Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4769/2025 01.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğv edilməsi və pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı ASC-nin Cavabdehnə qarşı “müqavilənin ləğv edilməsi və pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı “müqavilənin ləğv edilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC, X1 və "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, CL/M037-2/22 saylı “Öhdəliklərin verilməsi haqqında müqavilə”yə xitam verilməsi; Lizinq alandan Lizinq predmetinin təhvil verildiyi tarixə-xx.xx.2024-cü il tarixinə xx.xx.2022-ci il tarixli, CL/M 037-2/22 saylı “Öhdəliklərin verilməsi haqqında müqavilə” üzrə 42453,37 manat əsas, 24162,66 manat lizinq mükafatı, 5332,14 manat cərimə borcu olmaqla, cəmi 71948,17 manat borcun və 305,85 dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə X1 arasında imzalanmış 12 oktyabr 2020-ci il tarixli, C/LM-037/20 saylı Daxili Lizinqi müqaviləsinə əsasən, “X3 MİNİK” markalı, ** JJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cəmi 95 331 manata 36 aylıq müddətə, illik 21 %-lə lizinq alanın istifadəsinə verilmişdir. İddiaçı ASC, X1 və "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, CL/M 037-2/22 saylı “Öhdəliklərin verilməsi haqqında müqavilə”yə əsasən, Lizinq alan yuxarıda qeyd edilən müqavilə üzrə öhdəliklərini "xxxx" MMC-yə ötürür, o isə bunu qəbul edir, Lizinq verən isə bunu təsdiq etmişdir. Eyni zamanda lizinq predmeti olan nəqliyyat vasitəsi də sonuncunun müvəqqəti istifadəsinə verilmişdir. Sözügedən müqaviləyə əlavəyə əsasən Lizinq predmeti olan nəqliyyat vasitəsi "xxxx" MMC-yə bağlandığı gündən 33 ay müddətinə verilmişdir. Sözügedən “Öhdəliklərin verilməsi haqqında müqavilə”yə əsasən yeni Lizinq alan "xxxx" MMC bu öhdəlikləri qəbul etmişdir. Lakin bir müddət sonra o, müqavilə üzrə öhdəliklərini icra etməkdən imtina etmişdir. Həmçinin sözügedən nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixində yeni Lizinq verən tərəfindən təhvil alınmışdır. Həmçinin xx.xx.2024-cü il tarixinə yeni Lizinq alan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, CL/M 037-2/22 saylı müqavilə üzrə Lizinq verənə 42 453,37 manat əsas, 24 162,66 manat lizinq mükafatı, 5332,14 manat cərimə borcu olmaqla, cəmi 71 948,17 borcu vardır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnəməsindən görünür ki, ** JJ *** dövlət qeydiyyat nişanlı X3 minik markalı nəqliyyat vasitəsi iddiaçının mülkiyyətindədir.
8. İddiaçı (lizinq verən) ilə X1 (lizinq alan) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, C/LM-037/20 nömrəli daxili maliyyə lizinqi müqaviləsinə görə lizinq verən lizinq alan tərəfindən seçilmiş və bu müqaviləyə əlavə 2-də qeyd olunmuş, ətralı təsviri verilmiş əmlakı mülkiyyət hüququ ilə əldə etməyi və lizinq alanın xahişi əsasında lizinq vasitəsi ilə lizinq haqqı müqabilində Azərbayca Respublikasının qanunvericiliyi, habelə bu lizinq müqaviləsinin müddəalarına uyğun olaraq lizinq alanın istifadəsinə və sahibliyinə verməyi öhdəsinə götürür.
9. Müqavilənin 2.1-ci bəndinə görə əmlak lizinq alana lizinq verən tərəfindən 36 (otuz altı) ay müddətinə lizinqə verilir.
10. Müqavilənin 3.1-ci bəndinə görə qiymətin qalan hissəsi avtomaşının sənədləri alıcıya verildikdən sonra avans şəklində satıcıya ödənilir. Qalan məbləğin 95331,37 manat hissəsi tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan sonra alıcı tərəfindən ödənilir.
11. İş materiallarında olan 12 oktyabr 2020-ci il tarixli, 037/20 saylı təhvil-təslim aktı ilə lizinq verənə məxsus olan X3 minik markalı, 2017-ci il buraxılışlı, **-JJ-*** dövlət qeydiyyatlı avtonəqliyyat vasitəsi sahiblik və istifadə edilməsi üçün lizinq alana təvil verilmiş, lizinq alan isə onu təhvil almışdır.
12. İddiaçı ilə cavabdeh "xxxx" MMC və X1 arasında bağlanmış 02 noyabr 2022-ci il tarixli, CL/M-037-2/22 saylı öhdəliklərin verilməsi haqqında müqaviləyə əsasən Lizinq alan 12 oktyabr 2020-ci il tarixli, C/LM-037/20 saylı Daxili Lizinqi müqaviləsi üzrə öhdəliklərini "xxxx" MMC-yə ötürür, o isə bunu qəbul edir, Lizinq verən isə bunu təsdiq etmişdir. Eyni zamanda lizinq predmeti olan nəqliyyat vasitəsi də sonuncunun müvəqqəti istifadəsinə verilmişdir.
13. İş materiallarında olan tərəflər arasında imzalanmış 02 noyabr 2022-ci il tarixli CL/M-037-2/22 saylı təhvil-təslim aktı ilə təsdiq olunur ki, 1 ədəd ** JJ *** dövlət qeydiyyat nişanlı X3 minik markalı minik avtomobilini (ban nömrəsi: SALRABK9HA008921, mühərriki: 2993 sm3, rəngi: boz metallik, buraxılış ili: 2017) X1 təslim edib və cavabdeh təhvil almışdır.
14. İş materiallarında olan lizinq alan Cavabdeh MMC tərəfindən verilmiş 02 noyabr 2022-ci il tarixli iltizamla "xxxx" MMC (VOEN: **********) "X4" QSC ilə aralarında bağlanmış 037-2/22 saylı müqaviləyə əsasən aldığı X3 minik markalı, buraxılış ili 2017, ban nömrəsi SALRA2BK9HA008921, rəngi Boz Metaliik olan avtomaşın olduğunu, qrafik üzrə hər ayın 2-si ödəniş etməli olduğunu, 30 (otuz) gün ərzində ödənişi gecikdirdiyi halda iddiaçı tərəfindən avtomobilin müsadirə edilməsinə heç bir etirazı olmadığını bildirmişdir.
15. Cavabdeh ərizə ilə xx.xx.2022-ci il tarixdə iddiaçıya müraciət edərək ** JJ *** dövlət qeydiyyat nişanlı X3 minik markalı avtomobili idarə etmək üçün Nağızadə Ramin adlı şəxsə etibarnamə verilməsini iddiaçıdan xahiş etmişdir.
16. İş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş maliyyə arayışına əsasən cavabdehin 02 noyabr 2022-ci il tarixli, CL/M-037-2/22 saylı müqavilə üzrə iddiaçıya olan əsas borcu 42453,37 manat, lizinq mükafatı üzrə 24162,66 manat, cərimə üzrə 5332,14 manat olmaqla ümumilikdə borcu 71948,17 manat təşkil edir.
17. İddiaçı tərəfindən cavabdehə 03 iyun 2025-ci il tarixdə “Öhdəliklərin verilməsi haqqında” müqavilənin birtərəfli qaydada ləğv edilməsinə dair bildiriş göndərilmişdir.
18. Məhkəmə nümayəndənin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır.
19. Məhkəmə iddianı lizinq müqaviləsi üzrə yaranmış borcların (əsas borc və mükafat borcu) tələb edilməsi hissəsində əsaslı hesab edir.
20. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
21. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
22. 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir.
23. 748-1.4-cü maddəsinə əsasən lizinq verən müvəqqəti sahibliyə və istifadəyə verilən lizinq obyektinin lizinq müqaviləsi bağlanarkən şərtləşdirilmiş və ya lizinq alana əvvəlcədən məlum olan, yaxud lizinq alanın lizinq obyektini nəzərdə keçirərkən və ya lizinq müqaviləsinin bağlanması zamanı onun sazlığını yoxlayarkən aşkar oluna bilən çatışmazlıqlar üçün məsuliyyət daşımır.
24. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.
25. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı (lizinq verən) ilə X1 (lizinq alan) arasında xx.xx.2020-ci il tarixli, C/LM-037/20 nömrəli daxili maliyyə lizinqi müqaviləsi bağlanmış, daha sonra İddiaçı ASC, X1 və Cavabdeh MMC arasında bağlanmış 02 noyabr 2022-ci il tarixli, CL/M-037-2/22 saylı “Öhdəliklərin verilməsi haqqında müqavilə”yə əsasən, lizinq alan xx.xx.2020-ci il tarixli, C/LM-037/20 nömrəli müqavilə üzrə öhdəliklərini Cavabdeh MMC-yə ötürmüşdür. Lizinq verən (iddiaçı) həmin müqavilə ilə öz üzərinə düşən öhdəlikləri icra edərək lizinq obyektini müqavilənin şərtlərinə uyğun şəkildə cavabdehə təhvil vermiş, lakin cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəlikləri tam icra etməmiş, 42453,37 manat əsas borc, 24162,66 manat mükafat borcu hazırkı günədək iddiaçıya ödənilməmişdir.
26. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir.
27. İddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış lizinq müqaviləsinə əsasən hesablanmış 5332,14 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
28. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
29. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
30. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
31. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 2000 manat müəyyən edilməlidir.
32. Məhkəmə iddiaçının xx.xx.2022-ci il tarixli, CL/M 037-2/22 saylı “Öhdəliklərin verilməsi haqqında müqavilə”nin ləğv edilməli olması barədə tələbi ilə də razılaşır və belə qənaətə gəlir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir.
33. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.
34. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
35. Həmin Məcəllənin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.
36. Materiallardan görünür ki, lizinq müqaviləsi üzrə cavabdeh tərəfindən öhdəliklər lazımınca icra edilməmiş, iddiaçı tərəfindən cavabdehə 03 iyun 2025-ci il tarixdə “Öhdəliklərin verilməsi haqqında” müqavilənin birtərəfli qaydada ləğv edilməsinə dair bildiriş göndərilmiş, lizinq obyekti xx.xx.2024-cü il tarixdə cavabdehdən geri alınmışdır.
37. Məhkəmə araşdırması zamanı cavabdehin lizinq müqaviləsi üzrə öz öhdəliklərini lazımınca icra etməməsi müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, xx.xx.2022-ci il tarixli, CL/M 037-2/22 saylı “Öhdəliklərin verilməsi haqqında müqavilə” xx.xx.2024-cü il tarixdən ləğv edilmiş hesab edilməlidir.
38. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ASC, X1 və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, CL/M 037- 2/22 saylı “öhdəliklərin verilməsi haqqında” müqavilə ləğv edilmiş hesab edilməli, cavabdehdən 42453,37 manat əsas borc, 24162,66 manat lizinq mükafatı, 2000 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
40. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 295,85 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 10,15 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC, X1 və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, CL/M 037-2/22 saylı “Öhdəliklərin verilməsi haqqında” müqavilə ləğv edilmiş hesab edilsin. Cavabdeh MMC-dən 42453,37 manat əsas borc, 24162,66 manat lizinq mükafatı, 2000 manat cərimə, 295,85 manat dövlət rüsumu, ümumilikdə 68911,88 (altmış səkkiz min doqquz yüz on bir manat səksən səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 10,15 (on manat on beş qəpik) manat dövlət rüsumu İddiaçı ASC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova