Məhkəmə qərarları › İş №e-2-2(113)-4695/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4695/2025

08.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4695/2025 08.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızı, İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiasına kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh QSC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, əsas borc 1720,44 (bir min yeddi yüz iyirmi manat qırx dörd qəpik) manat, dəbbə pulu 117,91 (bir yüz on yeddi manat doxsan bir qəpik) manat, gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə hesablanmış faiz 161,18 (bir yüz altmış bir manat on səkkiz qəpik) manat, dövlət rüsumu 40 (qırx) manat, olmaqla cəmi 2039,53 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında 24 iyun 2023-cü il tarixində SPARK-060/2023 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən, iddiaçı tərəfindən cavabdehin sifarişi əsasında ümumi dəyəri 39952 (otuz doqquz min doqquz yüz əlli iki) manat, 44 (qırx dörd qəpik) (o cümlədən:əsas məbləğ – 33.858 manat, ƏDV məbləği – 6.094,44 manat) olan **********-Beton B-12,5 (M-150) markalı beton məhlulu cavabdehin mülkiyyətinə təhvil verilmişdir. Malların təhvili aşağıda qeyd edilən 8 (səkkiz) ədəd elektron qaimə-faktura əsasında rəsmiləşdirilmişdir. Qaimə-fakturalar vergi orqanının informasiya sistemi vasitəsilə hazırlanaraq iddiaçı tərəfindən göndərilmiş və cavabdeh tərəfin səlahiyyətli nümayəndəsi tərəfindən ASAN imza ilə təsdiqlənmişdir: 1. Seriya: EBDJ, Nömrə: 509063, Tarix: xx.xx.2023 2. Seriya: EBDK, Nömrə: 259276, Tarix: xx.xx.2023 3. Seriya: EBDK, Nömrə: 510909, Tarix: xx.xx.2023 4. Seriya: EBDL, Nömrə: 563984, Tarix: xx.xx.2023 5. Seriya: EBDM, Nömrə: 248838, Tarix: xx.xx.2023 6. Seriya: EBDN, Nömrə: 858414, Tarix: xx.xx.2023 7. Seriya: EBDO, Nömrə: 380300, Tarix: xx.xx.2023 8. Seriya: EBDP, Nömrə: 093118, Tarix: xx.xx.2023 qaimə-fakturalarda göstərilən malların təqdim olunmasından sonra cavabdeh tərəfindən 38232 (otuz səkkiz min iki yüz otuz iki) manat əsas məbləğ bank hesabı vasitəsilə, 5832 (beş min səkkiz yüz otuz iki) manat ƏDV məbləği isə depozit hesabı vasitəsilə ödənilmişdir. Lakin xx.xx.2023-cü il tarixli EBDJ seriyalı 509063 saylı elektron qaimə-faktura üzrə 1458 (bir min dörd yüz əlli səkkiz) manat əsas borc və 262 (iki yüzaltmış iki) manat, 44 (qırx dörd) qəpik ƏDV olmaqla cəmi 1720 (bir min yeddi yüziyirmi) manat, 44 (qırx dörd) qəpik məbləğində borc bu günədək ödənilməmiş olaraq qalmaqdadır. İddiaçı tərəfindən borcun ödənilməsi ilə bağlı xx.xx.2025-ci il tarixdə həm internet vergi idarəsi, həm də elektron məhkəmə sistemi vasitəsilə cavabdeh tərəfə pretenziya məktubu göndərilmişdir. Lakin bu məktuba cavab verilməmiş, borc könüllü şəkildə ödənilməmişdir. Qeyd ediləsi haldır ki, göndərilmiş pretenziyada texniki səhv nəticəsində borcun məbləği 1620 (bir min altı yüz iyirmi) manat, 44 (qırx dörd) qəpik göstərilmişdir, faktiki düzgün borc məbləğicəmi 1720 (bir min yeddi yüziyirmi) manat, 44 (qırx dörd) qəpikdir. Əsas borc və ƏDV daxil olmaqla 1720 (bir min yeddi yüz iyirmi) manat, 44 (qırx dörd) qəpik məbləğində ödənilməmiş borca görə, müqavilənin 9.4-cü bəndinə əsasən hər gecikmə gününə tətbiq edilən 0.01% dəbbə faizi üzrə, xx.xx.2023-cü ildən xx.xx.2025-ci ilədək olan 685 günlük gecikmə müddətinə ümumilikdə 117,91 (bir yüz on yeddimanat doxsan bir qəpik) manat dəbbə pulu hesablanmışdır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmadıqda, borclu gecikdirdiyi pul öhdəliyinə görə kreditor qarşısında illik 5% məbləğində əlavə faiz ödəməlidir. Həmin maddəyə uyğun olaraq xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək olan 685 günlük gecikmə müddətinə ümumilikdə 161 (bir yüzaltmış bir) manat 18 (on səkkiz) qəpik məbləğində faiz hesablanmışdır.

II. Məhkəmə baxışının hədləri:

3. Mülki Prosessual Məcəllənin: - Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

4. İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, SPARK-060/2023 saylı malların alqı-satqısı haqqında müqavilənin 1.1-ci bəndinə görə satıcı müqavilənin əlavəsi hesab edilən qiymət razılaşdırma protokollarında göstərilən müxtəlif növ beton/tikinti məhsullarını razılaşdırılmış qiymətlə istifadə məqsədləri üçün yararlı halda alıcıya satmağı, alıcı isə həmin malları qəbul edib dəyərini müvafiq əlavədə müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür.

5. Müqavilənin 3.2-ci bəndinə görə malların təhvil verilməsi müqavilədə və ya onun müvafiq əlavələrində göstərilən ünvanda həyata keçiriləcək. Alıcının həmin mallara mülkiyyət hüququ o vaxt yaranacaq ki, onlar alıcının və ya onun səlahiyyətli nümayəndəsinin ixtiyarına qənaətbəxş səviyyədə bu müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə tam təhvil verilmiş olsun.

6. Müqavilənin 4.2-ci bəndinə görə müqavilənin əlavələrində başqa qayda nəzərdə tutulmamışdırsa alıcı hər ay üzrə ona təhvil verilmiş malın dəyərini, mallar təhvil verildikdən sonra 7 gün ərzində ödəməyi öhdəsinə götürür.

7. Müqavilənin 9.4-cü bəndinə görə alıcı malların dəyərinin ödənilməsi ilə bağlı hər gecikmə gününə görə 0,01% (sıfır tam yüzdə bir) məbləğində dəbbə pulu ödəyəcək.

8. xx.xx.2023-cü il tarixli, 01 nömrəli və xx.xx.2023-cü il tarixli, 02 nömrəli qiymətlərin razılaşdırma protkolu ilə müqavilə üzrə təhvil veriləcək malların adı, ölçü vahidi və qiyməti razılaşdırılmışdır.

9. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli EBDJ 509063 nömrəli 1720,44 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDK 259276 nömrəli 12425,40 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDK 510909 nömrəli 955,80 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDL 563984 nömrəli 8219,88 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDM 248838 nömrəli 1911,60 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDN 858414 nömrəli 2293,92 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDO 380300 nömrəli 6690,60 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDP ******* nömrəli 5734,80 manat məbləğində elektron qaimə-fakturalar təqdim olunmuşdur.

10. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə 5832 manat məbləğində pul iddiaçının ədv sub-uçot hesabına ödənilmişdir.

11. İnternet vergi idarəsindən çıxarışa əsasən iddiaçı tərəfindən ödənilməsi tələb edilən xx.xx.2023-cü il tarixli EBDJ 509063 nömrəli 1720,44 manat məbləğində elektron qaimə vergi ödəyicisi olan cavabdeh tərəfindən təsdiqlənmişdir.

12. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

14. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, cavabdehin yaranmış borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, SPARK- 060/2023 saylı alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.

15. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

16. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

17. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

18. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

19. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

20. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alqısatqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 1720,44 manat məbləğində borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia əsas borcun tutulması hissəsində təmin edilməli, cavabdehdən 1720,44 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.

21. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış müqaviləyə əsasən hesablanmış 117,91 manat cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

22. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

23. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

24. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

25. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 80 manat məbləğində müəyyən edilməlidir.

26. Belə ki, iddiaçı iddia ərizəsində borclunun icranı gecikdirməsi nəticəsində əsas borc (1720,44 manat) üzrə ona vurulmuş zərər qismində 161,18 manat (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) pulun ödənilməsi tələbini də irəli sürmüşdür.

27. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

28. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

29. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:

30. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;

31. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

32. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”

33. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

34. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

35. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. ... ...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.”

36. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.

37. Mülki Məcəllənin 445.7-ci maddəsindən və Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz iddiaçının əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Başqa sözlə, borcun gecikdirilməsi faktının müəyyən olunması iddiaçının gecikdirilmiş vaxt üçün borcludan illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır.

38. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan və cavabdehin özü tərəfindən də təkzib edilmədiyindən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının həmin tələbi də əsaslıdır.

39. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

40. 466.1-ci maddəsinə görə əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir.

41. 466.2-ci maddəsinə görə qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər:

42. 466.2.1. zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər;

43. 466.2.2. dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər;

44. 466.2.3. kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər.

45. 466.3-cü maddəsinə görə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məhdud məsuliyyətin müəyyənləşdirildiyi hallarda dəbbə pulu çatmayan və ya dəbbə pulundan yuxarı hissədə və ya onun əvəzinə ödənilməli olan zərər həmin məhdudiyyətlə müəyyənləşdirilmiş həddə qədər tutula bilər.

46. Hazırkı halda alqı-satqı müqaviləsində nəzərdə tutulmuş dəbbə pulu, həm də Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş faizlər bərpaedici sanksiyalar olduğundan həmin sanksiyaların birlikdə tətbiq edilməsi ikiqat məsuliyyət yaratmaqla hüququn universal prinsipi olan non bis in idem (eyni əmələ görə iki dəfə olmaz) prinsipinə ziddir.

47. Bundan əlavə hazırkı halda gecikdirilmiş borc məbləğinə həm dəbbə pulunun, həm də faizlərin hesablanması Mülki Məcəllənin 466-cı maddəsinin tələblərinə də uyğun hesab edilə bilməz.

48. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən zərərin formalardan biri olan əldən çıxmış faydanın əvəzi olaraq hesablanan faizlərin yalnız dəbbə pulu məbləği ilə əhatə edilməmiş hissəsinın tutulmasına yol verilir.

49. Odur ki, iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əldən çıxmış faydanın əvəzi olaraq tutulmasını xahiş etdiyi 161,18 manat məbləğində faizlərin cavabdehdən tutulmalı olan 80 manat dəbbə pulu ilə əhatə edilməmiş, yəni 81,18 (161,18 manat – 80 manat) manat hissəsinin tutulmasını tələb etməkdə haqlıdır.

50. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, cavabdehdən 81,18 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.

51. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 1720,44 manat əsas borc, 80 manat cərimə borcu, 81,18 faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

53. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan iş üzrə ödənilmiş 38,82 manat (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 11,18 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

IV. Nəticə:

54. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh QSC-dən 1720,44 manat əsas borc, 80 manat dəbbə pulu, 81,18 faiz borcu, 38,82 manat dövlət rüsumu, ümumilikdə 1920,44 (bir min doqquz yüz iyirmi manat qırx dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 11,18 manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar