Məhkəmə qərarları › İş №e-2-2(113)-4752/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4752/2023

16.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4752/2023 16.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mehdiyeva Hafizə Etibar qızının katibliyi, İddiaçı "PTS Servis” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X1 oglunun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı 22 iyun 2022-ci il tarixli “Avtonəqliyyat və xüsusi təyinatlı texnika vasitələrinə ehtiyyat hissələri satışı və servis xidmətlərinin göstərilməsi” haqqında 28 saylı müqaviləyə əsasən malların dəyəri olan 8.571,99 manat əsas vəsaitin, 11.743,62 manat cərimə məbləğində (ümumilikdə 20.315,61 manat) pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdehə qarşı 22 iyun 2022-ci il tarixli “Avtonəqliyyat və xüsusi təyinatlı texnika vasitələrinə ehtiyyat hissələri satışı və servis xidmətlərinin göstərilməsi” haqqında 28 saylı müqaviləyə əsasən malların dəyəri olan 8.571,99 manat əsas vəsaitin, 11.743,62 manat cərimə məbləğində (ümumilikdə 20.315,61 manat) pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 22 iyun 2022-ci il tarixl “Avtonəqliyyat və xüsusi təyinatlı texnika vasitələrinə ehtiyyat hissələri satışı və servis xidmətlərinin göstərilməsi” haqqında 28 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, Hidravlika, Transmissiya, Mühərrik və Antifiriz (yağları) və s. məhsulları ilə bağlı cəmi 8571.99 manat mal satılmışdır. Qeyd edilən mallar iddiaçı tərəfindən təhvil verilmiş və dəyərinin ödənilməsi üçün müvafiq hesab fakturalar göndərilmişdir. Bundan sonra dəfələrlə Cavabdeh MMC -nın vəzifəli şəxsləri ilə danışılıb borcun ödənilməsi istənilsədə hər dəfəsində borcun ödənilməsi üçün gah vaxt istənilmiş, gah da pul vəsaiti alacaqlarını və bundan sonra dərhal ödəyəcəyini bildirmiş, lakin cavabdeh bu günədək hələdə öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh tərəfə borcların ödənilməsi ilə bağlı rəsmi müraciətlər etsələr də bu müraciətlərə cavab da verməmiş, həmçinin öz etirazını da bildirməmişdir. Odur ki, Cavabdeh MMC müqavilə üzrə əsas pul vəsaitinin və öhdəliyin geçikdirilməsi üçün müqavilə üzrə nəzərdə tutulmuş cərimə məbləğinin tələb edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh MMC (“Sifarişçi”) ilə İddiaçı MMC (“İcraçı”) arasında 22 iyun 2022-ci il tarixli “Avtonəqliyyat və xüsusi təyinatlı texnika vasitələrinə ehtiyyat hissələri satışı və servis xidmətlərinin göstərilməsi” haqqında 28 saylı müqavilənin 4.4 bəndinə görə, “Xidmət haqqı elektron qaimə təqdim edildikdən sonraki10 təqvim günü ərzində ödənilməlidir”. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli 570 nömrəli hesab fakturaya və eyni tarixli 512583 nömrəli elektron qaiməyə əsasən cavabdehə “Hidravika” yağı, “Transmissiya” yağı və “Mühərik” yağı olmaqla ümumilikdə 7004.48 manat dəyərində mal verilmişdir. Daha sonra xx.xx.2022-ci il tarixli 623 nömrəli hesab fakturaya əsasən və eyni tarixli 367432 nömrəli elektron qaimə əsasında “Antifiriz” olmaqla 1567.51 manat dəyərində mal verilmişdir. Göründüyü kimi tərəfə müvafiq fakturalar göndərilməklə cavabdeh müəssisəyə mal verilsə də, cavabdeh bu günədək malların dəyərini ödəməmişdir. Malların dəyərinin ödənilməsi ilə bağlı danışıqlar da nəticə verməmişdir. Odur ki, qeyd edilən 8.571,99 manat malın dəyəri kimi əsas vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh bu müqavilə üzrə öhdəliyini 28 noyabr 2022-ci il tarixədək yerinə yetirməli idi. Beləliklə , xx.xx.2022-ci ildən 01 sentyabr 2023-cü il tarixədək 8.571,99 manat əsas vəsaitin hər gecikmiş gününə görə 0,5% məbləğində pul vəsaiti ödənilməsi müqavilədən irəli gələn öhdəlikdir. Odur ki, cavabdehdən 8.571,99 qəpik əsas vəsaitin geçikmiş (01 dekabr 2022-ci ildən 01 dekabr 2023-cü ilədək) 274 günə görə hər gün üçün 0,5 faizi olmaqla 11.743.62 manat həçmində cərimə həcmində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 oglu iddia ərizəsinə etiraz edərək izahatında bildirmişdir ki, Cavabdeh MMC-nin rəhbəri türk əsilli vətəndaşdır və Qarabağ zonasında fəaliyyət göstərirlər. Cavabdehin həqiqətən də iddiaçı ilə həmişə mal alqı-satqıları olub və ödənişləri vaxtında eləmişlər. X2 MMC-nin rəhbərliyi Türkiyədən özünə başqa bir nümayəndə gətirmiş və onlar burda Simirna MMC adı altında şirkət açıb iş görməyə başlamışlar. "xxxx" MMC-nin rəhbəri Harun Yəhya Cavabdeh MMC-nin direktorunun etibarından sui-istifadə edərək onun tanışları ilə iş görməyə başlamışdır. Bunlardan biri də İddiaçı MMC-dir. "xxxx" MMC-nin rəhbəri Harun Yəhya bu şirkətin direktoru ilə şifahi olaraq danışıq əsasında həmin qeyd olunan malları götürüb. Daha sonra məlum oldu ki, mallar gecikir, cavabdeh onlara məlumat verdi ki, bu şirkətin nümayəndələri ortada yoxdur, qaçıb gediblər. İddiaçı tərəf bu zaman dərhal götürüb həmin malları qiymətinə uyğun e-qaimələr vurmuşlar. Cavabdeh də, iddiaçıya bildirmişdir ki, bu malları cavabdeh götürməmişdir. Aralarında təhvil-təslim aktı yoxdur. Hər bir müqavilənin arxasında qiymətlərin razılaşdırılması protoklu da olmalıdır. Lakin iddiaçı tərəfin təqdim etdiyi müqavilənin sonunda belə bir razılaşma yoxdur. İddiaçının qeyd etdiyi e-qaimələr sonradan təqdim edilib lakin malın nə zaman verildiyi bilinmir. İddiaçı tərəf sadəcə e-sistemə vurulan e-qaimə əsasında cavabdehin malları götürdüyünü lakin ödəniş etmədiyini vurğulayır. Mallar cavabdehə ümumiyyətlə verilməyib. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

7. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

8. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. İşin müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 22 iyun 2022-ci il tarixl “Avtonəqliyyat və xüsusi təyinatlı texnika vasitələrinə ehtiyyat hissələri satışı və servis xidmətlərinin göstərilməsi” haqqında 28 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı cavabdehə Hidravlika, Transmissiya, Mühərrik və Antifiriz (yağları) və s. məhsulları ilə bağlı cəmi 8571.99 manat mal satılmışdır.

10. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır.

11. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə olunmuş müqavilənin, hesab fakturaların və elektron qaimələrin müqayisəli təhlilindən görünür ki, iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir. Belə olan halda isə bu, iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

12. Yuxarıda qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia ödənilməmiş borcun tələb edilməsi hissəsində əsaslıdır və iddia göstərilən hissədə təmin edilməlidir.

13. Məhkəmə həmçinin hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində də, iddia əsaslıdır.

14. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 6.1-ci bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən “Alıcı” malın dəyərini müqavilədə göstərilən müddətdə, icra olunmayan öhdəliklərə görə qaimə fakturada göstərilən əsas məbləgin hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 0,5 % həcmində “Satıcı”ya cərimə ödəyir.

15. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

16. Məhkəmə hesab edir ki, tələb olunan dəbbə pulu məbləği yaranmış borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 400 manat həddində müəyyən edilməklə cavabdehdən tutulmalıdır.

17. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 22 iyun 2022-ci il tarixli 28 saylı “Avtonəqliyyat və xüsusi təyinatlı texnika vasitələrinə ehtiyyat hissələri satışı və servis xidmətlərinin göstərilməsi” haqqında müqaviləyə əsasən 8571,99 manat əsas borc, 400 manat cərimə, cəmi 8971,99 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir.

VI. Nəticə:

18. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. 22 iyun 2022-ci il tarixli 28 saylı “Avtonəqliyyat və xüsusi təyinatlı texnika vasitələrinə ehtiyyat hissələri satışı və servis xidmətlərinin göstərilməsi” haqqında müqaviləyə əsasən 8571,99 manat əsas borc, 400 manat cərimə, cəmi 8971,99 manat Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar