Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-472/2025 24.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçınin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı, malları göndərmə müqaviləsi, iddia müddəti) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi, Vəkil iştirakları ilə, İddiaçınin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları: İddiaçı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 4780 ABŞ dolları məbləğində əsas borc, cərimə 220 ABŞ dolları cəmi 5000 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyənləşdirdiyi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manat ilə) və 105 manat dövlət rüsumunun Cavabdeh tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında D/AZ-№ 15/02 saylı, 09 yanvar 2020-ci il tarixli müqavilə bağlanmışdır. İlkin avans olaraq cavabdeh 2500 dollar olaraq ödəmişdir. ******* saylı spesifikasiyada göstərilən 8959 ABŞ dolları məbləğində mallar cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən bu günədək 4179 ABŞ dolları avans daxil olmaqla ödənilmişdir. Cavabdeh tərəfindən hesab ekstresə uyğun olaraq son dəfə xx.xx.2021-ci il tarixdə 1000 ABŞ dollar ödənilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən cavabdeh 01 may 2020-cü il tarixədək 4780 ABŞ dolları qalıq borcunu ödəməliydi. Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh 4780 ABŞ dolları borcunu bügünədək ödəməmişdir. Cavabdehə pretenziya və iddia ərizəsi vergi internet üzərindən elektron portal, həm də poçt vasitəsilə göndərilmişdir. Cavabdeh borcunu ödəməkdən yayınır və müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirmir. Cavabdehə 3 gün ərzində borcunu ödəmək xahiş olunmuşdur. Əks halda məhkəməyə müraciət olunacağı göstərilmişdir. Lakin cavabdeh bu günədək borcunu ödəmir və buna cəhd belə etmir. Ödənişlər bu günədək yerinə yetirilmir. Tərəflər arasında yaranmış borcla bağlı üzləşdirmə aktı imzalanmışdır. Həmin üzləşdirmə aktında cavabdehin onun iddiaçıya 4780 ABŞ dolları borclu olduğu bir daha öz təsdiqini tapır. Müqavilənin 5.2-ci bəndinə əsasən müqavilənin məhkəmə mübahisələndirilməsinə dair öz aralarında Azərbaycan Respublikası MPM-nin 28, 31, 32, 34, 35, 40-ci maddələrinə əsasən qarşılıqlı razılaşaraq məhkəmə aidiyyatının Bakı Kommersiya Məhkəməsinin seçilməsi müəyyənləşdirilir, razılaşdırılır və qəbul edilir. Hazırki müqavilənin bu bəndinə əsasən müəyyənləşdirilmiş və qəbul edilmiş müqavilə və ərazı aidiyyat qaydalarının sonradan dəyişdirilməsinə, mübahisələndirilməsinə yol verilməyəcəyinə dair tərəflər öz üzərinə öhdəlik götürürlər. Cavabdeh vergi ödəyici kimi qeydiyyata alınmışdır. Sahibkarlıq fəaliyyətinin dayandırılıdığını şəxsən bildirsə də sahibkar statusuna (VÖEN sahibi) malikdir. Müqavilənin 4.1-ci bəndinə əsasən alınmış mallara görə vaxtında ödənişlər etmədikdə hər gecikdirilmiş gün üçün 0.2 % cərimə ödənilməsi nəzərdə tutulmuşdur. Ondan borc öhdəliyi yerinə yetirilmədiyindən əlavə olaraq minimal hesablamaqla 220 dollar cərimə məbləği tutulmaldıır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.2.1, 448.1, 448. 2-ci maddələrinə istinad olunmuşdur. Cavabdehin nümayəndəsi iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, tərəflər arasında 09 yanvar 2020-ci ildə müqavilə bağlanmış, xx.xx.2020-ci ildə üzləşdirmə aktı tərtib edilmişdir. İddiaçı tərəfindən 2020-ci ildə bağlanmış üzləşdirmə aktının tarixi qanunsuz olaraq dəyişdirilmiş və xx.xx.2021-ci il kimi göstərilmişdir. İddiaçı tərəf iddia müddəti ötürdüyünü bildiyi üçün bu qanunsuz addımı atmışdır. İş materiallarına əlavə edilmiş müqavilədəndə göründüyü kimi müqavilə xx.xx.2020-ci il tarixdə bağlanmışdır və 01 may 2020-ci il tarixində başa çatmışdır. Belə ki, müqavilənin icra müddətinin xx.xx.2020-ci ildə başa çatmasını nəzərə alsaq hazırkı borcun tələb edilməsi üzrə iddia müddəti başa çatmışdır. Borcun ödənilməsi ilə yanaşı müqavilə üzrə öhdəliyin icrasının tələb edilməsi üçün iddia müddətinin ötürülməsi də bu iddianın rədd edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 373.3-cü maddələrinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. İddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən hazırkı mübahisəyə üç illik iddia müddəti tətbiq edilməli və iddia rədd edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi bildirmişdir ki, aktda qeyd olunan tarixin 2020-ci ilə aidiyyatı yoxdur. Bu aktda 2020-ci ilin 2021 edilməsi qanunsuz bir hərəkət deyil, bu aktın tərtib edilmə tarixini göstərir. Əgər bu akt 2020-ci ildə imzalanmış olsaydı aktda tərəfin 4780 ABŞ dolları deyil, 5780 ABŞ dolları borcu olduğu göstərilərdi. Üzləşmə aktında qeyd olunan tarix iddia müddətinin tətbiq edilməsi üçün əsas ola bilməz. Çünki müştərinin borcun etirafı ilə bağlı etdiyi son hərəkət 2021-ci il sentyabr ayının 18-də olmuşdur. Bu ödəniş həm hesabdan çıxarışda öz əksini tapıb, həm də iddia ərizəsində ətraflı izah olunub. Odur ki, iddia müddətinin tətbiq edilməsi barədə ərizə əsassızdır. İddia müddətinin axımı 2021-ci il tarixdə kəsilmişdir. Suallara cavab olaraq iddiaçının nümayəndəsi bildirmişdir ki, cavabdehə məxsus hesab üzrə məlumatlardan cavabdehin 4780 ABŞ dolları borcunun 2021-ci ilə aid olduğu görsənir. Ödənişlərin heç birini Səadət xanım tərəfindən deyil, Türkiyə Respublikasının İstanbul şəhərində cavabdehin iş yoldaşları, yaxınları tərəfindən edilmişdir. Bununla bağlı səs yazısı da var. İddiaçı şirkətin bir neçə möhürü var. E-sistemə əlavə olunan para makbuzu adı altındakı sənəddə cavabdehin özünün imzasının olmaması səbəbi bütün ödənişlərin cavabdehin yaxın münasibətdə olduğu adamlar tərəfindən edilməsi ilə bağlıdır. Müqavilənin şərtlərinə əsasən malların dəyərinin satıcının bank hesabına ödənilməli olduğu halda, borclu ödənişləri şirkətin İstanbuldakı kassasına ödəyirdi. Hesab Express adı altında əlavə edilən sənəd iddiaçı tərəfindən tərtib olunur. Sonda iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi bildirmişdir ki, 2020-ci ilin sentyabr ayında olan üzləşmə aktına əsasən 1000 ABŞ dolları 2020-ci ildə ödənilmişdir. İş materialarına əlavə edilmiş qəbz, ödəniş cədvəli isə iddiaçının özü tərəfindən tərtib edilmişdir. Həmin sənədlər cavabdeh tərəfindən təsdiq edilməmişdir, formal olaraq məhkəməyə təqdim edilmək üçün hazırlanmışdır. Suallara cavab olaraq cavabdehin nümayəndəsi bildirmişdir ki, üzləşmə aktı 2020-ci ildə imzalanmış, sonuncu dəfə 2020-ci ildə ödəniş edilmişdir. Həmçinin iddiaçının e-sistemə əlavə etdiyi qəbz ilə bağlı bildirir ki, həmin ilin oktyabr ayında cavabdeh Türkiyə Respublikasında olduğundan özü də ödəniş edə bilərdi. Sonda cavabdehin nümayəndəsi iddia müddətinin tətbiq edilməsi barədə ərizəni müdafiə edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: “Satıcı” İddiaçı ilə “Alıcı” Cavabdeh arasında bağlanmış D/AZ-№ 15/02 saylı, 09 yanvar 2020-ci il tarixli müqavilədən görünür ki, “Alıcı” bu müqaviləyə uyğun olaraq Bursa şəhərində sərgidə nümayiş olunan mallardan öz istəyi və zövqüylə seçərək əvvəlcədən sifariş edir, ’’Satıcı” isə həmin malların göndərilməsini təmin edir və bu müqavilə ilə razılaşdırılmış qaydada “malların” dəyərini “Satıcı”ya tam olaraq ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən “Alıcı” sifariş etdiyi malların dəyərini aşağıdakı qaydada ödənilməsini həyata keçirir. İlkin ödəniş-avans olaraq spesifikasiyada göstərilən malların ümumi məbləğinin 30%-dək həcmində müqavilə bağlandığı an alıcı tərəfindən satıcıya ödənilir. Yerdə qalan ödənişlər xx.xx.2020-ci il tarixdən hər həftə hissə hissə olmaqla 01 may 2020-ci il tarixədək tarn ödənilməlidir. Ümumilikdə malların göndərildiyi tarixdən 60 gün ərzində malların dəyərini “Alıcı” tam ödəməlidir. Göstərilən qaydada ödənişlər “Alıcı” tərəfindən gecikdirilərsə növbəti partiya malların göndərilməsi dayandırılır. 4.1-ci bəndinə əsasən alınmış mallara görə vaxtında ödənişlər etmədikdə hər gecikdirilmiş gün üçün 0.2 % cərimə ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 5-ci bəndinə əsasən tərəflər arasında yarana biləcək bütün mübahisələr qarşılıqlı danışıqlar yolu ilə həll edilir. Belə razılaşma olmazsa,müqavilə ilə bağlı meydana gələn bütün mübahisələr Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll edilir. Müqaviİənin məhkəmə mübahisələndirilməsinə dair öz aralarında Azərbaycan Respublikası MPM-nin 28,31,32,35,40-ci maddələrinə əsasən qarşılıqlı razılaşaraq məhkəmə aidiyyatının mülki qaydada-Yasamal rayon məhkəməsinin (inzibati-iqtisadi qaydada 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin) seçilməsi müəyyənləşdirilir, razılaşdırılır və qəbul edilir. Hazırki müqavilənin bu bəndinə əsasən müəyyənləşdirilmiş və qəbul edilmiş müqavilə aidiyyat qaydalarının sonradan dəyişdirilməsinə, mübahisələndirilməsinə yol verilməyəcəyinə dair tərəflər öz üzərinə öhdəlik götürürlər. Həmin müqavilənin 8.1-ci bəndinə əsasən müqavilə imzalandığı andan qanuni qüvvəyə minir və tərəflər bu müqavilə üzrə öz öhdəliklərini tam icra edənə qədər qüvvədədir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış D/Az-15/10 saylı müqavilə üzrə xx.xx.2020-ci il tarixli üzləşdirmə aktından görünür ki, aktda D/Az-15/02 saylı müqavilə üzrə xidmət göstərilməsi ilə bağlı Cavabdeh İddiaçınə olan borcunun 4780 ABŞ dolları məbləğində olması qeyd edilmişdir. Həmin aktda 2020-ci il əl yazma ilə 2021-ci il edilmişdir. İddiaçı tərəfindən tərtib edilmiş D/Az-04 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh İddiaçınə olan borcu 5000 ABŞ dolları (4780 ABŞ dolları əsas, 220 ABŞ dolları cərimə) təşkil edir. İddiaçı tərəfindən tərtib edilmiş hesab üzrə məlumatdan görünür ki, Seadət Habibova adına məxsus hesab üzrə xx.xx.2021-ci il tarixdə “alacak” kimi 1000, “bakiye” kimi 4780 məbləğ göstərilmişdir. Hesab üzrə məlumat xx.xx.2024-cü il qeydi ilə imzalanmışdır (imzalayan şəxsin adı qeyd edilməmişdir). xx.xx.2024-cü il tarixli **********01 saylı mədaxil qəbzindən görünür ki,İddiaçı tərəfindən dövlət büdcəsinə 105 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 380-cı maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə, iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 383-cü maddəsinə əsasən borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti keçdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə görə mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə görə mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Məhkəmə ilk növbədə hazırki iş üzrə tərəflərdən birinin xarici hüquqi şəxs olduğunu nəzərə alaraq, işə baxılması ilə əlaqədar məhkəmənin beynəlxalq səlahiyyətə malik olubolmamadığını aydınlaşdırmağı zəruri hesab edir. Məhkəmə “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 15/23 saylı Qərarının 2.10-cu bəndində qeyd olunanlara uyğun olaraq hesab edir ki, müqavilə ilə bağlı yaranacaq mübahisələrin Azərbaycan Respublikasının müvafiq məhkəmələrində baxılmalı olması şərti müqavilənin 5.1-ci bəndində nəzərdə tutulduğundan hazırkı işə baxmaq üçün Bakı Kommersiya Məhkəməsi beynəlxalq səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuş, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq öhdəliklərini icra etmiş, cavabdeh isə malların dəyərini ödəməmişdir. Hazırda cavabdeh MM-nin 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə iddia qaldırıldığına görə iddia müddəti tətbiq olunaraq iddianın rədd edilməsini xahiş edir. İddiaçı isə mübahisəli müqavilənin xx.xx.2020-ci il tarixində imzalanmasına baxmayaraq, müqavilə üzrə borcun üzləşdirilməsi barədə aktın 2021-ci ildə tərtib edildiyini, cavabdeh tərəfindən sonuncu dəfə xx.xx.2021-ci il tarixində 1000 ABŞ dolları məbləğində ödəniş edildiyini bildirir, bununlada iddia müddətinin axımının kəsildiyini iddia edir. Cavabdeh isə üzləşdirmə aktındakı tarixin xx.xx.2020-ci il olması, 2021-ci il tarixin sonradan düzəliş edilərək əlavə edilməsini əsas gətirərək 3 illik iddia müddətinin ötürüldüyünü iddia edir. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarındakı mövqeyə uyğun olaraq, cavabdehin ərizəsinə hüquqi qiymət verərkən ilk növbədə iddiaçının hazırkı iddia tələbi üzrə cavabdehə qarşı müvafiq subyektiv hüquqa malik olub-olmaması məsələsini aydınlaşdırmağı zəruri hesab edir. Məhkəmə, iddiaçının müqavilə üzrə öhdəliyini tam icra etməyən cavabdehə qarşı tələb irəli sürməyə subyektiv hüquqa malik olmasını müəyyən etsə də, iddia tələbinin təmin edilməsini mümkün saymır. Ona görə ki, iddiaçı MM-nin 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə iddia qaldırmışdır. Belə ki, məhkəmə Cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında xx.xx.2020-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi üzrə üzləşmə aktı xx.xx.2020-ci il tarixində imzalanmış, tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli D/AZ 15/02 nömrəli müqavilənin 2.1-ci bəndinə əsasən ilkin ödəniş-avans olaraq spesifikasiyada göstərilən malların ümumi məbləğinin 30%-dək həcmində müqavilə bağlandığı an, yerdə qalan ödənişlər xx.xx.2020-ci il tarixdən hər həftə hissə hissə olmaqla 01 may 2020-ci il tarixədək, ümumilikdə malların göndərildiyi tarixdən 60 gün ərzində malların dəyərini alıcıya ödənilməli olduğu halda öhdəlik icra edilməmişdir. Yəni, həmin müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi barədə tələblər üzrə iddia müddətinin axımı xx.xx.2020-ci il tarixdə başlamış, daha sonra üzləşmə aktının imzalandığı xx.xx.2020-ci il tarixdə müddətin axımı kəsilərək yenidən başlanmış, iddiaçı isə iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı müqavilə tələbləri üçün qanunda nəzərdə tutulmuş 3 illik iddia müddətini buraxmışdır. İddiaçının üzləşdirmə aktının tarixinin xx.xx.2021-ci il kimi qəbul edilməsi barədə mülahizəsinə münasibətdə məhkəmə qeyd edir ki, üzləşdirmə aktında “il” qrafasında 2020-ci il göstərilmiş, “1” rəqəmi sonradan əl yazma ilə qələm vasitəsilə əlavə edilmiş, bu isə üzləşdirmə aktının tarixi ilə bağlı məhkəmədə qeyri-müəyyənlik yaratmışdır. Bununla bağlı iddiaçı tərəfə 1000 ABŞ dolları məbləğində pul vəsaitinin 2021-ci ildə ödənilməsi barədə halları təsdiq edən sənədlərin təqdim edilməsi təklif edilmiş, iddiaçı tərəfindən isə hər hansı möhtəbər sübut təqdim edilə bilməmişdir. Təqdim edilən sənədlərdə isə cavabdehin münasibətini təsbit etmək mümkün olmadığından (tərəflərin imzası, möhürü ilə təsdiq edilməyib), habelə rəsmi bank hesabından çıxarış və ya tərəflərin imzası olan qəbz kimi möhtəbər sübutlar təqdim edilmədiyindən, cavabdeh tərəfindən 2021-ci ildə müqavilə üzrə ödənişlərin icra edilməsi faktı məhkəmə tərəfindən müəyyən edilə bilməmişdir. Beləliklə, məhkəmə mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia müddəti keçdiyi üçün iddianın rədd edilməsi qənaətinə gəlir. Məhkəmə MPM-in 119-cu maddəsinə əsasən hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçınin Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-472/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-472/2025
24.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver