Məhkəmə qərarları › İş №e-2-2(113)-469/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-469/2022

15.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-469/2022 15.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "Competo” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Firmasına qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "Competo” Məhdud Məsuliyyətli Cəmiyyəti (İddiaçı MMC) Cavabdeh Firmasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə yaranmış 433,72 manat məbləğində borc, cərimə üzrə hesablanmış 1464,26 manat, dövlət rüsumu kimi 60 manat olmaqla, cəmi 1957,98 manat məbləğində pulun Cavabdeh Firmasından İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Firması ilə İddiaçı MMC arasında 13.03.2019-cu il tarixli, 00214 saylı xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin tərəfləri Cavabdeh Firması müqavilə üzrə “Partnyor” (VÖEN: **********), İddiaçı MMC “Operator” olaraq müəyyən olunmuşdur. Müqavilənin predmetinə əsasən “Partnyor” Proqrama Hesablayan/Hesablayan və İstifadə edən Partnyor qismində qoşulmuşdur. Sözügedən müqavilənin 3.1-ci bəndində qeyd edildiyi kimi, “Umico” istehlakçı loyallığı əməkdaşlıq proqramın müştərisi tərəfindən Partnyorun ticarət məntəqəsində əməliyyatlar həyata keçirildikdə X2 manatlarının hesablanmasını maliyyələşdirməyi, Operator isə Bonus manatlarının Müştərinin hesabına hesablamağı, öz hesablaşma hesabına bonus manatlarının ekvivalentini qəbul etməyi, bonus manatlarının uçotunu təmin etməyi, eləcə də Müştərinin gələcəkdə daxil ola bilən bonus manatlarının istifadəsi üzrə göstərişi yerinə yetirməyi öhdəsinə götürür. Müqavilənin qeyd olunmuş bəndinə əsasən X1 13-cü bölməsində göstərilən hesablaşma hesabına Bonus manatlarının Ekvivalentini köçürməyi öhdəsinə götürür. Müqavilənin 3.1.1-ci bəndinə əsasən tərəflər razılığa gəlmişlər ki, müqavilənin 3.1-ci bəndində göstərilən əməliyyatlar nəticəsində Bonus manatları Müştərinin Partyorun TMM-ində nəzərdə tutulmuş əməliyyatlara görə 7% dərəcəsi ilə hesablanır. Müqavilənin 4.1-ci bəndinə əsasən Partnyor Operatora göstərdiyi xidmətlərə görə aylıq haqq ödəyir. Müqavilənin 4.1.1-ci bəndinə əsasən Partnyorun Operatorun xeyrinə ödədiyi haqqın məbləği Proqram çərçivəsində Müştərilərin Partnyorun TMM-ində həyata keçirdiyi və hesabat ayında Operatorun proqram-texniki kompleksində qeydə alınmış əməliyyatların ümumi məbləğinin 3-nü (üç)% (18% dərəcə ilə ƏDV daxil olmaqla) təşkil edir. Müqavilənin 2.3-cü bəndinə əsasən tərəflər Proqramın qaydaları ilə tanış olmuş və onun bütün şərtləri barədə razılığa gəlmişlər. Eləcə də müqavilənin 11-ci bəndində müqavilənin şərtlərinin aydın və Tərəflərin real razılaşmasına uyğun olduğu, müqavilənin bağlanmasının Tərəflərin maraqlarına cavab verdiyi qeyd edilmişdir. Lakin buna baxmayaraq, Cavabdeh Firması müqavilə üzrə öhdəlikləri icra etməmiş və öhdəliklərin icrasından müxtəlif səbəblər ilə yayınmışdır. Belə ki, müqavilə bağlandığı tarixdən, müqavilənin 3.1.1 və 4.1.1-ci bəndlərində göstərilən bonus manatları və xidmət haqqı üzrə Cavabdeh Firması 433,72 manat məbləğində borcu yaranmışdır. Cavabdeh Firmasının 433,72 manat məbləğində borc qalığının ödənilməsinə dair iddiaçı tərəfindən dəfələrlə müraciət olunmasına baxmayaraq, müqavilə üzrə öhdəliklər icra edilməmişdir. Müqavilənin 6.3.4-cü bəndinə əsasən müqavilə üzrə maliyyə şərtlərini vaxtında yerinə yetirmək Partnyorun vəzifələrindən biridir. Müqavilənin 7.1-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulan maliyyə öhdəliklərinin icrası müddətinin pozulmasına görə zərərçəkən tərəf digər tərəfdən gecikdirilmiş hər bir gün üçün ödənilməmiş məbləğin 0.5 faizi məbləğində cərimə (peniya) ödənilməsini tələb etmək hüququna malikdir. İddiaya etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbini qəbul etmirlər. İddiaçının iddiası əsassızdır və heç bir mötəbər sübutla öz təsdiqini tapmır. Belə ki, həqiqətən də istinad edilən müqavilə aralarında bağlanmış, lakin Operator üzərinə düşən öhdəlikləri (müştəri ilə təmin etmək, reklam və sairə) yerinə yetirilmədiyinə və əməkdaşlıq cavabdeh firmaya mənfəət gətirmədiyinə görə aralarında bağlanmış 13.03.2019-cu il tarixli müqaviləyə 09.01.2020-ci il tarixdən xitam verilməsinə dair 08.01.2020-ci il tarixli ikitərəfli “Razılaşma” imzalanmışdır. Həmin vaxt cavabdehlə iddiaçı arasında “Xidmətlərin təhviltəslim Aktı”na əsasən (0445\11-2019 saylı, 10.12.2019-cu il tarixli) 64,84 manat xidmət haqqı borcu mövcud olmuşdur. Həmin akt tərtib edildikdən sonra cavabdeh müqaviləni ləğv etmək fikrini iddiaçıya bildirmiş və 09.01.2020-ci il tarixindən aralarında olan müqaviləyə xitam verilmişdir. Aralarında olan borc məbləğini təsdiq edən “Aktı” iddiaçı bilərəkdən iddia ərizəsinə əlavə etməmiş, yalnız birtərəfli qaydada, heç bir təsdiq sənədi olmayan elektron-qaimə ilə cavabdehin borcunun guya 433,72 manat olmasını məhkəməyə göstərmək və bunun əsasında əsas və cərimə məbləğlərinin müəyyən edilməsinə nail olmaq istəmişdir. Müqavilənin qüvvədə olduğu 9 ay ərzində (13.03.2019- 09.01.2020) cəmi 64,84 manat xidmət haqqı borcu yarandığı halda, əməkdaşlığa faktiki olaraq 10.12.2019-cu il tarixdə, hüquqi olaraq 09.01.2020-ci il tarixdə xitam verildiyi halda, cəmi 1 ay ərzində əlavə olaraq 364,88 manat (433,72 manat - 68,84 manat) xidmət haqqı borcunun yaranması mümkünsüzdür. İddiaçı iddia edir ki, guya dəfələrlə cavabdehdən həmin borcun ödənməsini tələb etsələr də, cavabdeh bu pulu ödəməkdən müxtəlif səbəblərlə yayınmışdır. Əslində isə 68,84 manat pulun ödənməsi normal bir firma üçün heç bir problem olmamışdır və cavabdeh həmin pulu istənilən vaxt ödəmək iqtidarında və istəyində olmuşdur. Sadəcə olaraq həmin vaxt həm pandemiya şəraitinə, həm də bank hesabında qadağalar olduğuna görə 68,84 manatı nağd şəkildə, mədaxil qəbzi vermək şərtilə ödəməyi təklif etsələr də, iddiaçı bununla razılaşmamış və pulu nağd şəkildə tələb etmişdir. Ona görə də borca görə hesablaşmaları baş tutmamışdır. Sonradan isə iddiaçı şifahi söhbətlər zamanı heç bir sənədlə təsdiq edilməyən 433,72 manatlıq borc tələbi ilə cavabdehə müraciət etmiş, cavabdeh tərəf bu borc məbləğini qəbul etməmiş, iddiaçı cavabdehi məhkəməyə verib əsassız borc və ona hesablanmış cərimə ilə təhdid eləməyə başlamışdır. İddiaçının iddiası əsassızdır və heç bir mötəbər sübutla təsdiq edilmir (bank sənədləri, rəsmi bank çıxarışları və sairə). İddiaçının məhkəməyə təqdim etdiyi birtərəfli qaydada tərtib edilmiş elektron-qaimə isə cavabdehin iddiaçıya olan borcunu təsdiq etmək üçün əsas ola bilməz. Çünki bu elektron qaimədə əksini tapan rəqəmlər heç bir bank çıxarışı, alt sənəd və ya aktla təsdiq edilmir. Yeganə rəsmi sənəd olan qarşılıqlı Aktda isə yalnız 64,84 manatlıq borc öz təsdiqini tapır. Aralarında bağlanmış 13 mart 2019-cu il tarixli 00214 saylı “Xidmət Müqaviləsi”nin 4.3-cü maddəsində göstərilmişdir ki, Partnyor tərəfindən haqqın ödənilməsi İnvoysa müvafiq olaraq, müqavilənin 13-cü bölməsində göstərilən rekvizitlər üzrə Hesabatın təsdiq edildiyi (razılaşdırıldığı) tarixdən etibarən 5 iş günü ərzində həyala keçirilir. Müqavilənin istinad edilən normasından da görünür ki, hər bir hesabat əvvəlcədən tərəflər arasında razılaşdırıldıqdan sonra ödəməyə başlanıla bilər. Necə ki, aralarında olan xidmət haqqı ikitərəfli imzalanmış, razılaşdırılmış 10.12.2019-cu il tarxli Aktla təsdiq edilmişdir. İddiaçının irəli sürdüyü iddianı təsdiq edən qanunla nəzərdə tutulmuş sübutlar təqdim edilmədiyinə və mövcud olmadığına görə hazırkı iddia təmin edilə bilməz və rədd edilməlidir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi, eyni zamanda etirazda qeyd olunan, cavabdehlə iddiaçı arasında “Xidmətlərin təhvil-təslim Aktı”nda (0445\11-2019 saylı, 10.12.2019-cu il tarixli) 64,84 manat xidmət haqqı borcuna münasibətdə bildirdi ki, həmin məbləğ noyabr ayına olan xidmət haqqını təşkil edir, noyabr ayına hesablanan bonusların məbləği 162,10 manat olmaqla, noyabr ayına olan borc 226,94 manat təşkil etmişdir ki, bu da cavabdehə göndərilən EBAE 028107 saylı elektron qaimədə öz əksini tapmlşdır. Hazırda mövcud olan borcun digər hissəsi oktyabr ayı üçün yaranan borcdur ki, həmin borcun 59,08 manat hissəsi həmin aya olan xidmət haqqını təşkil edir, oktyabr ayına hesablanan bonusların məbləği isə 147,70 manat olmaqla, oktyabr ayına olan borc 206,78 manat təşkil etmişdir ki, bu da cavabdehə göndərilən EBAC 438982 saylı elektron qaimədə öz əksini tapmışdır. Cavabdeh Firması məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - “Operator” qismində "Competo” MMC ilə “Partnyor” qismində Cavabdeh Firması arasında 06 mart 2019-cu il tarixli, 00214 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin 3.1-ci bəndinə əsasən “Umico” istehlakçı loyallığı əməkdaşlıq proqramın müştərisi tərəfindən Partnyorun ticarət məntəqəsində əməliyyatlar həyata keçirildikdə X2 manatlarının hesablanmasını maliyyələşdirməyi, Operator isə Bonus manatlarının Müştərinin hesabına hesablamağı, öz hesablaşma hesabına bonus manatlarının ekvivalentini qəbul etməyi, bonus manatlarının uçotunu təmin etməyi, eləcə də, Müştərinin gələcəkdə daxil ola bilən bonus manatlarının istifadəsi üzrə göstərişi yerinə yetirməti öhdəsinə götürür. Müqavilənin qeyd olunmuş bəndinə əsasən X1 13-cü bölməsində göstərilən hesablaşma hesabına Bonus manatlarının Ekvivalentini köçürməyi öhdəsinə götürür. Müqavilənin 3.1.1-ci bəndinə əsasən tərəflər razılığa gəlmişlər ki, müqavilənin 3.1ci bəndində göstərilən əməliyyatlar nəticəsində Bonus manatları Müştərinin Partyorun TMM-ində həyata keçirdiyi əməliyyatların məbləğindən 7% dərəcəsi ilə hesablanır. Müqavilənin 4.1-ci bəndinə əsasən Partnyor Operatora göstərdiyi xidmətlərə görə aylıq haqq ödəyir. Müqavilənin 4.1.1-ci bəndinə əsasən Partnyorun Operatorun xeyrinə ödədiyi haqqın məbləği Proqram çərçivəsində Müştərilərin Partnyorun TMM-ində həyata keçirdiyi və hesabat ayında Operatorun proqram-texniki kompleksində qeydə alınmış əməliyyatların ümumi məbləğinin 3-nü (üç)% (18% dərəcə ilə ƏDV daxil olmaqla) təşkil edir. Müqavilənin 6.3.4-cü bəndinə əsasən müqavilə üzrə maliyyə şərtlərini vaxtında yerinə yetirmək Partnyorun vəzifələrindən biridir. Müqavilənin 7.1-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulan maliyyə öhdəliklərinin icrası müddətinin pozulmasına görə zərərçəkən tərəf digər tərəfdən gecikdirilmiş hər bir gün üçün ödənilməmiş məbləğin 0.5 faizi məbləğində cərimə (peniya) ödənilməsini tələb etmək hüququna malikdir. - 10.12.2019-cu il tarixli Təhvil-təslim aktından görünür ki, 00214 nömrəli xidmət müqaviləsinə əsasən nəzərdə tutulmuş xidmətləri müqavilənin şərtlərinə uyğun şəkildə partnyora göstərmişdir, partnyor isə həmin xidmətləri operatordan təhvil almışdır. Eləcə də aktda qeyd olunmuşdur ki, müqavilə şərtlərinə əsasən xidmətlərin ümumi dəyəri 64,84 manat (ƏDV daxil) təşkil etmişdir. - 00214 nömrəli xidmət müqaviləsinə xitam verilməsinə dair 08.01.2020-ci il tarixli Razılaşmada qeyd olunmuşdur ki, tərəflər İddiaçı MMC ilə Cavabdeh Firması razılığa gəlirlər ki, aralarında bağlanmış Xidmət müqaviləsinə 09.01.2020-ci il tarixindən xitam verilmişdir. Müqavilə üzrə tərəflərin hər hansı icra edilməmiş öhdəliyi qaldığı halda, həmin tərəf sözügedən öhdəliyi müqaviləyə xitam verilən tarixdən 7 iş günü ərzində icra etməyi öhdəsinə götürür. Öhdəlik daşıyan tərəf öhdəliyin vaxtında və lazımınca icra edilməməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır. - 13.11.2019-cu il tarixli, EBAC seriyalı, 438982 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh Firmasına yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 206,78 (ƏDV daxil) manat təşkil edir. - 17.12.2019-cu il tarixli, EBAE seriyalı, 028107 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh Firmasına yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 226,94 (ƏDV daxil) manat təşkil edir. - İddiaçı MMC tərəfindən Cavabdeh Firmasına ünvanlanmış pretenziya qaydasında xəbərdarlıqdan görünür ki, borc məbləğinin 10 (on) gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh Firması arasında bağlanmış xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır. İddia tələbinin bir hissəsini Cavabdeh Firmasından 433,72 manat (ƏDV daxil) məbləğində əsas borcun tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdehin nümayəndəsi verilən etiraz ərizəsində iddianı qismən qəbul edərək, iddiaçıya 64,84 manat borcunun olduğunu bildirmiş, iddia qalan əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. Məhkəmə cavabdehin etirazını əsassız sayaraq, belə nəticəyə gəlir ki, cavabdehin iddiaçıya 433,72 manat (ƏDV daxil) məbləğində borcunun olması öz təsdiqini tapır. Belə ki, müəyyən olunur ki, həmin borc 2019-cu ilun oktyabr və noyabr ayları üçün yaranan borcdur. Həmin məbləğə xidmət haqları və hesablanan bonuslar daxildir (206,78 + 226,94= 433,72 manat) ki, bununla bağlı cavabdehə elektron qaimələr göndərilmiş, həmin qaimələr cavabdeh tərəfindən qəbul edilmişdir. Beləliklə, məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia əsas borcun tutulması hissəsində təmin edilməli və cavabdehdən əsas borca görə 433,72 (dörd yüz otuz üç manat yetmiş iki qəpik) manat (ƏDV daxil) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin digər hissəsini borcun ödənilməsinin gecikdirilməsinə görə 1464,26 manat cərimənin cavabdehdən tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 20 manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddiaçı 60 manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Firmasından 433,72 manat (dörd yüz otuz üç manat yetmiş iki qəpik) əsas borc, 20 (iyirmi) manat cərimə, 60 (altmış) manat mediasiya xərci olmaqla, cəmi 513,72 manat (beş yüz on üç manat yetmiş iki qəpik) məbləğində pul "Competo” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar