Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4722/2022 08.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, podrat, borc, cərimə) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MTK) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 900 manat pulun, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 manat pulun, vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin əvəzi olaraq 150 manat pulun və 5000 manat dəymiş maddi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Azər Manafov, Kamil Balakişiyev, Əlif Hacıyev və X5 küçələrinin əhatə etdiyi sahəsi 2.38 hektar olan ərazidə xüsusi avadanlıq vasitəsi ilə çəkilişin aparılması və onların elektron və (və ya) çap variantının hazırlanması üçün İddiaçı MMC və Cavabdeh MTK arasında xx.xx.2022-ci il tarixli XM 02/2022 nömrəli xidməti müqaviləsi və onun çərçivəsində 1 nömrəli sifariş imzalanmışdır. Tərəflər arasında olan razılaşmaya əsasən müqavilə üzrə göstərilən xidmətlərin nəticəsi Cavabdeh MTK tərəfindən Azərbaycan Respublikası Ekologiya Nazirliyinə təqdim olunan sənədlərlə birlikdə verilməli idi. Məsələnin təcililiyini nəzərə alaraq, İddiaçı MMC avans ödənişinin köçürülməsini gözləməyərək (ortaq tanışların xahişi ilə) müqavilədə nəzərdə tutulan xidmətləri yerinə yetirmişdir. Xidmətlərin nəticəsi İddiaçı MMC, Cavabdeh MTK və tərəfindən Azərbaycan Respublikası Ekologiya Nazirliyinin nümayəndələrinin arasında keçirilmiş görüşdə də müzakirə olunmuşdur. xx.xx.2022-ci ildə İddiaçı MMC avansın alınması üçün Cavabdeh MTK-yə müraciət etmiş, lakin Cavabdeh MTK həmin ödənişin təhvil-qəbul proseduru yekunlaşdırıldıqdan sonra aparılacağını bildirmişdir. İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli məktubu ilə xidmətlərin nəticəsinin avans ödənişi köçürüldükdən sonra təqdim olunacağını təsdiqlənmişdir. xx.xx.2022-ci il tarixdə işlərin nəticələrinin təqdim olunması üçün cavabdeh iddiaçının ofisinə dəvət olunmuş, lakin Cavabdeh MTK-nin nümayəndəsi ofisə gəlməmiş və bununla bağlı xx.xx.2022-ci il tarixdə akt tərtib edilmişdir. Dəfələrlə cavabdehdən müqavilə üzrə öhdəliklərinin icrası və göstərilmiş xidmətlərə görə yazılı və şifahi formada pulun ödənilməsi tələb olunsa da, cavabdeh hər dəfə müxtəlif bəhanələrlə ödəniş etməkdən imtina etmişdir. Cavabdeh MTK ilə mediasiya proseduru zamanı bu məsələni qarşılıqlı razılığı ilə həll etmək mümkün olmamışdır. İmzalanmış müqavilənin müddəalarına baxmayaraq, Cavabdeh MTK-nin direktoru Namizəd Kərimov mediator tərəfindən təşkil edilmiş görüşdə göstərilmiş xidmətlərə görə təxmini 1000-2000 AZN ödəməyə hazır olduğunu bildirmişdir. Halbuki, bu müqavilə şərtləri ilə tamamilə ziddiyyət təşkil edir. İddiaçı MMC tərəfindən öz üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş və müqavilənin icrası prosesində yaranmış mübahisənin həlli üçün mümkün olan bütün tədbirlər həyata keçirilmişdir. Hal-hazıradək Cavabdeh MTK xx.xx.2022-ci il tarixili XM 02/2022 nömrəli xidməti müqaviləsinin tələblərini kobud pozaraq, 10 900 manatın pulun İddiaçı MMCə ödənilməsi təmin edilməmişdir. İddia ərizəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 425.1, 427.3, 442, 448, 21.1, 1097.1-ci maddələrinə istinad olunmuşdur.
II. Tərəflərin mövqeyi
3. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, ərazinin 3D skanı yazışmaların həyata keçirdikləri cavabdehin rəsmi elektron poçt ünvanına göndərilmişdir. Bundan başqa, 07 iyul 2022-ci il tarixdə onlar yenidən məktub göndərmiş, lakin cavabdeh işin tam nəticəsini qəbul etməmiş, buna görə də 28 iyul 2022-ci il tarixdə onlar tərəfindən akt tərtib olunmuşdur. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, görülmüş işlərin nəticəsi müqavilə bağlandıqdan 1 həftə sonra artıq hazır olmuş, tərəflərin və ETSN nümayəndələrinin iştirakı ilə görüş olmuş, ərazinin 3D skanı cavabdehin rəsmi poçt ünvanına göndərilsə də, ərazinin 2D planı göndərilməmiş, ona görə də xx.xx.2022-ci məktubda qeyd olunmuşdur ki, ödəniş edildikdən sonra işlərin nəticəsi təqdim olunacaqdır. Bundan başqa, məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, dəymiş maddi ziyan dedikdə ərazinin 3D skan olunması zamanı istifadə olunan aparatın icarəsi üçün icarə haqqı olaraq verilən pul nəzərdə tutulur, həmin məbləği tələb edirlər. Həmin aparatdan başqa müştərilərə xidmət göstərilməsi üçün də istifadə olunur.
4. Məhkəmə bildirişləri elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə məhkəmənin hazırlıq iclaslarının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli baxış iclasında cavabdehin vəkili iştirak edərək iclasın təxirə salınmasını xahiş etmiş, lakin sonrakı baxış iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri elektron kabinetə yerləşdirilməklə, eyni zamanda cavabdehin vəkilinə məxsus mobil telefon nömrəsinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə SMS bildiriş çatdırılmaqla cavabdehə məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmənin xx.xx.2022-ci il tarixli baxış iclasında cavabdehin vəkili bildirmişdir ki, işlərin nəticəsi cavabdehə təqdim olunmamışdır.
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
7. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi
a) Xidmət müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh MTK arasında bağlanmış (qanuni təmsilçilər tərəfindən imzalanıb hüquqi şəxslərin möhürləri ilə təsdiq edilməklə) xx.xx.2022-ci il tarixli XM 02/2022 saylı xidmətlərin göstərilməsinə dair müqaviləyə əsasən icraçı ("xxxx" MMC) sifarişçinin (Cavabdeh MTK) verdiyi tapşırıq əsasında müvafiq obyektin (ərazinin) 3D skanerlə çəkilməsi , onların elektron və /və ya çap variantının hazırlanması və sifarişçiyə təqdim olunması, bununla əlaqədar digər xidmtləri yerinə yetirir, sifarişçi isə müvafiq qaydada razılaşdırılan xidmətlərin dəyərinin ödənilməsini öz öhdəsinə götürür.
12. Həmin müqavilədə qeyd olunmuşdur ki, sifarişçinin tapşırığına dair məlumatlar, o cümlədən xidmətlərin təsviri, icra müddəti və digər məsələlər barədə ətraflı və dəqiq məlumatlar tərəflər arasında imzalanan Sifarişdə əks olunur (2.1.); sifarişçi tərəfindən ödəniş edildikdən sonra icraçı xidmətlərin icrasına başlayır; xidmətlərin ümumi dəyəri 10900 manat (ƏDV-siz) təşkil edir (4.1.) və müqavilə imzalandıqdan sonra, icraçının təqdim etdiyi hesabfakturaya uyğun olaraq köçürmə yolu ilə sifarişçi tərəfindən ödənilir (4.2.); müqavilə imzalandığı tarixdən qüvvəyə minir və xx.xx.2022-ci il tarixinədək qüvvədə qalacaqdır (5.1.); xidmətlərin nəticəsinin təhvil-qəbulu tərəflər arasında razılaşdırılmalı olan və tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmalı olan təhvil-qəbul aktı əsasında həyata keçirilir (5.2.).
13. İş materiallarında olan İddiaçı MMC və Cavabdeh MTK-nın qanuni təmsilçiləri tərəfindən imzalanıb hüquqi şəxslərin möhürləri ilə təsdiq edilən Sifariş №1-ə əsasən Bakı şəhəri, Nizami rayonu, Azər Manafov, Kamil Balakişiyev, Əlif Hacıyev və X5 küçələrinin əhatə etdiyi, sahəsi 2.38 hektar olan ərazidə ərazinin 3D skan olunması, əldə olunan 3D məlumatların reqistrasiya olunması, ərazinin 2D planının hazırlanması sifariş olunmuş, xidmətlərin təhvil-qəbulunun xx.xx.2022-ci il tarixədək həyata keçirilməsi razılaşdırılmışdır.
14. İş materiallarında olan xx.xx.2022-ci il tarixli hesab-fakturadan görünür ki, 12862 (10900 manat+1962 manat ƏDV) manatın ödənilməsi üçün İddiaçı MMC tərəfindən Cavabdeh MTK-ya hesab-faktura (invoice) təqdim olunmuşdur.
15. Məhkəməyə təqdim olunan məktublardan görünür ki, xx.xx.2022-ci il tarixdə İddiaçı MMC Cavabdeh MTK-ya müraciət edərək xidmətlərin dəyərinin 10 gün ərzində ödənilməsini tələb etmiş, xx.xx.2022-ci il tarixli cavab məktubunda Cavabdeh MTK işlər barədə onlara məlumat verilmədiyini, icra olunmamış işlərin tamamlanmasını xahiş etdiklərini, buna baxmayaraq görülmüş işləri onlarla müzakirə etməkdənsə ETSN idarəsində müzakirə etdiklərini, layihəni idarəyə İddiaçı MMC-nin yox, Cavabdeh MTK-nın təqdim etməli olduğunu qeyd etmiş, xx.xx.2022-ci il tarixli məktubda İddiaçı MMC qeyd etmişdir ki, Cavabdeh MTK öhdəliyini (xidmətlərin dəyərinin avans olaraq ödənilməsi) yerinə yetirdikdən sonra, işlərin nəticəsi təqdim olunacaqdır.
16. İş materiallarında olan İddiaçı MMC-nin direktoru və işçiləri tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli Aktdan görünür ki, yerinə yetirilmiş işlərin nəticəsini təqdim etmək üçün dəvət olunan Cavabdeh MTK-nın nümayəndələri görüşdə iştirak etməmişlər.
17. Məhkəməyə təqdim olunan elektron poçtdan çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə mailto:seymur.seyidov@projectterra.azElektron ünvan 1 elektron poçt ünvanından mailto:orbita.mtk@gmail.comElektron ünvan 2 elektron poçt ünvanına mövzu (subject) “ərazinin 3D turu” qeyd edilməklə link göndərilmişdir.
18. Məhkəməyə təqdim olunan Cavabdeh MTK-nın xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Cavabdeh MTK-nın blankında elektron poçt ünvanı (email) kimi mailto:orbita.mtk@gmail.comElektron ünvan 2 ünvanı qeyd olunmuşdur.
19. Azərbaycan Memarlıq və İnşaat Universitetindən mütəxəssis qismində məhkəməyə dəvət olunan X2 və X1 iştirakı ilə məhkəmə iclasında mailto:seymur.seyidov@projectterra.azElektron ünvan 1 elektron poçt ünvanına baxış keçirilərək müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə mailto:orbita.mtk@gmail.comElektron ünvan 2 ünvanına link göndərilmişdir. Qeyd olunan linkə baxış keçirən mütəxəssislər məhkəməyə bildirmişlər ki, link vasitəsilə təqdim olunan məlumatlar Bakı şəhəri, Nizami rayonu, Azər Manafov, Kamil Balakişiyev, Əlif Hacıyev və X5 küçələrinin əhatə etdiyi, sahəsi 2.38 hektar olan ərazinin 3D skan olunması və əldə olunan 3D məlumatların reqistrasiya olunması işlərinin nəticəsini əks etdirir. Belə ki, əldə olunan 3D məlumatların reqistrasiya olunması nəticəsində ərazinin 3D skan olunması həyata keçirilir. Yəni, ilk növbədə əldə olunan 3D məlumatların reqistrasiya olunur və onun əsasında ərazinin 3D skanı hazırlanır. Link vasitəsi ilə təqdim olunan ərazinin 3D skanı əldə olunan 3D məlumatların reqistrasiya olunduğunu və ərazinin 3D skan olunduğunu təsdiq edir. Eyni zamanda bildirmişlər ki, ərazinin 3D skanı və 2D planı birlikdə və ayrı-ayrılıqda fərqli məqsədlər üçün istifadə oluna bilər.
20. Məhkəmə sübutetmə predmetinə daxil olan bütün faktları obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar əsasında tədqiq edərək iş materialları əsasında müəyyən edir ki, tərəflər arasında xidmətlərin göstərilməsinə dair müqavilə imzalanmış, xidmətlərin ümumi dəyəri 10900 manat (ƏDV-siz) müəyyən olunmuş, Sifariş №1-ə əsasən Bakı şəhəri, Nizami rayonu, Azər Manafov, Kamil Balakişiyev, Əlif Hacıyev və X5 küçələrinin əhatə etdiyi, sahəsi 2.38 hektar olan ərazidə ərazinin 3D skan olunması, əldə olunan 3D məlumatların reqistrasiya olunması, ərazinin 2D planının hazırlanması sifariş olunmuş, xidmətlərin təhvil-qəbulunun xx.xx.2022-ci il tarixədək həyata keçirilməsi razılaşdırılmış, xx.xx.2022-ci il tarixdə cavabdehin blankında qeyd etdiyi rəsmi elektron poçt ünvanına ərazinin 3D skanı link şəklində göndərilmiş, təqdim olunmuş linkdə olan məlumatlar sifarişdə qeyd olunan ərazinin 3D skan olunması və əldə olunan 3D məlumatların reqistrasiya olunması işlərinin nəticəsini əks etdirmişdir.
21. İddiaçı bildirir ki, xx.xx.2022-ci il tarixdə ərazinin 3D skan olunması və əldə olunan 3D məlumatların reqistrasiya olunması işlərinin nəticəsini təqdim etmiş, iyul ayında isə işlərin tam nəticəsini təqdim etmək istəsə də, cavabdeh tərəf qəbul etməmişdir. İddiaçı müqavilə üzrə öhdəliyini tam icra etmiş, cavabdeh isə öhdəliyini icra etməyərək xidmətlərin göstərilməsinə görə razılaşdırılmış 10900 manatı ödəməmişdir.
22. Cavabdeh tərəf işlərin nəticəsinin təqdim olunmadığı bildirir.
23. Məhkəmə cavabdehin arqumentini əsassız hesab edir. Belə ki, Cavabdeh MTK-nın möhürü ilə təsdiq olunmuş xx.xx.2022-ci il tarixli məktubun əks olunduğu blankda Cavabdeh MTK-nın elektron poçt ünvanı mailto:orbita.mtk@gmail.comElektron ünvan 2 qeyd olunmuşdur. Mütəxəssislərin iştirakı ilə mailto:seymur.seyidov@projectterra.azElektron ünvan 1 elektron poçt ünvanına baxış keçirilərək müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə mailto:orbita.mtk@gmail.comElektron ünvan 2 ünvanına link göndərilmiş, həmin linkdə olan məlumatlar sifarişdə qeyd olunan ərazinin 3D skanını əks etdirir.
24. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə mahiyyət etibarı ilə xidmət müqaviləsidir, lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil.
25. Ona görə də məhkəmə hesab edir ki, Mülki Məcəllənin 11.1-ci maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
26. Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki mübahisə Mülki Məcəllənin podrat müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
27. Bu baxımdan iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 752.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
28. Mülki Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməlidirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir.
29. Məhkəmə xidmət müqaviləsi üzrə razılaşdırılmış muzdun ödənilməsi ilə bağlı iddiaçının tələbini qismən əsaslı hesab edir.
30. Belə ki, tərəflər 1 nömrəli Sifarişdə xidmətlərin təhvil-qəbulunun xx.xx.2022-ci il tarixədək həyata keçirilməsi razılaşdırmış, iddiaçı isə xx.xx.2022-ci il tarixdə ərazinin 3D skan olunması və əldə olunan 3D məlumatların reqistrasiya olunması işlərinin nəticəsini təqdim etmiş, xx.xx.2022-ci il tarixədək ərazinin 2D planını təqdim etməmişdir. Yəni tərəflər öhdəliyin icrası müddətini şərtləşdirsə də iddiaçı şərtləşdirilmiş müddət ərzində ərazinin 2D planını təqdim etməmişdir.
31. Məhkəmə vurğulayır ki, xx.xx.2022-ci il tarixədək ərazinin 3D skan olunması və əldə olunan 3D məlumatların reqistrasiya olunması xidmətlərinin nəticəsi cavabdehə təqdim olunduğundan iddiaçı həmin işlərin dəyərini tələb edə bilər.
32. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
33. Tərəflər müqavilədə və sifarişdə xidmətlərin dəyərini ayrı-ayrılıqda müəyyən etməmiş, ümumi şəkildə qeyd etmişlər. Məhkəmə iclasına dəvət olunmuş mütəxəssislər bildirmişlər ki, 1 nömrəli sifarişdə qeyd olunan xidmətlərdən ərazinin 3D skan olunması və əldə olunan 3D məlumatların reqistrasiya olunması əsas işi təşkil edir və həmin xidmətlərin dəyəri yüksəkdir, ərazinin 2D planı isə ərazinin 3D skanı nəticəsində əldə olunan məlumat əsasında hazırlanır.
34. İddiaçı MMC məhkəməyə elektron kabinet vasitəsi ilə məlumat təqdim etmişdir ki, hazırki iş üzrə müqavilədə nəzərdə tutulmuş ərazinin 2D planının hazırlanması üzrə xidmətlərin dəyəri 1200 manat təşkil edir.
35. Məhkəmə bildirir ki, cavabdehin və vəkilinin elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabineti var, iş üzrə təqdim olunan bütün sənədlər elektron kabinetə yerləşdirilir. Ərazinin 2D planının hazırlanması üzrə xidmətlərin dəyərinin 1200 manat təşkil etməsi ilə bağlı iddiaçının məhkəməyə təqdim etdiyi məlumata cavabdeh etiraz etməmişdir.
36. Məhkəmə belə qənaətə gəlir ki, ərazinin 2D planının hazırlanması üzrə xidmətlərin dəyərinin 1200 manat olduğunun razılaşdırıldığı qəbul olunmalıdır.
37. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
38. Hazırkı işdə iddiaçı ərazinin 3D skan olunması və əldə olunan 3D məlumatların reqistrasiya olunması xidmətlərinin nəticəsini cavabdehə təqdim etmiş, cavabdeh isə xidmət haqqını ödəməyərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi pozmuşdur.
39. Görüləcək ümumi işlərin dəyəri 10900 manar razılaşdırılmış, iddiaçının təqdim etdiyi məlumat əsasən hazırki iş üzrə ərazinin 2D planının hazırlanması üzrə xidmətlərin dəyəri 1200 manat təşkil etmişdir.
40. Məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində qismən təmin olunmalı, 9700 manat (10900-1200) əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
b) Maddi ziyanın ödənilməsi tələbi ilə bağlı
41. İddiaçı 5000 manat dəymiş maddi ziyanı tələb edir.
42. İddia ərizəsində dəymiş maddi ziyanın nədən ibarət olduğu əsaslandırılmasa da, iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında maddi ziyanı kimi ərazinin 3D skan olunması zamanı istifadə olunan aparatın icarəsi üçün icarə haqqı olaraq verilən pulu tələb etdiklərini bildirdi.
43. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqe ondan ibarətdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.
45. Məhkəmə qeyd edir ki, iddiaçının ərazinin 3D skan olunması zamanı istifadə olunan aparatın icarəsi üçün icarə haqqı olaraq verilən pulu maddi ziyan kimi tələb etməsi əsassızdır. Belə ki, müqavilədə razılaşdırılmış işlərin görülməsi iddiaçının xidmət sferasına aiddir və iddiaçı yalnız hazırki iş üzrə cavabdehə xidmət göstərmir. Nümayəndə də izahatında qeyd etmişdir ki, qeyd olunan texniki təminatdan iddiaçı başqa sifarişçilərin icrasında da istifadə edir. Bundan başqa, iddiaçı qeyd olunan aparatdan istifadə etməklə hazırlayacağı işin nəticəsinin qiymətini cavabdehlə razılaşdırmış və hazırda həmin məbləği tələb edir. İşin nəticəsinin dəyərini tələb etdiyi halda işin görülməsi üçün lazım olan maddi texniki təminatın icarəsi üçün ödənildiyini qeyd etdiyi pul vəsaitini maddi ziyan kimi iddiaçının tələb etməsi əsassızdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində təmin oluna bilməz.
c) Vəkilin göstərdiyi yardıma görə xərcin tutulması tələbi ilə bağlı
46. Məhkəmə müəyyən edir ki, İddiaçı MMC ilə Nümayəndə arasında hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2022-ci il tarixli 325 nömrəli müqavilə imzalanmış, bu müqavilə üzrə 150 manat hüquqi yardım xərci xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən ödənilmişdir.
47. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
48. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə göstərilmişdir ki, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.
49. Həmin Məcəllənin 121.1-ci maddəsinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
50. Məhkəmə hesab edir ki, vəkilə göstərdiyi hüquqi yardıma görə 150 manat pul hazırkı kommersiya mübahisəsi üzrə ağlabatandır. Ona görə də, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
d) Mediasiya xərcinin tutulması tələbi ilə bağlı
51. İddiaçı həmçinin ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat pulun cavabdehdən tutulması tələbini irəli sürmüşdür.
52. İddia ərizəsinə əlavə edilmiş ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə MŞB/9-00144 nömrəli arayışdan görünür ki, 200 manat məbləğində mediasiya xərci İddiaçı MMC tərəfindən ödənilmişdir.
53. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
54. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən iİşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər (115.0.9).
55. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
56. “Mediasiya haqqında” Qanunun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər.
57. Göründüyü kimi bütün kommersiya mübahisələri üzrə tərəflər məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etməlidirlər.
58. Ona görə də məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərcdir və ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir.
59. İddia tələbi 9700 manat hissədə təmin edildiyindən məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 122 manat pul ((9700x200):(10900+5000)) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
60. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 08 iyun 2022-ci il tarixli xidmətlərin göstərilməsinə dair müqavilə üzrə 9700 (doqquz min yeddi yüz) manat pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 122 (yüz iyirmi iki) manat, vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin əvəzi olaraq 150 (yüz əlli) manat pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim: Nərmin Əhmədova