Məhkəmə qərarları › İş №e-2-2(113)-476/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-476/2024

31.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-476/2024 31.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) Cavabdeh1 və X3 qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: Lizinq müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) Cavabdeh1 qarşı “nəqliyyat vasitəsinin təhvil verilməsi və borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (ləğv prosesindədir) Cavabdeh1 qarşı iddia və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 20.920.36 (iyirmi min doqquz yüz iyirmi manat 36 qəpik) manat əsas, 12.045.10 (on iki min qırx beş manat 10 qəpik) manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 724.59 (yeddi yüz iyirmi dörd manat 59 qəpik) manatfaiz borcu və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 202 (iki yüz iki) manat mediasiya dair xərcinin, iş üzrə ödənilmiş 152.78 (yüz əlli iki manat 78 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada tutulmasına, Cavabdeh1 sahiblik və istifadəsinə verilmiş “BMW” minik markalı (Tip sedan, Ban: WBSGZ01000L587309, rəngi ağ, buraxılış ili 2011-ci il) **- PB-*** dövlət qeydiyyat nişanlı olan avtomobilin tam işlək vəziyyətdə ləğv prosesində olan İddiaçı ASC-yə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Azadlıq filialı ilə Cavabdeh1 arasında 24 oktyabr 2019-cu il tarixli 260/LA nömrəli X8 Müqaviləsi bağlanaraq İddiaçı ASC Lizinq alanın sifariş etdiyi və həmin Lizinq Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində göstərilən əmlakı, yəni “BMW” minik markalı (Tip sedan, Ban: WBSGZ01000L587309, rəngi ağ, buraxılış ili 2011-ci il) **-PB-*** dövlət qeydiyyat nişanlı olan avtomobili (bundan sonra lizinq obyekti) öz mülkiyyətinə əldə edilməsini və muzdla Lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. Lizinq Müqaviləsinin ümumi məbləği 37.570 (otuz yeddi min beş yüz yetmiş) manat, o cümlədən lizinq obyektinin qiyməti 60.000 (altmış min) manat təşkil etmişdir. Lizinq obyekti Lizinq alana 36 (otuz altı) ay müddətinə lizinq ödənişi illik 24 (iyirmi dörd) faiz olmaqla lizinqə verilmişdir. Kredit müqaviləsinin 4.1-ci bəndlərinə əsasən lizinq alan bu müqavilə üzrə lizinq ödənişlərinin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, müqavilə üzrə əsas borcun, faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh1 xx.xx.2023-cü il tarixə kredit üzrə cəmi borcu 33.690.05 (otuz üç min altı yüz doxsan manat 05 qəpik) manat təşkil edir. Bundan 20.920.36 (iyirmi min doqquz yüz iyirmi manat 36 qəpik) manat əsas, 12.045.10 (on iki min qırx beş manat 10 qəpik) manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenumqərarına əsasən hesablanmış 724.59 (yeddi yüz iyirmi dörd manat 59 qəpik) manat faiz borcu təşkil edir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.

4. Cavabdehlərə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Məhkəmə qeyd edir ki, lizinq ödənişləri üzrə yaranmış borcun ödənilməsi tələbinin qanuni əsasını Mülki Məcəllənin 747.1, 748-1.12, 748-1.12.4-cü maddələri təşkil edir.

9. Həmin maddələrdə göstərilmişdir ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur (maddə 747.1).

10. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (maddə 748-1.12. və 748-1.12.4)

11. Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. (748-2.5)

12. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir.

13. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

14. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

15. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (ləğv prosesindədir) ilə Cavabdeh1 arasında 24 oktyabr 2019-cu il tarixli 260/LA nömrəli X8 Müqaviləsi, müqaviləyə 01 saylı Əlavə bağlanmışdır.

16. Lizinq müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqavilənin şətlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində göstərilən əmlakı BMW X6 minik markalı, X9, WBSGZ01000L587309 rəngi ağ, buraxılış ili 2011 olan avtomobilini öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürür.

17. Həmin müqavilənin 1.5-ci bəndinə əsasən bu lizinq müqaviləsinin ümumi məbləği 37.570 manat, o cümlədən avadanlığın dəyəri 60.000 manat, lizinq mükafatı 0 manatdır.

18. Müqavilənin 1.6-cı bəndinə əsasən lizinq obyekti lizinqalana 36 ay müddətinə lizinq ödənişi illik 24% olmaqla lizinqə verilir. Lizinq alanın lizinq ödənişlərini həyata keçirmək vəzifəsi bu müqavilə imzalandığı gündən yaranır.

19. Müqavilə və əlavə tərəflərin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq olunmuşdur.

20. İş materiallarına əlavə olunmuş, hər iki tərəfin imzası ilə təsdiq olunmuş xx.xx.2019-cu il tarixli lizinq obyektinin təkrar təhvil-təslim aktından görünür ki, lizinq müqaviləsi üzrə ümumi dəyəri 60.000 manat olan BMW X6 minik markalı, X9, WBSGZ01000L587309 rəngi ağ, buraxılış ili 2011 olan avtomobil Cavabdeh1 təhvil verilmişdir.

21. İşin digər müəyyən olunmuş halı ondan ibarətdir ki, ümumi dəyəri 60.000 manat olan lizinq obyektinin dəyərindən 22.430 manat məbləğində ilkin ödəniş edilmiş və müqavilə üzrə verilən lizinq məbləği 37.570 manat təşkil etmişdir.

22. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış lizinq müqaviləsindən irəli gəlir.

23. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun lizinq borcunu ödəmək vəzifəsi yaranmışdır.

24. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-476/2024 saylı qərardadı ilə, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli lizinq müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə (müqavilənin müddətinin bitdiyi tarix) əsas və lizinq müqaviləsinin 1.6-cı bəndinə əsasən mükafat (“faiz”) borcunun, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli lizinq müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə (maliyyə arayışı üzrə borcun hesablandığı tarix) əsas borca illik 5 % hesablanmaqla borcun nə qədər təşkil etdiyinin müəyyən olunması məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

25. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/546 nömrəli rəyinə əsasən Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (ləğv prosesindədir) xx.xx.2022-ci il tarixə əsas borc üzrə 21.541,54 manat, faiz borcu üzrə 13.255,58 manat, xx.xx.2023-cü il tarixə illik 5%-lə hesablanmaqla əsas borc üzrə 21.541,54 manat, faiz borcu üzrə 13.255,58 manat, 5%-lə hesablanmış faiz borcu 744,98 manat təşkil edir.

26. İş materiallarına əlavə edilmiş edilmiş 18 iyul 2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixə Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (ləğv prosesindədir) əsas borc üzrə 20.920,36 manat, mükafat borcu üzrə 12.045.10 manat, əsas borca illik 5% hesablanmaqla 724,59 manat olmaqla, cəmi 33.690,05 manat borcu vardır.

27. Hazırda da, iddiaçı, lizinq müqaviləsinə əsasən əsas borc üzrə 20.920,36 manat, mükafat borcu üzrə 12.045.10 manat, əsas borca illik 5% hesablanmaqla 724,59 manat olmaqla, cəmi 33.690,05 manat borcu tələb edir.

28. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışın təhlilindən görünür ki, cavabdeh tərəfindən ümumilikdə, 03 iyul 2023-cü il tarixədək 23.445 manat məbləğində ödəniş aparılmış, həmin məbləğin 16.028.46 manatı əsas borca, 7.416,54 manatı isə mükafat borcuna silinmişdir.

29. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsas, mükafat, faiz borcunun tələb edilməsi hissəsində təmin edilməli, əsas borc üzrə 20.920,36 manat, mükafat borcu üzrə 12.045,10 manat, əsas borca illik 5% hesablanmaqla 724,59 manat olmaqla, cəmi 33.690,05 manat məbləğində pul Cavabdeh1 tutularaq iddiaçıya ödənməlidir.

30. Məhkəmə həmçinin hesab edir ki, X5 müqavilə tərəfi olmadığından iddia X3 münasibətdə təmin edilə bilməz.

31. Bundan başqa, məhkəmə hesab edir ki, iddia “BMW” minik markalı (Tip sedan, Ban: WBSGZ01000L587309, rəngi ağ, buraxılış ili 2011-ci il) **-PB-*** dövlət qeydiyyat nişanlı olan avtomobilin tam işlək vəziyyətdə ləğv prosesində olan İddiaçı ASC-yə qaytarılması hissəsində təmin edilməməlidir.

32. Məhkəmə qeyd edir ki, iddianın qeyd edilən hissəsinə qiymət verilməsi üçün lizinq müqaviləsinin təbiəti və mahiyyəti nəzərdən keçirilməlidir.

33. Lizinq müqaviləsinin anlayışına nəzər yetirildikdə aydın olur ki, lizinq müqaviləsi icarə və alqı-satqı müqaviləsinin elementlərini özündə əks etdirən bir müqavilədir.

34. Lizinq münasibətlərinin inkişaf etdirilməsinin əsas məqsədi lizinq alanın maliyyə durumunun yaxşılaşdırılması, sahibkarlığın təşviq edilməsi, kənd təsərrüfatı mallarının istehsalçılarının maddi və texniki bazasının möhkəmləndirilməsi və yenilənməsi, sahibkarlığı maliyyələşdirmə vasitəsi kimi lizinqdən geniş istifadə edilməsinin həvəsləndirilməsi, ümumilikdə ölkədə rifahın yaxşılaşdırılması və sairdir (“Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2017-ci il 12 yanvar tarixli Qərar).

35. Lizinq alan üçün lizinqin cəlbediciliyi məhz lizinq obyektindən gəlir əldə etməklə lizinqin sonunda həmin obyektin onun mülkiyyətinə keçməsi ola bilər və tərəflərin iradə ifadələrinə uyğun olaraq həmin şərt müqavilədə göstərilə bilər...... Satın alma şərtləşdirildiyi halda (bir qayda olaraq lizinqin cəlbediciliyi bu şərtə görə mövcud olur) həmin əşya sonda lizinq alana satılır. Lizinq müqaviləsi lizinq verənin öz əmlakından daha yüksək dəyər əldə etməsinə, lizinq alanın isə aylıq haqq ödənişi müqabilində həmin əmlakdan faydalanmasına (gəlir götürməsinə, yaxud götürmədən istifadə etməsinə) imkan yaradır...... (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 28 dekabr 2020-ci il tarixli qərar)

36. Göründüyü kimi, lizinq müqaviləsi geniş tətbiq olunan maliyyələşdirmə aləti olmaqla bazar və mülki dövriyyənin çevikliyini yüksək dərəcədə artırmaq, sahibkarlığın inkişafi və s. bu kimi nəticələrə nail olmaq üçün nəzərdə tutulmuşdur.

37. Ancaq hazırkı halda, iddiaçı tərəfin lizinq müqaviləsi üzrə lizinq məbləğini tam tələb etməklə yanaşı eyni zamanda da, verilmiş 01 ədəd lizinq obyektinin geri qaytarılması tələbi nə qanunun mahiyyəti uyğun deyil, nə də, yuxarıda qeyd edilmiş məqsədlərə nail olmağa yönəlməmişdir.

38. Əksinə, bu kimi, hallar fiziki və hüquqi şəxslər tərəfindən lizinq müqaviləsinin bağlanmasından ehtiyyatlılıq yaratmış olacaqdır və bu da, öz növbəsində bir növ lizinq müqaviləsinin əsl məqsədlərinə nail olmağı mümkünsüz etmiş olacaqdır.

39. Eyni zamanda, iddia ərizəsi və tərəflər arasında bağlanmış lizinq müqaviləsinin ödəniş qrafikinə nəzər yetirildikdikdə aydın olur ki, iddiaçı tərəf lizinq məbləğini tam tələb etmişdir.

40. Ona görə də, məhkəmə qeyd edir ki, iddia lizinq obyektinin geri tələb edilməsi hissəsində təmin edilə bilməz.

41. Bundan başqa, məhkəmə qeyd edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir.

42. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən 200 manat məbləğində pul Bakı 12 saylı Mediasiya Təşkilatına ödənmişdir.

43. Məhkəmə həmçinin qeyd edir ki, işdən də, göründüyü kimi Məhkəməmühasibatlıq Ekspertizasının keçirilməsi xərci 150 manat təşkil edir. Ona görə də, 150 manat məbləğində Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənməlidir.

44. Məhkəmə qeyd edir ki, iddia dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 152.78 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

45. Məhkəmə iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilməli olan dövlət rüsumunun məbləğinin 191,07 manat təşkil etdiyini, həmin məbləğin də mediasiyaya çəkilmiş xərclə tam əhatə olunduğunu nəzərə alaraq hesab edir ki, iddia dövlət rüsumunun tələb edilməsi hissəsində təmin edilə bilməz.

46. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

47. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən əsas borc üzrə 20.920 (iyirmi min doqquz yüz iyirmi) manat, 36 (otuz altı) qəpik, mükafat borcu üzrə 12.045 (on iki min qırx beş) manat, 10 (on) qəpik olmaqla, cəmi 32.965 (otuz iki min doqquz yüz altmış beş) manat, 46 (qırx altı) qəpik məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (ləğv prosesindədir) ödənilsin. Əsas borca illik 5% hesablanmaqla 724 (yeddi yüz iyirmi dörd) manat, 59 (əlli doqquz) qəpik məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (ləğv prosesindədir) ödənilsin. Mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (ləğv prosesindədir) ödənilsin. Ekspetiza xərcinin əvəzi olaraq 150 (bir yüz əlli) manat məbləğində pul Cavabdeh1 tutularaq AZ41NABZ**********0000003944 hesabı üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar