Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4723/2023 29.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair və qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilə üzrə artıq ödənilmiş pulun qaytarılması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: yük daşıma müqaviləsi, dəbbə pulu, mediasiya xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçının/qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X1, İlkin iddia üzrə cavabdehin/qarşıqlı iddia üzrə iddiaçının nümayəndəsinin iştirakı olmadan, İlkin iddia üzrə İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair və qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilə üzrə artıq ödənilmiş pulun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İlkin iddia üzrə İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MMC-dən 61152,85 manat məbləğində əsas borcun, 54865 manat məbləğində cərimə-dəbbə pulunun, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 3757 manat pulun, 410 manat mediasiya haqqı və 41 manat məbləğində dövlət rüsumunun tutularaq,İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixli “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” 12/19 №li Müqavilə bağlanmışdır. Müqaviləyə əsasən İcraçı İddiaçı MMC Sifarişçi "xxxx" MMCnin sifarişi əsasında xidmətlər göstərməyi, sifarişçi isə xidmətləri qəbul edib bunun müqabilində İcraçıya bu Müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyə öhdəsinə götürür. Lakin İddiaçı MMC öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib müvafiq xidmətləri göstərsə də, "xxxx" MMC üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək xidmət müqabilində verilməli olan xidmət haqqını ödəməkdən boyun qaçırır. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq edilsə də, bu günə kimi cavabdeh tərəfindən heç bir hərəkət edilməmişdir. Ümumilikdə 61152,85 manat məbləğində borcu cavabdeh tərəfindən ödənilməmişdir. Belə ki, borc məbləği iddia ərizəsinə əlavə edilmiş, tərəflər arasında tərtib edilmiş “göstərilmiş xidmətlərin təhvil verilməsi” haqqında 044452, 045831, 046352, 047859, 047379, 048637 nömrəli təhviltəslim aktlarla təsdiq edilir. Bu əsasla cavabdehə xx.xx.2023-cü il tarixində 3 iş günü müddətində borc məbləğinin tələb edilməsi barədə Pretenziya məktubu göndərilməsinə baxmayaraq bu günədək qeyd edilən pul şirkətə ödənilməmişdir. Bununla yanaşı, cavabdeh tərəfindən Pretenziya məktublarına hər hansı bir reaksiya verilməməsi səbəbindən, xx.xx.2023-cü il tarixində şirkət tərəfindən cavabdehə mübahisənin mediasiya vasitəsi ilə həll edilməsinə dair Mediasiya təklifi göndərilmiş, lakin müxtəlif tarixlərdə üç dəfə keçirilmiş müvafiq sessiyalarda tərəflər arasında razılıq əldə edilməmişdir. Bu barədə xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barəsində arayış tərtib edilmişdir. Əlavə olaraq müqavilənin 5.5-ci bəndinə əsasən Sifarişçi tərəfindən ödənişdə gecikmə olarsa, hər gecikmə gün üçün qalıq borcun dəyərin 0.2% əlavə hesablanacaq. Müqavilənin həmin bəndinə əsasən 54865 manat cərimə hesablanmışdır. Beləliklə, göründüyü kimi cavabdeh ödənişdən yayınmaq üçün müxtəlif üsullara əl atması səbəbindən hazırkı mübahisə məhz məhkəmə vasitəsilə həll edilməlidir. Bundan əlavə, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 3757 manat pul hesablanmışdır. Həmçinin mediasiya prosesi ilə bağlı tam ödəniş (yəni 410 manat) edildiyindən, sözügedən Qanunun tələblərinə əsasən dövlət rüsumunu ödəməkdən həmin həcmdə iddiaçı azad olunur. Bu əsasla məhkəmə xərci olaraq dövlət rüsumu məbləği 410 manat +müvəqqəti təminat tədbiri barədə ərizə üzrə ödənilməli olan rüsum məbləği 41 manat = 451 manat – 410 manat mediasiya haqqı = 41 manat dövlət rüsumu) 41 manat təşkil edir.
3. İlkin iddia üzrə cavabdeh etiraz ərizəsini məhkəmə təqdim edərək etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı MMC "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddiası əsassızdır. Belə ki, iddia tələbi üzrə iddiaçı cavabdehdən 044452, 045831, 046352, 047859, 047379 və 048637 nömrəli təhvil-təslim aktları üzrə yaranmış əsas borc 61152,85 manat, 54865 manat məbləğində cərimə-dəbbə pulunun, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 3757 manat pulun, 410 manat mediasiya haqqı və 41 manat məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı MMC- yə ödənilməsini tələb edir. Halbuki, "xxxx" MMC-ni borclu kimi təqdim edib, “borc öhdəliyini yerinə yetirmir”, “boyun qaçırır”, “cavabdeh ödənişdən yayınmaq üçün müxtəlif üsullara əl atmağı səbəbindən hazırkı mübahisə məhz məhkəmə vasitəsilə həll edilir” və s. bu kimi ifadələri iddia ərizəsində tətbiq etməklə, məhkəmədən mübahisənin əsl mahiyyətini gizlətmişdir. Əvvəla soruşula bilər ki, o müxtəlif üsulları nədir? Hər hansı bir üsul tətbiq etmədən Mediasiya prosesi zamanı təklif edildi ki, aralarında bağlanmış xx.xx.2019-cu il tarixli, 12/19 saylı Yükdaşıma Xidmətlərinin göstərilməsi Müqaviləsi əsasında aralarında xidmətlərin təhvil verilməsini təsdiq edən aktlar ilə maliyyə ödənişlərinin təsdiqi olan elektron qaimə və ödəniş tapşırıqları ilə Üzləşmə Aktı tərtib etsinlər. Cavabdeh şirkətin təklifini tam əhatə etməsə də xx.xx.2023-cü il tarixində iddiaçı birtərəfli qaydada Maliyyə Arayışı tərtib etdi və bu əsasla iki tərəfli üzləşmə aktından yayınıldı. Səbəbləri daha sonradan məlum oldu ki, xx.xx.2019cu il tarixli, EAAZ№379166 saylı, xx.xx.2021-ci il tarixli, EBAZ№434602 saylı, xx.xx.2021ci il tarixli, EBBC№932583 saylı, xx.xx.2021-ci il tarixli, EBBE№797986 saylı, xx.xx.2022ci il tarixli, EBBP№542973 saylı elektron qaimələr və bu qaimələrin müvafiq ödəniş tapşırıqları əsasında müxtəlif vaxtlarda iddiaçıya toplam ödənilmiş 87415 manat pul vəsaitlərinin xidmətlərin təhvil-təslim aktları təqdim oluna bilmir. Mediasiya Prosesinin iddia ərizəsində qeyd olunduğu kimi uzun çəkməsi, 3 dəfə aparılması da məhz həmin mərhələdə tərəflərindən çox istəkli şəkildə tərəflər arasında toplam müxabirləşmələrə aydınlıq gətirilməsi idi, burada "xxxx" MMC 044452, 045831, 046352, 047859, 047379 və 048637 nömrəli təhvil-təslim aktları üzrə 61152,85 manat məbləği qəbul etməmək və yaxud ödəməmək kimi məqam yoxdur. Aktlarda əks olunduğu kimi məhz həmin xidmətlər tərəflərindən qəbul edilmiş, toplam məbləği 96740 manat təşkil etmişdir. Aktlar üzrə məbləğin bu gün azalması və 61152,85 manat təşkil etməsi də onu təsdiq edir ki, iddia ərizəsində qeyd edildiyi kimi “ödəniş edilmir”, “ödənişdən boyun qaçırır” və s.kimi ifadələr həqiqəti əks etdirmir. Mediasiya prosesində də iddiaçı yuxarıda qeyd edilən tarixlərə xidmətlərin təhvil- təslim aktlarını təqdim edə bilmədikləri üçün mübahisəli vəziyyət yaranmışdır. İddia tələbinin əsas borc tələbi olan 61152,85 manat məbləğ son təqdim edilmiş 044452, 045831, 046352, 047859, 047379 və 048637 nömrəli təhvil-təslim aktları üzrə deyil, ümumi münasibətlərdə öz təsdiqini tapmır. Belə olan halda iddia tələbinin 54865 manat məbləğində cərimə-dəbbə pulu hissəsi də qəbul edilə bilməz. Birincisi dəbbə pulu “gecikdirilmiş məbləğin” 0,2%-ni təşkil etməlidirsə və guya MMC 61152,85 manat məbləğ ödənişini gecikdiririksə, əsas borc məbləği həddlərində dəbbə pulunun təşkil etməli olması öz təsdiqini tapmır. Digər tərəfdən İddiaçı A.R. Mülki Məcəlləsinin 445.7.-ci maddəsinə istinad etməklə, həmin maddəni səhv tövsif etməklə, guya gecikdirilmiş vaxt üçün qanunvericiliklə nəzərdə tutulmuş illik 5% əlavə tələbi cavabdehdən tələb edə bilər. Lakin həmin maddəyə əsasən “Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.” Buradan görünür ki, aralarında mövcud müqavilənin 6.5-ci maddəsini iddiaçı istənilən zaman tətbiq etməklə, hazırkı iddiada hansı ki, yanlış hesablama ilə “daha böyük məbləğ tələb etmişdir”. Bu zəmində gecikmə ilə əlaqədar əlavə miqdar və məbləğdə hər hansı bir pul tələbi ola bilməz. O, səbəbdən iddiaçının pul tələbi iddiasının üçüncü hissəsi də əsassızdır.
4. Cavabdeh "xxxx" MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı MMC-dən 87415 manat artıq ödənilmiş pul məbləğinin, həmçinin qarşılıqlı iddia tələbinə görə 353 manat və müvəqqəti təminat tədbirinə dair qərardaddan şikayətə görə 51 manat məbləğlərində ödənilmiş dövlət rüsumlarının, toplamda 87819 manat məbləğin "xxxx" MMC-yə ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Yükdaşıma xidmətləri üçün "xxxx" MMC ilə İddiaçı MMC arasında xx.xx.2019-cu il tarixində Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında 12/19 saylı müqavilə bağlanmışdır. 2019-cu ildən xx.xx.2023-cü il tarixinədək İddiaçı MMC ilə əməkdaşlıq edilmişdir. Hazırda İddiaçı MMC məhkəməyə iddia tələbi ilə müraciət edərək, guya 044452, 045831, 046352, 047859,047379 və 048637 saylı təhvil-təslim aktları ilə borc öhdəliyi yerinə yetirilmir və guya onlara olan 61152,85 manat borc mövcuddur. Halbuki, həmin təhvil-təslim aktları üzrə borc pul öhdəliyi 96740 manat məbləği təşkil edir ki, borc pul öhdəliyi qismən ödənilib və cavabdeh pul tələbini irəli sürdüyü halda, tərəflərindən göstərilmiş xidmətlərin öz təsdiqini tapmayan dövrlərinə dair aktları tələb edildiyi və üzləşdirmə aparmaq istəklərinin olduğu zaman cavabdeh İddiaçı MMC həmin aktları təqdim edə bilməmişdir, o səbəbdən də tərəflərindən onların bu pul tələbinə tərəddüd ilə yanaşılmışdır. Bütün xidmətlərin tamamlanması və xidmətlərin keyfiyyətlə görülməsini təsdiq edən sənəd təhvil-təslim aktıdır ki, iddia etdikləri, tələb etdikləri pul məbləğlərinə qarşılıqlı xidmətlərin tamamlanaraq, təhvil verilməsini təsdiq edən aktları təqdim etməmişdirlər. Eyni zamanda elektron qaimələrə istinadlar edilmişdir ki, həmin elektron qaimələrdə də ödənişlərin təyinatı qeyd edilməmiş və ya anlaşılmayan qeydlər edilmişdir. Belə ki, xx.xx.2019-cu il tarixli, 12/19 saylı müqaviləyə istinad edilərkən, Müqavilənin qiyməti və hesablaşma qaydasını özündə ehtiva edən 5-ci maddənin 5.2-ci bəndi sadəcə xidmətlərin göstərilməsinə dair xx.xx.2022-ci il tarixli, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli aktlara istinad edilmişdir. Müqavilənin 2.3-cü bəndində qeyd edildiyi kimi ‘‘Xidmət haqqı yalnız bu aktların əsasında hesablanır” müddəasına əsasən İddiaçının tələb etdiyi pul məbləği göstərdiyi xidmət aktları ilə uyğun gəlmir, pul tələbi ilə göstərilmiş xidmətlər bir-birini tamamlamır. Cavabdeh ilə mediasiya prosesində dəfələrlə üzləşmə aktının təqdim edilməsini tələb edilməsinə baxmayaraq, üzləşmə aktı onlarla keçirilməmiş və qeyd olunan maliyyə sənədləri üzrə təhvil-təslim aktları onlara təqdim edilməmişdir: xx.xx.2019-cu il tarixli, EAAZ №379166 saylı elektron qaimə və xx.xx.2019cu il tarixli, 19/325 saylı ödəniş tapşırığı; xx.xx.2021-ci il tarixli, EBAZ №434602 saylı elektron qaimə; xx.xx.2021-ci il tarixli, EBBC №932583 saylı elektron qaimə və xx.xx.2021-ci il tarixli, OD5 saylı ödəniş tapşırığı; xx.xx.2021-ci il tarixli, EBBE №797986 saylı elektron qaimə və xx.xx.2021 -ci il tarixli, №005XOH********** saylı ödəniş tapşırığı, xx.xx.2021-ci il tarixli, №2160PEX212230543 saylı ödəniş tapşırığı, xx.xx.2021-ci il tarixli, №2160PEX212230053 saylı ödəniş tapşırığı; xx.xx.2022-ci il tarixli, EBBP №542973 saylı elektron qaimə, xx.xx.2022-ci il tarixli №2160CAZ220690510 saylı ödəniş tapşırığı, xx.xx.2022-ci il tarixli №2160CAZ220690508 saylı ödəniş tapşırığı, xx.xx.2022-ci il tarixli №2160CAZ220740013 saylı ödəniş tapşırığı və xx.xx.2022- ci il tarixli №216OCAZ220970545 saylı ödəniş tapşırığı. Bu əsasda qeyd edilmiş elektron qaimələr əsasında "xxxx" MMC cavabdehə 87415 manat məbləğində artıq ödəmə etmişdir. Təhviltəslim aktları ilə xidmətləri təhvil vermədikləri və şirkətə yaranmış 87415 manat borc pul öhdəliyi cavabdeh tərəfindən yerinə yetirilməlidir. Nəticə etibarilə cavabdeh hal-hazırkı tarixədək tərəfindən qeyd olunan borc öhdəliyini tam icra etməmişdir və öhdəliyin pozulmasına yol verilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.3-cü maddəsinə əsasən “Qarşılıqlı iddia da əsas iddia qaydasında ödənilir” müddəasina uyğun olaraq iddiaçının qarşılıqlı iddia tələbi üçün ödədiyi 353 manat və müvəqqəti təminat tədbirinə dair qərardaddan şikayətə görə ödədiyi 51 manat dövlət rüsumunun cavabdeh İddiaçı MMC-dən alınması məqsədəuyğundur.
6. Qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi qarşılıqlı iddiaya dair etiraz təqdim edərək, etirazı onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia ərizəsi tamamilə əsassız və qanunsuz olduğundan təmin olunmamalıdır. Belə ki, "xxxx" MMC-nin hazırda mübahisələndirdiyi 5 ədəd elektron-qaimənin hər biri üzrə xidmətlər artıq icra edilərək təhvil verilmiş, elektron qaimə təqdim edilərək iddiaçı tərəfindən təsdiq edilmiş, habelə ödənişlər də icra edilmişdir. Belə ki, ilkin olaraq müvafiq 5 qaimədən EBAZ 434602 saylı 310 manatlıq qaimə üzrə akt iddiaçı tərəfindən təsdiq edilərək geri qaytarıldığından akt qoşmaya əlavə edilir. Digər qaimələr üzrə aktın təqdim edilməmə səbəbi isə qarşılıqlı iddia üzrə iddiaçının bildirdiyi kimi xidmətin olmaması deyil, mediasiya prosesində də dəfələrlə bildirdiyi kimi iddiaçının müqavilə üzrə öz öhdəliyini icra etməyərək aktları təsdiq edərək geri qaytarmamasından dolayıdır. Buna rəğmən qoşmaya əlavə edilən sənədlərdən də göründüyü kimi tərəflərin arasında işgüzar münasibətlərin sıxlığı və tezliyindən dolayı iddiaçıya həmin aktların göndərilməsi üçün möhlət verilmiş, dəfələrlə istənilmiş, iddiaçı bu günə kimi həmin aktları geri göndərməmiş, lakin elektron qaimələr üzrə ödənişlər artıq icra edildiyindən iddiaçını bu baxımdan sıxmamaq qərara alınmışdır. Analoji işlər üzrə ümumiləşmiş məhkəmə təcrübəsinə də müraciət edən zaman da görünür ki, Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli Qərarının 16-cı bəndində “Mübahisəli borcun yaranması elektron qaimə, cavabdeh tərəfinən əsas və ƏDV borcunun bir hissəsinin məhz həmin elektron qaiməyə əsasən ödənilməsi ilə təsdiqini tapır”, “cavabdeh sübuta yetirməli idi ki, xx.xx.2018-ci il tarixli 23.396,21 manat məbləğdə elektron qaiməni niyə sərəncamında 5 gün olduğu halda rədd etməmişdir, razılaşmadığı qaiməyə istinadən niyə əsas və ƏDV borcundan ödənişlər etmişdir və s. “şərhi göstərilməklə müvafiq ödənişlərin borcun etirafı hesab edilməsinin Ali Məhkəmənin mövqeyinin olduğu bəyan edilmişdir. Habelə, Ali Məhkəmənin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli Qərarının 25-ci bölməsində bildirilmişdir ki, “Bundan başqa, əgər MMC-nin bildirdiyi kimi, həqiqətən də mallar MMC-yə təhvil verilməsəydi MMC İddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələrə qanunla müəyyən edilmiş 5 gün müddətində etiraz edər və bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırkı işdə bu hal mövcud deyil. Bu hal isə onun tərəfindən İddiaçı göndərdiyi malların bəyənməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Həmçinin sonradan da MMC tərəfindən bununla bağlı etiraz göndərilməmişdir”. Göründüyü kimi qəbul edilmiş məhkəmə praktikasında da qaimələr üzrə qanunla verilmiş müddətdə etirazların bildirilməməsi, ödənişin edilməsi, artıq həmin xidmətin icra edilməsini və qəbul edilməsini təsdiq edir. Belə ki, EAAZ 379166 saylı 14510 manatlıq qaimə, EBBC 932583 saylı 5745 manatlıq qaimə, EBBEN 797986 saylı 23240 manatlıq qaimə, EBEP 542973 saylı 43610 manatlıq qaimə qoşmaya da əlavə edilmiş sənədlərdən göründüyü kimi sistem və ya iddiaçının özü tərəfindən birbaşa təsdiqlənmişdir. Yəni iddiaçı AR Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 3.3-cü bəndi üzrə ona verilən 5 gün müddətində qaiməni nə geri qaytarmış və nə də ki, 3.10-cu bənd üzrə ləğv üçün İddiaçı MMC-yə bildiriş göndərmişdir. İddiaçı iddialarının əksinə müvafiq qaimələrin əksəriyyətini hətta avtomatik müddəti gözləmədən birbaşa özü təsdiqləmişdir. Lakin hansısa naməlum səbəbdən illər sonra borc tələb edildiyi anda iddiaçı illər əvvəl yekunlaşmış xidmətləri mübahisələndirmək istəyi duymuşdur. Bütün göndərilmiş qaimələrdə “Əsas və va Əlavə qeydlər” bölməsində həmin qaimənin əsasını təşkil edən Aktların və ya "xxxx" MMC-nin tələbi ilə sonuncunun daxili sənədi hesab edilən “PO” (Purchase Order) yəni sifariş orderlərinin nömrəsi və xidmətin tarixi də qeyd edilmişdir. Bununla bərabər iddiaçının EBBC 932583 saylı 5745 manatlıq qaimə üzrə etdiyi ödənişdə şəxsən özü ödənişin təyinatı hissəsində də müvafiq “PO” ların nömrələrini qeyd etmiş və birbaşa ödəniş etmişdir. Aşkar görünür ki, qarşı tərəfin vəkili olmaqla bərabər, şirkətin direktor səlahiyyətlərini icra edən şəxsin öz şirkətlərinin iş prinsip və mexanizimlərindən ümumiyyətlə anlayışı yoxdur. Əks təqdirdə etdikləri ödənişlərin, qaimələrin, “PO”-ların mahiyyətini mübahisələndirməzdi. Habelə qarşı tərəfdən sifarişlərin verilməsi, izlənilməsi bəzən whatsapp rabitə vasitəsi ilə icra edildiyindən qarşı tərəfin logistika üzrə səlahiyyətli nümayəndəsi Fazil Həsənov İddiaçı MMC-yə hazırkı qaimə üzrə PO-ların nömrəsini də həmin rabitə vasitəsindən bildirmişdir. Eyni zamanda məhz bu qaimə əsası olan 023890 saylı may ayının Təhvil-təslim Aktın imzalanaraq geri göndərilməsi barədə email üzərindən xx.xx.2021-ci il tarixində qarşı tərəfə müraciət edilmiş və müraciətin ünvanladığı "xxxx" MMC-nin iki nümayəndəsinin heç birindən həmin aktlar və qaimələr üzrə hər hansı etiraz daxil olmamışdır. İddiaçının iddia etdiyi kimi xidmət icra edilməsə idi, qarşı tərəfin nümayəndələrindən heç olmasa biri bu email məktubuna etiraz məktubunu yönləndirərdi. Həmçinin təqdim edilən akt üzrə xidmətlərin icrası, təhvil verilməsi üzrə qanunvericiliyin tələbinə əsasən “sürücü alt aktları” hesab edilən yol vərəqələri və ünvana çatdırılmaya dair təhvil-təslim aktları da müvafiq xidmətlərin icra edilərək iddiaçıya təhvil verilməsini istisnasız təsdiq edir. EBBE 797986 saylı 23240 manatlıq qaiməni də sonuncu şəxsən özü təsdiq etməklə 7190 manat, 5840 manat və 10210 manat olmaqla 3 hissəli şəkildə ödəniş etmişdir. Müvafiq olaraq ödəniş tapşırıqlarında Qarşı Tərəf qaimədə qeyd edilən PO nömrələrini daxil etmişdir. Hansı ki, xx.xx.2023-cü il tarixində vurulan qaiməyə həmin PO nömrələrini qoşmaya əlavə edilmiş whatsapp yazışmalarından da göründüyü kimi qarşı Tərəfin nümayəndəsi 13 iyul 2021-c il tarixində “zəng edərsiniz deyərəm" cümləsindən sonra əlaqə saxlayaraq şirkətə bildirmişdir. Məhz bu qaimə əsası olan 025053 saylı iyun ayının təhvil-təslim Aktın imzalanaraq geri göndərilməsi barədə email üzərindən 24 noyabr 2021-ci il tarixində qarşı tərəfə müraciət edilmiş və müraciətin ünvanladığı "xxxx" MMC-nin iki nümayəndəsinin heç birindən həmin aktlar və qaimələr üzrə hər hansı etiraz daxil olmamışdır. Bundan başqa təqdim edilən akt üzrə xidmətlərin icrası, təhvil verilməsi üzrə qanunvericiliyin tələbinə əsasən “sürücü alt aktları” hesab edilən yol vərəqələri və ünvana çatdırılmaya dair təhviltəslim aktları da müvafiq xidmətlərin icra edilərək iddiaçıya təhvil verilməsini istisnasız təsdiq edir. EBBE 542973 saylı 43610 manatlıq qaiməni də sonuncu şəxsən özü təsdiq etməklə 11100 manat, 19720 manat və qalıq hissəsini də digər 86000 manat ödənişin daxilində olmaqla 3 hissəli şəkildə ödəniş etmişdir. Müvafiq olaraq ödəniş tapşırıqlarında qarşı tərəf qaimədə qeyd edilən 031950 saylı Aktın nömrəsini daxil etmişdir. Müvafiq qaimə üzrə 2021-ci ilin dekabrında icra edilən xidmət zaman qarşı tərəfin nümayəndəsi ilə dəfələrlə əlaqə saxlanılmış, qarşı tərəf sifarişlərini vermiş, sifarişlər üzrə məlumatları bildirmiş, hətta 24 dekabr tarixində sifariş zamanı çəkdikləri fotonu da İddiaçı MMC-yə yollamışlar. Bundan başqa təqdim edilən akt üzrə xidmətlərin icrası, təhvil verilməsi üzrə qanunvericiliyin tələbinə əsasən “sürücü alt aktları" hesab edilən yol vərəqələri və ünvana çatdırılmaya dair təhvil- təslim aktları da müvafiq xidmətlərin icra edilərək iddiaçıya təhvil verilməsini istisnasız təsdiq edir. Göründüyü kimi yuxarıda sadalanan bütün hallar ikin iddianın əsaslarını və qarşılıqlı iddianın qanunsuz və əsassız olduğunu sübut etməkdədir, cavabdeh Kontinent İnşaat MMC isə iddiasını ümumiyyətlə əsaslandırmamışdır. Məhkəməyə hər hansı sübut, dəlil təqdim etməmiş, sadəcə ehtimal və mülahizələr üzərindən çıxış etmişdir. Bu da bariz sübutudur ki, iddiaçının özünə də çox dəqiqliklə məlumdur ki, bildirdiyi etirazlar, qarşılıqlı iddiası tamamilə əsassızdır, qərəzli hərəkətlərdir və məhkəmənin iş yükünü çoxaldıb ədalətli qərarın çıxarılmasına mane olmaqdan başqa bir şey deyildir. Göstərilənlərə əsasən e-2-2(113)-4723 2023 saylı iş üzrə qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC tərəfindən verilmiş iddia ərizəsinin icraata qəbul edilmədən geri qaytarılmasını, habelə icraata qəbul edildiyi təqdirdə iddia ərizəsinin təmin edilməməsi barədə qərar çıxarılması məhkəmədən xahiş edilmişdir.
II. Tərəflərin mövqeləri:
7. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi X2 ilkin iddianın məzmununa uyğun izahat verərək, iddianın qanuni və əsaslı olduğunu, bundan əlavə məhkəmə iclaslarında cavabdeh şirkətin qanuni təmsilçisi və eyni zamanda vəkili tərəfindən iddianın əsas borc 61152,85 manat hissəsində etiraf etdiyini nəzərə alaraq iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Qarşılıqlı iddia ərizəsini isə qəbul etməyək, qarşılıqlı iddiaya verdiyi etiraza uyğun izahat verərək, cavabdeh tərəfindən 2-3 il əvvəl təhvil verilmiş işlərin dəyərini geri tələb edilməsi tamamilə əsassız olduğu üçün qarşılıqlı iddia ərizəsinin rədd edilməsini xahiş etdi.
8. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin qanuni təmsilçisi və vəkili Nümayəndə ilkin iddia ərizəsinə fikir bildirərək qeyd etdi ki, ilkin iddia ərizəsinə verdiyi etirazda texniki yalnışlıq olaraq iddianın tam rədd olunmasını xahiş etsə də, ilkin iddianı əsas borc olan 61152,85 manat hissəsində qəbul edir, hətta "xxxx" MMC-nin hesabının üzərində həbs olmasaydı belə həmin pulu ödəmək fikrindədir. Lakin, dəbbə və faiz borcunu qəti şəkildə qəbul etməyərək iddianın həmin hissədə rədd olunmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsini isə müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
9. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə ilkin iddia üzrə cavabdehə/qarşılıqlı iddia üzrə iddiaçıya qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi iştirak etməmişdir.
10. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə ilkin iddia üzrə cavabdehin/qarşılıqlı iddia üzrə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
12. İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-ci il tarixli, 12/19 saylı müqaviləyə əsasən:
13. 1.Müqavilənin Predmeti
14. İcraçı sifrişçi sifarişi əsasında ona məxsus yükləri (avadanlıqları) daşımaqla yükdaşıma xidmətləri göstərməyi, sifarişçi isə bunun müqabilində icraçıya bu müqavilənin 5-ci bəndində müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürür.
15. 2.Müqavilənin qüvvəyə minməsi, öhdəliklərin icrası müddəti və şərtləri
16. 2.1.Bu müqavilə hər iki tərəfin onu imzaladığı gündən qüvvəyə minir və bir (1) il müddətində qüvvədədir. Müqavilənin müddətinin bitməsinə ən azı on beş gün qalmış ona xitam vermək haqqında hər hansı bir tərəfin yazılı müraciəti olmadıqda, müqavilənin müddəti eyni müddətdə uzadılmış hesab olunur.
17. 2.3.İcraçı daşıdığı yükü sifarişçinin nümayəndəsinə və ya onun göstərdiyi şəxsə təhvil verir. Hər bir və ya bir neçə daşımadan sonra göstərilmiş xidmətin təhvil verilməsi haqqında akt tərtib olunur, sifarişçinin və icraçının nümayəndələri tərəfindən imzalanır və rəhbər şəxsləri tərəfindən təsdiq edilir. Xidmət haqqı yalnız bu aktların əsasında hesablanır. Aktın forması bu müqavilə bağlanarkən təsdiq olunur.
18. 5.Müqavilənin qiyməti və hesablaşma qaydası
19. 5.1.Hər bir daşımanın dəyəri daşıma məsafəsindən və daşıma obyektinin növündən, ölçülərindən asılı olaraq, bu müqavilənin tərkib hissəsi olan tərəflər arasında razılaşdırılmış qiymətlərin preyskurantı ilə (əlavə №1) müəyyən edilir.
20. 5.2.Ayda bir neçə dəfə (hər ayın sonuncu günündə) daşımanın həcmi xidmətin təhvil verilməsi haqqında aktlara əsasən müəyyən edilir və buna müvafiq olaraq ay ərzində göstərilmiş xidmət üzrə xidmət haqqı hesablanır, təhvil təslim aktı ilə təsdiq edilir. Təhvil təslim aktı ilə təsdiq edilmiş xidmət haqqının aylıq məbləği beş bank günü ərzində sifarişçi tərəfindən icraçıya ödənilir. Tərəflər razılaşırlar ki, zərurət yarandıqda, sifarişçi avans ödəməyi öz öhdəliyinə götürür. Həmin akt 2 nüsxədə icraçı tərəfindən sifarişçiyə təqdim olunur və sifariş 10 gün iş günü ərzində icraçıya həmin aktı təsdiq edərək təqdim etməlidir.
21. 6.Tərəflərin məsuliyyəti və onun istisna edən hallar
22. 6.1.Tərəflər müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiklərinə və lazımınca yerinə yetirmədiklərinə görə mülki-hüquqi məsuliyyət daşıyırlar və bunun nəticəsində digər tərəfə dəymiş zərərin əvəzini ödəməlidirlər.
23. 6.5.Sifarişçi tərəfindən ödəmədə gecikmə olarsa, hər gecikən gün üçün ümumi dəyərin 0.2%-i əlavə hesablanacaq.
24. xx.xx.2022-ci il tarixli göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında 044452 saylı akta əsasən xx.xx.2019-cu il tarixli, 12/19 nömrəli müqavilə əsasən İddiaçı MMC tərəfindən "xxxx" MMC-nin sifarişi əsasında ona 50340 manat dəyərində, xx.xx.2011-ci il tarixli 045831 saylı akta əsasən 22140 manat dəyərində, xx.xx.2022-ci il tarixli 046352 saylı akta əsasən 7348 manat dəyərində, xx.xx.2022-ci il tarixli 047379 saylı akta əsasən 5610 manat dəyərində, xx.xx.2022-ci il tarixli 047859 saylı akta əsasən 7291 manat dəyərində, xx.xx.2023-cü il tarixli 048637 saylı akta əsasən 4011 manat dəyərində yüklər daşınmış və aktlar hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
25. EAAZ seriyalı, 379166 saylı xx.xx.2019-cu il tarixli elektron qaiməyə əsasən xx.xx.2019-cu il tarixli, 12/19 nömrəli müqavilə üzrə İddiaçı MMC tərəfindən "xxxx" MMCnin sifarişi əsasında ona 14510 manat dəyərində (007500 saylı akta əsasən və xx.xx.2019-cu il tarixli, 19/325 saylı ödəniş tapşırığına əsasən 14510 manat ödənilmişdir.), EBAZ seriyalı, 434602 saylı xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 310 manat dəyərində (006373 saylı akta əsasən), EBBC seriyalı, 932583 saylı xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 5745 manat dəyərində (PO 1045, 1046, 1048, 1049, 1050, 1051, 1052, 1053, 1054-2021-ci ili may ayında göstərilən xidmət və xx.xx.2021-ci il tarixli, OD5 saylı ödəniş tapşırığına əsasən 5745 manat ödənilmişdir), EBBE seriyalı, 797986 saylı xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 23240 manat dəyərində (PO 1614, 1615, 1627, 1633, 1630, 1631, 1632, 1634, 1657-2021-ci ilin iyun ayında göstərilən xidmət: 025053 saylı akta əsasən-xx.xx.2021-ci il tarixli ödəniş qəbzinə əsasən 7190 manat + xx.xx.2021-ci il tarixli debit haqqında bildirişə əsasən 5840 manat+ eyni tarixli bildirişə əsasən 10210 manat olmaqla= cəmi 23240 manat ödəniş edilmişdir), EBBP seriyalı, 542973 saylı xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 43610 manat dəyərində (031950 saylı akta əsasən-xx.xx.2022-ci il tarixli debit haqqında bildirişə əsasən 19720 manat+ eyni tarixli bildirişə əsasən 11100 manat+xx.xx.2022-ci il tarixli debit haqqında bildirişə əsasən 1617 manat olmaqla= cəmi 32437 manat ödəniş edilmişdir),EBCH seriyalı, 100460 saylı xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 50340 manat dəyərində (044452 saylı akta əsasən), EBCİ seriyalı, 916374 saylı, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 7348 manat dəyərində (046352 saylı akta əsasən), EBCİ seriyalı, 916672 saylı, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 22140 manat dəyərində (045831 saylı akta əsasən), EBCK seriyalı, 598176 saylı xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən (047379 saylı akta əsasən) – 5610 manat dəyərində, EBCK seriyalı, 599178 saylı xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 7291 manat dəyərində (047859 saylı akta əsasən) və EBCM seriyalı, 644990 saylı xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 4011 manat dəyərində (048637 saylı akta əsasən) daşıma həyata keçirilmişdir.
26. xx.xx.2022-ci il tarixli debit haqqında bildirişə əsasən EBBP 542973 saylı, EBBR 303061 saylı və EBBR 575654 saylı e-qaimələr üzrə 86000 manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin hesabına köçürülmüşdür.
27. xx.xx.2023-cü il tarixli, HM-31/23 saylı maliyyə arayışına əsasən xx.xx.2029-cu il tarixindən xx.xx.2023-cü il tarixinə kimi 12/19 saylı müqavilə üzrə İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə ******* manat məbləği dəyərində xidmət göstərildiyi, bu müddət ərzində "xxxx" MMC tərəfindən 941523,15 manat məbləğində ödəniş edildiyi, "xxxx" MMC-nin İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixinə əsasən borcu 61152,85 manat, cərimə borcu 54865 manat və gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 3757 manat təşkil etdiyi qeyd olunmuşdur.
28. xx.xx.2019-cü il tarixli 006373 nömrəli göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında akta əsasən xx.xx.2019-cu il tarixli, 12/19 nömrəli müqavilə əsasən İddiaçı MMC tərəfindən "xxxx" MMC-nin sifarişi əsasında ona 310 manat dəyərində (akt hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir), xx.xx.2019-cü il tarixli 007500 nömrəli akta əsasən – 14510 manat dəyərində, xx.xx.2021-ci il tarixli 023890 nömrəli akta əsasən – 5745 manat dəyərində, xx.xx.2021-ci il tarixli 025053 nömrəli akta əsasən – 23240 manat dəyərində, xx.xx.2022-ci il tarixli 031950 nömrəli akta əsasən 43610 manat dəyərində yüklər daşınmışdır. 007500, 023890, 025053, 031950 nömrəli aktlar yalnız İddiaçı MMC dərəfindən təsdiqlənmişdir.
29. X3 Xidmətinin Ekol vəkil bürosuna ünvanladığı xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, X4 xx.xx.2019-cü il tarixindən xx.xx.2022-ci il tarixinə kimi "xxxx" MMC-də logistika üzrə mütəxəsis vəzifəsində işləyib.
30. A.faqi@166.az e-mail ünvanından mailto:fazil.hasanov@kontinent.azElektron ünvan 2 ünvanına xx.xx.2021-ci il tarixində göndərilmiş mail yazışmasından görünür ki, əlavədə olan aktların imzalı və möhürlü geri göndərilməsi xahiş edilmişdir.
31. 2021-ci ilə aid whatsapp-yazışmasından görünür ki, Fazil adlı şəxs tərəfindən İddiaçı MMC-nin əməkdaşına aşağıdakı PO nömrələri göndərilmişdir: 1045, 1046, 1048, 1049, 1050, 1051, 1052, 1053, 1054.
32. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı tərəfindən mübahisələndirilən (cəmi 87415 manat dəyərində) elektron qaimələrin təsdiqi üzrə çıxarışdan görünür ki, EBAZ 434602 nömrəli elektron qaimə sistem tərəfindən, EBBP 542973 nömrəli elektron qaimə - vergi ödəyicisi ("xxxx" MMC) tərəfindən, EBBE 797986 nömrəli elektron qaimə - vergi ödəyicisi ("xxxx" MMC) tərəfindən, EBBC 932583 nömrəli elektron qaimə - sistem tərəfindən, EAAZ 379166 nömrəli elektron qaimə - sistem tərəfindən təsdiqlənmişdir.
33. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.
34. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
35. Məhkəmə ilkin olaraq ilkin iddia tələbinə hüquqi qiymət verilməsini zəruri hesab edir.
36. Belə ki, ilkin iddia üzrə iddiaçı cavabdehlə xx.xx.2019-cu il tarixli “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” 12/19 №li Müqavilə bağlandığını, müqaviləyə əsasən İcraçı İddiaçı MMC Sifarişçi "xxxx" MMC-nin sifarişi əsasında xidmətlər göstərməyi, sifarişçi isə xidmətləri qəbul edib bunun müqabilində İcraçıya bu Müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyə öhdəsinə götürmüş, lakin İddiaçı MMC öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib müvafiq xidmətləri göstərsə də, "xxxx" MMC üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək xidmət müqabilində verilməli olan xidmət haqqını ödəməkdən boyun qaçırmışdır.
37. Məhkəmə araşdırlması zamanı ilkin iddia üzrə cavabdeh tərəfindən ilkin iddia tələbi əsas borc məbləği (61152,85 manat) hissəsində qəbul edilmişdir (xx.xx.2023-cü il tarixli məhkəmə iclasında ilkin iddia üzrə cavabdehin nümayəndəsi iddia tələbinə əsas borc hissəsinə etiraz etmədiyini, iddiaçı tərəfin iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə tələsdiyini, tərəflərindən ödənişlər edilməsinə baxmayaraq iddiaçı tərəfindən dəbbə və cərimə pulunun hesablanmasını əsassız hesab etdiyi bildirdi).
38. Beləliklə, iddiaçı tərəfindən 61152,85 manat dəyərində xidmətlərin göstərilməsi və buna dair borcun yaranması iki tərəfli təsdiq olunmuş təhvil-təslim aktları, elektron qaimələr və əlavə olaraq cavabdehin nümayəndəsinin izahatı ilə də təsdiq olunduğu üçün məhkəmə tərəfindən işin mübahisə edilməyən halı kimi qiymətləndirilir.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir
40. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən ...Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
41. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia üzrə cavabdeh "xxxx" MMC-dən 61152,85 manat tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
42. Bundan əlavə, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” 12/19 №li müqaviləsinin 6.5-cü bəndinə əsasən hesablanmış 54865 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
43. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
44. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
45. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
46. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən müqavilə üzrə tutulacaq dəbbə pulu 3058 manat məbləğində müəyyən edilməlidir.
47. İlkin iddia tələbinin digər hissəsini təşkil edən gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 3757 manat pulun ilkin iddia üzrə cavabdehdən tutulması ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır.
48. Belə ki, ilkin iddia üzrə iddiaçı həmin məbləğ üzrə hesablamanın hansı tarixdən nəzərə alınması, hansı dövrü əhatə etməsinə, borcun mövcüd olduğu hansı elektronqaimələrin ödənilməmiş hansı məbləğinə 5% faiz borcunun hesablanmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmiş və hesalamaya dair aydınladırıcı fikir bildirməmişdir. Əksinə, ümumi olaraq bütün elektron qaimələr üzrə ödənilmiş və ödənilməmiş məbləğə faiz borcunun hesablanması arqumentini isə məhkəmə tamamilə əsassız hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçının tələbi bu hissədə qeyri-müəyyən olduğuna görə təmin edilə bilməz.
49. Qarşılıqlı iddia tələbinə dair hüquqi qiymətləndirmə.
50. Göründüyü kimi qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC iddia ərizəsində xidmətlərin göstərilməsinə dair təhvil verilməsini təsdiq edən aktların mövcüd olmadığına istinad edərək, yalnız elektron qaimələr əsasında ödənilən 87415 manat məbləği artıq ödəmə kimi giymətləndirərək, həmin məbləğin qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş edir.
51. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsi əsassız və qanunsuz olduğu üçün rədd olunmalıdır.
52. Belə ki, iş materiallarından görünür ki, cəmi 87415 manat dəyərində olan beş elektron-qaimələrdən EBAZ434602, EBBC932583 və EAAZ379165 saylı e-qaimələr sitem tərəfindən, EBBP542973 və EBBE797986 saylı e-qaimələr isə cavabdeh tərəfindən təsdiq edilmişdir.
53. Həmçinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.
54. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının":
55. 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir;
56. 3.1-ci bəndinə əsasən vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.
57. 3.2-ci bəndinə əsasən elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.
58. 3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.
59. 3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaiməfaktura proqram təminatı tərəfindən təsdiq edilir.
60. Bununla bağlı məhkəmə qeyd edir ki, xidmətlərin təhvil verilmədiyi halda qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə, əksinə bəzi qaimələr qarşılıqlı iddia üzrə iddiaçının özü tərəfindən, bəziləri isə 5 gün ərzində etirazını bildirmədiyi üçün sistem tərəfindən təsdiqlənmişdir. Bundan əlavə "xxxx" MMC tərəfindən də bunun əksini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır, əksinə, həmin mallar üzrə qismən ödənişlər də edilmişdir.
61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”
62. Həmçinin qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən bütün göndərilmiş qaimələrdə “Əsas və va Əlavə qeydlər” bölməsində həmin qaimənin əsasını təşkil edən Aktların (İddiaçı MMC tərfindən tərtib olunaraq e-mail vasitəsi ilə "xxxx" MMC-yə təsdiq üçün göndərilən) və ya "xxxx" MMC-nin tələbi ilə onların daxili sənədi hesab edilən “PO” (Purchase Order) yəni sifariş orderlərinin nömrəsi və xidmətin tarixi də qeyd edilmişdir. Bununla bərabər iddiaçının EBBC 932583 saylı 5745 manatlıq qaimə üzrə etdiyi ödənişdə şəxsən özü ödənişin təyinatı hissəsində də mübahisə edilən elektron qaimələrdə göstərilən müvafiq “PO” ların nömrələrini qeyd etmiş və birbaşa ödəniş etmişdir.
63. Məhkəmə onu da qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçının müqavilə üzrə iddia etdikləri artıq ödəmələri mövcud olmuşdursa, həmin ödəmə ilə bağlı qarşı tərəfə bu müddət ərzində (2019, 2021, 2022-ci iilər – mübahisə edilən qaimələrin aid olduğu illər) rəsmi qaydada hər hansı fikir, irad, artıq ödəmənin qaytarılması və ya növbəti xidmətlərə görə əvəzləşmə aparılması təklifin verilməməsi qarşılıqlı iddianın əsassız olmasının əlavə təsdiqi kimi qiymətləndirilməlidir.
64. Beləliklə, işdə olan sənədlərlə qarşılıqlı iddia üzrə mübahisə edilən 87415 manat dəyərində xidmətlərin İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə göstərilməsi öz təsdiqini tapdığı üçün, həmin məbləğ artıq ödəmə kimi giymətləndirilə bilməz və məntiqi davam olaraq qarşılıqlı iddia da həmin hissədə təmin edilməməlidir.
65. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçının artıq ödənilmiş pul vəsaitinin geri qaytarılmasına dair tələbi təmin edilmədiyinən, qarşılıqlı iddianın digər hissəsinə də prossesual qənatə baxımından qiymət verilməsini zəruri hesab etmir.
66. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 410 manat məbləğində mediasiya xərci ilkin iddiaçı tərəfindən ödənilmişdir.
67. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
68. Digər tərəfdən MPM-in:
69. 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
70. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
71. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.
72. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir.
73. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
74. Məhkəmə qeyd edir ki, ilkin iddia üzrə iddiaçı 410 manat mediasiya xərcinin əvəzinin ilkin iddia üzrə cavabdehdən tutulmasını xahiş etmiş və iş materiallarına həmin məbləğin ödənilməsini təsdiq edən sübutu əlavə etmişdir.
75. Odur ki, 410 manat məbləğində pul vəsaiti ilkin iddia üzrə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. V. Nəticə:
76. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İlkin iddia ərizəsi qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən xx.xx.2019-cu il tarixli “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” 12/19 №li müqavilə üzrə 61152,85 manat məbləğində əsas borc və 3058 manat məbləğində dəbbə pulu olmaqla cəmi 64210,85 (altmış dörd min iki yüz on manat 85 qəpik) manat və ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 410 (dörd yüz on) manat tutularaq İddiaçı MMC-yə ödənilsin. İlkin iddia ərizəsi qalan hissədə rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “cavabdeh İddiaçı MMC-dən 87415 manat artıq ödənilmiş pul məbləğinin, həmçinin qarşılıqlı iddia tələbinə görə 353 manat və müvəqqəti təminat tədbirinə dair qərardaddan şikayətə görə 51 manat məbləğlərində ödənilmiş dövlət rüsumlarının, toplamda 87819 manat məbləğin "xxxx" MMC-yə ödənilməsi” barədə qarşılıqlı iddia ərizəsi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova