Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4688/2025 14.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh “Makro 2000 X2 Taahhüt İç ve Dış Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Fililalına qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: yük daşınması müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh “Makro 2000 X2 Taahhüt İç ve Dış Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Fililalına qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" MMC (bundan sonra-iddiaçı) cavabdeh “Makro 2000 X2 Taahhüt İç ve Dış Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Fililalına (bundan sonracavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 40/23 nömrəli, xx.xx.2023-cü il tarixli Müqavilə üzrə 38935,40 manat əsas borcun, 389 manat məbləğində cərimə-dəbbə pulunun, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablamaqla 609,68 manat pulun və 231 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə “MAKRO 2000 X2 Taahhüt İç ve Dış Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı arasında 40/23 nömrəli, xx.xx.2023-cü il tarixli “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” Müqavilə bağlanmışdır. Müqaviləyə əsasən İcraçı "xxxx" MMC Sifarişçi “MAKRO 2000 X2 Taahhüt İç ve Dış Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı-nin sifarişi əsasında xidmətlər göstərməyi, sifarişçi isə xidmətləri qəbul edib bunun müqabilində İcraçıya bu Müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyə öhdəsinə götürür. Lakin "xxxx" MMC öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib müvafiq xidmətləri göstərsə də, “MAKRO 2000 X2 Taahhüt İç ve Dış Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək xidmət müqabilində verilməli olan xidmət haqqını ödəməkdən boyun qaçırır. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq edilsə də, bu günə kimi cavabdeh tərəfindən heç bir hərəkət edilməmişdir. Belə ki, 40/23 nömrəli, xx.xx.2023-cü il tarixli Müqavilə üzrə 38935,40 (otuz səkkiz min doqquz yüz otuz beş manat, qırx qəpik) manat məbləğində borc ödənilməmişdir və borc məbləği iddia ərizəsinə əlavə edilmiş Təhvil-təslim aktı ilə təsdiq edilir. Bu əsasla tərəfimizdən cavabdehə xx.xx.2025-ci il tarixində 3 iş günü müddətində borc məbləğini tələb etməyimiz barədə Pretenziya məktubu göndərilməsinə baxmayaraq bu günədək qeyd edilən pul şirkətə ödənilməmişdir. Əlavə olaraq bildirək ki, 40/23 nömrəli, xx.xx.2023-cü il saylı Müqavilənin 5.5-ci bəndinə əsasən hər gecikən gün üçün qalıq borcun 1% əlavə hesablanacaq. Müqavilənin həmin bəndinə əsasən 44506,37 manat cərimə məbləği təşkil etsə də, tərəfimizdən güzəşt faizi tətbiq edilərək əsas məbləğin 1%-i həcmində, yəni cəmi 389 manat dəbbə pulu tələb edilməkdədir. Beləliklə, göründüyü kimi cavabdeh ödənişdən yayınmaq üçün müxtəlif üsullara əl atmağı səbəbindən hazırkı mübahisə məhz məhkəmə vasitəsilə həll edilməlidir.
3. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehdən 40/23 nömrəli, xx.xx.2023-cü il tarixli Müqavilə üzrə 38935,40 manat əsas borcun, 11681 manat məbləğində cərimə-dəbbə pulunun, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablamaqla 609,68 manat pulun və 245 manat dövlət rüsumunun, habelə 300 manat məbləğində vəkil xərcinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili S.Hüseynzadə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat təqdim etməmişdir.
6. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı (daşıyıcı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 40/23 nömrəli yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilənin 2.1-ci bəndinə görə, daşıyıcı xidmət haqqı müqabilində sifarişçinin sərancamında olan yükləri sifarişçidən və ya sifarişçinin təyin etdiyi digər şəxsdən qəbul etməyi, göstərilən təyinat yerinə yükün həcmindən asılı olaraq müxtəlif ölçülü yük avtomobili nəqliyyatı ilə daşımağı və sifarişçinin özünə və ya onun təyin etdiyi digər yük alana çatdırmağı öhdəsinə götürür, sifarişçi isə bunun müqabilində daşıyıcıya xidmət haqqını bu müqavilə və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 01 saylı əlavəsinə uyğun olaraq ödəməyi öhdəsinə götürür.
9. Müqavilənin 5.1-ci bəndinə görə, hər bir daşımanın və ya əlavə xidmətin dəyəri daşıma məsafəsindən və daşıma obyektinin növündən, ölçülərindən, əlavə xidmətin xüsusiyyətlərindən asılı olaraq, bu müqavilənin tərkib hissəsi olan tərəflər arasında razılaşdırılmış qiymətlər ilə müəyyən edilir. Müvafiq qiymətlərin sifarişi qəbul edilməmiş xidmətlər üzrə daşıyıcı tərəfindən 15 gün öncədən bildiriş verməklə birtərəfli qaydada dəyişdirilməsi halı istisna olmaqla, sifarişi qəbul edilmiş xidmət üzrə qətidir və birtərəfli qaydada dəyişdirilə bilməz. Tərəflər razılaşır ki, icra edilmiş xidmətlərə görə ödəniş zamanı manatın 10%-i ötən devalvasiyası müşahidə edilərsə, hesablanmış həmin fərq məbləği sifarişçi tərəfindən icraçıya əlavə olaraq ödəniləcəkdir.
10. Müqavilənin 5.2-ci bəndinə görə, müqavilə üzrə yükün təhvil alınması və sifarişçiyə və ya onun səlahiyyətləndirdiyi şəxsə təhvil verilməsi qanunvericiliklə müəyyənləşdirilmiş qaydada iki nüsxə üzrə tərtib edilmiş və tərəflərin səlahiyyətləndirdikləri şəxslər tərəfindən imzalanmış qaimə ilə rəsmiləşdirilir.
11. Müqavilənin 5.3-cü bəndinə görə, ay ərzində göstərilmiş xidmətlər barədə xidmət haqqı göstərilməklə hər ayın sonu daşıyıcı tərəfindən müvafiq təhvil-təslim aktı hazırlanaraq sifarişçiyə göndərilir və sifarişçinin və daşıyıcının səlahiyyətli nümayəndələri tərəfindən təsdiq edilir. Sifarişçi həmin aktda qeyd edilən məlumatları təsdiq etmədiyi təqdirdə 5 (beş) gün ərzində bununla bağlı müvafiq iradlarını və düzəlişlərini daşıyıcıya təqdim edir. Sifarişçi tərəfindən 5 (beş) gün ərzində imzalanıb daşıyıcıya geri göndərilməmiş akt artıq təsdiqlənmiş hesab edilir.
12. Müqavilənin 5.4-cü bəndinə görə təhvil-təslim aktı ilə təsdiq edilmiş xidmət haqqının aylıq məbləği 5 (beş) bank günü ərzində sifarişçi tərəfindən daşıyıcıya ödənilir. Tərəflər razılaşırlar ki, zərurət yarandıqda sifarişçi avans ödəməyi öz öhdəliyinə götürür.
13. İddiaçı tərəfindən cavabehə xx.xx.2025-ci il tarixli, MT2501 10639422 nömrəli 5203,8 manat məbləğində, xx.xx.2025-ci il tarixli MT2503 11477828 nömrəli 8897,2 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2412 10053360 nömrəli 26898,1 məbləğində, xx.xx.2025-ci il tarixli, MT2502 10041175 nömrəli 6283,5 manat məbləğində elektron qaimələr təqdim olunmuşdur.
14. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 001939 nömrəli göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında qiymət razılaşdırılma aktına əsasən sifarişçinin sifarişi əsasında yüklərin daşınması ilə bağlı xidmət haqqı 26898,1 manat dəyərində müəyyən edilmişdir.
15. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 002085 nömrəli göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında qiymət razılaşdırılma aktına əsasən sifarişçinin sifarişi əsasında yüklərin daşınması ilə bağlı xidmət haqqı 6283,5 manat dəyərində müəyyən edilmişdir.
16. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 002013 nömrəli göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında qiymət razılaşdırılma aktına əsasən sifarişçinin sifarişi əsasında yüklərin daşınması ilə bağlı xidmət haqqı 8897,2 manat dəyərində müəyyən edilmişdir.
17. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 002052 nömrəli göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında qiymət razılaşdırılma aktına əsasən sifarişçinin sifarişi əsasında yüklərin daşınması ilə bağlı xidmət haqqı 5203,8 manat dəyərində müəyyən edilmişdir.
18. Məhkəmə nümayəndənin izahatını dinləyib, materialları araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
19. Belə ki, hazırkı iddia ərizəsi bir neçə tələbdən ibarətdir: 1. 38935,4 manat əsas borcun ödənilməsi; 2. 11681 manat cərimənin tutulması; 3. 609,68 manat illik beş faizlə hesablanmış faiz borcunun tutulması.
20. Məhkəmə hesab edir ki, iddia tələbi birinci hissədə əsaslıdır.
21. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, 40/23 nömrəli yük daşınması müqaviləsi bağlanmış, həmin müqavilə üzrə iddiaçı öz üzərinə düşən öhdəliklərini icra etmiş, cavabdeh isə öhdəliklərini tam şəkildə icra etməmişdir.
22. Belə ki, materiallardan görünür ki, iddiaçı tərəfindən yük daşınması müqaviləsi üzrə icra edilmiş işlərin müqabilində 38935,40 vəsait ödənilməmişdir. Bu səbəbdən iddiaçı cavabdehdən icra edilmiş daşımaya görə yaranmış həmin borcu tələb etməklə haqlıdır.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.
24. Həmin Məcəllənin 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir.
25. Həmin Məcəllənin 852.4-cü maddəsinə əsasən ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır.
26. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir.
27. Bununla yanaşı, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 40/23 nömrəli yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilənin 5.5-ci bəndinə əsasən hesablanmış 11681 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
28. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
29. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
30. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
31. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 1900 manat məbləğində müəyyən edilməlidir.
32. Bundan əlavə, iddiaçı iddia ərizəsində borclunun icranın gecikdirməsi nəticəsində əsas borc üzrə ona vurulmuş zərər qismində ümumilikdə 609,68 manat (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) ödənilməsi tələbini də irəli sürmüşdür.
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
34. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
35. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:
36. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;
37. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ...
38. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”
39. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
40. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
41. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. ... ...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.”
42. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.
43. Mülki Məcəllənin 445.7-ci maddəsindən və Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz iddiaçının əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Başqa sözlə, borcun gecikdirilməsi faktının müəyyən olunması iddiaçının gecikdirilmiş vaxt üçün borcludan illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır.
44. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan və məhkəmə belə qənaətə gəlir ki, iddiaçının həmin tələbi də əsaslıdır.
45. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
46. 466.1-ci maddəsinə görə əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir.
47. 466.2-ci maddəsinə görə qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər:
48. 466.2.1. zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər;
49. 466.2.2. dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər;
50. 466.2.3. kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər.
51. 466.3-cü maddəsinə görə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məhdud məsuliyyətin müəyyənləşdirildiyi hallarda dəbbə pulu çatmayan və ya dəbbə pulundan yuxarı hissədə və ya onun əvəzinə ödənilməli olan zərər həmin məhdudiyyətlə müəyyənləşdirilmiş həddə qədər tutula bilər.
52. Hazırkı halda yük daşınması müqaviləsində nəzərdə tutulmuş dəbbə pulu, həm də Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş faizlər bərpaedici sanksiyalar olduğundan həmin sanksiyaların birlikdə tətbiq edilməsi ikiqat məsuliyyət yaratmaqla hüququn universal prinsipi olan non bis in idem (eyni əmələ görə iki dəfə olmaz) prinsipinə ziddir.
53. Bundan əlavə hazırkı halda gecikdirilmiş borc məbləğinə həm dəbbə pulunun, həm də faizlərin hesablanması Mülki Məcəllənin 466-cı maddəsinin tələblərinə də uyğun hesab edilə bilməz.
54. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən zərərin formalardan biri olan əldən çıxmış faydanın əvəzi olaraq hesablanan faizlərin yalnız dəbbə pulu məbləği ilə əhatə edilməmiş hissəsinin tutulmasına yol verilir.
55. Odur ki, iddiaçının Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən tutulmasını xahiş etdiyi 609,68 manat məbləğində faiz cavabdehdən tutulmalı olan 1900 manat dəbbə pulu ilə əhatə edildiyi üçün iddia tələbi bu hissədə təmin edilmə bilməz.
56. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 38935,40 manat əsas borc, 1900 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
57. Bundan başqa iddia ərizəsində 300 manat hüquqi yardıma görə xərcinin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən həmin xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
58. Belə ki, xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən Ekol Vəkil Bürosunun hesabına 300 manat hüquqi xidmət haqqı ödənilmişdir.
59. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
60. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
61. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 212,51 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan ödənilmiş 32,49 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
62. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh “Makro 2000 X2 Taahhüt İç ve Dış Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Fililalından 38935,40 manat əsas borc, 1900 manat dəbbə pulu, 300 manat hüquqi yardıma görə xərc, 212,51 manat dövlət rüsumu, ümumilikdə 41347,91 (qırx bir min üç yüz qırx yeddi manat doxsan bir qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 32,49 (otuz iki manat qırx doqquz qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova