Məhkəmə qərarları › İş №e-2-2(113)-4678/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4678/2022

20.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4678/2022 20.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 197370,20 ABŞ dolları 20 sent ödənilməli olan əsas borcun və 99741 ABŞ dolları hesablanılmış cərimə məbləğinin ümumilikdə 297111 ABŞ dollarının manata olan məzənəsinə uyğun olaraq və 400 manat mediasiya xərci və 395 manat dövlət rüsumunun Cavabdeh MMC-dən alınıb İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, alqı-satqı müqaviləsi üzrə tərəflər olan alıcı Cavabdeh MMC ilə satıcı İddiaçı MMC arasında 20 sentyabr 2021-ci il tarixdə bağlanılmış alqı satqı müqaviləsi əsasında alınmış mallara görə Cavabdeh MMC-nin 217106,83 ABŞ dolları 83 sent borcu yaranmışdır. xx.xx.2022-ci il tarixdə həmin müqavilə əsasına verilmiş malların və ödənilmiş vəsaitin yoxlanılması zamanı Cavabdeh MMC borcu təsdiqləyərək, bu barədə tərtib olunmuş üzləşmə aktı imzalanmışdır. Dəfələrlə edilən xəbərdarlıqdan sonra, həmin məbləğdən müəyyən qədər ödəniş olunmuş və 197370.20ABŞ dolları 20 sent ödənilməli olan borc qalmışdır. Bağlanılmış alqı-satqı müqaviləsinin 3.2.1 və 3.3-cü bəndlərində qeyd olunan öhdəliyə görə qeyd olunan borc məbləği ən geci 90 gün ərzində ödənilməli idi. Lakin bu günə qədər borc məbləği ödənilməmişdir. Müqavilə üzrə Cavabdeh MMC-nin üzərinə götürdüyü öhdəliyə görə ödənişi gecikdirilmiş məbləğin 0.5% həddində hər iş günü üçün cərimə məbləği hesablamaq hüququmuz vardır ki, bu da 99741 ABŞ dolları təşkil edir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi, Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 20 sentyabr 2021-ci il tarixli 28/21 nömrəli İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış alğı-satqı müqaviləsindən görünür ki, bu müqavilə ilə müəyyənləşdirilmiş qaydada İddiaçı bu müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi olan qiymət razılaşmasında göstərilmiş çeşiddə malları dövlət standartları ilə müəyyən edilmiş normalara uyğun olmaqla, Cavabdeh MMC-yə təhvil verir, Cavabdeh MMC isə alğı-satqı predmetini qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 3.3-cü maddəsinə əsasən Cavabdeh MMC-nin ödənişi gecikdirməsi zamanı İddiaçı MMC hər iş günü üzrə məbləğin 0,5% qədər cərimə tətbiq etmək hüququna malikdir. xx.xx.2021-ci il tarixli EBBO seriyalı 915865 nömrəli, xx.xx.2021-ci il tarixli EBBN seriyalı 442476 nömrəli, xx.xx.2021-ci il tarixli EBBN seriyalı 189247 nömrəli, xx.xx.2021-ci il tarixli EBBM seriyalı 904375 nömrəli, xx.xx.2021-ci il tarixli EBBM seriyalı 905239 nömrəli, xx.xx.2021-ci il tarixli EBBL seriyalı 411132 nömrəli, xx.xx.2021-ci il tarixli EBBL seriyalı 090924 nömrəli, xx.xx.2021-ci il tarixli EBBK seriyalı 843228 nömrəli elektron qaimələrdən görünür ki, qeyd olunan qaimələr cavabdeh tərəfindən, xx.xx.2021-ci il tarixli EBBL seriyalı 953844 nömrəli elektron qaimə isə sistem tərəfindən təsdiqlənmişdir. xx.xx.2022-ci il tarixli 01/22 nömrəli üzləşmə aktından görünür ki, alıcı Cavabdeh MMC-nin satıcı İddiaçı MMC-yə 217106,83 ABŞ dolları məbləğində borcu vardır. 13 oktyabr 2021-ci il tarixdən 01 dekabr 2021-ci ilə kimi təqdim olunmuş məxaric qaimələrdən görünür ki, İddiaçı MMC müqavilə üzrə müəyyən edilmiş malları cavabdehə təhvil vermişdir. 22 oktyabr 2021-ci il tarixdən 06 may 2022-ci il tarixə kimi olan iddiaçının bank hesabından çıxarışdan görünür ki, Cavabdeh MMC müqavilə üzrə ödəməli olduğu borcun bir qismini ödəmişdir. xx.xx.2022-ci il tarixli ********* nömrəli dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, İddiaçı MMC 395 manat məbləğində dövlət rüsumu ödəmişdir. 29 iyun 2022-ci il tarixli MŞB/10-00064 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi üçün nəzərdə tutulmuş 400 manat məbləğində mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467 və 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göründüyü kimi İddiaçı MMC ilə Cavabdeh MMC arasında alğı-satqı müqaviləsi bağlanmış, iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh alınan mallara görə borcununun böyük bir hissəsi olan 197370,20 ABŞ dollarını ödəməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələbini əsaslıdır, belə ki, tərəflərin arasında davamlı olaraq malların alğı-satqısı ilə bağlı münasibətlər olmuş, İddiaçı MMC tərəfindən mallar Cavabdeh MMC-yə təhvil verilmiş, həmçinin vergi elektron sistemi vasitəsi ilə elektron qaimələr alıcının elektron kabinetinə yerləşdirilmiş, sözügedən qaimələrin çox bir hissəsi sistem vasitəsi ilə deyil, məhz Cavabdeh MMC tərəfindən təsdiq edilmiş, borcun bir qismi alıcı tərəfindən satıcıya ödənilsə də, həmçinin 217106,83 ABŞ dolları məbləğində borcun olması ilə bağlı xx.xx.2022-ci il tarixli üzləşmə aktı imzalansa da, Cavabdeh MMC tərəfindən 197370,20 ABŞ dolları məbləğində borc İddiaçı MMC-yə ödənilməmişdir. Odur ki, ki məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının 197370,20 ABŞ dolları və 400 manat mediasiya xərci tələbi əsaslı olduğundan təmin edilməlidir. Həmçinin məhkəmə iddia tələbinin cərimə hissəsi ilə əlaqədar qeyd edir ki, dəbbə pulu tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 7629,80 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla yanaşı iddia tələbinin 68,99%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 68,99%-i, yəni 272,51 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 197370,20 ABŞ dolları əsas borc, 7629,80 ABŞ dolları cərimə, ümumilikdə 205000 ABŞ dolları Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla, 400 manat mediasiya xərci və 272,51 manat dövlət rüsumu pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 197370,20 ABŞ dolları əsas borc, 7629,80 ABŞ dolları cərimə, ümumilikdə 205000 ABŞ dolları Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla, 400 manat mediasiya xərci və 272,51 manat dövlət rüsumu pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar