Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4749/2023 25.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X1 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, xidmət haqqı ) Hakimi Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi/vəkili Nümayəndə iştirakı ilə, Cavabdehin nümayəndəsi iştirakı olmadan, İddiaçı X1 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xeyrinə ümumi məbləği 10000 manat olan qalıq borcun, X2 aparılmasına ödənilmiş 100 manat xərcin və hüquqi xidmətin göstəriməsi üçün vəkilə ödənilmiş 320 manatın, cəmi 10420 manat pulun Cavabdeh MMC-dən tutulub ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdi.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, fərdi sahibkar X4 ilə "xxxx" MMC arasında malların alqı-satqısı barədə 05 may 2022 -ci il tarixli 01-220505 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinin tələbinə görə Satıcı Alıcını müqavilənin tərkib hissəsi olan əlavələrdə göstərilən mallarla təchiz etməyi öz öhdəsinə götürür, Alıcı isə sifariş etdiyi malları qəbul edir və dəyərini ödəyir. Müqavilənin 3.1-cü bəndinin tələbinə görə satılacaq malların dəyəri müqaviləyə edilmiş əlavələrə əsasən müəyyənləşdirilir. Müqavilə üzrə ödəmələr müqavilənin şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, İcraçının təqdim etdiyi sənədlər (hesab-faktura, elektron qaiməfaktura, təhvil-qəbul aktları və s.) əsasında mallar təhvil verildikdən 20 bank günü müddətində tam ödəniş ediləcəkdir. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra müqaviləyə əlavə 1№-li qiymət razılaşma protokoluna əsasən alınan 4 ədəd 25 kubluq su çənlərinin ümumi dəyəri 22900 manat müəyyən edilmişdir. Satıcı tərəfindən xx.xx.2022-cü il tarixli təhvil-təslim aktına əsasən 4 ədəd 25 kubluq su çənləri alıcıya təhvil verilmişdir. Bunda sonra alınan malların ümumi dəyəri 22900 manat pul vəsaitinin fərdi sahibkar X1 bank hesabına ödənilməsi barədə satıcı tərəfindən xx.xx.2022-ci il tarixli EBCE seriya № 166879 elektron qaimə "xxxx" MMC-yə göndərilmişdir. Lakin alıcı (cəmiyyət) tərəfindən həmin məbləğdən fərdi sahibkar X1 bank hasabına 12900 manat pul vəsaiti ödənilmişdir. Ötən müddət ərzində "xxxx" MMC tərəfində alınan malların qalığı olaraq yaranmış 10000 manat borc hələ dəfərdi sahibkar X1 bank hesabına ödənilməmişdir. Bununla bağlı dəfələrlə alıcının (cəmiyyətin) əməkdaşları ilə müvafiq danışıqlar aparilsa da müxtəlif səbəb və bəhanələr gətirilərək bocun ödənilməsini bu günədək uzatmaqdadırlar. Nəticədə Alıcı üzərinə götürdüyü öhdəlikləri vaxtı vaxtında və lazımi qaydada yerinə yetirməyərək müqavilənin şərtlərini pozmuşdur. Borcun ödənilməsinin təmin edilməsi məqsədilə satıcı tərəfindən alıcıya xx.xx.2023-ci il tarixdə yazılı müraciət edilməsinə baxmayaraq, heç bir müsbət nəticə verməmiş və cavabdeh tərəfindən borcun ödənilməsi istiqamətində heç bir tədbir görməmişdir. Eyni zamanda müqavilə öhdəliyinin yerinə yetirilməməsi barədə pul tələbinə dair iddiaçı tərəfindən Mediyasiya Şurasına müraciət olunmuşdur. Mediyasiya Şurasının Bakı 16 saylı Mediyasiya təşkilatı tərəfləri ilkin mediyasiya sessiyasında iştirak etməyə dəvət edilsələr də cavabdeh tərəfindən borcun ödənilməsi ilə bağlı heç bir təşəbbüs göstərilməmişdir. Hazırda cavabdehin iddiaçı qarşısında ümumi borc öhdəliyi 10000 manat təşkil edir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın tam təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbləri barədə məlumat verilməmişdir.
5. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. X4 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 01-220505 saylı alqı-satqı müqaviləsinə əsasən:
8. 1.Müqavilənin predmeti
9. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilə ilə satıcı alıcını müqavilənin tərkib hissəsi olan əlavələrdə göstərilən mallarla təchiz etməyi öz öhdəsinə götürü, alıcı isə sifariş etdiyi malları qəbul edir və dəyərini ödəyir.
10. Müqavilənin 1.2-ci bəndinə əsasən sifariş olunacaq malları adları və dəyəri müqaviləyə olan əlavələr ilə müəyyən edilir.
11. Müqavilənin 1.3-cü bəndinə əsasən sifariş olunan mallar alıcıya təhvil-təslim aktına əsasən təhvil verilməlidir.
12. 2.Tərəflərin hüquq və öhdəlikləri
13. Müqavilənin 2.2-ci bəndinə əsasən alıcının öhdəlikləri:
14. Müqavilənin 2.2.1-ci bəndinə əsasən bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə müəyyənləşdirilmiş malları müqavilə şərtlərinə müvafiq qaydada və müddətdə satıcıdan qəbul edərək dəyərini ödəmək:
15. Müqavilənin 2.3-cü bəndinə əsasən satıcının hüquqları:
16. Müqavilənin 2.3.1-ci bəndinə əsasən təqdim etdiyi malların haqqını alıcı tərəfindən ödənilməsini tələb etmək.
17. Müqavilənin 2.4-cü bəndinə əsasən satıcının öhdəlikləri:
18. Müqavilənin 2.4.1-ci bəndinə əsasən müqavilə üzrə müəyyən edilmiş öhdəlikləri vaxtında, keyfiyyətlə və tam formada yerinə yetirir.
19. 3.Müqavilənin qiyməti və ödəniş şərtləri
20. Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə satılacaq malların dəyəri müqaviləyə edilmiş əlavələrlə əsasən müəyyənləşdirilir. Müqavilə üzrə ödəmələr müqavilənin şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, icraçının təqdim etdiyi sənəldər (hesab-faktura, elektron qaimə-faktura, təhvil-qəbul aktları və s.) əsasında, mallar təhvil verildikdən 20 bank günü müddətində tam ödəniş ediləcək.
21. 5.Müqaviləyə əlavə və dəyişikliklərin edilməsi və xitam verilməs şərtləri
22. Müqavilənin 5.3-cü bəndinə əsasən bir tərəf bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə, digər tərəf ona 10 təvqim günü qabaqcadan yazılı xəbərdarlıq göndərərək, müqaviləyə bir tərəfli qaydada xitam verə bilər.
23. X4 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 01-220505 saylı alqı-satqı müqaviləsinə 1 saylı əlavə olan xx.xx.2022-ci il tarixli qiymət razılaşma prokoluna əsasən cavabdehə 4 ədəd 25 m3 22900 manat dəyərində su çəni satılmış və protokol hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
24. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən X4 tərəfindən "xxxx" MMC-yə 4 ədəd 25 m3 22.900 manat dəyərində su çəni təhvil verilmiş və akt hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
25. xx.xx.2022-ci il tarixli, EBCE seriyalı, 166879 saylı elektron qiaməyə əsasən X4 tərəfindən "xxxx" MMC-yə 4 ədəd 25 m3 22.900 manat dəyərində su çəni satılmışdır.
26. xx.xx.2022-ci il tarixli hesabdan çıxarışa əsasən "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixli müqavilə üzrə X3 12.900 manat ödəniş edilmişdir.
27. 25.08.2023-cü il tarixli BD1 saylı ödəniş tapşırığına əsasən X4 tərəfindən 4 saylı Vəkil bürosuna 320 manat məbləğində hüquqi yardıma görə xidmət haqqı ödənilmişdir.
28. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
30. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
31. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
32. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.
33. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
34. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
35. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər
36. Tərəflər arasında xx.xx.2022-ci il tarixli, 01-220505 saylı alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilə ilə satıcı alıcını müqavilənin tərkib hissəsi olan əlavələrdə göstərilən mallarla təchiz etməyi öz öhdəsinə götürmüş, alıcı isə sifariş etdiyi malları qəbul etməyi və dəyərini ödəməyi və müqavilənin 1.2-ci bəndinə əsasən sifariş olunacaq malların adları və dəyəri müqaviləyə olan əlavələr ilə müəyyən edilir. Bundan başqa müqavilənin 1.3-cü bəndinə əsasən sifariş olunan mallar alıcıya təhvil-təslim aktına əsasən təhvil verilməlidir.
37. Qeyd olunan müqavilənin müddəalarından da göründüyü kimi satıcı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş və xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən də malları cavabdeh/alıcıya təhvil vermiş, o cümlədən cavabdeh tərəfindən həmin müqavilə üzrə xx.xx.2022-ci il tarixdə müəyyən ödənişi də həyata keçirmişdir.
38. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan 10000 manat məbləğdə əsas borc təqdim olunmuş sübutlarla – elektron qaimə və təhvil-təslim aktı ilə öz təsdiqini tapdığı üçün, iddia tələbi təmin edilməlidr.
39. İş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən ilkin mediasiya sesiyasının keçirilməsi ilə bağlı 100 manat ödəniş edilmişdir.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
41. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1- 1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.
42. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
43. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə iddiaçı tərəfindən iş materiallarına hesabdan çıxarış əlavə edildiyindən cavabdehdən 320 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir.
V. Nəticə:
44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən 05 may 2022-ci il tarixli 01-220505 saylı alqı-satqı müqaviləsi üzrə 10.000 manat (on min) borc məbləği, mediasiya xərcinin əvəzi olaraq 100 (yüz) manat və hüquqi xidmətin göstəriməsi üçün vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat, cəmi 10420 (on min dörd yüz iyirmi) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X3 ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova