Məhkəmə qərarları › İş №e-2-2(113)-4761/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4761/2023

24.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4761/2023 24.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı xx.xx.2021-ci il tarixli, Az-138/11/21 saylı müqavilə üzrə pulun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən müqavilə üzrə 25.248,62 manatın, 946,80 manat faizin, 5.918,44 manat (1.136,16 manat və 4.782,28 manat olmaqla) maddi ziyanın, 200 manat mediasiya xərcinin və hüquqi yardıma görə ödənilmiş 300 manat xərcin İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixliAz-138/11-21 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı MMC müvafiq (elektronika) mallarını alıcı Cavabdeh MMC-nin mülkiyyətinə vermək, alıcı isə, malı qəbul edib onun dəyərini satıcıya ödəmək barədə öhdəlik götürmüşdür. Müqavilənin şərtlərinə uyğun olaraq alıcı malı elektron qaimə və təhvil-təslim aktı əsasında satıcıdan qəbul edir və müqavilə malın keyfiyyətini yoxladıqdan sonra onun dəyərini satıcıya ödəməlidir. İddiaçı müqavilə üzrə öz öhdəliklərini yerinə yetirmişdir. O, ümumilikdə 83.995,83 manat (ƏDV daxil) dəyərində elektronika məhsullarını müxtəlif vaxtlarda cavabdehə çatdırmış, cavabdeh də həmin malları təhvil almışdır. Qeyd edilən məbləğin 58.747,21 manatı (yəni 46.935,16 manat malın dəyəri və 11.812,05 manat ƏDV) cavabdeh tərəfindən ödənilmişdir. Lakin cavabdeh 25.248,62 manat (yəni 24.247,84 manat mal dəyəri və 1.000,78 manat ƏDV) olan öhdəliyini yerinə yetirməmişdir. İddia ərizəsinə əlavə edilmiş təhvil-qəbul aktlarından da görünür ki, mallar iddiaçı tərəfindən cavabdeh şirkətə təhvil verilmişdir. Dəfələrlə yazılı və şifahı olaraq cavabdehdən öhdəliklərini yerinə yetirməsi, borcunu ödəməsi tələb edilmişdir. Lakin bunun müsbət nəticəsi olmamışdır. Eyni zamanda, nəzərə alaraq ki, cavabdeh 9 aydır ki, müqavilədən irəli gələn öhdəliyinin icrasını gecikdirmişdir, hesab edirlər ki, qeyd edilən məbləğdən əlavə Cavabdeh İddiaçıya AR Mülki Məcəlləsinin 445.7.-ci maddəsinə əsasən həmin məbləğin illik 5%-i həcmində, yəni 946,80 manat məbləğində faiz ödəməlidir. 25.248,62 manat pul məbləği 5 faizlə illik 1.262,40 manat edir, həmin məbləği 12 aya böldükdə hər aya 105,20 manat düşür. 946,80 manat məbləğ 9 ay üçün (105,20x9=946,80) hesablanmışdır. Bundan başqa iddiaçı sahibkarlıq fəaliyyəti ilə əlaqədar olaraq "xxxx" ASC-dən illik 12 % (faiz) olmaqla 3 ay müddətinə 112640 manat kredit götürmüşdür. Cavabdeh pul borcunu vaxtında ödəmədiyinə görə, götürülən məbləğ normaldan daha çox 25.248,62 manat daha çox götürülmüşdür. Cavabdeh öhdəlikləri icra etmiş olsaydı, kredit məbləği 25.248,62 manat az götürülərdi. 25.248,62 manatın illik 12 %-i 3.029,83 manat edir. Həmin məbləği 12 aya böldükdə hər aya 252,48 manat düşür. Kreditin müddəti 3 aylıq olduğundan iddiaçı 757,44 manat faiz ödəmək məcburiyyətində qalmışdır. Eyni zamanda krediti götürərkən ona görə 1.5% miqdarında komissiya ödəmişdir. 25.248,62 manatın 1,5 %-i 378,72 manat edir. Başqa sözlə iddiaçı 757,44 manat faiz və 378,72 manat komissiya ödəmiş, 1.136,16 manat maddi ziyana uğramışdır. Bundan savayı cavabdeh tərəfindən ödənişlərin vaxtında edilməməsi və cavabdehin ödəniş etməklə bağlı verdiyi vədlərə əməl etməməsi səbəbindən iddiaçı tərəfindən gətirilmiş mallar gömrükdə saxlama kamerasında saxlanılmışdır. Nəticədə malların artıq müddətdə saxlanması ilə əlaqədar olaraq 4.782,28 manat əlavə saxlama xərci iddiaçı tərəfindən ödənilmişdir. Yəni iddiaçı həmin məbləğdə də maddi ziyana dəymişdir. Hazırki mübahisənin məhkəmədən kənar qaydada həlledilməsi üçün cavabdehə pretenziya göndərilmiş, lakin bunun müsbət nəticəsi olmamışdır. Qanunvericiliyə uyğun olaraq mediasiya prosesinə müraciət edilmiş, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, bu barədə xx.xx.2023-cü il tarixli arayış verilmişdir. Mediasiya xərci olaraq iddiaçı tərəf 200 manat ödəmişdir. Qeyd edilənlərlə yanaşı onu da bildirməlidirlər ki, iddiaçı hüquqi prosedurun aparılması və məhkəmədə onun hüquqlarının müdafiəsi məqsədi ilə 300 manat dəyərində hüquqi yardım müqaviləsi bağlamış və ödəniş etmişdir. xx.xx.2023-cü il tarixdə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddiaya qarşı etiraz verərək, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və etirazında qeyd etmişdir ki, İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Az-138/11-21 nömrəli alqı-satqı müqaviləsi üzrə cavabdehin borcu yoxdur. İddiaçı tərəfindən cavabdehə rəsmi şəkildə təhvil verilmiş malların dəyəri tam şəkildə ödənilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən təqdim olunmuş malların təhvil qəbul aktlarının bir çoxunda cavabdehin möhürü yoxdur və eyni zamanda cavabdehin səlahiyyətli şəxsi tərəfindən imzalanmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə iddia tələbini qismən qəbul edərək, izahatında əsas borcun tələb edilən həcmdə olduğunu, lakin tələb edilən cəriməni qəbul etmədiyini bildirmişdir. Məhkəmə iclasının yeri və tarixi barədə məlumat verilməsinə baxmayaraq cavabdeh iclasda iştirak etməmişdir, lakin nümayəndəsi və vəkili ərizə ilə müraciət edərək, icraatında olan digər məhkəmə işləri ilə əlaqədar olaraq üzrlü səbəbdən məhkəmə baxışında iştirak edə bilməyəcəyini, qeyd olunanları nəzərə alaraq məhkəmə baxışının iştirakları olmadan keçirilməsini və iddia tələbinin rədd olunması barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 02 noyabr 2021-ci il tarixli, Az- 138/11-21 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən satıcı müqavilənin ayrılmaz hissəsini təşkil edən 1 saylı Əlavədə müəyyən olunmuş təsvirə, qiymətə və çatdırılma şərtlərinə (bundan sonra "1 saylı Əlavə" adlandırılacaq) uyğun olaraq müvafiq malı (bundan sonra “Mal" adlandırılacaq) Alıcının mülkiyyətinə verməyi, alıcı isə, razılaşdırılmış qaydada və müddətdə Malı qəbul edib onun dəyərini satıcıya ödəmək barədə öhdəlik götürür. 1.2-ci bəndinə əsasən malın adı, təsviri, miqdarı, qiyməti və digər göstəriciləri tərəflərin qarşılıqlı şəkildə təsdiqlədikləri 1 saylı Əlavədə əksini tapır. Bu Müqavilə 1 saylı Əlavə imzalanmadığı təqdirdə etibarsız, hesab edilir. 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə ödənişlər müqavilənin ayrılmaz tərkib hissəsi olan “1 saylı Əlavə"yə əsasən tənzimlənir. Mallar elektron qaimə və təhvil-qəbul aktı vasitəsilə təqdim edilir və təqdim edilmə tarixi həmin tarix sayılır. 4.2.2-ci bəndinə əsasən bu müqavilə üzrə malın keyfiyyətini yoxladıqdan sonra onun dəyərini Müqavilədə və 1 saylı Əlavədə müəyyən edilmiş müddətdə və məbləğdə satıcıya ödəmək alıcının vəzifəsidir. 4.3.1-ci bəndinə əsasən bu müqavilə üzrə alınması nəzərdə tutulan malın razılaşdırılmış qiymətinin alıcı tərəfindən ödənilməsini tələb etmək satıcının hüququdur. 9.1-ci bəndinə əsasən hazırkı müqavilə tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalandığı və möhürləndiyi tarixdən etibarən qüvvəyə minir və tərəflərin bu Müqavilə üzrə öhdəliklərinin tam şəkildə yerinə yetirdiyi anadək qüvvəsini saxlamaq şərti ilə 1 (bir) il müddətinə bağlanılır. Müddətin tamamında tərəflərdən biri digərinə yazılı şəkildə müraciət etməzsə, müqavilə eyni müddətə avtomatik olaraq uzadılmış sayılır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 02 noyabr 2021-ci il tarixli, Az-138/11-21 nömrəli alqı-satqı müqaviləsinə əlavə olan qiymət razılaşma protokollarına, elektron qaimələr və malların təhvil-qəbul aktlarına əsasən müəyyən olunur ki, tərəflər sözügedən müqavilədə nəzərdə tutulan malların növü, ölçüsü, miqdarı və qiyməti barədə razılaşmışlar, razılaşdırılmış ümumilikdə 83.995,83 manat məbləğində mallar (komputer, komputer avadanlıqları və s.) noyabr 2021-ci il - iyul 2022-ci illəri əhatə edən dövrlərdə İddiaçı tərəfindən Cavabdeh MMC-yə təhvil verilmiş və sözügedən məbləğdə malların verilməsinə dair elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı tərəfindən Cavabdeh MMC-yə göndərilmişdir Qiymət razılaşma protokolları hər iki tərəfin imzası və möhürü ilə, malların təhvil-qəbul aktları isə hər iki tərəfin imzası və təhvil verənin möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC (müştəri) tərəfindən "xxxx" ASC-yə (banka) DC00111862-04 saylı xx.xx.2023-cü il tarixli maliyyələşdirmə üçün ərizə təqdim edilmişdir. Həmin ərizənin şərtlərinə əsasən (kredit əməliyyatı üzrə) müştəri İddiaçı MMC-yə illlik 12%-lə xx.xx.2023cü il tarixədək müddətə 112.640 manat məbləğində birdəfəlik kredit verilmişdir. Kreditə illik 15%, kreditin müddəti bitdikdən sonra illik 27% cərimə faizi tətbiq edilir. "xxxx" MMC-nin “GHC” filialının müştəri xidmətləri şöbəsinin sentyabr 2022-ci il – iyul 2023-cü il dövrləri əhatə edən gömrük-idxal (yüklərin saxlanma) sənədlərindən görünür ki, malların saxlanma kamerasında saxlanma haqqı ümumilikdə 8.656,57 manat təşkil etmişdir. İddiaçı tərəfindən Cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixli pretenziya məktubu ünvanlayaraq 3 gün müddətində borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh MMC arasında 02 noyabr 2021-ci il tarixli, Az-138/11-21 nömrəli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək 83.995,83 manat məbləğində malları cavabdehə təqdim etmişdir. Cavabdeh isə iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda İddiaçı qeyd edilən müqavilə üzrə 25.248,62 manat məbləğində əsas borcun, 946,80 manat faiz borcunun, eləcə də 5.918,44 manat (1.136,16 manat və 4.782,28 manat olmaqla) məbləğində maddi zərərin Cavabdeh MMC-dən tutulmasını tələb edir. xx.xx.2023-cü il tarixdə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddiaya qarşı etiraz verərək, İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Az- 138/11-21 nömrəli alqı-satqı müqaviləsi üzrə cavabdehin borcunun olmadığını, iddiaçı tərəfindən cavabdehə rəsmi şəkildə təhvil verilmiş malların dəyərinin tam şəkildə ödənildiyini, eləcə də iş materiallarında olan iddiaçı tərəfindəm təqdim olunmuş "malların təhvil qəbul" aktlarının bir çoxunda cavabdehin möhürünün olmadığını və eyni zamanda cavabdehin səlahiyyətli şəxsi tərəfindən imzalanmadığını qeyd etmişdir. Birincisi, Cavabdeh MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə məhkəmə iclasında verdiyi izahatda mübahisəli müqavilə üzrə cavabdehə əsas borcunun iddia ərizəsində qeyd edilən həcmdə olmasını etiraf etmişdir. MPM-in 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Cavabdehin nümayəndəsi və vəkilinin iddiaya etirazının əsası kimi istinad etdiyi təhvil-təslim aktlarında cavabdehin möhürün olmaması, həmin aktların səlahiyyətli şəxs tərəfindən imzalanmaması, təqdim edilmiş malların dəyərinin tam ödənilməsi kimi hallara gəldikdə məhkəmə qeyd edir ki: Birincisi, Mülki Məcəllənin 331.2-ci maddəsinə görə qanunda, digər hüquqi aktlarda və ya tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər. Hazırkı halda isə qanunvericilikdə təhvil-təslim aktlarında tərəflərin möhürünün vurulmalı olması barədə imperativ norma yer almamış, eləcə də belə bir şərt tərəflərın razılaşması ilə müəyyənləşdirilməmişdir. İkincisi, təhvil-təslim aktlarının imzalayan şəxslərin səlahiyyətlərinin olmaması barədə dəlillərə gəldikdə məhkəmə qeyd edir ki, cavabdehin qanuni təmsilçisinin iddia ərizəsində qeyd olunmuş həcmdə borcunun olması, yəni dolayısıyla təhvil-təslim aktlarında göstərilmiş malların təqdim edilməsi faktını təsdiq etmişdir. Odur ki, təhvil-təslim aktlarında göstərilmiş malların təqdim edilməsi faktı işin mübahisəsiz olduğu halda həmin malların təqdim edilməsinin qanunauyğun formada rəsmiləşdirilib-rəsmiləşdirilməməsi işin nəticəsi üçün əhəmiyyət kəsb etmir. Üçüncüsü, təqdim edilmiş malların dəyərinin tam ödənilməsi barədə cavabdehin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, həmin dəlilləri təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Mülki Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, 25.248,62 manat məbləğində pulun tutulması hissəsində iddia əsaslı olmaqla təmin edilməlidir. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 25.248,62 manat borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% həddində hesablanmaqla 946,80 manat məbləğində faizin tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin: 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Hazırkı işdə məhkəmə Cavabdeh MMC-nin alqı-satqı müqaviləsinə əsasən satılmış malların dəyərinin ödənilməsi öhdəliyinin icrasını 9 aydan çox müddətə gecikdirdiyini nəzərə alaraq hesab edir ki, İddiaçı MMC Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 faiz hesabı ilə bir illik müddət üçün (25.248,62x5%/12ayx9ay=946,80) 946,80 manat məbləğində pulun ödənilməsini Cavabdeh MMC-dən tələb etməkdə haqlıdır. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin dəymiş zərər kimi 5.918,44 manat (1.136,16 manat və 4.782,28 manat olmaqla) məbləğində pulun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. İddiaçının maddi zərərin əvəzi olaraq pulun tutulması hissəsində iddiasını əsaslandırmaq üçün cavabdehin pul borcunu vaxtında ödəməməsinin bankdan daha böyük məbləğdə kredit götürməsi üçün əsas olmasına, bununla da kredit üzrə əlavə pul vəsaitini (əsas və faiz borcu) ödəmək məcburiyyətində qalmasına, bundan əlavə cavabdeh tərəfindən ödənişlərin vaxtında edilməməsi və cavabdehin ödəniş etməklə bağlı verdiyi vədlərə əməl etməməsi səbəbindən iddiaçı tərəfindən gətirilmiş mallar gömrükdə saxlama kamerasında saxlanılmasına, bununloa ilə əlaqədar 4.782,28 manat əlavə saxlama xərcinin ödənildiyinə istinad edir. Mülki Məcəllənin: 21.1-21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.7-ci maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Məhkəmə ilk növbədə qeyd edir ki, müqavilədən irəli gələn öhdəliklərin pozulması nəticəsində dəymiş maddi zərərin tutulması tələbinə dair işlərə baxılarkən məhkəmə tərəfindən cavabdeh tərəfindən müqavilə öhdəliklərinin təqsirli pozuntusuna yol verilməsi faktı, maddi zərərin mövcudluğu faktı və məbləği, eləcə də cavabdehin hüquqazidd əməlləri ilə maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Hazırkı halda isə məhkəmə tərəfindən cavabdeh tərəfindən müqavilə öhdəliklərinin təqsirli pozuntusuna yol verilməsi iş materialları ilə öz təsdiqini tapsa da, həəmin pozuntu ilə maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğunu, yəni kredit götürmə zərurətinin və malların gömrükdə saxlanılmasının məhz cavabdehin müqavilə üzrə ödənişləri vaxtında icra etməməsi səbəbindən baş verməsi müəyyən edilməmişdir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, maddi zərərin əvəzi olaraq 5.918,44 (1.136,16 manat və 4.782,28 manat) manat məbləğində pul vəsaitinin tutulmasına dair iddiaçının dəlilləri əsassız olduğundan həmin hissədə iddia rədd edilməlidir. Məhkəmə xərcləri ilə bağlı iş materiallarından görünür ki, hazırkı iş üzrə 200 manat məbləğində mediasiya prosesinə dair xərclər iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 186,34 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumunundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.a 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinə dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddia tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 160 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 300 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 25.248,62 manat məbləğində borc, 946,80 manat məbləğində faiz, cəmi 26.195,42 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 160 manat və vəkil xidmətlərinə çəkilmiş xərclərinin əvəzi olaraq 300 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC -yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar