Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-470/2024 20.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi və s. tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi, əşyanın təhvil alınması) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi və s. tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 132984,30 manat əsas borc, 23937,18 manat ƏDV borcu olmaqla, cəmi 156921,48 manat məbləğində borc, 15692,14 manat dəbbə pulu məbləği olmaqla, ümumilikdə 172613,62 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, STP-SD-202200555 nömrəli, xx.xx.2022 tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı "xxxx" MMC alıcı Cavabdeh MMC-yə sifariş edilmiş malları satmağı, Cavabdeh MMC isə təhvil alınmış malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Qoşmada qeyd edilmiş iki ədəd qaimədən göründüyü kimi, 132984,30 manat əsas borc, 23937,18 manat ƏDV borcu olmaqla, ümumilikdə 156921,48 manat dəyərində mallar borclu Cavabdeh MMC-yə təhvil verilmişdir. Təhvil verilmiş malların müqabilində heç bir ödəniş edilməmişdir və 156921,48 manat məbləğində borc xx.xx.2023-cü il tarixindən etibarən əsassız olaraq ödənilmir. Həmçinin müqavilənin 3.5-ci və 3.6-cı bəndlərinə əsasən öhdəliyinin icrasını gecikdirən tərəf hər gecikmə günü üçün digər tərəfə gecikdirilmiş öhdəlik (ödəniş) məbləğinin 0.1%-i həcmində, ümumi 10%-dan artıq olmamaqla cərimə ödəməlidir. Borcun 210 gün gecikdirilmiş olmasını nəzərə alaraq borc məbləğinə əlavə olaraq 10% məbləğində cərimə, yəni 15692,14 manat İddiaçı MMCyə ödənilməlidir.
3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, cavabdehdən 132984,30 manat əsas borc, 23937,18 manat ƏDV olmaqla, 156921,48 manat məbləğində borc, 15692,14 manat dəbbə pulu pulu olmaqla, ümumilikdə 172613,62 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi, 41123,30 manat məbləğində istehsal edilmiş məhsulların dəyərinin tam ödənilməsi və təhvil alınması öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki,STP-SD-202200555 nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı "xxxx" MMC alıcı "xxxx" MMC-yə 195939 manat məbləğində malları satmağı, "xxxx" MMC isə təhvil alınmış malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC 198044,78 manat məbləğində məhsulları istehsal etmişdir. Əvvəl də qeyd edildiyi kimi, ƏDV daxil ümumilikdə 156921,48 manat dəyərində məhsullar alıcı "xxxx" MMC-yə təhvil verilmiş, lakin 41123,30 manat məbləğində istehsal edilmiş məhsulların təhvil alınmasından hələ də imtina edilir.
4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.
5. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı MMC ilə sifarişçi qismində Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli STP-SD-202200555 nömrəli malların və xidmətlərin alqı-satqısı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən müqavilə ilə satıcı tam təfsilatı, ölçü vahidi, həcmi, qiyməti, təhvil verilmə qaydası və təhvil verilmə müddəti hər yeni sifarişdən qabaq tərəflərin iştirakı ilə yazılı şəkildə tərtib ediləcək və müqavilənin ayrılmaz tərkib hissəsi olan qoşmalar ilə müəyyən olunan mallar və/və ya xidmətlər ilə sifarişçini təchiz etməyi, sifarişçi isə malları və xidmətləri qəbul edib onların müvafiq qoşma ilə razılaşdırılmış dəyərini satıcıya ödəməyi öhdəsinə götürür; 2.1-ci bəndinə əsasən satıcı malları və xidmətləri qoşmada razılaşdırılmış müddətdə sifarişçiyə təhvil verməlidir. Sifarişçinin ödəmə ilə əlaqədar öhdəliklərini icra etməməsi nəticəsində qoşmada razılaşdırılan təhvil müddəti müvafiq olaraq uzadıla bilər. Belə hallar və səbəbləri barədə satıcı sifarişçiyə məlumat verməlidir; 2.2-ci bəndinə əsasən malların və xidmətlərin təhvil verilməsi qaydası və yeri Qoşmada təsbit edilir. Qoşmada razılaşdırıldığı halda Satıcı Malları və Xidmətləri partiyalarla (hissə-hissə) da Sifarişçiyə verə bilər. Mallar və xidmətlərin hər hansı hissəsi təhvil verilməsi üçün hazır olduqda, Satıcı malların və xidmətlərin təhvil verilməsi üçün hazır olduqları tarixdən ("Təhvil Tarixi") 1 (bir) iş günü qabaqcadan telefon, elektron poçt və ya digər rabitə vasitələri ilə Sifarişçini xəbərdar etməlidir; 2.3-cü bəndinə əsasən malların və xidmətlərin sifarişçiyə təhvil verilməsi Tərəflərin səlahiyyətli nümayəndələrinin imzaladığı, Tərəflərin hər birində 1 (bir) nüsxə saxlanılmaqla Satıcı tərəfindən 2 (iki) nüsxədə tərtib edilən Təhvil-təslim Aktı ilə rəsmiləşdirilir. Təhvil-təslim aktı imzalanmasa Satıcı Malların və Xidmətlərin təhvilini müvafiq müddətə saxlaya bilər; 2.4-cü bəndinə əsasən satıcı Malların razılaşdırılmış vəziyyətdə təhvil verilməsini təmin edəcək şəkildə qablaşdırıldığından və mühafizə olunduğundan əmin olmalıdır. Qablaşdırmaya dair spesifik şərtlər və Sifarişçinin tələbləri olduqda, bu şərtlər Qoşmalarda müəyyən edilir. Belə şərtlər Qoşmada ifadə edilmədiyi halda Satıcı qablaşdırmada olan çatışmazlıqlara görə məsuliyyət daşımır; 2.5-ci bəndinə əsasən sifarişçi Satıcının razılığını almaqla, Satıcının fəaliyyətinə mane olması və/və ya Satıcının kommersiya sirrinin açıqlanması hallarınının istisna edilməsi şərtilə, Malların və Xidmətlərin yoxlanılmasını həyata keçirə bilər. Sifarişçinin istənilən Mallar və Xidmətlər üzrə yoxlamanı həyata keçirmək və təhvildən əvvəl həmin yoxlamadan keçməyən Mallardan və Xidmətlərdən imtina etmək hüququ vardır. Bu cür imtina, dərhal Satıcıya belə imtinanın səbəbi göstərilməklə və yazılı bildiriş verilməklə təsdiq olunmalıdır. Hər bir halda, Sifarişçi görünən qüsurlar barəsində ən tez müddətdə, lakin Malların və Xidmətlərin təhvil verildiyi tarixdən sonrakı 5 (beş) iş günündən gec olmayaraq, vizual baxışla müəyyən edilə bilməyən gizli qüsurlar barəsində isə 20 (iyirmi) iş günündən gec olmayaraq Satıcını məlumatlandırılmalıdır; 2.6-cı bəndinə əsasən sifarişçi Müqavilənin 2.5-ci bəndinə uyğun olaraq imtina barədə bildiriş vermədikdə, bu fakt, Malların və Xidmətlərin müvafiq qaydada qəbul edilməsi hesab edilir; 2.7-ci bəndinə əsasən satıcı sifarişçinin bu Müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərini icra etməməsi nəticəsində malların və xidmətlərin təhvil verilməməsinə və ya təhvildə gecikmələrə görə məsuliyyət daşımayacaq; 2.8-ci bəndinə əsasən təhvil verilməməsi və ya gecikmənin satıcının bu Müqavilədə və Müqavilənin tərkib hissəsi olan digər sənədlərdə göstərilən öhdəliklərini yerinə yetirməməsindən irəli gəldiyi hallar istisna olmaqla, sifarişçi malların və xidmətlərin təhvilini qəbul etmirsə, malların və xidmətlərin təhvili tarixində icra edilmiş hesab olunur, satıcı, faktiki təhvilin baş verməsinə qədər malların təchizatını və mümkün olarsa, Xidmətin icrasını (və ya nəticəsini) saxlamalıdır və buna görə sifarişçinin ödənişlərindən bütün müvafiq xərc və ödəmələri çıxmalı, bu mümkün olmadığı halda isə sifarişçi həmin xərcləri ayrıca ödəməlidir, bu müqavilənin məqsədləri üçün malların və xidmətlərin sifarişçiyə təhvil verilməsi dedikdə, malların və xidmətlərin bilavasitə sifarişçiyə, onun işçisinə, hər-hansı formada nümayəndəsinə, sifarişçinin müştərisinə, eləcə də daşımaların sifarişçiyə aid olduğu hallarda daşıyıcı və ya onun nümayəndəsinə təhvil verilməsi başa düşülür; 3.5-ci bəndinə əsasən hər-hansı tərəf bu müqavilə üzrə öhdəliklərini müəyyən olunmuş müddətlərdə həyata keçirmədikdə, hər gecikdirilmiş günə görə icrası gecikdirilən öhdəliyin dəyərinin 0,1 (sıfır tam onda bir) faizi həcmində digər tərəfə cərimə ödəməlidir. Satıcının malları və ya xidmətləri təhvil vermək müddəti ödənişlərin gecikdirilməsi müddətinə müvafiq uzadıla bilər. Cərimənin ödənilməsi tərəfləri müqavilə üzrə digər öhdəliklərinin icrasından azad etmir.
7. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli STP-SD-202200555 nömrəli malların və xidmətlərin alqı-satqısı müqaviləsinə xx.xx.2022-ci il tarixli, 1 nömrəli qoşma bağlanmışdır. Sözügedən qoşmadan görünür ki, tərəflər qoşmada qeyd edilən 4 adda malın ümumilikdə qiymətinin 195939 manat (ƏDV daxil) olması barədə razılığa gəlmişlər. Qoşmada sifariş olunan kabellərin miqdarı vahidinin qiyməti, Kabelin miqdarında istehsal zamanı +/-5% fərq ola bilər. Qoşmada qeyd olaraq yazılmışdır ki, alıcı mal hazır olduqdan sonra 5 (beş) iş günü ərzində həmin malı satıcının anbarından təhvil almalıdır. Qeyd edilən müddət ərzində mal anbardan təhvil alınmadıqda satıcının anbar xərci kimi təhvil alınmamış malın dəyərinin 0.5%-i (sıfır tam onda beş faizi) məbləğində cərimə hesablamaq hüququ vardır. Sözügedən qoşma hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
8. xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 196154 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 115928,56 manat (ƏDV daxil) təşkil edir.
9. xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 848996 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 40992,92 manat (ƏDV daxil) təşkil edir.
10. Kabelin standartın tələblərinə uyğunluğuna dair qəbul-təhvil sınaqlarının protokollları məhkəməyə təqdim edilmişdir.
11. İddiaçı tərəfindən “Anbar nəzarət buraxılış”, “Anbar №203 Hazır məhsul” yazılarının olduğu ştamp vurulmuş S088/23, S089/23, S261/23 nömrəli nəzarət buraxılış sənədləri (anbar-203 KZ hazır məhsul anbarı)
11. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 3 (üç) iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 569.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alqı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 596.1-ci maddəsinə əsasən alıcı ona verilən əşyanı qəbul etməyə borcludur, amma onun əşyanı dəyişdirməyi tələb etməyə və ya alqı-satqı müqaviləsinin icrasından imtina etməyə ixtiyarı çatdığı hallar istisna təşkil edir. 596.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, alıcı adətən irəli sürülən tələblərə görə müvafiq əşyanın verilməsini və alınmasını təmin etmək üçün öz tərəfindən zəruri olan hərəkətləri etməyə borcludur. 596.3-ci maddəsinə əsasən alıcı alqı-satqı müqaviləsini pozaraq əşyanı qəbul etmədikdə və ya onun qəbulundan imtina etdikdə satıcı alıcıdan əşyanı qəbul etməyi tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
14. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı alqısatqı müqaviləsi üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, cavabdeh həm qəbul etdiyi əşyanın əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) iddiaçıya ödəməmiş, həm də alqı-satqı müqaviləsinin şərtlərini pozaraq sifariş verdiyi əşyanı qəbul etməmiş, ona görə də iddiaçının cavabdehdən istehsal edilmiş məhsulların dəyərinin tam ödənilməsi və təhvil alınmasını, eyni zamanda cavabdehin qəbul etdiyi əşyanın əvəzində müəyyənləşdirilmiş pul məbləğinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Tərəflər arasında göstərilən məbləğdə mal dövriyyəsinin olması, iddia tələbində qeyd olunan borcun yaranması təqdim olunmuş sübutlarla (müqavilə, elektron qaimələr və s.) öz təsdiqini tapır.
15. İddia tələbininin bir hissəsini cavabdehdən 132984,30 manat əsas borc, 23937,18 manat ƏDV borcunun iddiaçının xeyrinə tutulması təşkil edir.
16. İlki öncə qeyd olunmalıdır ki, cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır (cavabdeh tərəfindən vəkil müraciəti edilmiş, müraciət edən şəxs nümayəndə və vəkil kimi sistemə əlavə edilmişdir). İş üzrə qiyabi qətnamə çıxarılmış, cavabdehin nümayəndəsinin ərizəsi əsasında qiyabi qətnamə ləğv edilmiş, lakin bundan sonra da cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya münasibət bildirməmişdir.
17. Məhkəmə qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia əsas borcun tutulması hissəsində təmin edilməli və Cavabdehndən 132984,30 manat əsas borc, 23937,18 manat ƏDV borcu İddiaçı xeyrinə tutulmalıdır.
18. İddia tələbinin digər hissəsini 15692,14 manat cərimə borcunun tutulması təşkil edir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.
19. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, tutulacaq cərimə məbləği azaldılaraq, 7800 manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.
20. İddia tələbininin digər hissəsini Cavabdeh üzərinə 41123,30 manat (qırx bir min yüz iyirmi üç manat otuz qəpik) məbləğində istehsal edilmiş məhsulların dəyərinin tam ödənilməsi və təhvil alınması öhdəliyinin qoyulması təşkil edir.
21. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən göründüyü kimi, sifarişçi malların və xidmətlərin təhvilini qəbul etmirsə, malların və xidmətlərin təhvili tarixində icra edilmiş hesab olunur, satıcı faktiki təhvilin baş verməsinə qədər malların təchizatını və mümkün olarsa, xidmətin icrasını (və ya nəticəsini) saxlamalıdır və buna görə sifarişçinin ödənişlərindən bütün müvafiq xərc və ödəmələri çıxmalı, bu mümkün olmadığı halda isə sifarişçi həmin xərcləri ayrıca ödəməlidir. Həmçinin müqaviləyə edilən qoşmadan görünür ki, kabelin miqdarında istehsal zamanı +/-5% fərq ola bilər. Təqdim olunmuş kabelin standartın tələblərinə uyğunluğuna dair qəbul-təhvil sınaqlarının protokolllarındakı məlumatlardan görünür ki, kabelin miqdarında istehsal zamanı +5%-ə qədər fərqlər mövcud olmuşdur.
22. Məhkəmə iddia tələbinin həmin hissəsi ilə bağlı qeyd olunan halları nəzərə alaraq, müqavilə şərtləri və qanunvericilik normalarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçı istehsal edilmiş məhsulların dəyərinin tam ödənilməsi və təhvil alınmasını cavabdehdən tələb etməkdə haqlıdır və iddia həmin hissədə təmin olunmalı və Cavabdeh üzərinə ƏDV daxil 41123,30 manat məbləğində istehsal edilmiş məhsulların dəyərinin tam ödənilməsi və təhvil alınması öhdəliyi qoyulmalı, qalan hissədə isə təmin olunmamalıdır.
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 132984,30 manat əsas borc, 23937,18 manat ƏDV borcu, 7800 manat dəbbə pulu olmaqla, ümumilikdə 164721,48 manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Cavabdeh üzərinə 41123,30 manat manat (ƏDV daxil) məbləğində istehsal edilmiş məhsulların təhvil alınması və dəyərinin ödənilməsi öhdəliyi qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova