Məhkəmə qərarları › İş №e-2-2(113)-474/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-474/2024

09.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-474/2024 09.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, üzləşmə aktı, prosessual maraq, dəbbə pulunun azaldılması, məhkəmə xərclərinin işin nəticəsindən asılı olmayaraq bölüşdürülməsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə ƏDV daxil olmaqla 8567,8 manat əsas borcun, hər gecikdirilmiş gün üçün 0,1% olmaqla 2250 manat dəbbə pulunun və 110 manat mediasiya xərcinin, 220 manat hüquqi yardım xərcinin, ödənilmiş 14 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, iddiaçı müqavilə predmeti olan sementləri cavabdehə verməyi, cavabdeh isə bunun müqabilində müvafiq pul ödəməyi öhdəsinə götürmüşdür. 2.2. Sözügedən müqaviləyə əsasən, ödəniş cavabdeh tərəfindən alınacaq hər malın dəyərinin vergilər daxil olmaqla əvvəlcədən iddiaçının bank hesabına köçürülməsi yolu ilə həyata keçirilir. Həmçinin cavabdeh müqavilədə razılaşdırılan müddətdən gecikdirdiyi hər bir günə əsas borcdan 0,1% qədər cərimə və bundan yarana biləcək administrativ xərcləri ödəməyi öhdəsinə götürmüşdür. 2.3. Müqavilə üzrə mallar cavabdehə təhvil verilmiş və bu barədə elektron qaimələr tərtib edilmişdir. Malların ümumi dəyəri ƏDV daxil olmaqla 8567,8 manat təşkil edir. Eyni zamanda müqavilə tərəflərinin xx.xx.2022-ci il tarixdə tərtib edib imzaladıqları üzləşmə aktı da cavabdehin qeyd olunan borcunun mövcudluğunu təsdiq edir. Lakin cavabdeh tərəfindən müvafiq borc ödənilməmişdir. 2.4. Mübahisənin məhkəməyə qədər nizama salınması üçün cavabdehə pul məbləğinin 10 gün ərzində ödənilməsi barədə xx.xx.2023-cü il tarixdə pretenziya məktubu göndərilmişdir. Həmçinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq mediatorun təyin edilməsi üçün Mediasiya Şurasına müraciət edilmiş, ilkin mediasiya sessiyası keçirilmişdir. Mediator tərəfindən xx.xx.2023-cü il tarixli arayış tərtib olunmuşdur.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 389, 442, 567, 598-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə xx.xx.2023-cü il tarixdə ərizə ünvanlayaraq, bütün sübutların təqdim edildiyini və iş üzrə baxış iclasının təyin edilməsini, xx.xx.2024-cü il tarixdə ərizə ünvanlayaraq, iddiaçı tərəfin iştirakının təmin edilməsi üçün məhkəmənin baxış iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq iddiaçı tərəfin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə bildirişləri cavabdehin X1 Sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməklə, cavabdehin və qanuni təmsilçisinin müvafiq olaraq hüquqi ünvanına və yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana çatdırılmaqla, sonuncunun mobil telefon nömrələrinə “SMS” bildirişlər göndərilməklə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi ilə bağlı

8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

10. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2021-ci il tarixli D02 saylı alqı-satqı müqaviləsinin (satıcı qismində iddiaçı, alıcı qismində cavabdeh) şərtlərindən görünür ki, hazırkı müqavilə əsasında Satıcı 3-cü maddədə göstərilən və gələcəkdə Mal adlandırılacaq sement növünü Alıcıya satır. Alıcı isə Malı alır və dəyərini ödəyir (1.1). Mal və Qiymətlər Müqaviləyə aid olan əlavələrdə göstərilir (3.1). Ödəniş Alıcı tərəfindən alınacaq hər Malın dəyərini vergilər daxil olmaqla əvvəlcədən Satıcının bank hesabına ödəmə yolu ilə həyata keçirilir (3.2.1). Alıcı Satıcının razılığı İlə alınacaq Malın dəyərini vergilər daxil olmaqla əvvəlcədən Satıcının bank hesabına ödəyir (3.2.2). Satıcı müqavilə dövrü ərzində tətbiq etdiyi kredit siyasətinə əsaslanaraq Alıcıya sonradan ödəmə şərti ilə Mal buraxılışı həyata keçirə bilər. Bu razılaşmadan yararlanmaq üçün X2 Zəmanət Məktubu və ya digər zəmanət sənədi tələb edə bilər. Bu razılaşma hazırkı Müqaviləyə aid olan Əlavələrdə əks olunmalıdır (3.2.3). Satıcı müqavilə dövründə Alıcıya ödənişsiz və/və ya ödənişli xüsusi texniki və/və ya konsultasiya xidməti göstərə bilər, ödənişli xüsusi xidmətin şərtləri və dəyəri Müqaviləyə aid olan əlavələrdə göstərilməlidir (3.4). Satıcı hər hansı qiymət dəyişikliyi edərsə Alıcını 3 (üç) iş günündən əvvəl yazılı şəkildə xəbərdar etməlidir. Yeni qiymətlər bu Müqaviləyə aid olan əlavələrdə öz əksini tapmalıdır (3.5).

11. Adıçəkilən müqaviləyə xx.xx.2021-ci il tarixli qiymət əlavəsindən görünür ki, “Qaradagh-EZ 300” adda məhsulun 1 kisəsi (40 kq) üçün ƏDV və çatdırılma daxil 5,2 manat, “Qaradagh-EZ 400” adda məhsulun 1 kisəsi (40 kq) üçün ƏDV və çatdırılma daxil 5,8 manat, altlığın 1 ədəd üçün ƏDV və çatdırılma daxil 28,32 manat qiymət razılaşdırılmışdır.

12. Məhkəməyə təqdim edilən elektron qaimə-fakturalardan görünür ki, xx.xx.2021ci il tarixli EBAW 419722 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 2200,02 manat, xx.xx.2021-ci il tarixli EBAW 808749 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 2224,02 manat, xx.xx.2021-ci il tarixli EBAX 424325 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 2080,01 manat, xx.xx.2021-ci il tarixli EBAY 105018 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 2080,01 manat, xx.xx.2021-ci il tarixli EBAY 695668 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 2080,01 manat, xx.xx.2021ci il tarixli EBBE 626687 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 2552,02 manat, xx.xx.2021-ci il tarixli EBBF 033246 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 3719,97 manat ümumilikdə 16936,06 manat dəyərindən malların təqdim edilməsi üçün tərtib edilmişdir.

13. İş materiallarında olan 14 iyul 2022-ci il tarixli üzləşmə aktından görünür ki, ümumilikdə cavabdehin iddiaçı qarşısında xx.xx.2022-ci il tarixinə olan borcu (ƏDV daxil) 8567,8 manat kimi (hər iki hüquqi şəxsin möhürü vurulmaqla) təsdiq edilmişdir.

14. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli D02 saylı alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı spesifikasiyası və qiyməti müqaviləyə əlavələrlə razılaşdırılan sement növünü cavabdehə satmağı, cavabdeh isə həmin malların dəyərini müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı xx.xx.2021 – xx.xx.2021-ci il tarixlərində ümumilikdə ƏDV daxil olmaqla 16936,06 manat dəyərində malı cavabdehə təqdim etmiş, cavabdeh 14 iyul 2022-ci il tarixli üzləşmə aktı tərtib edilməklə həmin tarixə qalıq borcunu 8567,8 manat kimi təsdiq etmişdir.

15. İddiaçı alqı-satqı müqaviləsinə əsasən verilmiş malların qalıq dəyəri olan 8567,8 manat pulun ödənilməsini tələb edir.

16. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.

17. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

18. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

19. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

20. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

21. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.

22. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

23. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

24. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.

25. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

26. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub (müqavilənin 3.2.3-cü bəndi ilə alıcıya sonradan ödəmə şərti ilə mal buraxılışının mümkünlüyünün şərtləndirildiyi nəzərə alındığında), iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.

27. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

28. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.

29. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

30. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

31. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

32. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

33. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

34. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin olunmalı, alqı-satqı müqaviləsi üzrə 8567,8 manat əsas borc Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Alqı-satqı müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı

35. İddia ərizəsində iddiaçı həmçinin 2250 manat məbləğində cərimənin cavabdehdən tutulmasını xahiş edir.

36. xx.xx.2021-ci il tarixli D02 saylı alqı-satqı müqaviləsinin 7.2-ci bəndinə əsasən, ödəniş bu müqavilənin 3.2.1-ci maddəsində göstərilən müddətdən gecikdirildiyi hər bir günə əsas borcdan 0,1% qədər cərimə və bundan yarana biləcək administrativ xərcləri ödəməyi alıcı öhdəsinə götürmüşdür

37. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

38. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

39. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

40. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında və mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Həmçinin məhkəmə nəzərə alır ki, cavabdeh müqavilə üzrə öhdəliyini hissəvi icra etməmiş, eyni zamanda iddiaçı da xx.xx.2021-ci il tarixli D02 saylı alqı-satqı müqaviləsi üzrə mallar 2021-ci ildə təhvil verildiyi və 14 iyul 2022-ci il tarixli üzləşmə aktı tərtib edildikdən sonrakı dövr ərzində də borc ödənilmədiyi halda, uzun müddət sonra, yəni xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.

41. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulmalı cərimə məbləğinin 450 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.

42. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi cərimənin tutulması hissəsində qismən təmin edilməli, 450 manat məbləğində cərimə Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

c) Məhkəmə xərcləri ilə bağlı

43. İddiaçı həmçinin 110 manat mediasiya xərcinin, 220 manat hüquqi yardım xərcinin və ödənilmiş 14 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

44. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞB/6-0448 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəf xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak etmiş, cavabdeh sessiyada iştirak etməmiş və mediasiya sessiyasının keçirilməsi ilə bağlı 100 manat mediasiya xərci iddiaçı tərəfindən ödənmişdir. xx.xx.2023-cü il tarixli 588 nömrəli ödəniş tapşırığı və icra qeydindən görünür ki, iddiaçı tərəfindən 110 manat məbləğində pul MŞB/6-0448 nömrəli sessiya üçün Bakı 6 saylı mediasiya təşkilatının bank hesabına köçürülmüşdür.

45. Məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli hüquqi yardımın göstərilməsi haqqında 407 nömrəli müqavilənin (0350837 nömrəli orderdə əks olunmuş müqavilə) 2.1ci bəndinə əsasən hüquqi yardıma görə haqq 220 manat razılaşdırılmışdır.

46. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına və təqdim edilən mədaxil qəbzinə əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 1 manat, ********** nömrəli mədaxil qəbzi ilə 13,5 manat məbləğində pul iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmişdir.

47. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

48. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.

49. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

50. Göründüyü kimi, bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

51. Mülki Prosessual Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.

52. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

53. İş materialları ilə müəyyən olunur ki, cavabdeh mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuş, sonrakı razılığa (üzləşmə aktına) da riayət etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmə xərcləri tam olaraq cavabdehdən tutulmalıdır.

54. Digər tərəfdən, məhkəmə kommersiya mübahisələrinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, mediasiya prosesində iştirak, iddia ərizəsi və əlavə olunan sənədlərin çatdırılması) nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq tələb olunan xərc ağlabatandır və cavabdehdən tutulmalıdır.

55. Eyni zamanda hazırkı iddianın qiymətinə (10817,8 manat) uyğun ödənilməli dövlət rüsumunun məbləği də “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü və 9.1-1-ci maddələrinə uyğun olaraq 12,5 manat təşkil edir.

56. Beləliklə, məhkəmə hesab edir ki, hüquqi yardım xərcinin əvəzi olaraq 220 manat, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 110 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 12,5 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

57. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 18 yanvar 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 8567 (səkkiz min beş yüz altmış yeddi) manat 80 (səksən) qəpik əsas borc, 450 (dörd yüz əlli) manat dəbbə pulu olmaqla ümumilikdə 9017 (doqquz min on yeddi) manat 80 (səksən) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 110 (yüz on) manat, vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin əvəzi olaraq 220 (iki yüz iyirmi) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 12 (on iki) manat 50 (əlli) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar