Məhkəmə qərarları › İş №e-2-2(113)-4734/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4734/2023

22.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4734/2023 22.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, mediasiya) Hakimi Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Kərimov İlkin Camal oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi/vəkili Vəkil, Cavabdehin nümayəndəsi/vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC”-yə borca görə 01 fevral 2021-ci il tarixdə verilmiş 41.300 manat pulun əvəzində müqavilə öhdəliyə görə metal boruların verilməməsinə görə, əlavə 20.000 manat verilməsini, bu günə kimi 2 il 6 ay müddətində MM-nin 445.7-ci maddəsinə əsasən illik 5 % dərəcəsi ilə hesablanmış, 6045 manat, hüquqi xidmət müqabilində vəkilə ödənilmiş 320 manat və 200 manat dövlət rüsumunun cavabdehdən tutulması, cəmi 67.865 manat pulun İddiaçı MMC-nin hesabına qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 01 fevral 2021-ci il tarixdə Cavabdeh MMC ”-nin X1 ilə İddiaçı MMC direktoru X7 arasında polimer boya örtüklü metal alqısatqısına dair müqavilə bağlanmışdır. Müqavilənin müddəa və şərtlərinə onun ayrılmaz tərkib hissəsi sayılan əlavədə qeyd olunan qiymət razılaşma protokolunda razılaşdırılmış qiymətə və çeşiddə uyğun olaraq satıcıdan malları almaq barədə razılığa gəlmişlər. Bağlanmış müqaviləyə əsasən, malların alqı-satqısına dair razılaşma protokoluna əsasən 41300 manat məbləğində polimer boya örtüklü metal boru İddiaçı MMC-yə göndərilməli idi. 23 aprel 2021-ci il tarixdə 41300 manat Cavabdeh MMC ”-nin hesabına pul köçürmələri aparılaraq alıcı tərəfindən öhdəlik tam yerinə yetirilmişdir. Razılaşmaya əsasən satıcının məkanında alıcının nəqliyyat vasitəsinə satıcı tərəfindən yüklənməsi, malların alıcı tərəfindən daşınması avtomobil nəqliyyatı ilə alıcının öz hesabına həyata keçirilir və malların hazırkı, müqavilə çərçivəsində ötürülməsi vergi elektron - qaimə və qaimə faktura ilə rəsmiləşdirilmiş sayılır. 01 fevral 2021-ci il tarixdən bu günə kimi dəfələrlə cavabdehə malların verilməsi ilə bağlı öhdəliyini icra etmək təklif olunsa da, tərəf yayınaraq nə malları göndərir, nədəki ödənilmiş 41300 manat pulu geri qaytarır. Müqavilənin 3.2.2. bəndində qeyd edilir ki, müqavilənin 3.3-cü bəndindəki şərtlərə əməl etmədiyi təqdirdə alıcıya 30 gün əvvəlcədən yazılı xəbərdarlıq verməklə müqaviləni birtərəfli poza bilər. Müqavilənin 7.2 qeyd edilir ki, malların ödəniş müddətlərinin pozulmasına görə alıcıdan pul vasəitlərini satıcının hesablaşma hesabına faktiki olaraq köçürüldüyü ana qədər ödənişin gecikdirildiyi hər gün üçün vaxtında köçürülmüş məbləğin 0,5% miqdarında peniya tələb edə bilər. Bəndin 7.3 də göstərilir ki,cərimə sanksiyalarının ödənilməsi günahkar tərəf hazırkı müqavilədəki öhdəliklərini yerinə yetirməkdən azad etmir və 7.4 qeyd edilir ki, təqsirkar tərəf hazırkı, müqavilənin pozulması nəticəsində dəymiş zərərləri tam həcmdə ödəməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3,399.445 və 449-cu maddəsinin bəzi müddəalarının şərh edilməinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Həmçinin Konstitusiya Məhkəməsi həmin qərarda göstərir ki, “icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələrimüəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pulməbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

3. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh MMC-yə borca görə 01 fevral 2021-ci il tarixdə verilmiş 41300 manat pulun əvəzində müqavilə öhdəliyə görə metal boruların verilməməsinə görə, əlavə 20.000 manat verilməsini, bu günə kimi 2 il 6 ay müddətində MM-nin 445.7-ci maddəsinə əsasən illik 5 % dərəcəsi ilə hesablanmış, 6045 manat təşkil etməsi, hüquqi xidmət müqabilində vəkilə ödədiyi 320 manat və 200 manat dövlət rüsumunun cavabdehdən tutulması, cəmi 67.865 manat pulun İddiaçı MMC-nin hesabına qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, 01 fevral 2021-ci il tarixdə Cavabdeh MMC-nin X1 ilə İddiaçı MMC direktoru X7 arasında polimer boya örtüklü metal alqı-satqısını şərtlərlə müqavilə bağlanmışdır. Müqavilənin müdəa və şərtlərinə onun ayrılmaz tərkib hissəsi sayılan əlavədə qeyd olunan qiymət razılaşma protokolunda razılaşdırılmış qiymətə və çeşiddə uyğun olaraq satıcıdan malları almaq barədə razılığa gəlmişlər. Bağlanmış müqaviləyə əsasən, malların alqı-satqısına daiı razılaşma protokoluna əsasən 41.300 manat məbləğində polimer boya örtüklü metal boıu RM Kimya” MMC-yə göndərilməli idi. 23 aprel 2021-ci il tarixdə 41.300 manat Cavabdeh MMC ”-nin hesabına pul körürmələri aparılaraq alıcı tərəfindən öhdəlik tam yerinə yetirilmişdir. Əlavə olaraq bildirirəm ki, Cavabdeh MMC-nin X1na metal borulara görə müqavilə bağlandıqdan sonra 20000 manat nəğd şəkildə pul ödənilmişdir. Razılaşmaya əsasən satıcının məkanında alıcının nəqliyyat vasitəsinə satıcı tərəfindən yüklənməsi, malların alıcı tərəfindən daşınması avtomobil nəqliyyatı ilə alıcının öz hesabına həyata keçirilir və malların hazırkı müqavilə çərçəvəsində ötürülməsi vergi elektron - qaimə və qaimə faktura ilə rəsmiləşdirlmiş sayılır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək bildirdi ki, mallar qarşı tərəfə verilmişdir. Belə ki, Müqavilə bağlanan zaman Zeynalov Rza İddiaçı şirkətinin rəhbəri olmuşdur, həm də şirkətin işçisi olmuşdur. Müqavilənin şərtlərinə əsasən alıcı malları satıcının anbarından gəlib götürməli idi. Müqavilədə və təhvil-təslim aktında olan imzalar eynidir. Bundan başqa elektron qaimə göndərilmişdir, hansı ki, qarşı tərəfdən ləğv edilməmişdir. 2022-ci ildə qarşı tərəf cavabdehə pretenziya göndərdiyi zaman cavabdeh tərəfindən malların verilməsi bildirilmişdir. Bunun cavabında qarşı tərəfin cavabdehə göndərdiyi xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Sizə bildirmək istəyirik ki, təhvil təslim aktına direktor imza atmayıb, sadəcə sizin təsisçinizlə olan münasibətlərə əsaslanaraq qarşılıqlı etibar əsasında şikətimizin anbarında yer olmamağı səbəbindən mallar bizim anbara təhvil verilmədən öncə, sizin telefon vasitəsilə dəfələrlə təkidlə xahişinizdən sonra qol çəkilmişdir.” Bununla da qaşı tərəf təsdiq edib ki, təhvil-təslim aktı şirkət tərəfindən imzalanıb. Qarşı tərəf hazırda müdafiə taktikasını seçərək, təhvil-təslim aktı səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığını qeyd edərək həmin pulu qaytarmaq istəyir. Hazırki iddianı isə 2 il 9 aydan sonra ona görə veriblər ki, digər məhkəmədə olan işi uduzublar. Apelyasiya şikayətini də bu məsələlərin daha aydın olması üçün təqdim etmişik. Beləliklə bir daha bildirir ki, müqavilə bağlanılıb, mal verilib və iddiaçı tərəf malın verilməsini sübut edən təhvil-təslim aktını imzalamışdır. Müqavilənin 6.1-ci maddəsində qeyd olunub ki, bu mallara dair risklər təhvi-təslim aktı imzalandığı andan satıcıdan alıcıya keçmiş hesab edilir. Eyni zamanda çatdırılma prosesi ilə bağlı Müqavilənin 2.2, 2.3 və 2.5-ci maddəsində öz əksini tapmışdır. Belə ki, malların alıcı tərəfindən daşıması avtomobil nəqliyatı ilə alıcının öz hesabına həyata keçirilir. Yəni hazırki halda cavabdeh malın daşınması ilə bağlı məsuliyyət daşımır. Elektron qaimənin tarixi ilə bağlı qeyd edir ki, anbarda mal ayrılmışdır və həmin mal iddiaçının nəqliyyat vasirəsilə götürülməli idi. Onlar isə bildirmişdi ki, təhviltəslim aktına malları götürdükləri zaman imza edəcəklər, cavabdeh də bununla razılaşıb. Sadəcə olaraq mal ayrıldığı üçün və vergi hesabatlarının düzgün olması üçün həmin tarixdə elektron qaimə vurulmuşdur. Müqavilə bağlanılıb, pul köçürülüb və 41300 manat dəyərində mal da iddiaçıya təhvil verilib. 20.000 manat tələbə dair isə heç bir sübut yoxdur. Buna görə də iddianın tam rədd olunmasını xahiş edir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 21/02 saylı alqı-satqı müqaviləsinə əsasən:

9. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı razılaşdırılmış şərtlərlə uyğun polimer boya örtüklü metal tədarük etmək, alıcı isə müqavilənin icra müddətində, müqavilənin müddəa və şərtərinə vəonun ayrılmaz tərkib hissəsi sayılan əlavədə qeyd olunan qiymət razılaşma protokolunda razılaşdırılmış qiymətə və çeşiddə uyğun olaraq satıcıdan malları almaq barədə razılığıa gəlirlər. Malların miqdarı tərəflər arasında razılaşdırılmış qiymətə və çeşiddə uyğun olaraq satıcıdan malları almaq barədə razılığa gəlirlər. Malların miqdarı tərəflər arasında razılaşdırılaraq əlavə şəklində bu müqaviləyə əlavə edilir. Hər hansı bir tərəfin təşəbbüsü ilə qiymət dəyişikliyi zərurəti yaranarsa qiymət protokolu yenilənir və müqaviləyə əlavə edilə bilər.

10. Müqavilənin 2.1-ci bəndinə əsasən alıcı malların miqdarını və digər məlumatları göstərməklə tərəflərin razılaşdırılmış olduğu protokola uyğun olaraq, mallar üçün alış sifarişini satıcıya göndərir.

11. Müqavilənin 2.2-ci bəndinə əsasən satıcı sifariş aldığı tarixdən beş iş günü ərzində həmin sifarişin icrasının hazırkı vəziyyəti və malların göndərilməyə hazırlığı barədə alıcıya məlumat verir.

12. Müqavilənin 2.3-cü bəndinə əsasən malların təhvil verilməsi, razılaşdırılmış miqdarda və çeşiddə hissələrlə satıcının məkanında alıcının nəqliyyat vasitəsinə yüklənlməsi ilə həyata keçirilir.

13. Müqavilənin 2.6-cı bəndinə əsasən malların hazırkı müqavilə çərçivəsində ötürülməsi vergi elektron-qaimə və qaimə-faktura ilə rəsmiləşdirilmiş sayılır.

14. Müqavilənin 3.1-ci bəndinə əsasən satıcının öhdəlikləri:

15. Müqavilənin 3.1.2-ci bəndinə əsasən malları bu müqavilənin şərtlərinə uyğun olaraq qaimə-faktura əsasında alıcıya təhvil vermək;

16. Müqavilənin 3.1.3-cü bəndinə əsasən müqavilə üzrə təhvil verilmiş malları və onlara uyğun veirlmiş sənədi (hesab-faktura, qaimə faktura, vergi hesab fakturası, uyğunluq sertifikatı) alıcıya təqdim etmək;

17. Müqavilənin 3.1.4-cü bəndinə əsasən bu müqavilə üzrə tərəflər arasında razılaşdırılmış şərtlərə uyğun malları hissə-hissə alıcıya təhvil vermək.

18. Müqavilənin 3.3-cü bəndinə əsasən alıcının öhdəlikləri:

19. Müqavilənin 3.3.1-ci bəndinə əsasən müvafiq olaraq malları satıcıdan qəbul etməyə, eləcə də malların alınmasını təsdiq edən qaimə-fakturanın səalhiyyətli nümayəndəsi (vəkalətnamə əsasında fəaliyyət göstərən) tərəfindən imzalanmasını və möhürlənməsini təmin etmək;

20. Müqavilənin 3.3.3-cü bəndinə əsasən alıcıdan müvafiq miqdarda malın alışını həyata keçirmək.

21. Müqavilənin 3.4-cü bəndinə əsasən alıcının hüquqları:

22. Müqavilənin 3.4.1-ci bəndinə əsasən satıcının hazırkı müqavilənin 3.1-ci bəndindəki şərtlərə əmək etmədiyi təqdirdə satıcıya 30 gün əvvəlcədən yazılı xəbərdarlıq verməklə müqaviləni birtərəfli qaydada pozmaq.

23. Müqavilənin 4.2-ci bəndinə əsasən hər ir ödənişin məbləği alıcıya satılmış və təhvil verilmiş malların hər partiyası üçün ayrılıqda verilən qaimə-faktura və ya hesabfakturada göstərilir.

24. Müqavilənin 6.1-ci bəndinə əsasən bu müqavilədə nəzərdə tutulan mallara dair mülkiyyət hüququ malların satıcının məkanında alıcının nəqliyyat vasitəsinə yüklənildiyi andan və ya təhvil-təslim aktının imzalandığı andan alıcıya keçmiş sayılır.

25. Müqavilənin 13.4-cü bəndinə əsasən tərəflər müqaviləni imzlayan nümayəndələrinin müqavilə bağlamaq və imzalamaq üçün zəruri olan bütün səlahiyyətlərinin olduğuna zəmanət verirlər.

26. 01 fevral 2021-ci il tarixli, 21/02 saylı alqı-satqı müqaviləsinə 2 saylı əlavə olan malların alqı-satqısına dair 1 saylı razılaşma protokoluna əsasən "xxxx" MMC-yə satılacaq malların miqdarı və cəmi 41300 manat dəyəri müəyyən edilmişdir.

27. xx.xx.2023-cü il tarixli, 290133 saylı ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin hesabına metal alışı üçün 35000 manat məbləğində avans ödənilmişdir.

28. "xxxx" Kimya MMC-nin xx.xx.2023-cü il tarixli hesabdan çıxarışından göründüyü kimi metal alışı üçün 35000 manat məbləğində avans ödənişi və həmin ödəniş üzrə 6300 manat məbləğində ƏDV məbləğinin ödənişi yerinə yetirilmişdir.

29. 26.04.2021-ci il tarixli, EBBA seriyalı, 785011 saylı elektron qaiməyə əsasən Cavabdeh MMC tərəfindən "xxxx" Kimya MMC-yə 41300,62 (6300 manat ƏDV) manat dəyərində məhsul satışı həyata keçirildiyi qeyd olunmuşdur.

30. 26.06.2021-ci il tarixli təhvil-təslim aktından əsasən satıcı Cavabdeh MMC tərəfindən alıcı İddiaçı MMC-yə 41300 manat dəyərində mallar təhvil verilmişdir. Təhviltəslim aktı hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.

31. X2 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, müqavilə bağlanan zaman İddiaçı şirkətinin təsisçisi olub. Tərəflər arasında uzunmüddətli işgüzar, həmçinin Cavabdeh şirkətinin təsisçisi ilə dostluq münasibətləri var idi. Həmin dövrdə onun qarşı tərəfə borcu var idi, onun pulu yox idi, lakin ona mal lazım idi. Müqavilə bağlandı, pul köçürüldü. Lakin o, şəxsi borcunu verə bilmədiyi üçün belə razılaşdılar ki, bu pul onların istifadəsində qalsın, borcunu qaytardıqda isə onlar köçürülmüş 41300 manat pulu qeri qaytarmalı, ya da malı verməli idilər. Lakin sonradan bu məsələ uzandı, ona qarşı iddia qaldırıldı. Məhkəmənin qərarı ilə borcun qaytarılması barədə qətnamə çıxarıldı, lakin 41300 manat pulun qaytarılması məsələsi açıq qaldı. Təhvil-təslim aktına imza etməsinin səbəbi o olmuşdur ki, vergi yoxlaması zamanı şirkətlər hər hansı bir problemlə üzləşməsinlər. Mal iddiaçıya verilməyib. Verilibsə əgər, buna dair yol qaimələri təqdim edilsin. Yəni, bu mal verilibsə mütləq malın çıxış sənədləri olmalıdır.

32. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır.

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

34. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

35. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

36. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

37. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

38. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlə aralarında alqı-satqı müqaviləsinin bağlandığını, lakin həmin müqavilə üzrə ödəniş edilməsinə baxmayaraq malların bugünki günə kimi onlara təhvil-verilmədiyini, bununla bağlı dəfələrlə xəbərdarlıq etdiklərini və ödənişin həyata keçirilməsinə sübut kimi hesabdan çıxarış sənədəri təqdim edilmişdir.

39. Cavabdeh tərəf iddiaçının dəlillərini təkzib edərək, malın iddiaçıya təhvil verildiyini, həmçinin buna dair elektron qaimənin, iddiaçının imza və möhürü ilə təsdiq olunmuş təhvil-təslim aktının olduğunu bildirdi və sübut qismində həmin aktları məhkəməyə təqdim etmişlər.

40. Məhkəmə ilkin olaraq iddiaçının 41300 manat məbləğində metal borular üzrə ödənilmiş məbləğin geri qaytarılmasına dair aşağıdakı hüquqi qiymətəndirilmənin aparılmasını zəruri hesab edir.

41. İşdən göründüyü kimi tərəflər arasında alqı-saqtı müqaviləsi bağlanmış və hər iki hüquqi şəxsin imza və möhürü ilə həmin müqavilələr təsdiq edilməklə rəsmiləşdirilmişdir.

42. Bundan əlavə iddiaçının qanuni təmsilçisi həmin müqavilədəki imzaların onlara aid olmadığını bildirsə də sonrakı izahlarında müqavilənin və razılaşma protokolunu onun tərəfindən imzalandığını, lakin təhvil-təslim aktının onun tərəfindən imzalanmadığını bildirmiş, o cümlədən də möhürün şirkətə aid olduğunu təsdiqləmişdir. Göründüyü kimi iddiaçı tərəf ilkin olaraq imzaların mövcudluğunu qəbul etməmiş, sonradan imzanın iddiaçı şirkətin direktorunun atasına (eyni zamanda şirkətin təsisçisinə) aid olmasını xx.xx.2023cü il tarixli keçirilən məhkəmə iclası zamanı təsdiqləmişlər.

43. Digər bir ziddiyətli məqam ondan ibarət olmuşdur ki, iddiaçı tərəf ilkin olaraq ödənilmiş 41300 manat məbləğin şirkətin təsisçisinin borcu olduğunu və həmin borcdan silinməsi məqsdilə ödənişin həyata keçirildiyini, sənədlərin formal sənədlər olduğunu və hər-hansı borular şirkətə təhvil verilmədiyini bildirmiş, daha sonra həmin iclas zamanı (xx.xx.2023) iddiaçının vəkili 41300 manatı müqavilə üzrə yaranmış borc kimi istədiklərini, o cümlədən də müqaviləni qəbul etdiklərini bildirdilər.

44. Eyni zamanda xx.xx.2023-cü il tarixli iclasda iddiaçının vəkili müqavilənin formal bağlandığını bildirmiş, halbuki hazırkı məhkəmə çəkişməsi zamanı müqavilə üzrə ödənilmiş pul məblğinin cavabdehdən tutulmasını xahiş etmişdir.

45. Qeyd olunanlardan göründüyü kimi iddiaçı tərəfin bir-birindən ziddiyətli izahatları və formal müqavilə hesab etdikləri müqavilə üzrə yarandığını iddia etdikləri 41300 manat məbləğin cavabdehdən tələb edilməsi hissəsində məhkəmə hesab edir ki, tələb əsassızdır, iddiaçı tərəfin formal mülahizələrinə əsaslanmış və buna dair sübutlar məhkəməyə təqdim edilməmişdir.

46. Həmçinin məhkəmə qeyd edir ki, müqavilə üzrə iddiaçıya hər hansı metal boru verilmədiyi halda, müqavilənin 3.4.1-ci bəndinə əsasən cavabdeh hüquqi şəxsə 30 gün ərzində yazılı xəbərdarıq etmək hüququ olmuşdur. Lakin müqavilə bağlandığı iki ildən çox müddət keçməsinə baxmayaraq iddiaçı belə bir yazılı müraciət etməmiş, edilməsinə dair hər hansı sübut təqdim etməmişdir.

47. Beləliklə, tərəflər arasında müqavilə bağlanmış, pul köçürülmüş və təhvil-təslim aktına əsasən mallar iddiaçıya təhvil verilmişdir, buna görə də iddia tələbi 41300 manat hissədə təmin edilməməlidir.

48. Məhkəmə iddianın digər hissəsini təşkil edən 20.000 manat pul məbləğinə dair qeyd edir ki, iddiaçı tərəf həmin məbləği nağd ödədiyini, ödənilmiş məbləğin hazırkı müqavilə münasibətərinə nə kimi aidiyyəti olmasını, o cümlədən bu ödənişin həyata keçirilməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

49. Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (76.2-ci maddə).

50. Məhkəmə qeyd edir ki, MPM-də çəkişmə prinsipi və bir başa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipi xüsusi yer tutur və həmin prinsiplərə əsasən, məhkəmə icraatı zamanı işin halları yalnız tərəflərin bildirdikləri faktlar və təqdim etdikləri sübutlar əsasında müəyyən edilir.

51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

53. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Van de Huk Niderlanda qarşı” iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

54. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kraska İsveçrəyə qarşı iş” üzrə 1993-cü il 19 aprel tarixli qərarında məhkəmə araşdırmasının ədalətli aparılıbaparılmamasının müəyyənləşdirilməsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı “məhkəmə” üçün öhdəlik yaradır ki, o, öz qərarına aid olub-olmamasına dair qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırsın.

55. Göründüyü kimi iddiaçı hüquqi şəxsin bir sıra dəlillər irəli sürməsi, həmin faktlarını məhkəmədə sadəcə şifahi (heç bir sübut təqdim edilmədən) müdafiə etməsi, onun hazırkı mübahisə predmeti üzrə haqlı olması anlamına gəlməməlidir.

56. Buna görə də məhkəmə hesab edir ki, iddia 41.300 manat və 20.000 manat hissələrdə təmin edilmədiyindən, həmin məbləğlərə hesablanmış gecikdirmə faizi məbləğinə və iddianın digər hissələrinə də qiymət verilməsi zərurəti aradan qalxır.

V. Nəticə:

57. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “Cavabdeh MMC” borca görə 01 fevral 2021-ci il tarixdə verilmiş 41300 manat pulun əvəzində müqavilə öhdəliyə görə metal boruların verilməməsinə görə, əlavə 20000 manat verilməsini, bu günə kimi 2 il 6 ay müddətində MM-nin 445.7-ci maddəsinə əsasən illik 5 % dərəcəsi ilə hesablanmış 6045 manat, hüquqi xidmət müqabilində vəkilə ödədiyi 320 manat və 200 manat dövlət rüsumunun, cəmi 67865 manat pulun İddiaçı MMC-nin hesabına qaytarılması” tələbi barədə iddia ərizəsi rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar