Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4737/2023 13.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 oglunun katibliyi ilə, İddiaçı X4 oglunun iştirakı ilə İddiaçı X1 Cavabdehnə qarşı xx.xx.2021-ci il tarixli EZ1005/22 nömrəli alqı-satqı müqaviləsinə əsasən satılmış malların qalıq dəyəri olan və cavabdehin mühasibi tərəfindən təsdiq edilmiş 6894,60 manat məbləğində pul vəsaitinin, ilkin mediasiya sesiyasında iştirak üçün ödənilmiş 100 manat mediasiya xərcinin və 6894,60 manat məbləğində pul vəsaitinin qanunsuz saxlamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən məhkəmə qətnaməsi qəbul olunan tarixədək faizlərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdehə qarşı xx.xx.2021-ci il tarixli EZ1005/22 nömrəli alqı-satqı müqaviləsinə əsasən satılmış malların qalıq dəyəri olan və cavabdehin mühasibi tərəfindən təsdiq edilmiş 6894,60 manat məbləğində pul vəsaitinin, ilkin mediasiya sesiyasında iştirak üçün ödənilmiş 100 manat mediasiya xərcinin və 6894,60 manat məbləğində pul vəsaitinin qanunsuz saxlamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən məhkəmə qətnaməsi qəbul olunan tarixədək faizlərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh MMC (əvvəlki adı "xxxx" MMC) arasında xx.xx.2021-ci il tarixli EZ1005/22 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən təçhizatçı alıcı tərəfindən sifariş əsasında sifariş edilən malları alıcının mülkiyyətinə verməyi, alıcı isə malı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləği ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndində qeyd edilmişdir ki, müqavilə imzalandığı andan qüvvəyə minir və 31 dekabr 2022-ci il tarixinədək qüvvədə qalacaqdır. Müqavilə qüvvədə olduğu müddətdə iddiaçı tərəfindən mütəmadi olaraq ümumilikdə 37031,64 manat dəyərində müxtəlif adda un məmulatları (çörək, bulka, pizza, tortlar və sair) təqdim edilmişdir. Təqdim edilmiş 37031,64 manat dəyərində mallardan 35063,23 manat dəyərində mallar ƏDV-yə cəlb edilən, 1968,41 manat dəyərində mallar isə ƏDV-yə cəlb edilməyən mallar olmuşdur. ƏDV-yə cəlb edilən malların yəni 35063,23 manat dəyərində malların ƏDV-si 6311,38 manat olmuşdur. Beləliklə ümumilikdə ƏDV ilə birlikdə 43343,02 manat (35063,23 manat ƏDV cəlb edilən+1968,41 manat ƏDV cəlb edilməyən +6311,38 manat ƏDV) dəyərində mallar cavabdehə satış qaiməsinə əsasən təhvil verilmişdir. Mallar təhvil verilərkən satış qaimələrinə cavabdehin nümayəndəsi imza edərək təhvil almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş Elektron qaimə fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydalarının 3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. Satılmış mallara görə xx.xx.2021-ci il tarixdən xx.xx.2022ci il tarixə qədər iddiaçı tərəfindən 41 ədəd e-qaimə faktura cavabdehə göndərilmişdir. Həmin 41 ədəd e-qaimə faktura cavabdeh tərəfindən təsdiq edilmişdir. Cavabdehə satılmış ƏDV ilə birlikdə 43343,02 manat malların 31210,57 manat dəyəri bank hesabına, 5171,76 manat ƏDV isə ƏDV depozit hesabına köçürülməklə ümumilikdə ƏDV ilə birlikdə 36382,33 manat məbləğində cavabdeh tərəfindən ödəniş edilmişdir. Beləliklə ƏDV ilə birlikdə satılmış 43343,02 manat dəyərində mallara görə ödənilmiş 36382,33 manat (ƏDV ilə birlikdə) çıxıldıqdan sonra cavabdeh tərəfindən 6960,69 manat məbləğində ödənilməmiş borc var. xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi Güllü Əzimova və Cavabdeh MMC-nin mühasibi Ənvər Sadıqzadə arasında qarşılıqlı üzləşmə aktı tərtib edilmişdir. Həmin qarşılıqlı üzləmə aktında Cavabdeh MMC-nin 6894,90 manat məbləğində borcu olduğu Cavabdeh MMC-nin mühasibi Ənvər Sadıqzadə tərəfindən təsdiq edilmişdir. Müqavilənin 10.3-cü maddəsinə əsasən pretenziya vermiş Tərəf pretenziyada göstərilən müddətdə digər tərəfin cavabını almadıqda və ya aldığı cavabla razılaşmadıqda məhkəməyə müraciət edə bilər. Borcun ödənilməsi üçün şifahi qaydada dəfələrlə müraciət edilməsinə baxmayaraq bir nəticəsi olmamışdır. 6894,90 manat məbləğində borcun 5 iş günü müddətində ödənilməsi üçün xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-yə xəbərdarlıq məktubu (pritenziya) göndərilmişdir. Həmin xəbərdalıq məktubunu Cavabdeh MMC-nin nümayəndəsi xx.xx.2023-cü il tarixdə imzalayaraq əlbəəl almışdır. Lakin həmin məktuba heç bir cavab verilməmiş və borc məbləği Cavabdeh MMC tərəfindən ödənilməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı X4 oglu iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclasında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
9. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
10. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
11. İşin müəyyən və mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli EZ1005/22 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı cavabdehə mal satışı həyata keçirmiş, lakin cavabdeh tərəfindən malların dəyərinin tam ödənilməsi təmin edilməmiş və nəticə etibarı ilə cavabdehin iddiaçı qarşısında cəmi 6894,60 manat məbləğində borcu yaranmışdır.
12. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır.
13. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə olunmuş müqavilənin, elektron qaimələrin, təhvil təslim sənədlərinin və xx.xx.2023-cü il tarixli Qarşılıqlı üzləşmə aktının müqayisəli təhlilindən görünür ki, iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir. Belə olan halda isə bu, iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
14. Yuxarıda qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia ödənilməmiş borcun tələb edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir.
15. Məhkəmə həmçinin hesab edir ki, 6894,60 manat məbləğində pul vəsaitinin qanunsuz saxlamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən məhkəmə qətnaməsi qəbul olunan tarixədək faizlərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində iddia tələbi qeyri müəyyən oldugundan iddia həmin hissədə təmin oluna bilməz.
16. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı Bakı 10 saylı Mediasiya təşkilatına 100 manat ödəmişdir.
17. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 6894,60 manat məbləğində pul vəsaiti, ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 100 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.
VI. Nəticə:
18. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli EZ1005/22 nömrəli alqı-satqı müqaviləsinə əsasən 6894,60 manat məbləğində pul vəsaiti, ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 100 manat mediasiya xərci Cavabdehndən tutularaq X2 ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev