Məhkəmə qərarları › İş №e-2-2(113)-4684/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4684/2025

03.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4684/2025 03.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdеh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8 (X3 müstəqi tələb irəli sürməyən üçüncü şəxs olmaqla) qarşı pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: subroqasiya hüququ) X9 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdеh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8 (X3 müstəqi tələb irəli sürməyən üçüncü şəxs olmaqla) qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi 150 manat məbləğində əsas və 30 manat məbləğində dövlət rüsumu, ümumilikdə 180 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən X1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 78a, mənzil 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərlərin əvəzinin ödənilməsi məqsədilə xx.xx.2023-cü il tarixində “daşınmaz əmlakın icbari sığortası” növü üzrə RAZ********** nömrəli sığorta müqaviləsi (şəhadətnaməsi) ilə sığortalanmışdır. xx.xx.2024-cü il tarixində X1 mülkiyyətində olan daşınmaz əmlak kanalizasiyanın tutularaq evə su dolması nəticəsində zərər görmüşdür. Həmçinin iş materiallarında olan Nərimanov rayon, 53 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli məktubundan və subasma hadisəsinə dair arayışından görünür ki, Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli, 345s nömrəli sərəncamına əsasən, yaşayış binalarının xarici su təchizatı, kanalizasiya şəbəkə və qurğuları, mənzil fondunda olan çoxmənzilli yaşayış binalarının daxili su təchizatı və kanalizasiya sistemləri "xxxx" ASC-nin balansına verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli dəymiş zərərin hesabatı ilə bağlı 2531 saylı rəydən görünür ki, X1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 78a, mənzil 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə subasma nəticəsində 650 (altı yüz əlli) manat məbləğində zərər vurulmuşdur. Beləliklə, baş vermiş hadisə ilə bağlı xx.xx.2025-ci il tarixli, CFİ- 0161/2024-AKT81/25 nömrəli aktla500 (beş yüz) manat azadolma məbləği çıxılmaqla 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti İddiaçı ASC tərəfindən faydalanan şəxsin bank hesabına köçürülmüşdür. İddia ərizəsinə əlavə edilmiş pretenziya məktubundan və “onlayn kargüzarlıq” sistemindən çıxarışlardan müəyyən olunur ki, cavabdehdən İddiaçı ASC-dən tutulmuş 150 (bir yüz əlli) manat məbləğində pulun geri ödənilməsi tələb edilmişdir. “Onlayn kargüzarlıq” sistemindən çıxarışlardan müəyyən olunur ki, iddia ərizəsinin surəti cavabdehə təqdim edilmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.4, 936.1, 936.2, 936.6,1096.1. 1096.2. 1097.1. 1097.3. 1111.2-ci maddəsinə istinad olunmuşdur. İddia tələbinə cavabdeh tərəfindən etiraz təqdim edilmişdir. Cavabdeh etirazı onunla əsaslandırmışdır ki, qeyd edilən subasma hadisəsi ilə bağlı cavabdehə hər hansı bir müraciət edilməmişdir. Digər tərəfdən Nazirlər Kabinetinin 2012-ci il tarixli qərarına əsasən yaşayış binalarının su təchizatı və kanalizasiya boruları cavabdehin balansına verilmişdir. Qeyri-yaşayış sahələrinin borularının cavabdehə aidiyyəti yoxdur. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini, cavabdehin nümayəndəsi yazılı təqdim edilən etirazı iddianın rədd edilməsi üçün əsas tutaraq iştirakları olmadan işə baxıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: “Daşınmaz əmlakın icbari sığortası” RAZ********** seriyalı şəhadətnaməsinə əsasən X1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 78a, mənzil 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2023-ci il tarixdən xx.xx.2024-cü il tarixinə kimi 60813 məbləğində sığortalanmışdır Dəymiş zərərin Hesabatında təmir üçün lazım olan materiallar və işçilik hər biri ayrıayrılıqda cədvəldə qeyd edilməklə, obyektə dəymiş zərər 650 manat müəyyən olunmuşdur. İddiaçı ASC Siğortaçi ilə X3 “Siğortali” arasında bağlanılmış xx.xx.2025-ci il tarixli “Dəymiş zərər məbləğinin razılaşdırılması barədə” Sazişə əsasən “Siğortali” və “Siğortaçi xx.xx.2024-cü il tarixində Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 78a ünvanında yerləşən qeyri-yaşayış obyektində subasma nəticəsində daşınmaz əmlaka 650 manat məbləğində zərərin dəyməsini təsdiqləyirlər.Müqavilənin 1.3-cü bəndinə əsasən “Siğortali” və “Siğortaçi” sığorta olunan əmlaka 650 (altı yüz əlli) manat məbləğində dəymiş zərərin “Yardimşünas" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müəyyən edilmiş həcmi və müqavilə şərtləri üzrə 500 (beş yüz) manat azadolma məbləği çıxıldıqdan sonra 150 (yüz əlli) manat məbləğində həyata keçiriləcək sığorta ödənişi barədə razılıq əldə edirlər. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********86-05101-083001 reyestr nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, 78a ünvanında yerləşən obyektin ümumi sahəsi 542,58 kv.m ibarət olan qeyri-yaşayış sahəsi (5 saylı mağaza) xüsusi mülkiyyət hüququ üzrə X1 adına Daşınmaz əmlakın Dövlət reyestrində 219 nömrəli reyestr kitabının 20615 nömrəli vərəqində qeydiyyata alınmışdır. ünvan 4 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 78a, mənzil 3 ünvanında X2 məxsus qeyri-yaşayış obyektinə su basma nəticəsində zərər dəymişdir. Bakı şəhəri, Nərimanov rayonu 53 saylı Mənzil-Kommunal İstismar Sahəsinin Subasma hadisəsinə dair arayışından görünür ki, Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli, 345s nömrəli sərəncamına əsasən, yaşayış binalarının xarici su təchizatı, kanalizasiya şəbəkə və qurğuları, mənzil fondunda olan çoxmənzilli yaşayış binalarının daxili su təchizatı və kanalizasiya sistemləri "xxxx" ASC-nin balansına verilmişdir. X3 tərəfindən "xxxx" ASC-yə ünvanlanmış ərizədə baş vermiş subasma hadisəsi ilə əlaqədar köməklik göstərilməsi xahiş edilmişdir. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən "xxxx" ASC tərəfindən X1 hesabına 150 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2025-ci il tarixli, AKT 81/25 saylı sığorta aktına əsasən sığortalı X2 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, 78a ünvanında yerləşən qeyri-yaşayış sahəsində xx.xx.2024-cü il tarixdə subasma hadisəsi baş verdiyi, dəymiş ziyan 650 manat müəyyən edildiyi, azadolma məbləği 500 manat və hesablanmış sığorta ödənişi 150 manat müəyyən edildiyi qeyd olunmuşdur. "xxxx" ASC tərəfindən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8 e-qaydada göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubunda 150 manat məbləğində borcun 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC 30 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1096.2-ci maddəsinə əsasən Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”: 1.2.8. balans mənsubiyyəti sərhədi – STKM tərəfindən suyun istehlakçıya çatdırılma məntəqəsində STKM və istehlakçı arasında müqavilə ilə su təchizatı və kanalizasiya sisteminin balans mənsubiyyətini müəyyənləşdirən ayırma nöqtəsidir. 2.1. STKM-in (su təchizatı və kanalizasiya müəssisəsi) vəzifələri aşağıdakılardır: 2.1.1. balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək; 2.1.3. fiziki şəxs olan istehlakçılar istisna olmaqla, digər istehlakçıların istismarında olan su qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini istehlakçıya təqdim etmək... 9.9. STKM müntəzəm olaraq öz balansında olan kanalizasiya şəbəkələrinin yoxlanılması, profilaktikası, yuyulması, təmizlənməsi və təmirini həyata keçirməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görə 30 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 113.1-ci maddəsinə əsasən iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, “Daşınmaz əmlakın icbari sığortası” RAZ********** seriyalı şəhadətnaməsinə əsasən X1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 78a, mənzil 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2023-ci il tarixdən xx.xx.2024-cü il tarixinə kimi sığortalanmış və ünvan 4 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 78a, mənzil 3 ünvanında X2 məxsus qeyri-yaşayış obyektinə su basma nəticəsində zərər dəymişdir.. İddiaçı hazırda xx.xx.2024-cü il tarixində Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 78a, mənzil 3 ünvanında su xəttinin partlaması nəticəsində baş vermiş qəza nəticəsində "xxxx" ASC tərəfindən icbari qaydada sığortalanmış X1 mülkiyyətində olan qeyri-yaşayış sahəsinə zərər dəydiyini, dəymiş zərərin azadolma məbləğləri çıxıldıqdan sonra qeyri-yaşayış sahəsi üçün ümumilikdə 150 manat məbləğində pulun X2 ödənildiyini bildirərək, qeyd edilmiş pulun “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam xx.xx.2024-cü il tarixində Nərimanov rayonu, X7 küçəsi, ev 78a, mənzil 3 ünvanında baş vermiş qəzada (subasmada) cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 məsuliyyətinin olub-olmaması və subasma hadisəsi nəticəsində dəymiş ziyanın məhz subasma nəticədə baş vermiş qəza nəticəsində olub-olmamasıdır. İş materiallarında olan Nərimanov rayon, 53 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli məktubundan və subasma hadisəsinə dair arayışından görünür ki, Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli, 345s nömrəli sərəncamına əsasən, yaşayış binalarının xarici su təchizatı, kanalizasiya şəbəkə və qurğuları, mənzil fondunda olan çoxmənzilli yaşayış binalarının daxili su təchizatı və kanalizasiya sistemləri "xxxx" ASC-nin balansına verilmişdir. Cavabdeh tərəf məhkəməyə təqdim etdiyi etirazında yaşayış binalarının su təchizatı və kanalizasiya borularının onun balansına verildiyini, lakin qeyri-yaşayış sahələrinin borularının ona aidiyyəti olmadığını bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan foto-şəkillərdən də göründüyü kimi, qeyri-yaşayış sahəsi yaşayış sahəsinin birinci mərtəbəsində yerləşir və qeyri-yaşayış sahəsinə dəymiş zərər yaşayış sahəsindən onun tavanına daxil olmuş subasma nəticəsində olmuşdur. Həmçinin cavabdeh özü də məhz yaşayış sahələrinin su təchizatı və kanalizasiya borularının onların balansında olduğunu etirazında etiraf etmişdir. Göründüyü kimi, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 78a, mənzil 3 ünvanında yerləşən su xətti “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X10 balansındadır və həmin xəttinin lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 məsuliyyət dairəsinə daxildir. Ona görə də, "xxxx" ASC-nin vermiş olduğu sığorta ödənişini sığorta hadisəsinin baş verməsində məsuliyyəti olan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 tələb etməyə əsası yaranmışdır. Beləliklə məhkəmə qeyd olunan normaları və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, baş vermiş sığorta hadisəsində, su basmada cavabdeh təqsirkar olduğundan və iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yarandığından, hazırkı iş üzrə iddiaçı tərəfindən ödənilmiş sığorta məbləğinin cavabdehdən tələb edilməsi qanuni və əsaslı olduğu üçün, iddia təmin olunmalı və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 150 manat məbləğində pul tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Digər tərəfdən məhkəmə Mülki Prosessual Məcəllənin 113-cü maddəsinə əsasən hesab edir ki, iddia təmin olunduğundan, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 150 (yüz əlli) manat məbləğində əsas və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi, ümumilikdə 180 (yüz səksən) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar