Məhkəmə qərarları › İş №e-2-2(113)-4769/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4769/2023

06.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4769/2023 06.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Hüseyn oğlu, İddiaçı cavabdeh X2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X2 qarşı 1863 (bir min səkkiz yüz altmış üç) manat (ƏDV daxil) və mediasiya üçün ödənilmiş 60 (altmış) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə kiçik iddialar üzrə sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə məhz tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi ilə bağlıdır, yəni işin faktiki əsasını tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi təşkil edir. Ona görə də, hazırkı mübahisə üzrə ərazi aiddiyyat qaydaları tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin müddəaları nəzərdən keçirilməklə Mülki Prosessual Məcəllədə təsbit olunmuş qaydada həll edilməlidir. İşə əlavə edilmiş xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin 10.1-ci bəndindən görünür ki, “bu müqavilənin icrası zamanı meydana çıxan bütün narazılıq və mübahisələr tərəflərin qarşılıqlı razılığı ilə həll edilir. Qarşılıqlı razılıq əldə edilmədikdə mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə məhkəmə qaydasında həll edilir”.” Göründüyü kimi, tərəflər qeyd edilmiş işin faktiki əsasını təşkil edən alqı-satqı müqaviləsində ərazi aidiyyətini dəyişməmiş və əksinə yarana biləcək mübahisənin qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq Məhkəmədə baxılması barədə razılaşmışlar. Həmçinin Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş 05 may 2021-ci il tarixli borcun etirafı barədə müqavilənin 11-ci bəndində “Tərəflərin (tələbkar və borclu birlikdə) qarşılıqlı razılığına əsasən bu müqavilə ilə yaranan və yarana biləcək mübahisəyə baxan məhkəmə kimi Bakı Kommersiya Məhkəməsi və ya ərazi üzrə Bakı şəhəri Sabunçu rayon məhkəməsi razılaşdırılır.” qeyd olunsa da, mübahisə 12 may 2020-ci il tarixdə tərəflər arasında imzalanmış EE 08/20 nömrəli alqı-satqı müqaviləsinin şərtlərinin pozulmasından irəli gəldiyindən və işin faktiki əsasını qeyd edilmiş sonuncu müqavilə təşkil etdiyindən ərazi aidiyyatı müəyyən edilərkən borcun etirafı barədə müqavilənin müddəaları nəzərə alınmamalıdır. Belə ki, borcun etirafı barədə müqavilə yeni öhdəlik yaradan müqavilə olmamaqla əvvəl yaranmış olan borcun (öhdəliyin) təsbiti üçün nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən və elektron məhkəmə informasiya sistemindən əldə edilmiş şəxsiyyət vəsiqəsi barədə məlumatlardan görünür ki, cavabdeh X1 rayonu, Müşkür küçəsi, ev 12 ünvanında rəsmi olaraq qeydə alınmışdır. Məhkəmə Hüquq Şurasının “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 saylı qərarının 22.2-ci bəndinə əsasən Xaçmaz rayonu Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.3-cü maddələrinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 3, 10-1.3, 151-152 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh X2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçınə geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar