Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4686/2025 19.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı “Spark" MMC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı “Spark" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 08 may 2023-cü il tarixdə SPARK044/2023 nömrəli alqı-satqı müqaviləsi əsasında yaranmış aşağıdakı məbləğlər üzrə ümumilikdə 63.742 (altmış üç min yeddi yüz qırx iki) manat 80 (səksən) qəpik pulun: əsas borc: 57613 (əlli yeddimin altı yüz on üç) manat 60 (altmış qəpik), dəbbə pulu: 5100 (beş min yüz) manat, gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə hesablanmış faiz: 748 (yeddi yüz qırx səkkiz) manat 81 (səksən bir) qəpik, dövlət rüsumu: 280 (iki yüzsəksən) manat 39 (otuz doqquz) qəpik, tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 08 may 2023-cü il tarixdə SPARK-044/2023 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı cavabdehin mülkiyyətinə ümumi dəyəri 1.484.778 (bir milyon dörd yüz səksən dörd min yeddi yüz yetmiş səkkiz) manat 66 (altmış altı) qəpik təşkil edən, əsas məbləği 1.258.287 (bir milyon iki yüz əlli səkkiz min iki yüz səksən yeddi) manat, ƏDV məbləği isə 226.491 (iki yüz iyirmi altı min dörd yüz doxsan bir) manat 66 (altmış altı qəpik) olan müxtəlif markalı beton məhlulları və pompa xidmətləri təqdim etmişdir. Malların və xidmətlərin miqdarı, satış qiyməti və digər texniki göstəriciləri iddia ərizəsinə əlavə olunmuş 35 ədəd elektron qaimə-faktura ilə təsdiq olunur. Bu qaimə-fakturalardan 20 ədədi cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən “ASAN imza” ilə təsdiqlənmiş, digər qaimələr isə vergi orqanının elektron sistemi tərəfindən avtomatik şəkildə təsdiq olunmuşdur. Cavabdeh təqdim olunmuş malların və xidmətlərin bir hissəsinə görə ödəniş etmiş olsa da, 02 iyun 2025-ci il tarixinə olan vəziyyətə əsasən, 53766 (əlli üç min yeddi yüz altmış altı) manat əsas borc və 3837 (üç min səkkiz yüz otuz yeddi manat) 60 (altmış qəpik) ƏDV məbləği olmaqla, ümumilikdə 57613 (əlli yeddimin altı yüz on üç) manat 60 (altmış qəpik) ödənilməmiş borc mövcuddur. Tərəflər arasında 28 fevral 2025-ci il tarixdə bu borc məbləğinin təsdiqləndiyi qarşılıqlı borcların üzləşdirilməsi aktı imzalanmışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı “Spark" MMC-nin nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməklərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər(yeni redaksiya). (borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir. (əvvəlki redaksiya). - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında xx.xx.2023-cü il tarixli SPARK-044/2023 saylı alqı-satqı müqaviləsi bağlanmışdır.
11. Müqavilənin 2.1-ci bəndinə əsasən satıcı müqavilənin əlavəsi hesab edilən X3 göstərilən müxtəlif növ beton/tikinti məhsullarını (bundan sonra-mallar) razılaşdırılmış qiymətlə istifadə məqsədləri üçün yararlı halda Alıcıya satmağı, alıcı isə həmin malları qəbul edib dəyərini müvafiq Əlavədə müəyyən edilmiş məbləğdə və şərtlərlə Satıcıya ödəməyi öhdəsinə götürür..
12. 08 may 2023-cü il tarixli SPARK-044/2023 saylı malların alqı-satqı Müqaviləsinə dair xx.xx.2023-cü il tarixli 1 saylı, xx.xx.2023-cü il tarixli 2 saylı, xx.xx.2024-cü il tarixli 3 saylı, xx.xx.2024-cü il tarixli 4 saylı X1 ilə tərəflər malların adı, miqdarı, ölçü vahidi, qiyməti barədə razılığa gəlmişlər.
13. Müqavilə və X2 hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
14. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.
15. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı üzərinə düşür.
16. İş materiallarından görünür ki, Cavabdeh MMC xx.xx.2025-ci il tarixli aktla İddiaçı MMC-yə 53.776 manat əsas borc, 3.837,60 manat ƏDV borcu olmaqla, ümumilikdə 57.613,60 manat məbləğində borcu olduğunu öz imza və möhürü ilə təsdiq etmişdir.
17. Daha sonra məhkəmənin hazırlıq iclasında (xx.xx.2025-ci il tarixli) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etdiyini, borcun bir hissəsini ödədiyini, 48.000 manat məbləğində borcu qaldığını bildirmişdir.
18. Belə olan halda, Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə müvafiq mallar verilmiş, cavabdehin də, qeyd edilmiş malların dəyərini ödəmək vəzifəsi yaranmışdır.
19. Belə ki, cavabdeh tərəfindən təqdim olunmuş xx.xx.2025-ci il tarixli aktdan məlum olur ki, tərəflər xx.xx.2025-ci il tarixə qalıq borcun xx.xx.2025-ci il tarixə 45.776 manat əsas borc, 2.397 manat ƏDV borcu olmaqla, ümumilikdə 48.173 manat məbləğində olduğunu öz imza və möhürü ilə təsdiq etmişdir.
20. Ona görə də, Məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində qismən təmin olunmalı, 48.713,60 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
21. Məhkəmə 5.100 manat dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
22. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
23. Bu xüsusda Məhkəmə hesab edir ki, əsas borca münasibətdə 2800 manat məbləğində cərimə borcunun tutulması daha ağlabatan və ədalətlidir.
24. Məhkəmə iddianın əsas borca illik 5 faiz hesablanmaqla 748,81 manat tələb edilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd edir.
25. Tərəflər arasında ilk üzləşmə aktının xx.xx.2025-ci il tarixli olduğunu və iddia ərizəsinin xx.xx.2025-ci il tarixdə yəni 3 ay sonra verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, əsas borca illik 5 faiz hesablanmaqla 720,17 (57.613,6x5/100=2.880,68 (1 il üçün) 2.880,68/12=240,056 manat (1 ay üçün) 240,056x3=720,170) məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
26. Bundan başqa məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 273,4 manat (ilkin mövcud olan əsas borc və təmin olunmuş digər hissələrə mütənasib) məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
27. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
28. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 48.713 (qırx səkkiz min yeddi yüz on üç) manat 60 (altmış) qəpik, cərimə borcu üzrə 2.800 (iki min səkkiz yüz) manat olmaqla, ümumilikdə 51.513 (əlli bir min beş yüz on üç) manat 60 (altmış) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Əsas borca illik 5% hesablanmaqla 720 (yeddi yüz iyirmi) manat 17 (on yeddi) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 273 (iki yüz yetmiş üç) manat 40 (qırx) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov