Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4738/2023 19.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, icranın gecikdirilməsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı (İddiaçı MMC) cavabdeh "xxxx" Məhdud Məhdud Cəmiyyətinə (bundan sonra "xxxx" MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 157350 manat əsas borc (ƏDV-siz), 39337 manat bank uçot dərəcəsi faizi, 497 manat dövlət rüsumu olmaqla, cəmi 197184 manat məbləğində pulun cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı MMC-nin "xxxx" ASC-də olan AZ52PAHA40040AZNHC********** nömrəli h\h-na ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə iddiaçı arasında xx.xx.2020-ci il tarixli, 06\10 saylı malın alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə əsasən iddiaçı cavabdehə sement verməyi, cavabdeh isə aldığı malın dəyərini mal onlara çatdırıldıqda iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən iddiaçı tərəfindən cavabdehə 157350,02 manat dəyərində sement satılmışdır. Ancaq hazırkı vaxta kimi alınmış malın dəyəri cavabdeh tərəfindən iddiaçının hesabına ödənilməmişdir. Borcun ödənilməsi ilə bağlı dəfələrlə şifahi və rəsmi qaydada cavabdehə müraciət olunmasına baxmayaraq, cavabdeh tərəfindən hazırkı vaxta kimi heç bir ödəniş edilməmişdir, baxmayaraq ki, müqavilənin 2.1-ci bəndinə əsasən cavabdeh malı təhvil aldıqdan 15 gün ərzində malın dəyərini iddiaçının hesabına keçirməli idi. Əsas borcun ödənilməsi məqsədi ilə cavabdehə iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə pretenziya məktubu təqdim edilmiş və əsas borc ödənilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulan cərimələrin tətbiq olunaraq borcla birlikdə ödəniılməsinin tələb olunacağı barədə xəbərdarlıq edilmişdir. Lakin hazırkı vaxta kimi cavabdeh pretenziya məktubuna heç bir cavab verməmişdir. Mərkəzi Bank tərəfindən bank uçot dərəsəsi 2021-ci il üçün 7,5%, 2022-ci və 2023-cü illər üçün isə 8,75% müəyyən edilmişdir. Belə olan halda yaranmış əsas borca görə 2021-ci il üçün bank uçot dərəcəsi ilə hesablanan məbləğ 11801 manat (157350 x 7,5%=11801), 2022-ci və 2023-cü illər üçün isə 27318 manat (157350 x 8,75% = 13768 x 2 = 27536 manat) olmaqla, cəmi 39337 manat (27562+11775=39337) təşkil edir.
3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, 115150 manat əsas borc, 20727 manat ƏDV məbləği, 31287 manat bank uçot dərəcəsi olmaqla, cəmi 167164 manat pulun cavabdeh "xxxx" MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən iddiaçının hesablaşma hesabına 15000 manat vəsaitin daxil olması nəzərə alınaraq, iddiaçı tərəfindən iddia tələbinin həcmi həmin məbləğdə azaldılmış və 142350 manat əsas borc (ƏDV-siz), 39337 manat bank uçot dərəcəsi faizi, 497 manat dövlət rüsumu olmaqla, cəmi 182184 manat pulun cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi barədə xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmə hazırlıq iclasında cavabdeh tərəfindən bir neçə ödəniş tapşırıqlarının məhkəməyə təqdim etməsi ilə əlaqədar iddiaçı tərəfindən iddia tələbinin tam dəqiqləşdirilməsi və iddia tələbinə dəyişikliyin edilməsinin vacibliyi müəyyən edilmişdir. Bildirilir ki, iddiaçının əsas fəaliyyətini sement, beton və beton qatqısının istehsalı təşkil edir. İddiaçı ilə cavabdeh arasında uzun illərdir ki, işgüzar münasibətlər mövcuddur və onlar arasında beton qatqısının və sementin alqı-satqısı ilə bağlı müxtəlif dövrlərdə müqavilələr bağlanmış və müvafiq ödənişlər edilmişdir. Ödənişlə bağlı yaranmış borc üzrə tərəfimizdən məhkəməyə xx.xx.2020-ci il tarixli, 145327 nömrəli; xx.xx.2020-ci il tarixli, nömrəli, xx.xx.2020-ci il tarixli, 052938 nömrəli və xx.xx.2020-ci il tarixli, 555707 nömrəli elektron qaimələr təqdim edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə 2400 manatın ödənilməsi barədə xx.xx.2020-ci il tarixli, 10000 manatın ödənilməsi barədə xx.xx.2020-ci il tarixli, 253137 nömrəli, 3600 manatın ödənilməsi barədə xx.xx.2020-ci il tarixli, 253146 nömrəli, 3600 manatın ödənilməsi barədə xx.xx.2020-ci il tarixli, 257936 nömrəli, 10000 manatın ödənilməsi barədə xx.xx.2020-ci il tarixli, 257917 nömrəli, 2400 manatın ödənilməsi barədə xx.xx.2021-ci il tarixli, 323734 nömrəli və 15000 manatın ödənilməsi barədə xx.xx.2023-cü il tarixli, 632257 nömrəli ödəniş tapşırıqları təqdim edilmişdir. Bununla bağlı iddiaçı tərəfindən aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli ödəniş tapşırığı ilə aparılmış ödənişin təyinatı göstərilməmiş, həmçinin həmin ödəniş tapşırığında ödənişin təyinatı kimi xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən ödənildiyi göstərilmişdir. İddiaçı tərəfindən müəyyən edilmişdir ki, həmin ödəniş beton qatqısına görə bağlanmış müqavilə üzrə ödənilmişdir ki, bu ödənişin xx.xx.2020-ci il tarixli müqaviləyə və iddiaçının iddia tələbinə heç bir aidiyyəti yoxdur. 3600 manatın ödənilməsi barədə xx.xx.2020-ci il tarixli, 253146 nömrəli ödəniş tapşırığına gəldikdə isə həmin məbləğin dərmana (beton qatqısına) görə ödənildiyi ödəniş tapşırığının özündə də göstərilmişdir. Həmin məbləğ iddiaçı tərəfindən ödənişin təyinatına uyğun beton qatqısına görə olan borcun hesabından silinmişdir. Bu ödənişin də iddianın predmetinə heç bir aidiyyəti yoxdur. 3600 manatın ödənilməsi baədə xx.xx.2020-ci il tarixli, 257936 nömrəli ödəniş tapşırığı ilə əlaqədar bildirilir ki, bu ödənişin də eyni ilə alınmış beton qatqısına görə ödənildiyi ödəniş tapşırığının özündə də göstrəilmişdir. Həmin məbləğ iddiaçı tərəfindən təyinatı üzrə beton qatqısına görə olan borcun hesabından silinmişdir. Bu ödənişin də iddianın predmetinə heç bir aidiyyəti yoxdur. 2400 manatın ödənilməsi barədə xx.xx.2021ci il tarixli, 323734 nömrəli ödəniş tapşırığı ilə əlaqədar isə bildirilir ki, bu ödəniş də alınmış beton qatqısına görə ödənilmişdir. Ödəniş tapşırığının özündə də təyinatı göstərilmişdir. Eyni zamanda ödəniş tapşırığında ödənişin 505740 nömrəli elektron qaiməyə əsasən ödənildiyi vurğulanmışdır ki, həqiqətən də bu ödəniş vaxtilə iddiaçının cavabdehə təqdim etdiyi beton qatqısına görə olan elektron qaimədir və həmin təyinata uyğun iddiaçı tərəfindən silinmişdir. 505740 nömrəli elektron qaimə ilə bağlı iddiaçının iddia tələbi yoxdur. Beləliklə, cavabdeh tərəfindən bu qaimənin sübut növü kimi göstərilməsinin heç bir əsası yoxdur. 10000 manatın ödənilməsi barədə xx.xx.2020-ci il tarixli, 253137 nömrəli və ikinci 10000 manatın ödənilməsi barədə xx.xx.2020-ci il tarixli, 257917 nömrəli ödəniş tapşırıqları ilə əlaqədar olaraq bildirilir ki, həmin ödənişlər iddiaçı tərəfindən qəbul edilmiş və təyinatı üzrə silinmə həyata keçirilmişdir. Eyni zamanda 555707 nömrəli elektron qaimə əsasında cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə 632257 nömrəli ödəniş tapşırığı ilə alınmış sementə görə 15000 manat vəsait ödəmişdir ki, bu da öz təyinatına uyğun iddiaçı tərəfindən silinmişdir. Bununla bağlı iddiaçı tərəfindən iddia tələbi və bank uçot dərəcəsinin faizi azaldılmış formada təqdim edilir. Hazırkı vaxta kimi xx.xx.2020-ci il tarixli, 145327 nömrəli elektron qaimə üzrə 10000 manat, xx.xx.2020-ci il tarixli, nömrəli elektron qaimə üzrə 15000 manat, xx.xx.2020-ci il tarixli, 052938 nömrəli elektron qaimə üzrə 60000 manat və xx.xx.2020-ci il tarixli 555707 nömrəli elektron qaimə üzrə 30150 manat borc hələ də cavabdeh tərəfindən ödənilməmiş qalmışdır. Beləliklə, göstərilən elektron qaimələr üzrə cəmisi 115150 manat əsas borc və 20727 manat həmin məbləğin 18% ƏDV-si, cəmi 135877 manat borc ödənilməmiş qalmışdır. Əsas borcun ödənilməsi məqsədi ilə cavabdehə iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə pretenziya məktubu təqdim edilmiş və əsas borcun ödənilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulan cərimələrin tətbiq olunaraq borcla birlikdə ödənilməsinin tələb olunacağı barədə xəbərdarlıq edilmişdir. Lakin hazırkı vaxta kimi cavabdeh pretenziya məktubuna heç bir cavab verməmişdir. Beləliklə, cavabdehin iddiaçı tərəfindən satılmış sement məhsulu ilə bağlı 2023-cü ilin avqust ayının 11-nə kimi əsas borcu 125150 manat təşkil etmişdir. Mərkəzi Bank tərəfindən bank uçot dərəsəsi 2021-ci il üçün 7,5%, 2022-ci və 2023-cü illər üçün isə 8,75% müəyyən edilmişdir. Belə olan halda yaranmış əsas borca görə 2021-ci il üçün bank uçot dərəcəsi ilə hesablanan məbləğ 9386 manat (125150 x 7,5%=9 386), 2022-ci və 2023-cü illər üçün isə 21901 manat (125150 x 8,75% =10950 x 2=21901 manat), cəmi 31287 manat (9386+21901=31287 manat) təşkil edir. Əsas borc və bank uçot dərəcəsi ilə hesablanmış məbləğin ümumilikdə cəmi 146437 manat (115150+31287=146437) təşkil edir. Eyni zamanda 115150 manat əsas borcun ƏDV-si 20727 manat təşkil edir ki, həmin məbləğ də cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməlidir. Beləliklə, cavabdehdən ümumilikdə 167164 manat vəsait tutularaq iddiaçıya ödənilməlidir.
5. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 448, 449.1-ci maddələrinə istinad olunmuşdur.
6. Cavabdeh tərəfindən iddiaya etiraz ərizəsi daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC tərəfindən təqdim olunmuş iddia ərizəsi əsasında cavabdehdən ƏDV-siz 157350 manat, 39337 manat faiz borcu və 497 manat dövlət rüsumu olmaqla, cəmi 197784 manat borc tələb olunmuşdur. "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə ******* nömrəsi ilə X1 Sistemi (AVİS) vasitəsilə aşağıdakı məzmunda: "xxxx" MMC-nin (VÖEN: **********) rəhbərliyi yazaraq bildirir ki, "xxxx" MMC İddiaçı MMC ilə 06/10 saylı, 01 oktyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlamışdır. Bu müqaviləyə əsasən "xxxx" MMC tərəfindən alınmış beton məhlulu üçün dərman və sement materialının dəyəri tam ödənilmiş və İddiaçı MMC-yə heç bir borc qalmamışdır. İddiaçı tərəfindən "xxxx" MMC-yə yanlış elektron qaimələr təqdim edilmişdir. Lakin "xxxx" MMC-nin mühasibatlığının diqqətsizliyi səbəbindən gələn elektron qaimələrə baxılmamış və nəticədə həmin elektron qaimələr sistem tərəfindən avtomatik olaraq təsdiq edilmişdir. Bütun qeyd edilənləri nəzərə alıb, hansı mal-materiallara görə "xxxx" MMC-nin borcunun yarandığını aydınlaşdırmaq üçün elektron qaimədə göstərilən məbləğlərə müvafiq olaraq bağlanmış müqavilənin 1.1, 2.2 və 2.3-cü bəndlərində qeyd olunan materialların təhviltəslim olunması barədə yük nəqliyyat qaimələrinin və hesab-fakturaların təsdiq olunmuş surətlərinin "xxxx" MMC-yə təqdim olunmasına göstəriş verilməsi İddiaçı MMC-dən xahiş edilir. xx.xx.2023-cü il tarixdə AVİS-27744954 nömrə ilə VÖEN kargüzarlıq vasitəsilə aşağıdakı məzmunda iddiaçıya müraciət ünvanlanmışdır: "xxxx" MMC-nin (VÖEN: **********) rəhbərliyi, onlayn kargüzarlıq vasitəsi ilə sizin təşkilata ünvanlanan xx.xx.2023cü il tarixli, ******* saylı məktuba əlavə olaraq bildirir ki, göndərilən elektron qaimələri ləğv etmək səlahiyyəti yalnız göndərən müəssisə tərəfindən həyata keçirilə bilər. İddiaçı MMC tərəfindən göndərilən elektron qaimələrdə göstərilən məbləğdə və həcmdə hər hansı malmaterial alışı sənədi mövcud olmadığı üçün həmin elektron qaimələrin ləğv edilməsi xahiş edilir. Əgər İddiaçı MMC-də belə bir sənədlər mövcuddursa (materialların təhvil-təslim olunması barədə yük nəqliyyat qaimələri və hesab fakturalar), həmin sənədlərin təsdiq olunmuş surətlərinin "xxxx" MMC-yə təqdim olunmasına göstəriş verilməsi xahiş edilir. Məhkəmə iclasında "xxxx" MMC-nin iddiaçıya borclu olmadığı bildirilmiş və iddiaçının nümayəndəsindən xahiş edilmişdir ki, e-qaimələrdə qeyd etdikləri həcm və məbləğlərdə sementin təhvil-təslim aktları, yük nəqliyyat qaimələri, yaxud Forma-2 aktlarının surətlərini məhkəməyə təqdim etməklə, cavabdeh tərəfindən mal-materialların qəbulunu təsdiq edən sübutları məhkəməyə təqdim etsinlər. Eyni zamanda "xxxx" MMC tərəfindən iddiaçı tərəflə bağlanmış xx.xx.2020-ci il tarixli, 06/10 saylı müqaviləyə əsasən xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2021 və xx.xx.2023-cü il tarixlərdə əvvəlcədən ödəniş etməklə malmaterialların sonradan iddiaçı tərəfindən təqdim edildiyini bildirməklə, e-qaimələrdə göstərilən həcmdə və məbləğlərdə sementin cavabdehə təhvil verilməsini sübut edən “Yük nəqliyyat qaimələrinin” surətlərini məhkəməyə təqdim etmək iddiaçının nümayəndəsindən xahiş edilmişdir. Qeyd olunanlara baxmayaraq, iddiaçı tərəf xx.xx.2023-cü il tarix qeyd edilməklə, şəxsi kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edərək, “Kaspi-Yıldız" MMCdən ƏDV-siz 142350 manat əsas borc, 39337 manat faiz borcu və 497 manat dövlət rüsumu məbləğini tələb edir. Lakin malların təhvil-təsliminə dair sübut təqdim etməmişdir. Tərəflər arasında xx.xx.2020-ci il tarixdə bağlanmış, 06/10 nömrəli alqı-satqı müqaviləsinin 1.1, 1.2, 2.1, 2.2 və 2.3-cü bəndlərində aşağıdakılar qeyd olunur: “1.1. Bu müqavilə ilə satıcı alıcının hər dəfə təqdim edəcəyi sifarişə əsasən uyğunluq sertifikatında nəzərdə tutulmuş keyfiyyət göstəricilərinə tam cavab verən sementi istismara tam yararlı vəziyyətdə alıcıya təhvil-təslim verməyi, alıcı isə həmin malı qəbul edərək onun məbləğini tam miqdarda satıcıya ödəməyi öhdəsinə götürürlər. 1.2. Malın daşınması satıcının nəqliyyat vasitəsi ilə öz hesabına həyata keçiriləcəkdir. 2.1. Malın markası və qiyməti razılaşma protokoluna əsasən təyin edilir. 2.2. Malın hər bir sifarişinin dəyəri satıcı tərəfindən təqdim olunacaq hesab-fakturalara əsasən mal tədarük edildikdən sonra ödəniləcəkdir. 2.3. Bu müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan məbləğ satıcıya alıcı tərəfindən yalnız mal sonuncunun təyin etdiyi ünvanda ona təhvil verildikdən sonra 15 (on beş) gün ərzində ödəniləcəkdir”. Müqaviləyə uyğun olaraq, cavabdeh tərəfindən iddiaçının hesabına əvvəlcədən ƏDV və malın ƏDV-siz dəyəri ödənildikdən sonra, iddiaçı ödənişə uyğun surətdə və həcmdə cavabdehə sement (təhvil) təqdim etmişdir. Malın dəyərinin cavabdeh tərəfindən əvvəlcədən ödənilməsi səbəbindən müqavilə şərtlərinə və işgüzar münasibətlərə zidd olaraq “Yük nəqliyyat qaiməsi”, yaxud Forma-2, təhvil-təslim aktı tərtib edilmədən dəyəri əvvəlcədən ödənilmiş sement məhsulları cavabdehə təqdim edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə 2400 manat, xx.xx.2020-ci il tarixdə iki dəfəyə (10000+3600 manat olmaqla) 13600 manat, xx.xx.2020-ci il tarixdə iki dəfəyə (3600+10000 manat olmaqla) 13600 manat, xx.xx.2021-ci il tarixdə 2400,05 manat və xx.xx.2023-cü il tarixdə 15000 manat olmaqla, alınacaq mallara görə cəmi 47000,05 manat iddiaçının bank hesabına ƏDV-siz ödənişlər icra edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə 432 manat, xx.xx.2020-ci il tarixdə üç dəfəyə (1367,99 + 432,01 + 648 manat olmaqla) 2448 manat, 29 dekabr tarixdə iki dəfəyə (1800 + 648) 2248 manat, xx.xx.2021-ci il tarixdə 432,01 manat, xx.xx.2021-ci il tarixdə 2430 manat və xx.xx.2023-cü il tarixdə 7200 manat olmaqla, cəmi 15380 manat ƏDV sement ödənişi məqsədilə iddiaçının ƏDV depozit hesabına köçürülmüşdür. Beləliklə, əvvəlcədən malın dəyəri cavabdeh tərəfindən ödənilməklə, xx.xx.2020-ci il tarixli müqaviləyə uyğun olaraq iddiaçıya cavabdeh tərəfindən almaq istədiyi malların dəyərini əvvəlcədən ödəməklə, ƏDV daxil, cəmi 62390,06 manat pul vəsaiti bank hesabına köçürülmüşdür. Əslində cavabdeh 4230 manat artıq ƏDV məbləğini iddiaçının depozit hesabına köçürmüşdür. İddiaçı tərəfindən eməhkəmə sistemində yerləşdirdikləri e-qaimələrlə əlaqədar: xx.xx.2020-ci il tarixli, nömrəli e-qaimədə yükün həcmi 363 ton, 1 tonun qiyməti 110 manat və tələb etdikləri 47200 manat göstərilir. 363,636 x 110 = 39999,96 + 7200 (39999,96 x 18% ƏDV)=47200 manat ölkəmizin yol nəqliyyat strukturunda bir yük maşınının öz çəkisi daxil olmaqla, yükün ümumi həcmi 39 - 42 ton həcmində dəyişdirilə bilər. Bu həcmdən çox bir yük maşını yük daşıya bilməz. Belə olan halda, müqavilə bağlandıqdan dərhal sonra xx.xx.2020-ci il tarixdə cavabdeh tərəf iddiaçıya cəmi 2400 + 432 = 2832 manat pul köçürdüyü müəyyən olunur. İddiaçı tərəf sonradan tərtib və təqdim etdiyi e-qaimədə 363636 ton həcmində və 47200 manat dəyərində yük təqdim etdiyini e-qaimədə göstərir. Lakin bu yükün (sementin) cavabdehə təhvil verilməsi ilə əlaqədar “yük nəqliyyat qaiməsi, yaxud yükün cavabdehə təqdim olunması barədə digər formada qaimə, faktura və sair sənəd mövcud deyildir. Nəzərə alınmalıdır ki, yükün daşınması bütün hallarda rəsmiləşdirilir. Əgər yük daşınma qaydasında cavabdehə təqdim olunursa, onda sənədsiz maşın yola çıxa bilməz. İddiaçının məhkəməyə təqdim etdikləri 4 ədəd e-qaimələrində qeyd olunan məbləğdə və həcmdə (tonajlarda) yüklərin cavabdehə təqdim olunmasını sübut etmək vəzifəsi iddiaçının üzərində qalır. Nəzərə alınmalıdır ki, iddiaçı tərəf yükləri cavabdehə təqdim etməsi barədə müqavilədə nəzərdə tutulmuş qaydada heç bir rəsmiləşmə olmadan, yəni yüklərin təqdim edilməsi faktı olmadan MMC-yə e-qaimə göndərməklə müəssisəni özünə borclu göstərir. MMC-nin mühasibatlığında çalışan əməkdaş texniki səhvə yol verərək, e-qaimələrin ləğvi barədə iddiaçıya zamanında ərizə ünvanlamamış, lakin sonradan bu hərəkətlər müəssisə rəhbərliyinə məlum olduqdan dərhal sonra 11 sentyabr və 13 sentyabr 2023-cü il tarixlərdə iddiaçıya rəsmi olaraq müraciət ünvanlanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında e-qaimə ilə əlaqədar aşağıdakı hüquqi mövqeyi:“...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.” Yuxarıda qeyd olunanları nəzərə alaraq, cavabdeh "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış müqaviləyə əsasən əvvəlcədən ödənişlər istisna olmaqla, malların (sementin) iddiaçı tərəfindən cavabdehə təhvil verilməsini 1) Təhvil-təslim aktı (bənd 1.1), 2) Hesab-fakturalar (bənd 2.2), 3) Mallar təhvil verildikdən sonra 15 gün ərzində təhvil verilmiş malların tam dəyəri satıcıya ödəniləcəyi müqavilənin 2.3-cü bəndi ilə müəyyən olunub. Qeyd olunanlara baxmayaraq, iddiaçının cavabdehdən tələb etdiyi 142350 manatlıq (142350 : 110) 1294,1 ton həcmində sement neçə dəfəyə və hansı vaxtlarda cavabdehə təqdim etməsi barədə sübutları iddiaçı məhkəməyə təqdim edərsə, həm də məlum olar ki, iddiaçı əvvəl verdiyi (təqdim etdiyi) malların dəyərinin 15 gün müddətində almalı olduğu halda, iddiaçının əvvəl verdiyi malların dəyəri ödənilmədən sonrakı malları necə oldu ki, cavabdehə təqdim etmişdir. Nəzərə alınmalıdır ki, tərəflər arasında işgüzar adətlər əsasında razılaşma belə formalaşıb ki, əvvəlcədən dəyəri bank vasitəsilə cavabdeh ödənişi icra etdikdən sonra mallar iddiaçı tərəfdən ona təqdim olunur. Müqavilədə malın dəyərinin 15 gün müddətində ödəniləcəyi razılaşdırılır. Belə olan halda, iddiaçı əvvəl təqdim etdiyi malın dəyərini 15 gün müddətində almadığı halda, növbəti dəfə də cavabdehə nisyə mal təqdim etməsi ilə əlaqədar tələbi əsassızdır. Malın təhvil verilməsinə dair heç bir sübut olmadığı halda, yalnız formal və süni surətdə təqdim olunmuş e-qaimələrə əsaslanaraq borc tələb etmək tamamilə əsassızdır.
Tədqiq olunan sübutlar:
7. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçıya məxsus istehsalat sahəsindən sement cavabdehin özü tərəfindən özünün Lerik və Astara rayonlarında yerləşən obyektlərinə daşınaraq aparılmışdır. Sement məhsulu həm naval, həm də kisələrdə daşınmışdır. Yükü cavabdeh özlərinə məxsus olan və kənar maşınlarla müxtəlif vaxtlarda daşımışdır. Malın təhvil-təslim aktları və yol qaimələri saxlama müddəti ilə əlaqədar saxlanılmasa da, iddiaçının istehsalat sahəsindəki tərəzidə malın hansı nömrəli maşınlarla, hətta dəqiqəsinə qədər haçan daşınıb aparılmasını, malın çəkisini, malın naval şəkiuldə və ya kisələrdə olmasını, avtomobilin sürücüsünün adını, malı təhvil alan cavabdehin işçisinin adını, malı daşıyan avtomobilin dövlət nişan nömrəsi və sair məlumatları iddiaçını istehsalat sahəsindəki tərəzinin kompüterinin yaddaşında qorunub saxlanılmışdır. Həmin məlumatlarda malı alan müştərinin qrafasında cavabdehin işçisi olan Firdovsi adlı işçinin adı qeyd olunmuşdur ki, həmin şəxs cavabdeh firmanın rəhbərlərindən biridir və həmin firmanın sahibinin yaxın qohumudur.
8. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı tərəfdən təqdim olunmuş e-qaimələrin bir ədədinin sistem tərəfindən təsdiq olunduğunu nəzərə almaqla, bu e-qaimələr üzrə tələb olunan məbləğ birmənalı olaraq cavabdeh tərəfindən qəbul edilmir. Belə olan halda iddiaçı tərəfindən təqdim olunmuş digər 3 ədəd e-qaimə üzrə ƏDV daxil cəmi məbləğ 169625 manat təşkil edir. Cavabdeh tərəfindən dərman alışı üçün 3 dəfəyə ödənilmiş 9600 manat çıxıldıqdan sonra, cavabdeh tərəfindən iddiaçıya ƏDV daxil cəmi 50390,06 manat köçürmə qaydasında ödəniş icra edilmişdir. Beləliklə, iddiaçının təqdim etdiyi və cavabdeh tərəfin mühasibatlığının səhvi nəticəsində təsdiq edilmiş e-qaimə üzrə ƏDV daxil cəmi məbləğ 169625 manat göstərildiyi üçün və 50390,06 manat ödəniş icra olunduğu səbəbindən iddiaçı e-qaimələr üzrə yalnız 119234,94 manat tələb irəli sürə bildiyi halda, iddiaçı tərəfin 3 dəfə məhkəməyə təqdim etdiyi iddia ərizəsi və əlavələrdə tələb etdiyi məbləğlər fərqlidir. Əslində iddiaçı müqavilə şərtlərinə və aralarında formalaşmış münasibətlərə əsasən ilkin olaraq təqdim etdiyi sement məhsullarının dəyərini almayınca növbəti partiya məhsulları təqdim etməmişdir. Cavabdeh tərəfindən ödəniş edilməklə iddiaçı tərəfindən mal (sement) müqavilənin 2-ci bəndinə uyğun olaraq cavabdehin dediyi ünvana yük maşınları ilə təqdim olunmalıdır. Sementin daşınmasının yük maşınları ilə iddiaçı tərəfindən icra olunduğu nəzərə alınsa, onda iddiaçı tərəf “yük nəqliyyat qaimələri”, yaxud “nəqliyyat qaimələri” adlanan yükün çatdırılmasını və təhvil verilməsini təsdiq və sübut edən sənədlərin məhkəməyə iddiaçı tərəfindən təqdim edilməsi zərurəti yaranmışdır. Bundan başqa, iddiaçı tərəfdən məhkəməyə izahat təqdim edilərək bildirilmişdir ki, malların təhvil-təsliminə dair sənədlərin saxlanılma müddəti baxımından təqdim edilməsi mümkünsüzdür. Tərəflər arasında müqavilə xx.xx.2020-ci il tarixdə bağlanıldığı üçün və iddiaçı xx.xx.2023-cü il tarixdə mediasiya prosesini keçməklə, xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia ərizəsi təqdim etdiyindən, məlum olur ki, müqavilənin bağlanıldığı vaxtdan 3 (üç) il tamamlanmadan hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət ünvanlanmışdır. Belə olan halda nəzərə alınmalıdır ki, iddiaçıya əgər cavabdeh borclu olubsa, onda sənədlərin saxlanılma müddəti üç il olduğu halda, iddiaçının bu sənədləri guya saxlamadığı kimi fikirlər söyləməsi tamamilə əsassızdır. İddiaçı müqaviləni saxlayır, lakin həmin müqavilədən irəli gələn borc öhdəliyinin mövcudluğunu təsdiq edən sənədlərin, yəni yükün təhvil verilməsinə dair sənədlərin saxlanılmaması kimi fikirlər inandırıcı deyildir. Əslində belə bir təhvil-təslim faktı yoxdur. Çünki yük təqdim edilməmişdir. Elektron qaimələrin özü də qərəzli və məqsədli formada təqdim olunmuşdur. Bu səhvə yol vermiş, yəni eqaimələrə zamanında münasibət bildirməyən mühasib cavabdeh müəssisə rəhbəri tərəfindən intizam qaydasında cəzalandırılmışdır. İddiaçının xx.xx.2023-cü il tarixdə elektron qaydada məhkəməyə təqdim etdikləri, iddiaçının özü tərəfindən hər hansı formada təsdiq edilməmiş, “adı məlum olmayan” yazılar heç bir reallığı əks etmir. Bu sənədlərin sübut növü kimi qəbul edilməsi yol verilməzdir.
9. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı ilə alıcı qismində "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixli, 06/10 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilə ilə satıcı alıcının hər dəfə təqdim edəcəyi sifarişə əsasən uyğunluq sertifikatında nəzərdə tutulmuş keyfiyyət göstəricilərinə tam cavab verən sementi istismara tam yararlı vəziyyətdə alıcıya təhvil-təslim verməyi, alıcı isə həmin malı qəbul edərək, onun məbləğini tam miqdarda satıcıya ödəməyi öhdəsinə götürürlər. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən malın daşınması satıcının nəqliyyat vasitəsi ilə öz hesabına həyata keçiriləcəkdir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən mal hər dəfə alıcının sifarişi əsasında satıcı tərəfindən tədarük olunacaqdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən malın markası və qiyməti razılaşma protokoluna əsasən təyin edilir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən malın hər bir sifarişinin dəyəri satıcı tərəfindən təqdim olunacaq hesab fakturalara əsasən mal tədarük edildikdən sonra ödəniləcəkdir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən bu müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan məbləğ satıcıya alıcı tərəfindən yalnız mal sonuncunun təyin etdiyi ünvanda ona təhvil verildikdən sonra 15 (on beş) gün ərzində ödəniləcəkdir. Həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən malın bu müqavilə ilə təyin edilmiş qiyməti birtərəfli qaydada artırıla və ya azaldıla bilməz.
10. xx.xx.2020-ci il tarixli, EBAS seriyalı, nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin (sement satışı) ümumi məbləği 47200 manat (ƏDV daxil) təşkil edir.
11. xx.xx.2020-ci il tarixli, EBAT seriyalı, 052938 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin (sement satışı) ümumi məbləği 70800,01 manat (ƏDV daxil) təşkil edir.
12. xx.xx.2020-ci il tarixli, EBAV seriyalı, 145327 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin (sement satışı) ümumi məbləği 16048,01 manat (ƏDV daxil) təşkil edir.
13. xx.xx.2020-ci il tarixli, EBAV seriyalı, 555707 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin (sement satışı) ümumi məbləği 51625,01 manat (ƏDV daxil) təşkil edir.
14. xx.xx.2020-ci il tarixli, 253137 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-nin AZ52PAHA40040AZNHC********** nömrəli hesabına 10000 manat məbləğində vəsait köçürülmüşdür (ödənişin təyinatı: EBAS seriyalı, nömrəli elektron qaimə)
15. xx.xx.2020-ci il tarixli, 257917 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-nin AZ52PAHA40040AZNHC********** nömrəli hesabına 10000 manat məbləğində vəsait köçürülmüşdür (ödənişin təyinatı: EBAV seriyalı, 555707 nömrəli elektron qaimə.
16. xx.xx.2021-ci il tarixli, 632257 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-nin AZ52PAHA40040AZNHC********** nömrəli hesabına 15000 manat məbləğində vəsait köçürülmüşdür (ödənişin təyinatı: EBAS seriyalı, nömrəli elektron qaimə)
17. Vergilər Nazirliyi tərəfindən tərtib edilmiş İddiaçı MMC (VÖEN: **********) çıxarışdan görünür ki, "xxxx" MMC (VÖEN: **********) tərəfindən xx.xx.2023-cü il tarixdə 7200 manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı kimi EBAS seriyalı, nömrəli elektron qaimə üzrə ƏDV qeyd edilmişdir.
18. "xxxx" ASC tərəfindən təsdiq edilmiş ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-nin AZ52PAHA40040AZNHC********** nömrəli hesabına xx.xx.2023-cü il tarixdə 2400 manat məbləğində vəsait köçürülmüşdür (ödənişin təyinatı: xx.xx.2020-ci il tarixli müqavilə).
19. xx.xx.2020-ci il tarixli, 253146 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-nin AZ52PAHA40040AZNHC********** nömrəli hesabına 3600 manat məbləğində vəsait köçürülmüşdür (ödənişin təyinatı: dərman alınması üçün ödənilir).
20. xx.xx.2020-ci il tarixli, 257936 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-nin AZ52PAHA40040AZNHC********** nömrəli hesabına 3600 manat məbləğində vəsait köçürülmüşdür (ödənişin təyinatı: dərman alınması üçün ödənilir.)
21. xx.xx.2021-ci il tarixli, 323734 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-nin AZ52PAHA40040AZNHC********** nömrəli hesabına 2400,05 manat məbləğində vəsait köçürülmüşdür (ödənişin təyinatı: EBBG seriyalı, 505740 nömrəli elektron qaimə).
22. Vergilər Nazirliyi tərəfindən tərtib edilmiş İddiaçı MMC (VÖEN: **********) çıxarışdan görünür ki, "xxxx" MMC (VÖEN: **********) tərəfindən xx.xx.2020-ci il tarixdə EBAV seriyalı, 555707 nömrəli elektron qaimə üzrə 1800 manat məbləğində ödəniş edilmişdir.
23. Hesabdan çıxarışdan görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-nin hesabına xx.xx.2020-ci il tarixdə 3600 manat (ödənişin təyinatı: dərman alınması üçün), xx.xx.2020-ci il tarixdə 10000 manat (ödənişin təyinatı: EBAV seriyalı, 555707 nömrəli eqaimə), xx.xx.2020-ci il tarixdə 3600 manat (ödənişin təyinatı: dərman alınması üçün), xx.xx.2021-ci il tarixdə 2400,05 manat (ödənişin təyinatı: EBBG seriyalı, 505740 nömrəli eqaimə), xx.xx.2023-cü il tarixdə 15000 manat (ödənişin təyinatı: xx.xx.2020-ci il tarixli eqaimə) məbləğində vəsait köçürülmüşdür.
24. Vergilər Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, **********617977 nömrəli köçürmənin aparılması haqqında bildirişdən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-nin hesabına 432 manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı kimi ƏDV qeyd edilmişdir.
25. Vergilər Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, **********888985 nömrəli köçürmənin aparılması haqqında bildirişdən müəyyən edilir ki, "xxxx" MMC (VÖEN: **********) tərəfindən İddiaçı MMC-nin (VÖEN: **********) hesabına 1367,99 manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı kimi ƏDV EBAS seriyalı, nömrəli elektron qaimə üzrə qeyd edilmişdir.
26. Vergilər Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, **********880963 nömrəli köçürmənin aparılması haqqında bildirişdən müəyyən edilir ki, "xxxx" MMC (VÖEN: **********) tərəfindən İddiaçı MMC-nin (VÖEN: **********) hesabına 2430 manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı kimi ƏDV EBAS nömrəli elektron qaimə üzrə qeyd edilmişdir.
27. Vergilər Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, **********950891 nömrəli köçürmənin aparılması haqqında bildirişdən müəyyən edilir ki, İddiaçı MMC (VÖEN: **********) tərəfindən "xxxx" MMC-nin (VÖEN: **********) hesabına 648 manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı kimi dərman alınması üçün qeyd edilmişdir.
28. Vergilər Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, **********817962 nömrəli köçürmənin aparılması haqqında bildirişdən müəyyən edilir ki, İddiaçı MMC (VÖEN: **********) tərəfindən "xxxx" MMC-nin (VÖEN: **********) hesabına 432,01 manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı kimi EBBG seriyalı, 505740 nömrəli elektron qaimə üzrə qeyd edilmişdir.
29. İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə göndərilmiş pretenziya məktubundan görünür ki, borcun 3 (üç) iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
30. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır.
Tətbiq edilən hüquq
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 598.3-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Məhkəmənin mövqeyi
33. İddia tələbinin bir hissəsini cavabdehdən 115150 manat əsas borc və 20727 manat əlavə dəyər vergisinin tutulması təşkil edir.
34. Cavabdeh iddiaya etiraz etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin etirazı əsassızdır.
35. Belə ki, müəyyən olunmuşdur ki, tərəflər arasında sement alqı-satqısı, dərman, beton qatqısının alqı-satqısı barədə müxtəlif dövrlərdə müqavilələr bağlanmışdır. Həmin müqavilələr üzrə cavabdehə elektron qaimələr göndərilmiş və qaimələr üzrə ödənişlər edilmişdir. Ödənişlərlə bağlı təqdim edilən ödəniş tapşırıqlarının bəzilərinin ödənişin təyinatı hissəsində ödənişin hazırkı müqavilə üzrə yox, başqa müqaviləyə (məsələn, xx.xx.2020-ci il tarixli müqavilə) əsasən aparıldığı göstərilmişdir. xx.xx.2020-ci il tarixli, 253146 nömrəli ödəniş tapşırığında 3600 manat məbləğin dərmana (beton qatqısına) görə, xx.xx.2020-ci il tarixli, 257936 nömrəli ödəniş tapşırığında 3600 manat məbləğin beton qatqısına görə ödənildiyi qeyd olunmuşdur. xx.xx.2021-ci il tarixli, 323734 nömrəli ödəniş tapşırığında 2400 manatın beton qatqısına görə ödənildiyi, eyni zamanda ödənişin 505740 nömrəli elektron qaiməyə əsasən ödənildiyi göstərilmişdir ki, bu qaimə iddiaçının cavabdehə təqdim etdiyi beton qatqısına görə olan elektron qaimə olmuşdur. Həmin elektron qaimənin hazırkı mübahisəyə aidiyyatı yoxdur. Göründüyü kimi, bəzi ödənişlərin xx.xx.2020-ci il tarixli müqaviləyə və hazırkı mübahisəyə aidiyyəti yoxdur.
36. 10000 manatın ödənilməsinə dair xx.xx.2020-ci il tarixli, 253137 nömrəli və 10000 manat məbləğin ödənilməsinə dair xx.xx.2020-ci il tarixli, 257917 nömrəli ödəniş tapşırıqları hazırkı mübahisə ilə bağlı olmuşdur. Eyni zamanda xx.xx.2023-cü il tarixli 632257 nömrəli ödəniş tapşırığından göründüyü kimi, nömrəli elektron qaimə əsasında cavabdeh tərəfindən alınmış sementə görə 15000 manat vəsait ödənilmişdir ki, həmin ödənişlər nəzərə alınmaqla, iddiaçı tərəfindən iddianın həcmi azaldılmışdır.
37. Beləliklə, iddiaçı yuxarıda qeyd olunan 4 elektron qaimə üzrə borcun tam ödənilmədiyini iddia edərək, qalıq məbləğin cavabdehdən tutulmasını xahiş etmişdir. Həmin qaimələr üzrə ümumi ƏDV-siz məbləğ 157350 manat (13600+43750+40000+60000=157350), ƏDV məbləği 28323 manat (2448+7875+7200+10800=28323) olmuşdur. Həmin qaimələr üzrə məhkəməyə təqdim edilən ödəniş tapşırıqları üzrə ödənilən ümumi məbləğ (ƏDV-siz) 35000 manat olmuşdur. Təqdim olunan ödəniş sənədlərindən görünür ki, ƏDV məbləğlərindən də qismən ödənişlər olunmuşdur.
38. Elektron qaimələr üzrə hesablanan ƏDV-siz məbləğdən edilmiş ödənişləri çıxdıqda 122350 manat (157350-35000=122350) qalır. İddiaçının nümayəndəsi xx.xx.2020-ci il tarixli, 145327 nömrəli elektron qaimə üzrə 10000 manat, xx.xx.2020-ci il tarixli, nömrəli elektron qaimə üzrə 15000 manat, xx.xx.2020-ci il tarixli, 052938 nömrəli üzrə 60000 manat; və xx.xx.2020-ci il tarixli 555707 nömrəli qaimə üzrə 30150 manat, ümumilikdə115150 manat ƏDV-siz qalıq borcun qaldığını bildirərək, cavabdehdən həmin məbləğin tutulmasını xahiş etmişdir. Tələb olunan məbləğin ödənilməsinə dair cavabdeh tərəfindən sübutlar təqdim olunmamışdır. Belə olan təqdirdə məhkəmə belə qənaətə gəlir ki, həmin məbləğ, eləcə də ƏDV məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
39. Həmçinin qeyd olunmalıdır ki, cavabdeh etirazında malların ona təhvil verilmədiyini bildirsə də, göründüyü kimi, cavabdehə elektron qaimələr göndərilmiş, həmin qaimələr qəbul edilmiş və qaimələr əsasında ödənişlər həyata keçirilmişdir. Belə olan halda cavabdehin nümayəndəsinin qaimələrin guya səhvən qəbul olunması və s. əsaslardan çıxış edərək iddiaya etiraz etməsini məhkəmə əsassız sayır. Həmçinin ödənişlərin edildiyi hallarda da tərəflər arasında təhvil təslim aktlarının tərtib olunmasına dair sübutlar məhkəməyə təqdim olunmamışdır.
40. Cavabdeh tərəfin edilən ödənişlərin avans ödəniş omasına münasibətdə qeyd olunur ki, müqavilə şərtlərinə əsasən məhsulun dəyəri satıcıya alıcı tərəfindən yalnız mal sonuncunun təyin etdiyi ünvanda ona təhvil verildikdən sonra 15 (on beş) gün ərzində ödəniləcəkdir. Ödəniş sənədlərində təyinat olaraq ödənilən məbləğlərin avans olaraq ödənilməsi öz əksini tapmamış, həmin ödənişlərin iddiaçı tərəfindən göndərilən elektron qaimələr üzrə həyata keçirildiyi qeyd olunmuşdur. Hazırkı mübahisəyə aidiyyatı olmayan digər müqavilələr üzrə olan münasibətlərdə də oxşar hala rast gəlinir (ən azından iş materiallarında olan sənədlərdən müəyyən olunur). Göründüyü kimi, tərəflər heç də müqavilənin bütün şərtlərinə uyğun hərəkət etməmişlər.
41. Cavabdeh tərəf həmçinin “mühasibatlığının diqqətsizliyi səbəbindən gələn elektron qaimələrə baxılmamış və nəticədə həmin elektron qaimələr sistem tərəfindən avtomatik olaraq təsdiq edilmişdir”, “iddiaçının təqdim etdiyi və cavabdeh tərəfin mühasibatlığının səhvi nəticəsində təsdiq edilmiş e-qaimə” “MMC-nin mühasibatlığında çalışan əməkdaş texniki səhvə yol verərək, e-qaimələrin ləğvi barədə iddiaçıya zamanında ərizə ünvanlamamışdır” kimi ifadələrdən istifadə edərək, iddiaya etiraz etmişdir. Məhkəmənin qənaətinə əsasən cavabdehin dəlilləri inandırıcı sayıla bilməz, belə ki, ən azı cavabdehin göndərilən elektron qaimələr üzrə həm əsas məbləğ, həm ƏDV məbləğindən etdiyi ödənişlər bunu təsdiq edir.
42. Beləliklə, məhkəmə qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, nəticədə həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdeh "xxxx" MMC-dən 115150 (yüz on beş min yüz əlli) manat əsas borc və 20727 (iyirmi min yeddi yüz iyirmi yeddi) manat əlavə dəyər vergisi tutularaq iddiaçıya ödənilməlidir.
43. Bundan əlavə, iddiaçı bank uçot dərəsəsinə əsasən (2021-ci il üçün 7,5%, 2022ci və 2023-cü illər üçün isə 8,75%) əsas borca görə 2021-ci il üçün bank uçot dərəcəsi ilə hesablanan 9386 manat, 2022-ci və 2023-cü illər üçün isə 21901 manat olmaqla, cəmi 31287 manat pul vəsaitinin cavabdehdən tutulmasını xahiş etmişdir.
44. Müəyyən olunur ki, cavabdeh pul məbləğinin ödənilməsini gecikdirmişdir. Ona görə də iddiaçı həmin məbləğdən faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin iddiaçı cavabdehin tələb olunan pul məbləğinin ödənilməsini gecikdirməklə ondan faydalanmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, cavabdehdən 115150 manat məbləğində pulun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faizlə hesablanmaqla, 14393,75 manat (2 il 6 ay üçün) məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı, gecikdirməyə görə faizlərin tutulmasına dair iddia qalan hissədə təmin olunmamalıdır.
45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 115150 (yüz on beş min yüz əlli) manat əsas borc, 20727 (iyirmi min yeddi yüz iyirmi yeddi) manat əlavə dəyər vergisi, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 14393,75 manat (on dörd min üç yüz doxsan üç manat yetmiş beş qəpik) olmaqla, cəmi 150270,75 manat (yüz əlli min iki yüz yetmiş manat yetmiş beş qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova