Məhkəmə qərarları › İş №e-2-2(113)-4715/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4715/2022

03.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4715/2022 03.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, borc, dəbbə pulu, mediasiya xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehndən “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış məhsulların alqı-satqısı müqaviləsinə əsasən 675,50 manat ödənilməmiş əsas borc, 474,91 manat cərimə borcu və 40 manat mediasiya xərci olmaqla, ümumilikdə, 1190,41 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixində məhsulların alqı-satqısı müqaviləsi bağlanmış, həmin müqavilənin şərtlərinə uyğun olaraq satıcı (İddiaçı MMC) istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici spirtsiz içkiləri alıcının (Cavabdeh MMC-nin) mülkiyyətinə verməyi, alıcı isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə uyğun olaraq 675,50 manat məbləğində spirtsiz içkilər xx.xx.2020ci il tarixdə malların təhvil-qəbul aktı əsasında cavabdehə təhvil verilmişdir. Lakin cavabdeh adıçəkilən müqavilə üzrə öhdəliyini icra etməyərək malların dəyərini ödəməmişdir.

3. Eyni zamanda iddia ərizəsində göstərilmişdir ki, xx.xx.2020-ci il tarixli məhsulların alqı-satqısı müqaviləsinə əsasən alıcı tərəfindən məhsulların faktura və tara dəyərinin həmin müqavilənin 3.2-ci bəndində nəzərdə tutulmuş müddətdə ödənilməsi və ya taranın geri qaytarılması gecikdirildikdə, hər gecikdirilən gün üçün ödəmə müddəti başa çatmış məbləğin və geri qaytarılmış taranın dəyərinin 0,1 % miqdarında, gecikdirilən günlərin sayı 30 gündən çox olduqda isə növbəti (31-ci) gündən başlayaraq hər gecikdirilən gün üçün 0,2 % miqdarında dəbbə pulu ödənilməlidir.

4. İddia ərizəsində iddiaçının tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 386, 442, 445, 448-ci və s. və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 275- 281-ci və s. maddələri göstərilmişdir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclaslarında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahatlar vermiş və eyni zamanda bildirmişdir ki, cavabdeh restoran xidmətlərinin göstərilməsi ilə məşğuldur, iddiaçı ilə Cavabdeh MMC arasında müvafiq borc üzrə danışıqlar aparılarkən sonuncu restoranı bağladığını və borcu ödəməyə imkanının olmadığını qeyd etmişdir.

6. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi tərəfindən o da qeyd olunmuşdur ki, malların təhvil-qəbul aktına imza çəkən Nadirov Hüseyn İddiaçı MMC-nin, İbrahimov Azər isə Cavabdeh MMC-nin işçisidir.

7. Cavabdehin hüquqi ünvanına sifarişli-xəbərnaməli poçt göndərişləri ilə məhkəmə bildirişləri göndərilməklə məhkəmə iclaslarının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilmiş, eyni zamanda Cavabdeh MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə2 məxsus mobil telefon nömrəsinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə SMS bildiriş çatdırılmış, lakin cavabdeh və ya onun nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

8. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

9. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi:

11. İş materiallarında olan iddiaçı ilə cavabdeh arasında 07 yanvar 2020-ci il tarixdə bağlanmış (imzalanıb hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilməklə) 192221 nömrəli məhsulların alqı-satqı müqaviləsinin 1.1-ci bəndindən görünür ki, bu müqaviləyə görə Satıcı (İddiaçı MMC) özünün istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici spirtsiz içkiləri və çayları Alıcıya (Cavabdeh MMC-yə) satmaqla onun mülkiyyətinə verməyi, Alıcı isə həmin məhsulları qəbul edərək əvəzində faktura və ya mədaxil qəbzi ilə müəyyənləşdirilmiş pul məbləğini Satıcıya ödəməyi öhdəsinə götürür.

12. Adıçəkilən müqavilənin 3.1-ci bəndində göstərilmişdir ki, bu müqaviləyə əsasən satılan məhsulların bir vahidinin qiyməti və məhsulun ümumi dəyəri daxil olmaqla faktura ilə müəyyən olunur. Həmçinin müqavilənin 3.2-ci bəndinə əsasən Alıcı faktura üzrə qəbul etdiyi məhsulun dəyərini nağd faktura ilə satış zamanı malın təslimi anında (və ya anınadək), nisyə (kredit) satış zamanı isə fakturada göstərilən son ödəmə tarixinə qədər göstərilən məbləğin Satıcıya ödənilməsini təmin etməlidir.

13. Qeyd edilən müqavilənin 4.1-ci bəndindən görünür ki, bu müqavilə qüvvəyə mindikdən sonra Satıcı Alıcının müraciəti əsasında onun sifarişi əsasında onun sifarişini (və ya tələbatın) və bu müqavilə ilə müəyyən edilmiş qaydaları nəzərə almaqla ona satdığı məhsulları faktura əsasında verir. Müqavilənin 4.2-ci bəndinə görə bu müqavilə üzrə məhsulların alıcıya çatdırılması yeri Satıcının Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən anbarı və ya Alıcının fakturada göstərilən ünvanı hesab olunur. Eyni zamanda müqavilənin 4.4-cü bəndində göstərilmişdir ki, faktura ilə nəzərdə tutulmuş məhsullar aşağıdakı hallarda Alıcı tərəfindən qəbul edilmiş (təhvil alınmış) sayılır: alıcının özü (4.4.1); alıcının etibarnamə (və ya etibarnamə xarakterli digər sənəd) əsasında səlahiyyət verdiyi digər şəxs (4.4.2); alıcının fəaliyyət göstərdiyi ərazidə (ünvanda) məhsulları qəbul etmiş digər şəxs (4.4.3); daha əvvəl məhsulları qəbul etmiş və alıcı tərəfindən əvvəllər qəbul edilmiş bu təhvil-təslimə görə ödəniş edilmiş şəxs (bu halda sözügedən şəxsə səlahiyyət verilməsi alıcı tərəfindən tanınmış qəbul edilir) (4.4.4).

14. Məhsulların alqı-satqı müqaviləsinin 6.1-ci bəndinə əsasən bu müqavilənin şərtlərinin pozulması və ya yerinə yetirilməməsi nəticəsində tərəflər bir-birinə vurduqları zərərə görə mülki hüquqi məsuliyyət daşıyırlar. Bundan başqa, müqavilənin 6.3-cü maddəsində qeyd edilmişdir ki, alıcı tərəfindən məhsulların faktura və tara dəyərinin bu müqavilənin 3.2-ci bəndində nəzərdə tutulmuş müddətdə ödənilməsi və ya taranın geri qaytarılması gecikdirildikdə, hər gecikdirilən gün üçün ödəmə müddəti başa çatmış məbləğin və geri qaytarılmış taranın dəyərinin 0,1 % miqdarında, gecikdirilən günlərin sayı 30 gündən çox olduqda isə növbəti (31-ci) gündən başlayaraq hər gecikdirilən gün üçün 0,2 % miqdarında dəbbə pulu ödənilməlidir.

15. Müqavilənin 9.1-ci bəndi ilə müəyyən edilmişdir ki, bu müqavilə imzalandığı andan qüvvəyə minir və 12 ay müddətində qüvvədə olur. Həmçinin müqavilənin 9.4-cü bəndinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilə şərtlərinin yerinə yetirilməsinə görə məsuliyyətdən azad etmir.

16. İş materiallarında olan 25 yanvar 2020-ci il tarixli HBN/2 seriyalı 919288 nömrəli malların təhvil-qəbul aktından görünür ki, əlavə dəyər vergisi daxil 675,50 manat dəyərindəki müxtəlif adda məhsullar iddiaçının adından çıxış edən Hüseynov Nadir tərəfindən Cavabdeh MMC adından çıxış edən İbrahimov Azərə Bakı şəhəri, Səbail rayonu ərazisindəki Kamin Restoranda təhvil verilmişdir. Həmçinin təqdim edilən mallar üçün son ödəmə tarixi olaraq xx.xx.2020-ci il tarixi müəyyən edilmişdir.

17. İş materiallarında olan EBAF seriyalı 564293 saylı xx.xx.2020-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən 675.52 manat dəyərində mal Cavabdeh MMCyə satılmışdır.

18. İş materiallarına əlavə edilmiş İnternet Vergi İdarəsinin “Elektron qaimə (eqaimə)” altsistemindən çıxarışdan görünür ki, EBAF seriyalı 564293 saylı elektron qaimə sistem tərəfindən təsdiqlənmişdir.

19. İş materiallarında olan 29 sentyabr 2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh MMC-nin 29 sentyabr 2022-ci il tarixinə əsas borcu 675,50 manat, hesablanmış dəbbə pulu 474,91 manat, ümumi borcu isə 1150,41 manat təşkil edir.

20. İddia ərizəsinə əlavə edilmiş 6 saylı mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/6-3952 nömrəli, 25 iyul 2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh MMC ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə 5 gün əvvəlcədən poçt vasitəsi ilə məlumatlandırılsa da, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Arayışdan görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 40 manat məbləğində mediasiya xərci İddiaçı MMC tərəfindən ödənilmişdir.

V. Məhkəmənin mövqeyi:

a) Alqı-satqı müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı

21. Məhkəmə iş materialları əsasında müəyyən edir ki (bax yuxarıda §11-13, 16-18), İddiaçı MMC ilə Cavabdeh MMC arasında 07 yanvar 2020-ci il tarixli, 192221 nömrəli məhsulların alqı-satqı müqaviləsi bağlanmış, tərəflər müqavilə ilə malların qiymətinin müəyyən edilməsi qaydası barədə razılığa gəlmiş, satıcı 675,50 manat (ƏDV daxil) dəyərindəki müxtəlif adda məhsulları xx.xx.2020-ci il tarixdə malların təhvil-qəbul aktı ilə müqavilənin 4.4.3-cü bəndinə uyğun olaraq alıcının fəaliyyət göstərdiyi ərazi olan Bakı şəhəri, Səbail rayonunda yerləşən Kamin Restoranda kontragentin nümayəndəsinə təhvil vermiş, malların dəyərinin xx.xx.2020-ci il tarixədək alıcı tərəfindən ödənilməsi razılaşdırılmış, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə elektron qaimə təqdim edilmiş və qaimə təsdiqlənmişdir.

22. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

23. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

24. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.

25. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

26. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

27. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Qərar).

28. Hazırkı iş üzrə müqavilənin şərtləri, öhdəliyin icrasının rəsmiləşdirilməsi üsulunu nəzərə alaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı MMC (satıcı) alqı-satqı müqaviləsi üzrə öhdəliyini icra edərək 675,50 manat dəyərində malları Cavabdeh MMC-yə (alıcıya) təhvil vermiş, lakin Cavabdeh MMC müqavilə üzrə öhdəliyini, yəni təhvil aldığı malların razılaşdırılmış dəyərini ödəmək şərtini icra etməmiş, bununla da vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməmişdir.

29. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, satılmış malların dəyərini təşkil edən 675,50 manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Alqı-satqı müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı

30. Məhkəmə müəyyən edir ki (bax yuxarıda §14), tərəflər məhsulların alqı-satqı müqaviləsi ilə dəbbə pulu barəsində yazılı formada razılığa gəlmiş, iddiaçı bu razılığa uyğun olaraq cavabdehdən 474,91 manat məbləğində dəbbə pulu tələb edir.

31. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

32. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

33. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

34. İddiaçının nümayəndəsi məhkəməyə verdiyi izahatda borc üzrə danışıqlar aparılarkən cavabdehin ona məxsus restoranın bağlandığını, bu səbəbdən də borcu ödəməyə imkanının olmadığını qeyd etdiyini vurğulamışdır. Məhkəmə dəbbə pulu ilə bağlı tələbə qiymət verərkən Cavabdeh MMC tərəfindən malların dəyəri şərtləşdirilmiş vaxtda (xx.xx.2020-ci il) ödənilmədiyi halda, iddiaçının razılaşdırılmış vaxtdan yalnız 2 ildən artıq müddət keçdikdən sonra məhkəməyə müraciət etməyini, həmçinin iddiaçının da 2 ildən artıq dövrdə malların dəyərindən heç bir ödəniş etmədiyini nəzərə alır.

35. Məhkəmənin qənaətinə görə, iddiaçının tələb etdiyi 474,91 manat məbləğində dəbbə pulu əsas borca mütənasib deyildir. Məhkəmə Cavabdeh MMC-nin əmlak vəziyyətini, İddiaçı MMC-nin həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 34 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.

36. Məhkəmə belə qənaətə gəlir ki, dəbbə pulu olaraq 34 manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

c) Mediasiya xərcinin tutulması tələbi ilə bağlı

37. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2).

38. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

39. Məhkəmə müəyyən edir ki (bax yuxarıda § 20), iddiaçı ilə cavabdeh arasında ilkin mediasiya sessiyası keçirilmiş, cavabdeh mediasiya sessiyasının keçirilməsi vaxtı və yeri barədə əvvəlcədən məlumatlandırılmış, lakin mediasiya sessiyasında iştirak etməmişdir. Həmçinin mediasiya xərci olan 40 manat iddiaçı tərəfindən ödənmişdir.

40. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 40 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

VI. Nəticə:

41. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqısatqısı müqaviləsi üzrə 675,50 manat (altı yüz yetmiş beş manat əlli qəpik) əsas borc, 34 (otuz dörd) manat dəbbə pulu olmaqla, ümumilikdə, 709,50 manat (yeddi yüz doqquz manat əlli qəpik) pul "xxxx" MMC-dən tutularaq "xxxx" MMC-yə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 40 (qırx) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar