Məhkəmə qərarları › İş №e-2-2(113)-4736/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4736/2024

01.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4736/2024 01.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Hüseyn oğlu, İddiaçı Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 1,734.29 manat borcunun, 37,34 manat dövlət rüsumunun, cəmi 1.771,63 manat məbləğin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında məhsulların alqı-satqı müqaviləsi imzalnmışdır. Qeyd olunan alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 tərəfindən İddiaçı MMC-dən müxtəlif “Mallar” alınsa da, həmin “Mallar”ın cəmi 1.734,29 manat dəyərində olan hissəsi hazırkı vaxtadək cavabdeh tərəfindən İddiaçı MMCyə ödənilməmişdir. Ödənişin həyata keçirilməsi üçün cavabdehə: 1) 054680 saylı, xx.xx.2023-cü il tarixli; 2) 895305 saylı, xx.xx.2023-cü il tarixli “Elektron qaimə”lər də göndərilmişdir. “Mallar” cavabdehə təhvil verilməsini 03 iyul 2023-cü il tarixli və 15 iyul 2023cü il tarixli malların təhvil-qəbul aktları da sübut edir.

II. Tərəflərin mövqeləri:

3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

III. Məhkəmə baxışının hədləri:

4. Mülki Prosessual Məcəllənin: - 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.1-ci maddəsinə əsasən Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. - 284-5.2-ci maddəsinə əsasən Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. - 284-5.3-cü maddəsinə əsasən rizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. - 284-6.1-ci maddəsinə əsasən İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. - 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər.

IV. Tətbiq edilən hüquq:

5. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

6. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

7. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh2 (alıcı) arasında alqı-satqı münasibətləri mövcud olmuşdur.

8. Məhkəmə qeyd edir ki, ilk növbədə alqı-satqı münasibətləri üzrə malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı MMC-nin üzərinə düşür.

9. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBDJ seriyalı, 054680 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 1.594,15 manat və EBDK seriyalı, 016968 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 734,10 manat olan elektron qaimə göndərilmişdir.

10. Sadə riyazi hesablama ilə hesabladıqda elektron qaimədəki məbləğlərin cəmi 2.328,25 manat edir.

11. İşə əlavə olunmuş xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən cavabdehə 1.594,15 manat, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən 734,10 manat məbləğində mal təhvil verilmişdir.

12. Hazırda iddiaçı tərəf 1.734,29 manat məbləğində pulun tutulmasını xahiş edir.

13. Məhkəmə hesab edir ki, elektron qaimələrdə əks olunmuş sayda mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.

14. Cavabdeh tərəf də, iddiaya münasibət (etiraz) bildirməmiş, malların dəyərinin ödənildiyini təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir.

15. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia 1.734,29 manat borcun tələb edilməsi hissəsində əsaslıdır.

16. Bundan başqa, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 37,34 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir.

17. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 37,60 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.

VI. Nəticə:

18. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. 1.734 (bir min yeddi yüz otuz dörd) manat, 29 (iyirmi doqquz) qəpik məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı MMC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 37 (otuz yeddi) manat, 34 (otuz dörd) qəpik məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar