Məhkəmə qərarları › İş №e-2-2(113)-4718/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4718/2023

29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4718/2023 29.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, təhvil-təslim aktı) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 19680.76 manat əsas borcun, gecikdirilən hər gün üçün 1% olmaqla 66127.35 həcmində olan dəbbə pulu, 400 manat dövlət rüsumu, cəmi 86208.11 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 15 yanvar 2022-ci il tarixli, 01/22 nömrəli xidmətin göstərilməsinə dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasan iddiaçı bu muqavilənin tərkib hissəsi olan Razılaşma Protokolunda əks olunmuş Texnika (ları)və (və ya)Avadanlıq(ları) cavabdehə (bundan sonra “Sifarişçi”) xidmətə verməyi, “Sifarişçi” isə Texnikaları təyinatı üzrə istifadə edib, “Xidmət göstərən”ə xidmət haqqını öhdəsinə götürmüşdür. Müqavilənin 3.3-cü bəndinə əsasən,müqavilə üzrə xidmət haqqı görülmüş işlərə dair tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan sonranövbəti ayın ilk 5 (beş)iş günü ərzində bank köçürmə yolu ilə həyata keçir. Müqavilənin 3.4-cü bəndinə əsasən,”Sifarişçi” ödəniş ”Xidmət göstərən”ə nəzərdə tutulmuş (yeni növbəti ayın ilk 10 (on) gün müddətində) ödəmədikdə hər gecikmiş gün üçün ümumi məbləğin 1(bir/) % miqdarında cərimə ödəyir. Müqavilənin 3.5-cü bəndinə əsasən,”Sifarişçi” ödəniş ”Xidmət göstərən”ə nəzərdə tutulmuş (yeni növbəti ayın ilk 15 (on beş) günündə) müddətdə ödəmədikdə texnikaişi dayandırır və “Xidmət göstərən”buna görə hər hansı bir məsuliyyət daşımır. Həmin Müqavilənin 6.1-ci bəndinə əsasən, görülmüş işlər barədə tərəflər arasında bu müqavilədə nəzərdə tutulmuş qaydada təhviltəslim aktı tərtib edilir. Hesablama cədvəlində xidmət göstərən hər bir texnikanın dövlət nömrə nişanı,markası, madeli göstərilməklə, iş günlərinin (saatların)sayı,aylıq xidmət məbləği göstərilməlidir. Həmin müqavilənin 8.3-cü bəndinə əsasən,”Xidmət göstərən” və “sifarişçi” bu müqavilə ilə nəzərdə tutulmuş müddətlərdə öz öhdəliklərini yerinə yetirməlidir.Sifarişçi öz öhdəliklərinin icrasını gecikdirdiyi təqdirdə hər gecikdilrən gün üçün aylıq xidmət haqqının 0.1 faizi həcmində məsuliyyət daşıyır. Aramızda bağlanmış müqavilənin ayrılmaz tərkib hissəsi olan 18 yanvar 2022-ci il tarixli 1 nömrəli “Razılaşma protokolu”na əsasən 1 ədəd Buldozer sifarişçiye təhvil verilmişdir.Protokola əsasən sifarişçi bunun qarşılığında 10700 manat məbləğində vəsaiti ödəməyi öhdəsinə götürmüşdür. 23 yanvar 2022-ci il tarixli, 3 nömrəli “Razılaşma protokolu”na əsasən 8 ədəd Ekskavator təkəri sifarişçiyə təhvil verilmişdir.Protokola əsasən sifarişçi bunun qarşılığında7500 manat məbləğində vəsaiti ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, 16 fevral 2022 -ci il tarixli,1 nömrəli “Təhvil -Təslim”aktı tərtib edilmiş və hər iki tərəf tərəfindən də təsdiq edilmişdir. Həmin akta əsasən,”Xidmət göstərən”Sifarişçiyə cədvəl №1-də əks olunmuş 1 ədəd Buldozeri verməyi, sifarişçi ilə bunun qarşılığında razılaşdırılmış xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmin akta əsasən xidmət haqqı günlük 411.53 manat olmaqla ümumilikdə 12757.69 manat təşkil etmişdir. 16 fevral 2022-ci il tarixli,3 nömrəli “Təhvil -Təslim”aktına əsasən, 8 ədəd Ekskavator təkəri sifarişçiyə təhvil verilmişdir. Bunun qarşılığında hər gün üçün 288.46 manat cəmi 6923.07 manat məbləği ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən həmin müqavilə üzrə düşən öhdəliklər tam yerinə yetirilməyərək tərəflər arasında bağlanmış müqavilənin ayrılmaz tərkib hissəsi olan təhvil-təslim aktları və razılaşma protokolları ilə təsdiq edilmiş göstərilmiş xidmətlərin haqqı ödənilməmişdir. Bununlaəlaqədar cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq nəticəsiz qalmışdır. Həmçinin tərəflər arasında 23 aprel 2022-ci il borcu etirafı haqqında müqavilə imzalanmışdır.Həmin müqavilənin 2.2.1-ci maddəsinə əsasən,sifarişçi (yəni borc alan) 19680.76 manat məbləğində vəsait 23 may 2022-ci il tarixinə qədər ödəməyi öhdəsinə götürmüşdür. Borcun etirafı haqqında müqavilə ilə sifarişçinin xidmət göstərən üçün xidmət haqqı borcunun olduğunu, və onu ödəyəcəyini öhdəsinə götürsə də bu günə qədər heç bir ödəniş edilməmişdir. Bunun vergi ödəyicisinin hesabından çıxarışlar da sübut edir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbinin üzrlü olmasına dair Məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı (xidmət göstərən) və cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2022ci il tarixli 01/22 nömrəli xidmət müqaviləsinə əsasən bu müqaviləyə əsasən xidmət göstərən bu müqavilənin tərkib hissəsi olan razılaşma protokolunda əks olunmuş texnika(ları) və / və ya avadanlıq(ları) sifarişçiyə xidmətə verir, sifarişçi isə texnikaları təyinatı üzrə istifadə edib, xidmət göstərənə xidmət haqqı ödəyir.

8. Müqavilənin 3.1-ci bəndinə əsasən xidmət göstərən texnikalar üçün ayrıca gündəlik iş cədvəli tərtib edir. Hər növbəti ayın ilk 3 günü ərzində göstərilmiş iş üçün tərtib etdikləri cədvəli tərtib edir. Hər növbəti ayın ilk 3 günü ərzində göstərilmiş iş üçün tərtib etdikləri cədvəllər əsasında tərəflər arasında “Görülmüş işlərin təhvil-təslim aktı” tərtib olunur, imzalanır, möhürlənir.

9. Müqavilənin 3.4-cü bəndinə əsasən sifarişçi ödəniş xidmət göstərənə nəzərdə tutulmuş (yəni növbəti ayın ilk 10 günündə) müddətdə ödəmədikdə hər gecikmiş gün üçün ümumi məbləğin 1 % miqdarında cərimə ödəyir.

10. Müqaviləyə 01 nömrəli xx.xx.2022-ci il tarixli 1 saylı Razılaşma Protokolundan görünür ki, xidmət göstərən ona məxsus olan və (Cədvəl №1) əks olunmuş 10700 manat məbləğində texnika/avadanlıqları – buldozer sifarişçiyə xidmətə verir, sifarişçi isə onları təyinatı üzrə istifadə edib, xidmətə verənə xidmət haqqı ödəyir.

11. Müqaviləyə 03 nömrəli xx.xx.2022-ci il tarixli Razılaşma Protokolundan görünür ki, xidmət göstərən ona məxsus olan və (Cədvəl №1) əks olunmuş 7500 manat məbləğində texnika/avadanlıqları – ekskavator 8 təkər sifarişçiyə xidmətə verir, sifarişçi isə onları təyinatı üzrə istifadə edib, xidmətə verənə xidmət haqqı ödəyir.

12. İddiaçı və cavabdeh arasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli 03 nömrəli təhvil-təslim aktından görünür ki, iddiaçıya məxsus ekskavator 8 təkər 24 gün çalışmış, ödənilməli olan borc 6923,07 manat təşkil edir.

13. İddiaçı və cavabdeh arasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli 01 nömrəli təhvil-təslim aktından görünür ki, iddiaçıya məxsus buldozer 31 gün çalışmış, ödənilməli olan borc 12757,69 manat təşkil edir.

14. İddiaçı tərəfindən cavabdehə EBBV 721542 saylı, xx.xx.2022-ci il tarixli elektron qaimə (19680,47 manat) təqdim edilmişdir.

15. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 01/22 nömrəli icarə müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

16. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

18. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

19. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

20. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

21. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, iddia əsas borcun tutulması hissəsində təmin edilməli, cavabdehdən 19680,76 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir.

22. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 01/22 nömrəli müqavilənin 3.4-cü bəndinə əsasən hesablanmış 66127,35 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

23. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

24. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

25. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

26. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 950 manat məbləğində müəyyən edilməlidir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

28. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 400 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

V. Nəticə:

Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 19680,76 manat məbləğində əsas borc, 950 manat dəbbə pulu, ödənilmiş 400 manat məbləğində dövlət rüsumu, ümumilikdə 21030,76 (iyirmi bir min otuz manat yetmiş altı qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar