1, 465.2, 448-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmuşdır. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı eyni bir hal üzrə iki ayrı pul tələbi irəli sürmüşdür. İddiaçı ərizəsində cavabdehin pul öhdəliyinin icrasının gecikdirilməsini əsas gətirərək, həm qanun üzrə, həm də müqavilə üzrə ayrı-ayrılıqda cərimə pulunun ödənilməsini tələb etmişdir. İddiaçı ərizəsində cavabdehin borcunu gecikdirməsinə istinad edərək qeyd etmişdir ki, bununla yanaşı, FT23112021AV02 nömrəli, 23 noyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinin 7.3-cü bəndinə əsasən ödəniş hər gecikdirilmiş gün üçün ümumi məbləğin 0,2% həcmində cərimə ödəməyi alıcı öz öhdəsinə götürür. Ona görə də, iddiaçı cavabdehdən öhdəliyin icrasını, qanun üzrə nəzərdə tutulmuş dəbbə pulunun və müqavilə müəyyən edilmiş dəbbə pulunun 8410 manat ödənilməsini tələb edir. Göründüyü kimi, iddiaçı sadəcə bir əsas üzrə, yəni pul öhdəliyinin vaxtında icra olunmadığına görə həm müqaviləyə istinad edərək, həm də qanunvericiliyə istinad edərək iki ayrı pul məbləğinin ödənilməsini cavabdehdən tələb etmişdir.

Tədqiq olunan sübutlar:

5. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

6. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında izahat verərək, iddia tələbini qismən, yəni əsas borcun 10015,27 manat hissəsində qəbul etdiyini bildirdi. Cavabdeh tərəfindən borc məbləğinin bir hissəsi üzrə ödənişlər edilmişdir.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh QSC arasında xx.xx.2021-ci il tarixdə FT23112021AV02 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı hazırkı müqavilənin şərtlərinə uyğun olaraq, sürtkü yağlarını və filterlər alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul etməyi və malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən malların qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “X2”nda göstərilir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən malın dəyərinə qablaşdırılma və alıcının Bakı şəhəri ərazisindəki anbarlarına çatdırılma xərcləri daxildir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən bu müqavilə qüvvəyə mindikdən sonra satıcı alıcının sifarişinə əsasən satdığı malı qaimə-faktura və/ və ya təhvil-təslim aktı əsasında alıcının Bakı şəhərindəki anbarlarında təhvil verir. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən mal alıcıya verildiyi andan, malların təsadüfən məhv olması və ya zədələnməsi riski alıcının üzərinə düşür. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən hazırkı müqavilə üzrə ödənişlər “X2”na əsasən həyata keçirilir. Həmin müqavilənin 7.2-ci bəndinə əsasən ödəniş şərtləri “X2”nda göstərilmədiyi halda mallar təhvil verildikdən sonra, 5 (beş) təqvim günü ərzində həyata keçirilir və aşağdakı şərtlər qüvvəyə minir. Həmin müqavilənin 7.3-cü bəndinə əsasən ödəniş hər gecikdirilmiş gün üçün ümumi məbləğin 0,2% həcmində cərimə ödəməyi alıcı öz öhdəsinə götürür. Həmin müqavilənin 7.4-cü bəndinə əsasən malların dəyəri və 7.3-cü bəndində göstərilən cərimələr hesabda və/və ya razılaşma protokolunda USD (ABŞ dolları) ilə qeyd olunduğu halda, ödənişlər ödəniş gününə “Mərkəzi Bankı”'n təyin etdiyi USD satış məzənnəyə uyğun AZN ilə ödəniləcək. Həmin müqavilənin 7.4.1-ci bəndinə əsasən qaimə-faktura təqdim edildiyi tarixdə olan “Mərkəzi Bankı”n təyin etdiyi USD satış məzənnəsi ilə ödəniş gününə olan həmin bankın USD satış məzənnəsi arasında yaranan fərq alıcı tərəfindən əlavə ödənilir. Həmin müqavilənin 7.5-ci bəndinə əsasən ödəniş sənədləri alıcıya AZN-lə (Azərbaycan manatı) ilə təqdim edildiyi halda, malların təhvil verilmə tarixindən ödəniş tarixi arasında, ABŞ dolları Azərbaycan manatına qarşı 3% (üç faiz)dən artıq artması və ya azalması nəticəsində, arada yaranan fərqə görə 10 təqvim günü ərzində tərəflər arasınında hesablaşma aparılacaqdır.

8. xx.xx.2022-ci il tarixli, 825 nömrəli qiymətlərin razılaşdırma protokolu adlı sənəddən görünür ki, xx.xx.2021-ci il tarixli, FT23112021AV02 nömrəli alqı-satqı müqaviləsi üzrə tərəflər sözügedən sənəddə adları qeyd olunmuş malların qiyməti (2124,11 manat ƏDV daxil) barədə razılığa gəlmişlər. Qiymətlərin razılaşdırma protokolu adlı sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

9. xx.xx.2022-ci il tarixli, 825 nömrəli təhvil-təslim aktında qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixli, FT23112021AV02 nömrəli alqı-satqı müqaviləsi üzrə 2124,11 manat (ƏDV daxil) mallar (aktda qeyd olunmuş) İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə təhvil verilmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

10. xx.xx.2022-ci il tarixli, EBCA seriyalı, 315524 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2124,12 manat (ƏDV daxil) təşkil edir.

11. xx.xx.2022-ci il tarixli, 831 nömrəli qiymətlərin razılaşdırma protokolu adlı sənəddən görünür ki, xx.xx.2021-ci il tarixli, FT23112021AV02 nömrəli alqı-satqı müqaviləsi üzrə tərəflər sözügedən sənəddə adları qeyd olunmuş malların qiyməti (9,45 manat ƏDV daxil) barədə razılığa gəlmişlər. Qiymətlərin razılaşdırma protokolu adlı sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

12. xx.xx.2022-ci il tarixli, 831 nömrəli təhvil-təslim aktında qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixli, FT23112021AV02 nömrəli alqı-satqı müqaviləsi üzrə 9,45 manat (ƏDV daxil) mallar (aktda qeyd olunmuş) İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə təhvil verilmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

13. xx.xx.2022-ci il tarixli, EBCA seriyalı, 382317 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 9,45 manat (ƏDV daxil) təşkil edir.

14. xx.xx.2022-ci il tarixli, 936 nömrəli qiymətlərin razılaşdırma protokolu adlı sənəddən görünür ki, xx.xx.2021-ci il tarixli, FT23112021AV02 nömrəli alqı-satqı müqaviləsi üzrə tərəflər sözügedən sənəddə adları qeyd olunmuş malların qiyməti (53,10 manat ƏDV daxil) barədə razılığa gəlmişlər. Qiymətlərin razılaşdırma protokolu adlı sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

15. xx.xx.2022-ci il tarixli, 936 nömrəli təhvil-təslim aktında qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixli, FT23112021AV02 nömrəli alqı-satqı müqaviləsi üzrə 53,10 manat (ƏDV daxil) mallar (aktda qeyd olunmuş) İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə təhvil verilmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

16. xx.xx.2022-ci il tarixli, EBCB seriyalı, 237437 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 53,10 manat (ƏDV daxil) təşkil edir.

17. xx.xx.2022-ci il tarixli, 1034 nömrəli qiymətlərin razılaşdırma protokolu adlı sənəddən görünür ki, xx.xx.2021-ci il tarixli, FT23112021AV02 nömrəli alqı-satqı müqaviləsi üzrə tərəflər sözügedən sənəddə adları qeyd olunmuş malların qiyməti (9746,22 manat ƏDV daxil) barədə razılığa gəlmişlər. Qiymətlərin razılaşdırma protokolu adlı sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

18. xx.xx.2022-ci il tarixli, 1034 nömrəli təhvil-təslim aktında qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixli, FT23112021AV02 nömrəli alqı-satqı müqaviləsi üzrə 9746,22 manat (ƏDV daxil) mallar (aktda qeyd olunmuş) İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə təhvil verilmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

19. xx.xx.2022-ci il tarixli, EBCC seriyalı, 639354 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 9746,22 manat (ƏDV daxil) təşkil edir.

20. xx.xx.2022-ci il tarixli, 1554 nömrəli qiymətlərin razılaşdırma protokolu adlı sənəddən görünür ki, xx.xx.2021-ci il tarixli, FT23112021AV02 nömrəli alqı-satqı müqaviləsi üzrə tərəflər sözügedən sənəddə adları qeyd olunmuş malların qiyməti (206,50 manat ƏDV daxil) barədə razılığa gəlmişlər. Qiymətlərin razılaşdırma protokolu adlı sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

21. xx.xx.2022-ci il tarixli, 1554 nömrəli təhvil-təslim aktında qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixli, FT23112021AV02 nömrəli alqı-satqı müqaviləsi üzrə 206,50 manat (ƏDV daxil) mallar (aktda qeyd olunmuş) İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə təhvil verilmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

22. xx.xx.2022-ci il tarixli, EBCJ seriyalı, 038651 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 206,50 manat (ƏDV daxil) təşkil edir.

23. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh QSC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, FT23112021AV02 nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh QSC-nin İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixinə 12139,39 manat əsas borc, 8410 manat dəbbə pulu, gecikdirilimiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 576 manat (xx.xx.2022-ci il tarixli e-qaimə üzrə 379 gecikmə günü üçün - 110,279 manat; xx.xx.2022-ci il tarixli e-qaimə üzrə 378 gecikmə günü üçün - 0,489 manat; xx.xx.2022-ci il tarixli e-qaimə üzrə 364 gecikmə günü üçün - 2,647 manat; xx.xx.2022-ci il tarixli e-qaimə üzrə 341 gecikmə günü üçün - 455,27 manat; xx.xx.2022-ci il tarixli e-qaimə üzrə 261 gecikmə günü üçün - 7,38 manat) məbləğində borcu vardır.

24. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 005XOH********** nömrəli ödəmə qəbzindən müəyyən edilir ki, Cavabdeh QSC tərəfindən İddiaçı MMC-nin AZ25ACAB******************** nömrəli hesabına 1800,10 manat (bir min səkkiz yüz manat on qəpik) məbləğində ödəniş edilmişdir.

25. xx.xx.2023-cü il tarixli, **********3765 nömrəli köçürmənin aparılması haqqında bildirişdən müəyyən edilir ki, Cavabdeh QSC (VÖEN: **********) tərəfindən İddiaçı MMCnin (VÖEN: **********) hesabına 324,02 manat (üç yüz iyirmi dörd manat iki qəpik) məbləğində ödəniş edilmişdir.

26. “X4 Azərbaycan” QSC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, **********58 nömrəli ödəmə qəbzindən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Bakı 2 saylı Mediasiya Təşkilatının AZ66AİİB400600C**********142 nömrəli hesabına 210 manat məbləğində ödəniş edilmişdir.

27. İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə göndərilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 3 (üç) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

28. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır.

Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

31. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

Məhkəmənin mövqeyi

32. İddia tələbinin bir hissəsini cavabdehdən 12139,39 manat məbləğində müqavilə üzrə qalıq borcun tutulması təşkil edir.

33. Məhkəmə qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə qismən təmin edilməli və Cavabdehndən ƏDV daxil 10015,27 manat (on min on beş manat iyirmi yeddi qəpik) əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə belə qənaətə gələrkən nəzərə almışdır ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 2124,12 manat məbləğində ödəniş edilmiş, eləcə də, cavabdeh tərəf iddia tələbini göstərilən hissədə qismən, yəni 10015,27 manat hissəsində qəbul etmişdir.

34. Bundan əlavə iddiaçı cavabdehdən 8410 manat cərimə borcunun tutulmasını xahiş etmişdir.

35. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 600 (altı yüz) manat məbləğində müəyyən edilməli, qalan hissədə isə təmin edilməməlidir.

36. İddia tələbinin digər hissəsini cavabdehdən Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış 576 manat məbləğində pulun cavabdehdən tutulması təşkil edir.

37. İddia tələbinin göstərilən hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı gecikdirilməyə görə illik beş faizlə hesablanmış məbləğin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışında gecikdirilmiş vaxt üçün illik 5% məbləğ xx.xx.2022-ci il tarixli e-qaimə üzrə 379 gecikmə günü üçün - 110,279 manat; xx.xx.2022-ci il tarixli e-qaimə üzrə 378 gecikmə günü üçün - 0,489 manat; xx.xx.2022-ci il tarixli e-qaimə üzrə 364 gecikmə günü üçün - 2,647 manat; xx.xx.2022-ci il tarixli e-qaimə üzrə 341 gecikmə günü üçün - 455,27 manat; xx.xx.2022-ci il tarixli e-qaimə üzrə 261 gecikmə günü üçün - 7,38 manat olmaqla, ümumilikdə 576 manat müəyyən edilmişdir. Lakin təqdim olunmuş sənədlərdən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli e-qaimə üzrə 332 gün gecikmə; xx.xx.2022-ci il tarixli eqaimə üzrə 377 gün gecikmə; xx.xx.2022-ci il tarixli e-qaimə üzrə 364 gün gecikmə; xx.xx.2022-ci il tarixli e-qaimə üzrə 341 gün gecikmə; xx.xx.2022-ci il tarixli e-qaimə üzrə 261 gün gecikmə olmaqla, ümumilikdə gecikdirilmiş vaxt üçün illik 5% məbləğ 562,20 manat təşkil etmişdir. Ona görə də iddia həmin hissədə qismən təmin olunmalı və cavabdehdən gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 562,20 manat (beş yüz altmış iki manat iyirmi qəpik) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.

38. Eləcə də, iddiaçı 200 (iki yüz) manat hüquqi yardım xərci və 210 (iki yüz on) manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş edir.

39. Məhkəmə hesab edir ki, 210 (iki yüz on) manat mediasiya xərci və 200 (iki yüz) manat hüquqi yardım xərcin cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən ƏDV daxil 10015,27 manat (on min on beş manat iyirmi yeddi qəpik) əsas borc, 600 (altı yüz) manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 562,20 manat (beş yüz altmış iki manat iyirmi qəpik), 210 (iki yüz on) manat mediasiya xərci və 200 (iki yüz) manat hüquqi yardım xərci olmaqla, cəmi 11587,47 manat (on bir min beş yüz səksən yeddi manat qırx yeddi qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar