Məhkəmə qərarları › İş №e-2-2(113)-4747/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4747/2021

12.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4747/2021 12.11.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (İddiaçı MMC) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ("xxxx" MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonuncu ilə aralarında 30 noyabr 2018-ci il tarixdə bağlanmış S-11/18-30/02 saylı müqavilə üzrə ötən 1 il 7 aya qədər vaxt ərzində borc tələbi ödənilmədiyi üçün ən az hər il 6,5 faiz olmaqla, icra edilməmiş qalan öhdəliklərin - 62327,36 manatın 6.5x7:12=3.79+6.5=10.29 faiz düsturu qaydasında iddiaçıya dəymiş real zərər olan 6413,48 manat; əldən çıxmış fayda kimi ən az 6413,48 manat; icra edilməmiş qalan öhdəliklərin, yəni 62327,36 manat qalıq borc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 75184,32 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sifarişçi "xxxx" MMC ilə icraçı İddiaçı MMC arasında 30 noyabr 2018-ci il tarixdə S-11/18-30/02 saylı müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən sifarişçi müqavilənin ayrılmaz hissəsi sayılan Qiymət Cədvəlinə müvafiq rəngsaz məmulatları və sərf materialların satın alınmasına dair icraçının ƏDV daxil 132932,90 (bir yüz otuz iki min doqquz yüz otuz iki manat 90 qəpik) manat məbləğndə tender təklifini qəbul etmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən İcraçı, Müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında satın alınan malların 10%-nin (bütün pozisiyalar üzrə) müqavilə imzalandığı tarixdən başlayaraq 15 (on beş) iş günü ərzində, qalan hissəsinin isə il ərzində (sifarişçinin bildirişinə əsasən) sifarişçiyə təhvil verilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən sifarişçi satın alınan mallara dair iradları olmadığı halda, müqavilədə qeyd olunan malların qəbul edilməsini və bundan sonra müqavilənin 9-cu bəndinə müvafiq olaraq köçürmə yolu ilə ödəmələrin aparılmasını öhdəsinə götürmüşdür. Həmin bəndə əsasən sifarişçi hazırkı müqavilə üzrə satınalınan malları hissə-hssə təhvil aldıqdan sonra müvafiq maliyyə sənədləri əsasında ödənişləri 30 (otuz) gün ərzində köçürmə yolu ilə həyata keçirməli idi. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2015-ci il tarixli 89 nömrəli qərarına əsasən yaradılmışdır. Cəmiyyət, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olmaqla, nizamnamə əsasında fəaliyyət göstərir. Sifarişçi adlanan "xxxx" MMC ilə icraçı adlanan İddiaçı MMC arasında bağlanmış sözügedən müqaviləyə əsasən Sifarişçi Müqavilənin ayrılmaz hissəsi sayılan Qiymət Cədvəlinə (Qoşma N1) müvafiq olaraq rəngsaz məmulatları və sərf materiallarının satın alınmasına dair İcraçının ƏDV daxil 132932,90 (bir yüz otuz iki min doqquz yüz otuz iki manat 90 qəpik) manat məbləğində qəbul etmiş olduğu tender təklifinin icrası İcraçı tərəfindən tam və vaxtında həyata keçirilmişdir. Bunu müvafiq tarixli elektron-qaimələr də təsdiq edir. Müqavilə üzrə işləri İddiaçı yerinə yetirmiş, bütün mal və materialları Sifarişçinin anbarına təhvil vermişdir. Bütün bunlara baxmayaraq, müqavilə əsasında mövcud öhdəliklər Sifarişçi tərəfindən qismən icra edilmişdir. Belə ki, tərəflər arasında tərtib olunmuş 31.05.2021-ci il tarixli qarşılıqlı üzləşmə aktına əsasən "xxxx" MMC-nin İddiaçı MMC qarşısında 31.05.2021-ci il tarixə icra edilməmiş qalan öhdəlikləri 62327,36 (altmış iki min üç yüz iyirmi yeddi manat 36 qəpik) manat təşkil edir. Adı çəkilən işlərin görülməsi ilə əlaqədar müvafiq xərc maddələrində nəzərdə tutulmuş maliyyə vəsaitlərinin kifayət qədər olmaması səbəbindən ümumi məbləğin yuxarıda göstərilən qalığının icraçının hesabına köçürülməməsi iddiaçıya bildirilmişdir. Cavabdehdən müqavilə məbləğlərinin ödənilməsi tələb olunsa da, yenə də borc məbləği ödənilməmiş, dəfələrlə edilən şifahi xəbərdarlıqlar müsbət nəticə verməmişdir. Tələb üzrə pretenziya məktubu göndərilsə də, cavabdeh tərəfindən borcun ödənilməsi həyata keçirilməmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin artırılmasına dair” ərizə verərək, 30 noyabr 2018-ci il tarixdə bağlanmış S-11/18-30/02 saylı müqavilə üzrə 1 il 7 aya qədər vaxt ərzində borc tələbi ödənilmədiyi üçün ən az hər il 6,5 faiz olmaqla, icra edilməmiş qalan öhdəliklərin - 62327,36 manatın 6.5x7:12=3.79+6.5=10.29 faiz düsturu qaydasında iddiaçıya dəymiş real zərər olan 6413,48 manat; əldən çıxmış fayda kimi ən az 6413,48 manat; icra edilməmiş qalan 62327,36 manat qalıq borc və 30 manat ödənilmiş dövlət rüsumu, 400 manat mediasiyaya görə xidmət haqqı olmaqla, ümumilikdə 75584,32 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin həcminin artırılmasına dair verilmiş ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsi verilən zaman ilk olaraq mediasiya xərcinin ödənilməsi tələbi yox idi, sonradan bu prosedura müraciət edərkən 400 manat həcmində pul vəsaiti mediatorun hesabına ödənilmiş, bununla bağlı qəbz məhkəməyə təqdim olunmuşdur. Buna görə də iddia məbləğini artırırlar. Həmçinin iddiaçı "xxxx" MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsində “ən az” ifadəsinin texniki səhv kimi qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair ərizədə göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmdan baxılmasını mümkün hesab etdi. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - Sifarişçi qismində "xxxx" MMC ilə icraçı qismində İddiaçı MMC arasında S-11/18- 30/02 saylı, 30.11.2018-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən icraçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında satın alınan malların 10%nin (bütün pozisiyalar üzrə) müqavilə imzalandığı tarixdən başlayaraq 15 (on beş) iş günü ərzində, qalan hissəsinin isə il ərzində (sifarişçinin bildirişinə əsasən) sifarişçiyə təhvil verilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən sifarişçi satın alınan mallara dair iradları olmadığı halda müqavilədə qeyd olunan malların qəbul edilməsini və bundan sonra müqavilənin 9-cu bəndinə müvafiq olaraq köçürmə yolu ilə ödəmələrin aparılmasını öhdəsinə götürmüşdür. Həmin bəndə əsasən sifarişçi hazırkı müqavilə üzrə satınalınan malları hissə-hssə təhvil aldıqdan sonra müvafiq maliyyə sənədləri əsasında ödənişləri 30 (otuz) gün ərzində köçürmə yolu ilə həyata keçirməyi öhdəsinə götürmüşdür. - 30.12.2020-ci il tarixdə tərəflər arasında tərtib edilmiş qarşılıqlı üzləşmə aktından görünür ki, 30.12.2020-ci il tarixə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı MMC-yə ümumi borcu 62327,36 manat təşkil edir. Qeyd edilən üzləşmə aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - 06.11.2020-ci il tarixli, EBAC seriyalı, 167455 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı ASC tərəfindən "xxxx" MMC-yə yola salınmış, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 37978,65 manat (ƏDV daxil) təşkil edir. - 17.10.2019-cu il tarixli, EBAB seriyalı, 335137 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 7083,54 manat (ƏDV daxil) təşkil edir. - 08.10.2019-cu il tarixli, EBAA seriyalı, 935455 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 36484,42 manat (ƏDV daxil) təşkil edir. - 12.09.2019-cu il tarixli, EAAZ seriyalı, 783380 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4380,75 manat (ƏDV daxil) təşkil edir. - 12.07.2019-cг il tarixli, EAAX seriyalı, 113821 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 8040,52 manat (ƏDV daxil) təşkil edir. - 31.05.2019-cu il tarixli, EAAV seriyalı, 208740 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2780,78 (ƏDV daxil) manat təşkil edir. - 15.05.2019-cu il tarixli, EAAU seriyalı, 409454 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 12177,01 manat (ƏDV daxil) təşkil edir. - 12.04.2019-cu il tarixli, EAAS seriyalı, 864275 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2999,91 manat (ƏDV daxil) təşkil edir. - 20.02.2019-cu il tarixli, EAAQ seriyalı, 638094 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3735,88 manat (ƏDV daxil) təşkil edir. - 05.02.2019-cu il tarixli, EAAP seriyalı, 982328 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 12322,74 manat (ƏDV daxil) təşkil edir. - 29.01.2019-cu il tarixli, EAAP seriyalı, 702020 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4700,65 manat (ƏDV daxil) təşkil edir. - İddiaçı MMC tərəfindən cavabdeh "xxxx" MMC-yə ünvanlanmış 05.07.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, borcun həmin tarixdən 5 gün ərzində ödənilməsi təklif edilmiş, borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında S- 11/18-30/02 saylı, 30.11.2018-ci il tarixli müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini nəzərə alaraq hesab edir ki, cavabdeh yuxarıda göstərilən müqavilə öhdəliklərini icra etmədiyindən, iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış 30 noyabr 2018-ci il tarixli, S-11/18-30/02 saylı müqavilənin 9-cu bəndinə əsasən sifarişçi, yəni cavabdeh həmin müqavilə üzrə satınalınan malları hissə-hissə təhvil aldıqdan sonra müvafiq maliyyə sənədləri əsasında ödənişləri 30 (gün) ərzində icraçıya (iddiaçıya) həyata keçirməli idi. Bu məbləğ ƏDV daxil 132932,90 (bir yüz otuz iki min doqquz yüz otuz iki manat 90 qəpik) manat təşkil etmişdir. Həmin məbləğin 62327,36 manat hissəsi satılmış malların ödənilməmiş dəyəridir. Qeyd olunan borcun mövcudluğu üzləşmə aktı və diğər sübutlarla öz təsdiqini tapır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia 62327,36 manat məbləğində borcun cavabdehdən tutulması hissəsində təmin olunmalıdır. İddia tələbinin digər hissəsini cavabdehin müqavilə üzrə öhdəliyi yerinə yetirmədiyinə görə iddiaçıya dəymiş real zərər olan 6413,48 manat və eyni məbləğdə əldə çıxmış faydanın cavabdehdən tutulması təşkil edir. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bu mənada əldən çıxmış fayda ehtimala əsaslanır və zərər vurma olmasaydı, zərər çəkən şəxsin əmlakında bir artımın olacağından əmin olmaq zərurəti yaradır. Bu ehtimalın əsaslılığını sübut etmək vəzifəsi isə idiaçının üzərinə düşür. Hazırkı mübahisədə isə iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona maddi zərər dəyməsini, eləcə də ona dəymiş zərərin məbləğini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 30 noyabr 2018-ci il tarixdə bağlanmış S- 11/18-30/02 saylı müqavilə üzrə ödənilməmiş 62327,36 manat məbləğində əsas borc və 331,80 manat mediasiya xərci olmaqla, cəmi 62659,16 manat məbləğində pul İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 62327,36 manat (altmış iki min üç yüz iyirmi yeddi manat otuz altı qəpik) məbləğində əsas borc, 331,80 manat (üç yüz otuz bir manat səksən qəpik) mediasiya xidmət haqqı olmaqla, cəmi 62659,16 manat (altmış iki min altı yüz əlli doqquz manat on altı qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar